Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-225/2023 31.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2-1(120)-987/2023 nömrəli qərarından iddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh İmişli rayon Xəlfəli bələdiyyəsinə qarşı siyahıya alınmış əmlakın satılması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi cavabdeh İmişli rayon Xəlfəli bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh İmişli rayon Xəlfəli bələdiyyəsinin xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 3957,23 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 9024 manat məbləğində (İmişli rayonu, Xəlfəli kəndində yerləşən 3,008 hektar torpaq sahəsi) siyahıya alınmış əmlakının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 03 mart 2023-cü il tarixli, 2- 1(120)-987/2023 nömrəli qərarı ilə iddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh İmişli rayon Xəlfəli bələdiyyəsinə qarşı siyahıya alınmış əmlakın satılması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Qərardan iddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşdə olan Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, əmlakın siyahıya alınması haqqında xx.xx.2021-ci il tarixli, **********2 nömrəli qərar üzrə İmişli rayon Xəlfəli bələdiyyəsinin dövlət büdcəsinə borcu yoxdur. Mübahisə məhkəmədən kənar qaydada həll olunmuşdur. Odur ki, iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunması barədə məlumatını iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh İmişli rayon Xəlfəli bələdiyyəsinə qarşı cavabdeh İmişli rayon Xəlfəli bələdiyyəsinin xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 3957,23 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 9024 manat məbləğində (İmişli rayonu, Xəlfəli kəndində yerləşən 3,008 hektar torpaq sahəsi) siyahıya alınmış əmlakının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə iddia tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-225/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-225/2023
31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver