Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-226/2022 22.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialına qarşı işi üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 2- 1(120)848/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx xxxxx 1956-cı ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X20 Şəxsin 10 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Lakin inzibati orqan tərəfindən 15 dekabr 2021-ci il tarixli, **********1 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, təqdim edilmiş əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.1994-xx.xx.2003-cü illərdə X24 Təchiat Birliyində işlədiyi dövr üçün sosial sığorta stajının doğruluğunun yoxlanması həmin müəsisələrin hal-hazırda fəaliyyətinin və hüquqi ünvanın məlum olmaması və arxiv sənədlərin İmişli rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X25 şəxsin 10 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətindən müdafiə olunmağı, qanunsuz hərəkətlərin aradan qaldırılması, 2 il həqiqi hərbi xidmət müddətini, xx.xx.1973-xx.xx.1973, xx.xx.1973-xx.xx.1976, xx.xx.1977-xx.xx.1978, xx.xx.1978xx.xx.1980, xx.xx.1980-xx.xx.1984, xx.xx.1984-xx.xx.1987, xx.xx.1987-xx.xx.1987, xx.xx.1987-xx.xx.1987, xx.xx.1988-xx.xx.1989, xx.xx.1993-xx.xx.1994-cü illərdə müxtəlif təşkilatlarda, xx.xx.1994-xx.xx.2003-cü illərdə İmşli X1 işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə alıb ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, xx.xx.1956-cı ildə anadan olmuşdur. 2 il hərbi xidmət keçmişdir. xx.xx.1973-xx.xx.1973, xx.xx.1973-xx.xx.1976, xx.xx.1977xx.xx.1978, xx.xx.1978-xx.xx.1980, xx.xx.1980-xx.xx.1984, xx.xx.1984-xx.xx.1987, xx.xx.1987-xx.xx.1987, xx.xx.1987-xx.xx.1987, xx.xx.1988-xx.xx.1989, xx.xx.1993xx.xx.1994-cü illərdə müxtəlif təşkilatlarda, xx.xx.1994-xx.xx.2003-cü illərdə “İmişli Maddi- Texniki Təchizat” Birliyində işləmişdir. Buna dair əmək kitabçası vardır. Onun həmçinin dövlət sosial sığorta şəhadətnaməsi var. Rəsmi sənədlərlə 30 il əmək stajına malikdir. Dövlət Sosial Müdafiə X25 şəxsin 10 saylı Regional Ərazi filialına ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Cavabdeh təşkilat xx.xx.2021-ci il tarixli məktubu ilə bildirir ki, əmək kitabçasında xx.xx.1994-xx.xx.2003-cü illərdə “İmişli Maddi- Texniki Təchizat” Birliyində işləməyi təsdiq olunsa da, arxiv sənədləri dövlət arxivinə verilmədiyindən ona pensiya təyin etmək mümkün deyildir. Cavabdehin imtinası onun pensiya hüququnu həyata keçirməyə maneə ola bilməz. İşlədiyi təşkilatın sənədlərinin bir hissəsinin arxivə verilməsində onun təqsiri yoxdur. Əmək kitabçasında göstərilən illərdə o işdə olmuşdur. Hərbi xidmət illəri də hərbi bileti ilə təsdiq olunur. Hazırda 65 yaşı tamam olmaqla pensiya hüququ yaranmışdır. Cavabdehin ona pensiya təyin etməməsi qanuna ziddir. Ona görə işlədiyi illər ona iş stajı kimi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. 12 may 2022-ci il tarixli məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək, cavadehin əvəz olunması barədə ərizəsini təqdim edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X20 Şəxsinin 10 saylı regional ərazi filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialı ilə əvəz olunmasını xahiş etmişdir. Bundan əlavə, 12 may 2022-ci il tarixli məhkəmə iclasında iddiaçı əlavə ərizə təqdim edərək, iddia tələbinin dəyişdirilərək “hərbi xidmətdə olduğu və işlədiyi illərin sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən cavabdehin və iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı yaşa görə pensiyanın təyin edilməsi tələbi ilə Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialına müraciət etmişdir. Vətəndaşın müraciətinə cavabdeh orqan tərəfindən baxılmış və xx.xx.2021-ci il tarixdə cavablandırılmışdır. Cavabdeh orqanın **********1 nömrəli imtina məktubuna əsasən İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1994-cü il tarixdən-xx.xx.2003-ci il tarixədək “İmişli X4”ndə işləməsinə dair sosial sığorta stajının yoxlanılması mümkün olmadığından həmin dövrlərin pensiya hesablanmasında nəzərə alınması qanuna ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt – işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. Yuxarıda qeyd olunan Qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. İddiaçı xx.xx.1994-cü il tarixdənxx.xx.2003-ci il tarixədək “İmişli X4”ndə işlədiyini iddia edir. Bildirirlər ki, tərəflərindən mübahisələndirilən xx.xx.1994-cü il tarixdən-xx.xx.2003-ci il tarixədək (8 il 11 ay) vətəndaşın “İmişli X4”ndə işlədiyini iddia etdiyi dövrlərdə əmək fəaliyyətinə dair əmrlər kitabının və əmək haqqı hesablanması cədvəllərinin saxlanılmasına aid heç bir məlumat aşkar edilməmişdir. Qeyd etmək lazımdır ki, iddiaçının işlədiyini iddia etdiyi illərə və müəssisənin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi İmişli rayon Dövlət Arxivinə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi İmişli rayon Statistika İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğular göndərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur: - İmişli rayon Statistika İdarəsindən daxil olmuş cavab məktubunda İmişli rayon üzrə X17 Reyestrində mövcud olan məlumata əsasən “İmişli X4” uçot vahidi kimi bazada yoxdur. Qeyd etmək lazımdır ki, İmişli X5” 17 iyun 1997-ci il tarixdən 12 sentyabr 2011-ci ilədək X17 Reyestrində qeydiyyatda olub. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi İmişli rayon Dövlət Arxivindən daxil olmuş xx.xx.2022-ci il tarixli 31 nömrəli məktubunda “İmişli X4”nin sənədlərinin mühafizə və saxlanılması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. 12 dekabr 2003-cü tarixli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”qanunun 4.1-ci maddəsinə yəni hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının ümumi qaydalarına əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və filiallları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı işlədiyini iddia etdiyi müəssisə onun işlədiyini dövrdən sonra (xx.xx.1997-ci il tarixdə) dövlət qeydiyyatından keçmişdir. Müəssisənin qeydiyyat məsələlərində və əmək kitabçasının doldurulması ilə bağlı aşkar olunan ziddiyyətlər vətəndaşın həmin müəssisədə işlədiyinə dair ciddi şübhə doğurur. Mülki Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Mülki Məcəllənin 48.1-ci maddəyə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Sözügedən normaların dispoziyasından aydın olur ki, hüquqi şəxsin fəaliyyət göstərməsi üçün əsas şərt onun dövlət qeydiyyatından keçməsidir. Bu səbəblə, hüquqi şəxsin yaradılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməlidir. Əks halda, qanunvericiliyin tələblərini həyata keçirmədən yaradılan hüquqi şəxslərin fəaliyyəti qanuni hesab oluna bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd etmək lazımdır ki, İddiaçı xx.xx.2013-cü il tarixdə “Ümumi xəstəliklə əlaqədar” olmaqla İİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. İddiaçıya xx.xx.2014-cü il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə vətəndaşın əlilliyin təkrar müayinə edilməsi müddəti bitdiyi üçün pensiyası dayandırılmışdır. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun həm 7-ci maddənin hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə (hüquq yaranıb:xx.xx.2021-ci il tarixdə) çatmışdır. Lakin yuxarıda qeyd olunan Qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq vətəndaşın əmək kitabçasında mövcud olan sığorta stajı uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddia tələbinin təmin edilməsini mümkünsüz edən həm də, bu növ münasibətləri tənzimləyən maddi huquq normalarıdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2022-cı il tarixli, 2-1(120)-848/2022 saylı qərarı ilə (hakim F.N.Abbasov) iddia təmin olunmuş, İddiaçı hərbi xidmət illəri və işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia tələbinə olan yazılı münasibəti (etirazı) ilə eynilik təşkil edir. Əlavə olaraq cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(106)848/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı cavabdehə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada verilmişdir. Göründüyü kimi, qərardan 30 günlük apellasiya şikayəti verilmə müddəti ötürülməmişdir. Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüququ normalarını pozmuşdur. Odur ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)-848/2022 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edib şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)-848/2022 saylı qərarının ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını tələb edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə – iddiaçının şəxsiyyət vəsiqəsinin, sosial sığorta kartının, əmək kitabçasının surətləri, cavabdehin imtina məktubu və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət,müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2.1992-ci İl yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 67-ci maddəsinin v) bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə,müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. İnzibati Prosessual Məcəllə Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı hərbi xidmət illəri və işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq, hüququnun yaranığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı yaşa görə əmək pensiyası almaq üçün qanunvercilikdə müəyyən edilmiş yaş həddinə çatmışdır. Eyni zamanda, işin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2021-ci il tarixdək əlilliyə görə əmək pensiyası almışdır. Hazırkı halda isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iki şərtdən biri olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasındakı iş illəri cavabdeh tərəfindən mübahisələndirilmir. Eyni zamanda qeyd olunmalıdır ki, həmin əmək kitabçasındakı iş illəri iddiaçıya əlilliyə görə pensiya təyin edilən zaman sosial sığorta stajı kimi nəzərə alınmışdır. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1973-cü il tarixli, 91 nömrəli əmrlə xx.xx.1973-cü il tarixdə 3 saylı həkim sanitar xidmətinə 0,5 tarif dərəcəsi ilə dezinfeksiyaçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1973-cü il tarixli əmrlə öz istəyinə əsasən tutduğu vəzifəsindən azad edilmiş, JBN-10 zavodunun 3 saylı sexinə işəmuzd qaydasında əmək haqqı ödənilməklə ikinci dərəcəli betonçu vəzifəsinə təyin edilmiş, xx.xx.1975-ci il tarixli, 13 nömrəli əmrlə xx.xx.1975-ci il tarixdə Sovet Ordusunda xidmət etmək üçün getməsi ilə əlaqədar olaraq işdən azad edilmiş, xx.xx.1977-ci il tarixli, 5/k nömrəli əmrlə xx.xx.1977-ci il tarixdə “Azneft” Birliyinin Muradxanlı texnoloji nəqliyyat idarəsinin 1 saylı avtomobil kolonnasına 3-cü dərəcəli sürücü vəzifəsinə təyin edilmiş, xx.xx.1978-ci il tarixli, 84/k saylı əmrlə xx.xx.1978-ci il tarixdə öz istəyinə əsasən tutduğu vəzifədən azad edilmiş, xx.xx.1980-ci il tarixli 25 nömrəli əmrlə xx.xx.1980-ci il tarixdən 8 saylı “Azərbaycan kənd tikinti” trestinin 40 nömrəli tikinti quraşdırma sahəsinə 2-ci dərəcəli fəhlə vəzifəsinə təyin edilmiş, xx.xx.1981-ci il tarixli, 150 nömrəli əmrlə 2-ci dərəcəli fəhlə vəzifəsindən 5-ci dərəcəli çilingər təyin edilmiş, xx.xx.1984-cü il tarixli, 171 nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən öz istəyi ilə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.1984-cü il tarixli, 05 nömrəli əmrlə İmişli şəhər sovetinin mərkəzi mühasibatlığında boş olan 05 oklat mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.1987-ci il tarixli, 19 nömrəli əmrlə xx.xx.1987-ci il tarixdən öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmiş, xx.xx.1987-ci il tarixli, 11 nömrəli əmrlə İmişli Yaşıllaşdırma idarəsinə yaşıllayıcı işinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixli, 36 nömrəli əmrlə xx.xx.1987-ci il tarixdən öz xahişinə əsasən tutduğu vəzifədən azad edilmiş, xx.xx.1987-ci il tarixli, 73 nömrəli əmrlə 3448/018 nömrəli əmanət kassaya nəzarətçi müdir vəzifəsinə təyin edilmiş, 73 nömrəli əmrlə 3448/018 nömrəli əmanət kassaya xəzinədar təyin edilmiş, xx.xx.1987-ci il tarixli, 82 nömrəli əmrlə həmin vəzifədən azad edilmiş, xx.xx.1988-ci il tarixli, 18 nömrəli əmrlə xx.xx.1988-ci il tarixdən 3448/018 nömrəli əmanət bankında xəzinədar vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1989-cu il tarixli, 20 nömrəli əmrlə 3448/018 nömrəli əmanət bankında nəzarətçi kassir vəzifəsinə təyin edilmiş, xx.xx.1994cü il tarixli, 169 nömrəli əmrlə xx.xx.1994-cü il tarixdən həmin vəzifədən azad edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, ...“İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək “İmişli X4”ndə işlədiyini iddia edir. Bildirilir ki, mübahisələndirilən xx.xx.1994-cü il tarixdən-xx.xx.2003-cü il tarixədək (8 il 11 ay) vətəndaşı “İmişli X4”ndə işlədiyini iddia etdiyi dövrlərdə əmək fəaliyyətinə dair əmrlər kitabının və əmək haqqı hesablanması cədvəllərinin saxlanılmasına aid heç bir məlumat aşkar edilməmişdir”. Məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə aşağıdakıları qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********815700 saylı məktubundan görünür ki, İmişli X4 adlı qurum idarədə dövlət qeydiyyatında yoxdur və vergi uçotuna alınmamışdır. Dövlət qeydiyyatına alınmış kommersiya qurumlarının qeydiyyat sənədlərinin arxivində olan qovluqlarda İmişli X4 adlı idarənin adına oxşar olan idarə İmişli rayon Təsərrüfat Hesablı X2. Qeyd edilən müəssisə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmrinə əsasən İmişli rayon X18-Texniki Təchizat və mexanikləşdirmə istehsalat birliyinin bazasında yaradılmış və İmişli rayon X9 Bazası adı ilə 21 iyun 1995-ci il tarixdə D-506 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İmişli rayon X9 Bazası 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi uçotuna alınmamış və vergi ödəyicisi deyildir. İş materiallarında olan İmişli rayon Statistika İdarəsinin xx.xx.2022-ci il tarixli, 08 saylı məktubundan görünür ki, İmişli X4 uçot vahidi kimi bazada yoxdur. Qeyd: İmişli rayon X5 17 iyun 1997-ci il tarixdən 12 sentyabr 2011-ci ilədək X17 Reyestrində qeydiyyatda olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********40 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 109 nömrəli sərancamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş İmişli rayon Təsərrüfat Hesablı X3 əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2006-cı il tarixində özəlləşdirilərək mülkiyyətçiləri dəyişdirilmişdir. Eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, o,1995-ci ildən 2005-ci il tarixədək “İmişli Maddi-Texniki Təchizat” Birliyində çilingər vəzifəsində işləmişdir. X26 rayonunda mərkəzə yaxın ərazidə yerləşirdi. Birliyin əsas fəaliyyəti kolxozlara məxsus nəqliyyat vasitələrinin, yük avtomobillərinin təmir edilməsindən ibarət idi. O, işlədiyi illərdə əmək haqqı almışdır. O, İddiaçı tanıyır. Belə ki, o, Birliydə mühasib vəzifəsində işləmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, 1978-ci ildən 2006-ci il tarixədək “İmişli Maddi-Texniki Təchizat” Birliyində çilingər vəzifəsində işləmişdir. X27 rayonu, hazırkı Tofiq İsmayılov küçəsində yerləşirdi. Birliyin adı müxtəlif vaxtlarda dəyişdirilmişdir. Birliyin əsas fəaliyyəti kolxozlara nəqliyyat vasitələrinin, yük avtomobillərinin təmir edilməsi, yanacağın təchiz edilməsindən ibarət idi. O, işlədiyi illərdə əmək haqqı almışdır. İddiaçı tanıyır. Belə ki, İddiaçı da həmin Birlikdə mühasib vəzifəsində işləmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi iddiaçıya məxsus xx.xx.1994-cü il tarixli, ИТ № ******* nömrəli notarial qaydada təsdiq əmək kitabçasını onun sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Həmin əmək kitabçasında göstərilmişdir ki, iddiaçı xx.xx.1994-cü il tarixli, 102 nömrəli əmrlə xx.xx.1994-cü il tarixdən “İmişli Maddi-Texniki Təchizat” Bazasına kassir-xəzinədar işinə qəbul edilmiş, xx.xx.1999-cu il tarixli, 02 nömrəli əmrlə “İmişli Maddi-Texniki Təchizat” Bazası “İmişli-Təchizat” ATSC-yə çevrilməsi ilə əlaqədar olaraq həmin cəmiyyətin sərancamına keçirilmiş, xx.xx.2003-cü il tarixli, 89 nömrəli əmrlə xx.xx.2003-cü il tarixdən öz ərizəsinə əsasən işdən azad edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərkibi tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının işlədiyi dövrlərdə əmək fəaliyyətinə dair əmək haqqı kitablarının və əmək haqqı cədvəllərinin saxlanmasına dair məlumatın aşkar edilməməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, iş materiallarında olan İmişli rayon Dövlət Arxivinin 04 mart 2022-ci il tarixli, 31 nömrəli məktubundan görünür ki, “İmişli X4”nin sənədləri mühafizəsi və saxlanması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Məhkəmə tərkibinin qənaətinə görə əmək haqqı kitabları və müvafiq cədvəllər arxivə təhvil verilmədiyi halda, «iddiaçının əmək haqqı alması və işləməsi təsdiq edilmir» kimi gəlinən nəticə səhvdir. Ümumiyyətlə, iddiaçının işlədiyi müddət üzrə əmək haqqı kitablarının, cədvəllərin və əmrlərin arxivə təhvil verilməməsi iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal ona əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar yalnız ehtimallara əsaslandığından sübutun (əmək kitabçasının) qeyri-mötəbərliyi (saxtalığı), eyni zamanda iddianın əsassızlığı barədə nəticəyə gəlməyə əsas vermir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı xx.xx.1973-cü il tarixli və xx.xx.1994-cü il tarixli, ИТ № ******* nömrəli əmək kitabçalarındakı iş illəri, eyni zamanda hərbi xidmət müddəti nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2022-cı il tarixli, 2-1(120)-848/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-226/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-226/2022
22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver