Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-222/2025 19.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X3 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2-1(120)-452/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 04 dekabr 2024-cü il tarixli, 2- 1(120)-452/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şəxsin işləməsini təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçasında olan qeydlər ilə müəyyən olunur ki, iddiaçının 57 yaşı tamam olduğu vaxta, yəni xx.xx.2019-cu il tarixə ümumi iş stajı 25 ildən çox təşkil edir. Eyni zamanda iddiaçının təqdim etdiyi əmək kitabçasında olan qeydlər şübhə doğurmur. İddiaçının xx.xx.1997-ci ildən xx.xx.2005-ci il tarixədək olan dövrdə "xxxx" müəssisəsində işlədiyi və əmək haqqı aldığını müəyyən edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən iddiaçının işə girməsi, digər vəzifəyə keçməsi, işdən azad edilməsi barədə əmrlər aşkar edilmiş və mübahisə doğurmamışdır. Məhkəmədə şahid qismində iştirak edən filialın keçmiş rəisi X5 iddiaçının həmin dövrdə işlədiyini və əmək haqqı aldığını təsdiqləmiş, arayışları və sənədləri məhkəməyə təqdim etmiş, tərəflərin iştirakı ilə sənədlərə baxış keçirilmiş və şübhə doğuran hallar aşkar edilməmişdir. Eləcə də X5 mübahisəli hesab edilən 1997- 2005-ci illərlə bağlı sənədlərin arxivə verilməməsinin həmin dövrdə müəssisənin inzibati binasında məcburi köçkünlərin yaşaması səbəbindən mümkün olmadığını bildirmişdir. İddiaçının ümumi iş stajı əsaslı hesab edildiyindən həmin dövrlə bağlı güzəştli iş stajını da qəbul edilməlidir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1979-cu ildə Azərbaycan mühəndis inşaat institutuna qəbul olmuş, 20 iyun 1984-cu il tarixində inşaat mühəndisi ixtisası üzrə bitirmiş, sonradan təyinatla Rusya Federasyasının Başqırdıstan vilayətinin Sterelitamak şəhərində 4 nömrəli Tikinti idarəsində inşaat ustası kimi işlə təmin olunmuş, bu barədə AT- İİİ № ******* nömrəli əmək kitabçası açılmış, müvafiq qeydlər aparılmışdır. Hərbi xidmətə getməyi ilə əlaqədar 29 aprel 1985-ci il tarixində 4 nömrəli Tikinti idarəsində inşaat ustası vəzifəsindən işdən azad olunmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, inzibati orqan pensiya təyinatından imtina etmişdir. 10 may 1985-ci il tarixindən 19 dekabr 1986-ci il tarixinədək Sovet ordusunda xidmət etmiş, Sovet ordusundan təxris olandan sonra 02 mart 1987-ci ildə Lerik rayon kənd təssərrüfatı və ərzaq idarəsinin nəzdində fəaliyyət göstərən Lerik Təmir Tikinti Müəsisəsınin 162 saylı əmri ilə inşaat ustası vəzifəsinə işə qəbul edilmiş, Lerik Rayon İcra Hakimiyyətinin 25 may 1994-cü il tarixli 32 nömrəli sərəncamına əsasən Lerik Rayon Kənd Təssərrüfatı və Ərzaq İdarəsinin nəzdində fəaliyyət göstərən Lerik Təmir Tikinti Müəsisəsi 31 saylı TSMD ilə birləşdiyindən həmin müəssisədə inşaat ustası kimi işini davam etdirmişdir. Azəraqrartikinti ASC-nin 01 may 1998-ci il tarixli 01 saylı əmrinə əsasən 31 saylı TSMD Azəraqrartikinti ASC-nin Lerik Aqrartikinti filialı adlandırıldığından Azəraqrartikinti ASC- nin Lerik Aqrartikinti filialında inşaat ustası kimi işini davam etdirmişdir. Başqa işə keçdiyi üçün Azəraqrartikinti ASC-nin Lerik Aqrartikinti filialının 30 dekabr 2005-ci il tarixli, 52 nömrəli əmrinə əsasən inşaat ustası işindən azad edilmişdir. Rusiya Federasiyasının Başqırdıstan vilayətinin Sterelitamak şəhərində 4 nömrəli Tikinti idarəsində inşaat ustası kimi 8 ay 26 gün və Azəraqrartikinti ASC-nın, Lerik Aqrartikıntı filialında inşaat ustası kimi 18 il 9 ay 29 gün əmək stajı olmuşdur. İşlədiyi dövrlərdə adına əmək haqqı cədvəlləri tərtib olunmuş əmək haqqı barədə bütün qeydlər aparılmışdır. Azəraqrartikinti ASC-nin Lerik Aqrartikinti filialında inşaat ustası kimi işəməyi əmək şəraiti xüsusi ilə zərərli olduğundan Azərbaycan Respubilkası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 29b bəndinə uyğun olduğundan güzəştli əmək pensiyası hüququna malik şəxs olduğu üçün müvafiq əmək pensiyası təyin olunması üçün DSMF PHŞ-nin 1 saylı X1 müraciət etmiş, onun güzəştli əmək pensiyası hüququna malik şəxs olduğu nəzərə alınmamış, əmək pensiyası təyin olunmasından imtina edilərək məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında və "xxxx" ATSC-nin Lerik “Aqrartikinti” filialının ona dair 20 sentyabr 2022-ci il tarixli 12 nömrəli arayışında xx.xx.1987-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə inşaat ustası vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar qeyd olunan dövr üzrə iddiaçının əmək stajının dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilmiş, sorğuya cavab olaraq "xxxx" ATSC-nin Lerik “Aqrartikinti” filialında saxlanılan sənədlərdə xx.xx.1997-xx.xx.2005-cı il tarixləri arasındakı dövr ərzində əmək haqqı ödənişlərinin qeydə alınmadığı bildirilmişdir. Həmçinin Fondun 1 saylı Lənkəran-Astara regional filialının əməkdaşlarının iştirakı ilə İddiaçı xx.xx.1987-xx.xx.2005-ci illəri üzrə iş stajı və əmək haqlarının yoxlanılması məqsədilə tərtib olunmuş 27 oktyabr 2022-ci il tarixli qarşılıqlı yoxlama aktında da iddiaçının 1997-2005-ci illər üzrə əməkhaqqı cədvəllərinin təqdim edilmədiyi qeyd olunmuşdur. Bu səbəbdən də xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə onun iş stajını müəyyən etmək mümkün olmadığı üçün ümumi iş stajı 25 ildən az (15 il 3 ay 10 gün (xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il (hərbi xdmət dövrü), xx.xx.1987-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər və 2006-cı ildən sonra 3 il 2 ay)) təşkil edir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili imtina aktının və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1962-ci ildə doğulmuşdur. -iddiaçıya məxsus xx.xx.1984-cü il tarixli, AТ-İİl ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1984-cü il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. -"xxxx" X12 Cəmiyyəti Lerik “Aqrartikinti” Filialının xx.xx.2022-ci il tarixli, 12 nömrəli arayışında bildirilir ki, İddiaçı həqiqətən xx.xx.1987-ci il tarixli 16 saylı 2 nömrəli əmrə əsasən təşkilatda inşaat ustası kimi işə qəbul olunmuş və 30 dekabr 2005-ci il tarixli 5 saylı 2 nömrəli əmrə əsasən başqa işə keçdiyi üçün öz ərizəsinə əsasən işdən azad edilmişdir. -DSMF publik hüquqi şəxsinin 1 saylı Lənkəran-Astara regional filialının xx.xx.2022ci il tarixli aktından görünür ki, xx.xx.1987-ci il tarixli, 16 saylı əmrlə İddiaçı Lerik Təmirtikinti müəssisəsində inşaat ustası vəzifəsində qəbul edilmiş, xx.xx.1994-cü il tarixli, 20 nömrəli əmrlə Lerik Rayon İcra Hakimiyyəti başçısının 25 may 1994-cü il tarixli, 32 nömrəli sərəncamı ilə rayon K/T və ərzaq idarəsinin nəzdindəki təsərrüfatlararası təmirtikinti müəssisəsi 31 nömrəli TSMD ilə birləşdiyi üçün inşaat ustası vəzifəsinə qəbul edilmişdir. xx.xx.1998-ci il tarixli, 01 nömrəli əmrlə "xxxx" X12 Cəmiyyətinin idarə heyətinin 01 saylı qərarı ilə Lerik 31 saylı TSMD xx.xx.1998-ci il tarixdən etibarən Lerik “Aqrartikinti” Filialı adlandırılmışdır. xx.xx.2005-ci il tarixli, 5 nömrəli əmrilə başqa işə keçirildiyi üçün işdən azad edilmişdir. -Lerik “Aqrartikinti” Filialının “Əmək haqqı və başqa gəlirlər haqqında” 20 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Lerik Arqartikinti filialında işləmiş, 1987-ci ilin mart ayından 2005-ci ilin sentyabr ayınadək əmək haqqı almışdır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi iddiaçının 1987-2005-ci illər ərzində əmək haqqı alması ilə bağlı arxivdə sənədlərin mövcud olmamasına dair dəlili ilə bağlı qeyd edir ki, sənədlərin arxivə təhvil verilməməsi iddiaçının həmin dövrdə əmək fəaliyyəti ilə məşğul olmamasına dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçının 1987-2005-ci illər ərzində əmək fəaliyyəti ilə məşğul olması həm əmək kitabçası ilə, həm də əmək haqqı və başqa gəlirlər haqqında sənədlərlə təsdiq edilir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən baxış keçirilmiş və surətləri işə əlavə edilmiş 1987-2005-ci illər üzrə əməkhaqqı cədvəllərindən görünür ki, iddiaçıya həmin dövr üzrə əmək haqqı ödənilmişdir. Bundan başqa, işdə olan “şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışdan görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) inşaatçı ustası işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 18 il 9 ay 29 gün təşkil edir. Əmək şəraiti xüsusilə zərərli ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 29b bəndinə uyğundur. Göründüyü kimi təqdim edilmiş sübutlar ilə təsdiq edilir ki, iddiaçının qanunla müəyyən edilmiş həcmdə güzəştli iş stajı mövcuddur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya şikayətində isə imtina aktı və iddiaya qarşı etiraz dəlilləri təkrarlanmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2-1(120)-452/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-222/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-222/2025
19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver