Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-223/2022 30.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, Cavabdeh nümayəndələri X5 və vəkil X8 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(120)-686/2022 nömrəli qərarından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi və işə bərpa barədə iddia tələbinə dair inzibati işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmrinin ləğv edilməsi və onun daxili işlər orqanlarında xidmətə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 22 iyun 2022-ci il tarixli, 2- 1(120)-686/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmrin ləğv edilməsi və İddiaçı daxili işlər orqanlarında əvvəlki işinə bərpa edilməsi qərara alınmışdır. Qərardan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh növbətçi hissəsinin növbətçi köməkçisi, polis baş serjantı olmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə90- 153-21 nömrəli əmrinə əsasən onun daxili işlər orqanlarında xidmətdən xaric olunmasına əmr edilmişdir. Əsas da o olmuşdur ki, Cavabdeh cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı X9 xx.xx.2021-ci il tarixində saat 21:00 radələrində xidmətdə olarkən Lənkəran-Lerik yolunun 52-ci kilometrliyində hərəkət edən “Zil” markalı, AZ**-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaş odun daşıdığı barədə məlumat əsasında həmin avtomobili saxlamış, özünü təqdim etdikdən sonra avtomobilə baxış keçirərkən yeni kəsilmiş yaş odun aşkarlanması səbəbindən odun daşınmasına görə müvafiq sənədlərin olmadığı üçün sürücüdən avtomobili rayon polis şöbəsinin duracağına aparılmasını xahiş etmiş, avtomobilin sürücüsü tabesizlik göstərərək onun qanuni tələblərinə tabe olmamış, oraya gələn növbətçi hissənin növbətçi köməkçisi, polis baş serjantı İddiaçı cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı X6 qarşı kobud rəftar etmiş və saxlanılan avtomobilin sürücüsünə qaçıb getməsinə şərait yaratmışdır. Qeyd edilən xüsusatlar əsassız olduğundan Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmri ləğv edilməlidir. Onun tərəfindən Cavabdeh cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı X6 qarşı heç bir kobudluq edilməmişdir. Ümumiyyətlə, xidmətdə olduğu müddətdə nizam-intizam məsələlərində daim məsuliyyətli olmuşdur. Bundan başqa, Lənkəran-Lerik yolunun 52-ci kilometrliyində hərəkət edən “Zil” markalı, AZ**-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan X1 ona verilən xx.xx.2021-ci il tarixli, 001104 nömrəli meşə məhsullarının buraxılışı orderinə əsasən odun daşınmasına müvafiq icazəsi olmuşdur. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı X9 xx.xx.2021-ci il tarixdə saat 21:00 radələrində xidmətdə olarkən yaş odun daşınması barədə məlumat əsasında Lənkəran- Lerik yolunun 52-ci kilometrliyində hərəkət edən “Zil” markalı, AZ**-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobili (sürücü X3) saxlamış, özünü təqdim etdikdən sonra yükdaşıma yerində yeni kəsilmiş yaş odun aşkarlanması səbəbindən odun daşınmasına görə müvafiq sənədləri olmadığı üçün sürücüdən avtomobili rayon polis şöbəsinin duracağına aparmasını xahiş etmişdir. Avtomobilin sürücüsünün tabesizlik göstərərək onun qanuni tələblərinə tabe olmaması və oraya gələn növbətçi hissənin növbətçi köməkçisi, polis baş serjantı İddiaçı onunla kobud rəftar etməsi, saxlanılan avtomobilin sürücüsünə qaçıb getməsinə şərait yaratması barədə polis baş leytenantı X4 xx.xx.2021-ci il tarixli, 153- 8874-1121 nömrəli raportu əsasında polis baş serjantı İddiaçı barəsində xidməti yoxlama aparılmışdır. Araşdırma zamanı izahatı alınmış polis baş leytenantı X9 izahatında raportda yazdıqlarını təsdiq etməklə polis baş serjantı İddiaçı səs yazısını təqdim etmişdir. Səs yazısında müəyyən olunmuşdur ki, İddiaçı özündən rütbədə və vəzifədə böyük olan əməkdaşa vəzifəsini icra etməyə mane olmaqla, özünü ondan yüksək tutmaqla ondan şöbə rəhbərliyindən hadisəni gizlətməyi, maşını görmədiyini və saxlamadığını deməsini tələb etməklə həmkarına bu qanunsuzluqları etmək müqabilində pul təklif etmiş, bunun işə yaramadığını gördükdə hədə-qorxu gəlməyə başlamış və bu hörmətsizliyi ona bağışlamayacağını bildirməklə “Zil” markalı avtomobilin sürücüsünə avtomobili sürüb oradan getməsini bildirməklə sürücünün hadisə yerindən qaçmasına zəmin yaratmışdır. İzahatı alınmış polis baş serjantı İddiaçı xx.xx.2021-ci il tarixdə saat 21:00 radələrində polis baş leytenantı X9 tərəfindən Lerik rayon Pirasora kənd sakini X1 “Zil” markalı, AZ**- GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaş odun daşıdığı üçün Lənkəran-Lerik yolunun 52-ci kilometrliyində hərəkət edən zaman saxlanıldığını və sürücü X1 ona zəng edərək köməklik göstərməsini xahiş etdiyini bildirmişdir. Hadisə yerinə gələn polis baş serjantı İddiaçı polis baş leytenantı X6 həmin şəxsin sənədlərinin olmasını və odunun qanuni şəkildə Meşə Mühafizəsi və Bərpası idarəsindən alındığını və lazımdırsa, sabah şəxsən özü tərəfindən təqdim ediləcəyini bildirsə də, X9 onu eşitmədiyi üçün avtomobilin hadisə yerindən onun tərəfindən qaçırılmasının yalan olduğunu və avtomobilin həmin vaxt nasaz olmaqla şöbənin duracağına gətirildiyini bildirərək ilk öncə X4 ona qarşı kobudluq etməsini qeyd etmiş, lakin səs yazısında onun dedikləri sübut olunmamışdır. Polis baş serjantı İddiaçı baş vermiş hadisə ilə bağlı özünü tam təqsirli bilməklə polis baş leytenantı X2 və şəxsi heyətdən etdiyi əmələ görə üzr istəmiş, gələcəkdə bir daha belə hallara yol verməyəcəyini izahatında göstərmişdir. Aparılmış xidməti yoxlama üzrə materiala sıravi və kiçik rəis heyətinin yığıncağında baxılmış və Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmrilə polis baş serjantı İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric olunması faktı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar idarəsində və digər xidmət sahələrində araşdırılmış və Cavabdeh sabiq polis əməkdaşı İddiaçı polisə yararsız olması, onun barəsində qəbul olunmuş qərarların düzgün olduğu öz təsdiqini tapmışdır. 2003-cü ildən 2021-ci ilədək daxili işlər orqanlarında xidmət edən sabiq polis əməkdaşı İddiaçı işlədiyi müddətdə özünü intizamlı, işgüzar, bacarıqlı bir əməkdaş kimi göstərə bilməmiş, geyim formasına riayət etməmişdir. O, ictimaiyyətdə və məişətdə nümunəvi olmamış, polis əməkdaşının adına və nüfuzuna daim xələl gətirmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə bağlı məhkəmə kollegiyasının nəzərinə çatdırılır ki, İddiaçı heç bir intizam tənbehi almaması, səhlənkarlığa və etinasızlığa yol verməməsi və kollektivdəki nüfuzu, bir sözlə müsbət xarakterizə olunması ilə bağlı qeyd olunan fikirlər əsassızdır. Belə ki, İddiaçı bundan əvvəl də yol verdiyi pozuntular olmuş və barəsində intizam xarakterli tədbirlər görülmüşdür. Hal-hazırda heç bir cəzası olmasa da, şöbə rəhbərliyi tərəfindən müsbət xarakterizə olunmur. Bundan əlavə sıravi və kiçik rəis heyətinin yığıncağında da İddiaçı həmin heyətin əksər hissəsi tərəfindən mənfi xarakterizə olunmuşdur. İddiaçı qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq polis baş leytenantı X4 qanuni tələblərini yerinə yetirməmiş, ona qarşı hörmətsizlik etmiş və polis adı ilə bir araya sığmayan hərəkətlərə yol vermişdir. Bu hallar iş materiallarına əlavə edilmiş səs yazısı ilə tam təsdiqini tapır. Bu səbəbdən, İddiaçı barəsində tətbiq edilən tənbeh tədbiri qanunvericliyin tələblərinə uyğundur. Bundan əlavə iddiaçı barəsində Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmri ilə müəyyən olunmuş hallar birinci instansiya məhkəməsində də təsdiqini tapmışdır. Lakin birinci instansiya məhkəməsi daxili işlər orqanlarında xidmətdən xaric edilərkən iddiaçının şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, 2003-cü ildən cavabdeh təşkilatda işləməsini, heç bir intizam tənbehi almamasını və ilk dəfə yol verdiyi irəli sürülən pozuntuya görə ən sərt tənbeh verilməklə xidmətdən xaric edilməsinin düzgün olmadığı qənaətinə gəlmişdir. Prosessual məsələlər Cavabdeh nümayəndələri X10 və vəkil X11 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşdə olan Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmrinin surətindən görünür ki, Cavabdeh cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı X9 xx.xx.2021-ci il tarixində saat 21:00 radələrində xidmətdə olarkən Lənkəran-Lerik yolunun 52-ci kilometrliyində hərəkət edən “Zil” markalı, AZ**-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaş odun daşıdığı barədə məlumat əsasında həmin avtomobili saxlamış, özünü təqdim etdikdən sonra avtomobilə baxış keçirərkən yeni kəsilmiş yaş odun aşkarlanması səbəbindən odun daşınmasına görə müvafiq sənədlərin olmadığı üçün sürücüdən avtomobili rayon polis şöbəsinin duracağına aparılmasını xahiş etmiş, avtomobilin sürücüsü tabesizlik göstərərək onun qanuni tələblərinə tabe olmamış, oraya gələn növbətçi hissənin növbətçi köməkçisi, polis baş serjantı İddiaçı cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı X6 qarşı kobud rəftar etdiyi və saxlanılan avtomobilin sürücüsünə qaçıb getməsinə şərait yaratdığı üçün Cavabdeh sıravi və kiçik rəis heyəti yığıncağının qərarı əsasında Cavabdeh növbətçi hissəsinin növbətçi köməkçisi, polis baş serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdiyinə görə) daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İş üzrə apellyasiya instansiya məhkəməsinin 30 noyabr 2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə saat 21:00 radələrində xidmətdə olarkən Lənkəran-Lerik yolunun 52-ci kilometrliyində hərəkət edən “Zil” markalı, AZ**-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin odun daşıdığı barədə məlumat əsasında həmin avtomobili saxlamış, avtomobilə baxış keçirərkən odun aşkarlanması səbəbindən odun daşınmasına görə müvafiq sənədlərin olmadığı üçün sürücüdən avtomobili rayon polis şöbəsinin duracağına aparılmasını xahiş etmişdir. Avtomobilin sürücüsü odun daşınmasına görə müvafiq sənədlərinin evdə olduğunu, avtomobil orda qalmaqla gedib gətirə biləcəyini bildirmiş və nasaz olduğuna görə avtomobilin rayon polis şöbəsinin duracağına aparılmamasını xahiş etmişdir. Lakin o, sürücü ilə razılaşmayaraq hesab etmişdir ki, avtomobil rayon polis şöbəsinin duracağına aparılmalıdır. Həmin vaxt həmin yerə növbətçi hissənin növbətçi köməkçisi, polis baş serjantı İddiaçı gəlmiş və sürücünü tanıdığını, onun odun daşınmasına görə müvafiq sənədlərinin olduğunu, avtomobil orda qalmaqla onun gedib gətirə biləcəyini bildirmiş və nasaz olduğuna görə avtomobilin rayon polis şöbəsinin duracağına aparılmamasını xahiş etmişdir. O, polis baş serjantı İddiaçı da avtomobilin rayon polis şöbəsinin duracağına aparılmalı olduğunu bildirmişdir. Lakin buna baxmayaraq polis baş serjantı İddiaçı xahişində israr etməyə davam etmişdir. Polis baş serjantı İddiaçı bu hərəkəti onun xoşuna gəlməmiş və o da, polis baş serjantı İddiaçı barəsində məlum raportu yazmışdır. Lakin polis baş serjantı İddiaçı ona qarşı hörmətsizlik etməmiş, polis adına ləkə gətirən ləyaqətsiz hərəkətlərə yol verməmişdir. Həmçinin polis baş serjantı İddiaçı, eləcə də sözügedən sürücü tərəfindən ona vəzifəsini icra etməyə maneə törədilməmiş və ya itaətsizlik göstərilməmişdir. Qeyd edilən avtomobilin də rayon polis şöbəsinin duracağına aparılması təmin edilmiş, daha sonra sürücü odun daşınmasına görə müvafiq sənədlərini təqdim etdikdən sonra həmin avtomobili geri götürmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin ümumi müddəalarına əsasən hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və Davranış kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları Davranış kodeksini dərindən öyrənməli və onun tələblərinə sözsüz əməl edəcəkləri barədə üzərlərinə öhdəlik götürməlidirlər. Öhdəlik əməkdaşın şəxsi işinə əlavə olunur. Həmin Davranış kodeksinin 17-ci maddəsinə əsasən hər bir əməkdaş müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən polis əməkdaşı xidmət apararkən hüquqa zidd hərəkət etdikdə, xidmət və icra intizamını pozduqda, polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb edilir. Polis əməkdaşına məzəmmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması və xidmətdən xaric edilmə intizam tənbehləri tətbiq edilə bilər. Polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. Polis əməkdaşı hüquqa zidd hərəkətlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 34-cü maddəsinə əsasən polis əməkdaşı öz arzusu ilə polisdə xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə, and içməkdən imtina etdikdə, cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda, polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda, xidmətdə olmanın son yaş həddinə çatdıqda, səhhətinə görə, o cümlədən uzunmüddətli (dörd aydan artıq) xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə xüsusi həkim komissiyasının rəyi olduqda, polisdə xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə, polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə, intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda, ştatlar ixtisar edildikdə, fəaliyyət qabiliyyətsizliyi və məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə və digər hüquq-mühafizə orqanlarına işə keçdikdə xidmətdən xaric edilə bilər. Polis əməkdaşı xidmətdən xaric edilməsi barədə tabeliyi üzrə yuxarı orqana və ya məhkəməyə müraciət edə bilər. Polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 108-ci bəndinə əsasən daxili işlər orqanlarında xidməti intizam – əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Həmin Əsasnamənin 114-cü maddəsinə əsasən xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə. Həmin Əsasnamənin 135-ci maddəsinə əsasən daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 1) öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə; 2) and içməkdən imtina etdikdə; 3) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda; 4) daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda; 5) xidmətdə olmanın son yaş həddinə çatdıqda; 6) səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbihəkim komissiyasının rəyi olduqda; 7) daxili işlər orqanlarında xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda; 8) başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; 11) ştatlar ixtisar edildikdə; 12) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə; 13) digər hüquq-mühafizə orqanlarına işə keçdikdə. İşin faktiki hallarından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmri ilə Cavabdeh növbətçi hissəsinin növbətçi köməkçisi, polis baş serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdiyinə görə) daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Hazırda iddiaçı sözügedən əmrin ləğv edilməsi və işə bərpa olunması barədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmrlə İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə müvafiq olaraq xidmətdən xaric etməkdə haqlı olmamışdır. Belə ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 114-cü maddəsi xidmətdən xaric edilmə növündə intizam tənbehini ən sərt və sonuncu tədbir olaraq müəyyənləşdirmişdir. İşlədiyi müddət ərzində heç bir intizam tənbehi almamış iddiaçıya ilk dəfə yol verdiyi irəli sürülən pozuntuya görə ən sərt tənbehin verilməsi də ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında tərəflərin izahatları, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan digər sənədlərlə təsdiq olunur ki, iddiaçı xx.xx.2003-cü ildə daxili işlər orqanlarında əmək fəaliyyətinə başlamış, işlədiyi müddət ərzində əmək funksiyalarını yerinə yetirərkən səhlənkarlığa, etinasızlığa yol verməmiş və cavabdeh təşkilata qəsdən heç bir ziyan vurmamışdır. İddiaçı qeyd olunan nöqsana yol verdiyini səmimi etiraf etmiş və buna görə baş vermiş hadisə ilə bağlı özünü tam təqsirkar bilməklə X2 və şəxsi heyətdən etdiyi əmələ görə üzr istəmiş, gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilərkən onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, 2003-cü ildən cavabdeh təşkilatda işləməsi və heç bir intizam tənbehi almaması nəzərə alınmamış və iddiaçıya ilk dəfə yol verdiyi irəli sürülən pozuntuya görə ən sərt tənbeh verilməklə xidmətdən xaric edilmişdir. Cavabdeh inzibati orqan Cavabdeh ümumi şəkildə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarından narazı olduğunu, iddiaçının qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq polis baş leytenantı X4 qanuni tələblərini yerinə yetirmədiyini, ona qarşı hörmətsizlik etdiyini və polis adı ilə bir araya sığmayan hərəkətlərə yol verdiyini bildirmiş, lakin apellyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Cavabdeh inzibati orqanın qeyd etdiyi halların iş materiallarına əlavə edilmiş səs yazısı ilə tam təsdiqini tapmış olması dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə uyğun əldə edilmədiyindən cavabdehin istinad etdiyi həmin səs yazısı mötəbər sübut kimi qəbul edilməsə də, işə apellyasiya qaydasında baxılarkən iş üzrə ədalətli qərarın qəbul edilməsi baxımından məhkəmə iclasında həmin səs yazısı dinlənilmiş, lakin iddiaçı tərəfindən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkətə yol verilməsi halı müəyyən edilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən həmçinin şahid qismində dindirilmiş X9 da məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, məlum hadisə ilə bağlı İddiaçı tərəfindən ona qarşı hörmətsizlik edilməmiş, polis adına ləkə gətirən ləyaqətsiz hərəkətlərə yol verilməmiş, eləcə də ona vəzifəsini icra etməyə maneə törədilməmiş və ya itaətsizlik göstərilməmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(120)-686/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-223/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-223/2022
30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver