Məhkəmə qərarları › İş №2-1(106)-225/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-225/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-225/2025 27.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Həsənov Samir Firdusi oğlunun sədrliyi, Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət məhkəmə tərkibində, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcəli əlilliyin təyin edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2-1(120)-278/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən 5 il müddətinə “Hərbi xidmət dövrü ilə əlaqədar” 2-ci dərəcəli əlilliyin təkrar təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-278/2022 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, “xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcəli əlilliyin təyin edilməsi kimi baxılması barədə qərardad qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2015-ci ildə "Hərbi xidmət dövrü ilə əlaqədar” 1 il müddətinə 2-ci dərəcəli əlillik təyin olunmuşdur. xx.xx.2016-ci ildə 2ci dərəcəli əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklərə əsasən 5 il müddətinə artırılmışdır. xx.xx.2021 -ci ildə əlilliyin müddəti bitdiyindən xx.xx.2021- ci il tarixdə "Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X9 tərəfindən əlilliyin yenidən qiymətləndirilməsi üçün 0311003AAWBS nömrəli Forma 88 göndərilmişdir, lakin aylar keçsədə göndərişə cavab gəlməmişdir, baxmayaraq ki, qanunveriçiliyə əsasən əlilliyin qiymətləndirilməsinə dair qərar forma 88 göndərildiyi gündən ən geci 25 iş gününə verilməlidir. 2022-ci ilin may ayında DTSERA-ya dəfələrlə müraciət etdikdən sonra xx.xx.2022-ci il tarixdə əyani müayinəyə dəvət olunmuşdur, komissiyaya bütün sənədlər təqdim etmişdir. ("Hərbi həkim komissiyasının" qərarı, çıxarışlar, rəy və s.) və əyani müayinədə komissiya sədri 25 gün müddətinə cavab veriləcəyini bildirilmişdir. xx.xx.2022ci ildə elektron qaydada əliliyyin təyin olunmasından imtina gəlmişdir. İmtinaya səbəb kimi “Diaqnoz və ağırlaşma əlilliyin təyininə əsas verməməsi” göstərilmişdir. 2016-cı ildən bu günədək epikriz, rəy və xx.xx.2021-ci il tarixli 0311003AAWBS nömrəli Forma 88 göndərişdə qeyd olunan diaqnozlar xx.xx.2015 və xx.xx.2016-cı illərdə əlilliyin təyinatında qeyd olunan diaqnoz eynidir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, xx.xx.2021-ci il tarixli 0311003AAWBS nömrəli Forma 88 göndərişdə qeyd olunan diaqnoz təstiqlənərək əlilliyin təyininə əsas verməməsi qeyd olunmuşdur. Əlilliyin yenidən qiymətləndirilməsinə imtina cavabının xx.xx.2022-ci ildə təsdiqlənməsinə və həmin cavabın elektron və sms vasitəsi ilə xx.xx.2022-ci ildə gəlməsinə baxmayaraq qiymətləndirilmə xx.xx.2022-ci ildə aparılmışdır. İddiaçıya ilkin əlilliyin təyin olunduğu vaxtdan, yəni 2015-ci ildən xx.xx.2022ci ilədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il № 413 nömrəli qərarında (“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"-də “Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərində” (XBT)) dəyişikliklik olunmamışdır. Lakin xx.xx.2015-ci il tarixdə qoyulan diaqnozla təyin olunmuş 2-ci dərəcəli əlliklə "Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatında” DTSERA tərəfindən təstiq edilən diaqnozla eyni olmasına baxmayaraq, həmin diaqnoza xx.xx.2022-cı il tarixdə əlilliyin təyin olunmasından imtina olunmuşdur. Əlilliyin təkrar qiymətləndirilməsinə xx.xx.2022-ci il tarixdə aparılmasına baxmayaraq, iddiaçı xx.xx.2022-ci il tarixdə əyani müayinə olunmuşdur və əlilliyin yenidən qiymətləndirilməsi xx.xx.2022-ci ildə təsdiq olunmuşdur. Buradan görünür ki, ona əyani yoxlanış keçirilmədən öncə imtina qərarı qəbul olunmuşdur. DTSERA- araşdımadan səbəbsiz yerə imtina verərək süründürməçiliyə və onun vətəndaşlıq hüquqlarının pozulmasına yol verir. Yuxanda qeyd olunanları nəzərə alaraq iddiaçıya xx.xx.2021-ci il tarixdən 5 il müddətinə “Hərbi xidmət dövrü ilə əlaqədar” 2-ci dərəcəli əliliyin təkrar təyin olunması öhdəliyini cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J44 - Digər xroniki obstruktiv ağciyər xəstəliyi => J44.8 - Ağciyərin digər dəqiqləşdirilmiş xro...; Diaqnozun mətni: Ağ ciyərlərin obstruktiv ağciyər xəstəliyi => J44.8 - Ağciyərin digər dəqiqləşdirilmiş xro...; Diaqnozun mətni: Ağ ciyərlərin obstruktiv xəstəliyi.Bronxial astma qarışıq tipli,orta ağır gedişli.Tənəffüs çatmamazlığı İİ dərəcə.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə.” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir.Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J44 - Digər xroniki obstruktiv ağciyər xəstəliyi => J44.8 - Ağciyərin digər dəqiqləşdirilmiş xro...; Diaqnozun mətni: Ağ ciyərlərin obstruktiv xəstəliyi.Bronxial astma qarışıq tipli,orta ağır gedişli.Tənəffüs çatmamazlığı İİ dərəcə.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Qarışıq astma, Bronxial astma qarışıq forma,nəzarət göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdeh iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-278/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2-1(120)-278/2024 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Belə ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmaların) müəyyən edilməsi ilə əlaqədar tibbi xarakterli suallara cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir. Əlilliyin qiymətləndirilməsi tələbi üzrə hüquqi dəyərləndirmə hüquq tətbiqedicinin əlahiddə və müstəsna səlahiyyəti olmaqla, ekspert qarşısına yalnız şəxsin sağlamlıq vəziyyətinin müəyyən edilməsinə dair suallar qoyula bilər. Bu səbəblə də, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən sualların qeyd edilməsi əsassız və Ali Məhkəmənin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunun 33-39-cu maddələrində qeyd edilən hallara ziddir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2-1(120)-278/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(106)-225/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcəli əlilliyin təyin edilməsi” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən, həmçinin ekspert rəyi ilə inkar edilməmişdir. Belə ki, icraat zamanı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. İş üzrə araşdırılmış hallardan, həmçinin xüsusi bilik tələb edilən məqamlar olduğu üçün ekspert rəyindən aydın olur ki, İddiaçı adına əlillik vəziyyətinin tibbisosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı tərtib olunmuş müayinə aktlarında qeyd olunan xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq 2.2-ci bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Diaqnozda göstərilən xəstəliklər aparılmış funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən xx.xx.2021-ci il tarixli, 0311003AAVVBS saylı göndərişlə göndərilmiş №-li 088 saylı arayışda qeyd olunan xəstəliklər üzrə müalicələr qəbul etsə də, vəziyyətində yaxşılaşma olmamışdır, xəstə hal-hazırda da həmin xəsətliklərdən əziyyət çəkir. İddiaçı “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi meyarlarına dair” Əsasnamənin 2.2.4-ci bəndi -ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31- J32.9,J35-J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8) tətbiq edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı barəsində “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə 1 il müddətinə ilkin ikinci dərəcəli əlillik (2.2. Ağ ciyərlərin obstruktiv xəstəliyi. Bronxial astma qarışıq tipli orta ağır gedişli. Tənəffüs çatmamazlığı qeyd edilmişdir) təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı barəsində “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə 5 il müddətinə ilkin ikinci dərəcəli əlillik (2.2. Ağ ciyərlərin obstruktiv xəstəliyi. Bronxial astma qarışıq tipli orta ağır gedişli. Tənəffüs çatmamazlığı qeyd edilmişdir) təyin edilmişdir. İşdə olan “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən xx.xx.2021-ci il tarixli, 0311003AAVVBS saylı göndərişlə göndərilmiş №-li 088 saylı arayışda İddiaçı barəsində əsas diaqnoz J458, ağırlaşma J96, J44.8,yanaşı xəstəliklər R53, H52.1 diaqnozları göstərilmişdir, TSEK-ə göndərilməsi üçün əsas Əlillik müddətinin qurtarması-yenidən baxmaq olmuşdur. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, xxxxxxx0003 saylı qərarı ilə “diaqnoz əlillik əlamətinin təyin edilməməsi” səbəbi ilə İddiaçı barəsində əlillik verilməsindən imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Elmi X5 İnstitutu” X9 tərəfindən məhkəməyəünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə İddiaçı barəsində 2015-ci il və 2021-ci il tarixli müayinə və tibbi rəylər göndərilmişdir. Təqdim edilmiş ambulator kitabçadan çıxarış və 9801 saylı ambulator müayinə sənədlərindən görünür ki, İddiaçı barəsində J45.8, J44.8, J96, J44.9 diaqnozu üzrə xəstəliklərdən əziyyət çəkməsi barədə məlumatlar öz əksini tapmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tibbiekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X7 verdikləri 06 fevral 2023-cü il tarixli, T128/2023 saylı rəydə göstərilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma Sabirabad RMX-da tərtib edilmiş 0311003AAWBS (Forma 088) saylı göndəriş tam doldurulmuş və orada qeyd edilmiş “Qarışıq astma, bronxial astma qarışıq forma, nəzarət olunmayan forma, ağciyərin digər dəqiqləşdirilməmiş xroniki obstruktiv xəstəliyi, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır qedişli, başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” diaqnozu xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların səmərəliliyi, proqnozu qənaətbəxş olmuş və TSEK-də müayinələri zamanı əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Qeyd edilən diaqnozla əlaqədar İddiaçı hazırda əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəlik kəskinləşdiyi halda əlavə müalicəyə cəlb oluna bilər. Əlilliklə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasımjn səlahiyyətlərinə aiddir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2 İnstitutu” X9 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-28-9/2-401/2025 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı həmin müəssisədə qeydiyyatdadır və ona “Bronxial astma, qarışıq forma, nəzarət olunmayan, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli. Əhəmiyyətli ventilyasiya pozğunluğu” diaqnozu təyin edilmişdir və bu xəstəlikdən də əziyyət çəkir. Həmçinin iddiaçıya təyin edilmiş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 412 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.4-cü bəndinə (ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri – J41.0-J70.9 XBT kodlarına) uyğundur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı barəsində “ağ ciyərlərin obstruktiv xəstəliyi. Bronxial astma qarışıq tipli orta ağır gedişli. Tənəffüs çatmamazlığı” diaqnozu ilə “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə 1 il müddətinə ilkin ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonradan yəni, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı barəsində ikinci dərəcəli əlilliyi eyni səbəb əlaqəsi və eyni diaqnoz ilə daha 5 il müddətinə uzadılmışdır. Növbəti qiymətləndirmə “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən xx.xx.2021-ci il tarixli, 0311003AAVVBS saylı göndəriş təqdim edilmiş, lakin, həmin göndəriş əsasında əlilliyin təyin edilməsindən imtina olunması ilə bağlı xx.xx.2022-ci il tarixli, xxxxxxx0003 saylı qərar qəbul edilmişdir. Müəyyən edilmişdir ki, sonuncu göndərilmiş №-li 088 saylı arayışda İddiaçı barəsində əsas diaqnoz J458, ağırlaşma J96, J44.8,yanaşı xəstəliklər R53, H52.1 diaqnozları göstərilmiş, imtinanın səbəbi isə “diaqnoz əlillik əlamətinin təyin edilməməsi” olmuşdur. Hazırda İddiaçı onun barəsində əlillik verilməsindən imtina edilməsi ilə bağlı Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, xxxxxxx0003 saylı qərarının ləğv edilməsini və xx.xx.2021-ci il tarixli, 0311003AAVVBS saylı göndəriş əsasında “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Məhkəmə kollegiyasının qənaətinə görə bu zaman mübahisənin yarandığı yəni, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Sosial Ekspert Komissiyasının iddiaçı barəsində xx.xx.2022-ci il tarixli, xxxxxxx0003 saylı imtina qərarının qəbul edildiyi vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə tətbiq edilməlidir. Belə ki, həmin Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 2-ci bəndində birinci, ikinci və üçüncü dərəcəli əlilliyinin təyin edilməsi üçün əhatə dairəsinə düşən xəstəliklər göstərilmişdir. Həmin Əsasnamənin 2.2-ci maddəsinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: Həmin Əsasnamənin 2.2.4-cü bəndinə əsasən “ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8)” ikinci dərəcə əlilliyin təyin edilməsi üçün əsas hesab olunur. Məhkəmə kollegiyası məhkəmə araşdırmasını həmçinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda əks olunan hüquqi dəyərləndirmə əsasında aparılmasını zəruri hesab edir. Həmin icmal məktubunda qeyd edilir: “Məlumdur ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır (32-ci bənd). Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir (36-cı bənd)”. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən, həmçinin ekspert rəyi ilə inkar edilməmişdir. Belə ki, icraat zamanı iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsindən ötrü iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Ekspert rəyindən aydın olur ki, İddiaçı adına əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı tərtib olunmuş müayinə aktlarında qeyd olunan xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq 2.2-ci bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Diaqnozda göstərilən xəstəliklər aparılmış funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən xx.xx.2021-ci il tarixli, 0311003AAVVBS saylı göndərişlə göndərilmiş №-li 088 saylı arayışda qeyd olunan xəstəliklər üzrə müalicələr qəbul etsə də, vəziyyətində yaxşılaşma olmamışdır, xəstə hal-hazırda da həmin xəsətliklərdən əziyyət çəkir. Eyni zamanda Şirvan Apellyasiya Məhkəməsinin sorğusu əsasında ixtisaslaşmış tibb müəssisəsi - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2 İnstitutu” X9 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-28-9/2-401/2025 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı həmin müəssisədə qeydiyyatdadır və ona “Bronxial astma, qarışıq forma, nəzarət olunmayan, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli. Əhəmiyyətli ventilyasiya pozğunluğu” diaqnozu təyin edilmişdir və bu xəstəlikdən də əziyyət çəkir. Həmçinin iddiaçıya təyin edilmiş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 412 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.4-cü bəndinə (ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri – J41.0- J70.9 XBT kodlarına) uyğundur. Beləliklə, göründüyü kimi iddiaçıda hazırda mövcud olan xəstəliklərlə, 2015-ci il tarixdən əlilliyin təyinatına mövcud olan xəstəliklər eyniyyət təşkil etmişdir. İş materiallarından əvvəlki tarixdən təyin edilmiş əlilliklərin səhv olması, ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. Beləliklə də iddiaçı ona təyin edilmiş əlilliklə bağlı qərarlar etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 2015-ci il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Cavabdeh orqan tərəfindən həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin əlilliyin təyinatına əsas olmamasına istinad etmişdir. Halbuki, əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıb-sağalmamasının yoxlanılmasıdır ki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. İşin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz xx.xx.2015-ci il, xx.xx.2016-cı il tarixli göndərişlər əsasında əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla eynilik təşkil etdiyindən, həmin diaqnoz digər səhiyyə müəsissəsi tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnozlar (J40-47, J44, J44.8) müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Beləliklə də İddiaçı “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi meyarlarına dair” Əsasnamənin 2.2.4-ci bəndinə əsasən “ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8)” tətbiq edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri və qəbul etdyi imtina qərarı qanunsuz olmuş, əlilliyin təyin edilməsi ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmuşdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2-1(120)-278/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar