Məhkəmə qərarları › İş №2-1(106)-226/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-226/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-226/2024 28.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlu, iddiaçının nümayəndəsi X1, üçüncü şəxs “Gilanlılar" Fermer Təsərrüfatı MMC-nin vəkili X3, üçüncü şəxs Hüseynova Ofelya Heydər qızının nümayəndəsi X6 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2-1(120)-2786/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin Cavabdehnə qarşı sərəncamların ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh Başçısının “X2” MMC-nə 262.0 ha torpaq sahəsinin verilməsinə dair 28 yanvar 2013-cü il tarixli, 10 saylı sərəncamının, “X2” MMC-nə 10 ha torpaq sahəsinin verilməsinə dair 02 avqust 2019-cu il tarixli, 139 saylı sərəncamının, Hüseynova Ofelya Heydər qızına 45 ha torpaq sahəsinin verilməsinə dair 12 avqust 2010-cu il tarixli, 191 saylı sərəncamının, Vəliyev Xəqani Vəkil oğluna 30 ha torpaq sahəsinin verilməsinə dair 08 dekabr 2004-cü il tarixli, 268 saylı sərəncamının ləğv edilməsi bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə Hüseynova Ofelya Heydər qızı, Vəliyev Xəqani Vəkil oğlu, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-22/2022 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti əsasında Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(106)-180/2022 nömrəli qərardadı ilə qərardadının ləğv edilməsi, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(106)-180/2022 nömrəli qərardadından verilmiş kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)- 51/2023 nömrəli qərarı ilə üçüncü şəxs Hüseynova Ofelya Heydər qızının kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(106)-180/2022 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2-1(120)-2786/2023 nömrəli qərardadı ilə (hakim Şahəli Musayev) iddianın mümkün sayılmaması qərara alınmışdır İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli rayon XDS İcraiyyə Komitəsinin 1975-ci il tarixli qərarı ilə kolxozlararası mal-qara kökəltmə kompleksinin təşkil edilməsi məqsədi ilə digər kolxozların ərazisindən 374.70 ha torpaq sahəsi ayrılmış və kolxozlararası mal-qara kökəltmə birliyi yaradılmış, müstəqillik dövründə isə sözügedən birlik ləğv edilmişdir. Cavabdeh xx.xx.2010-cu il tarixli, 191 nömrəli sərəncamı ilə Bakı şəhər sakini Hüseynova Ofelya Heydər qızına əkinçiliyin inkişafı üçün Qaragüvəndikli kəndi yaxınlığında olan dövlət asudə fondundan müvəqqəti istifadə hüququ ilə 45.0 ha torpaq sahəsi ayrılmış, xx.xx.2013-cü il tarixli, 10 nömrəli sərəncamı ilə "xxxx" Fermer Təsərrüfatına kənd təsərrüfatı məhsullarının istehsalı üçün Qaragüvəndikli kəndi yaxınlığında olan asudə dövlət fondundan müvəqqəti istifadə hüququ ilə 262.0 ha torpaq sahəsi ayrılmış, 02 avqust 2019-cu il tarixli, 139 saylı sərəncamı ilə "xxxx" Fermer Təsərrüfatına 10.0 ha torpaq sahəsi əkinçiliyin və heyvandarlığın inkişafı məqsədi ilə 15 il müddətinə icarəyə verilmişdir (müvəqqəti istifadə hüququ ilə). Cavabdeh xx.xx.2014-cü il tarixli, 268 nömrəli sərəncamına əsasən Qaragüvəndikli kənd sakini Vəliyev Vəkil Qərib oğlu vəfat etdiyi üçün onun 30.0 ha torpaq sahəsindən istifadə hüququna xitam verilməsi və ona Qaragüvəndikli kəndi yaxınlığında olan asudə dövlət fondundan 30.0 ha torpaq sahəsinin verilməsi barədə İmişli rayonu İcra Hakimiyyəti başçısının 21 avqust 2003-cü il tarixli, 231 saylı sərəncamının hüququ qüvvəsini itirmiş hesab edilməsi, Qaragüvəndikli kənd sakini Vəliyev Xaqani Vəkil oğlunun müraciətinin nəzərə alınması və ona qoyunçuluğun inkişaf etdirilməsi üçün Qaragüvəndikli kəndi yaxınlığında olan asudə dövlət fondundan 30.0 ha torpaq sahəsinin müvəqqəti istifadə hüququ ilə icarəyə verilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı İmişli rayon Qaragüvəndikli Bələdiyyəsi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2786/2023 nömrəli qərardadı ilə iddianın mümkün sayılmamasının əsası kimi Cavabdeh mübahisələndirilən qərarları ilə icarəyə verilmiş torpaq sahələrininhəm həm ayrıldığı vaxt, həm də hazırkı vaxtda dövlət mülkiyyətində olması, yəni həmin torpaq sahələrinin iddiaçı inzibati orqanla heç bir hüquqi bağlılığının olmaması, nəticədə iddiaçının hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmaması qeyd olunmuşdur. Bu nəticəyə gəlmək üçün məhkəmə “iş materiallarında olan Azərbaycar Respublikasının Ədliyyə Nazirliyinin İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 03/10-705/2 nömrəli məktubuna istinad etmişdir Həmin məktubda qeyd edilmişdir ki, qanunvericilik baş idarəsinin kitabxanasında mövcud olan hüquqi aktların nəzarət nüsxələri sırasında, eyni zamanda hüquqi aktların vahid elektron bazasında müraciətdə göstərilən torpaq sahəsinin dövlət torpaqlarına verilməsi ilə bağlı hər hansı akt mövcud deyildir. Həmçinin, məhkəmə iddiaçı tərəfindən tələbinin hüquqi əsası kimi məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlər Dövlət Xidmətinin xx.xx.2021 -ci il tarixli, **********8 nömrəli və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 03/10-709/3 nömrəli məktublarına istinad edərək qeyd etmişdir ki, həmin məktubların məzmununda mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmasına dair hər hansı qeyd yoxdur. Bunun əksi olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021 -ci il tarixli, **********38 nömrəli məktubunun məzmunundan görünür ki, bələdiyyənin ehtiyat fonduna torpaq sahəsinin ayrılmasına dair hüquq normaları iddiaçının nəzərinə çatdırılmış və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 mart tarixli 271 nömrəli fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması” Qaydasına əsasən İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin 1:10 000 miqyasında xəritəsinin işlənilib aidiyyəti üzrə təqdim edilməsi qeyd olunmuşdur. Göründüyü kimi, qeyd olunan məktublar mübahisələndirilən sərəncamlarla verilən torpaq sahələrinin dövlət və ya bələdiyyə mülkiyyətinə aid olmasını təsdiq etmir. Prosessual məsələlər İddiaçının nümayəndəsi, vəkil Nümayəndə əvvəlki məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə oxşar izahat vermişdir. İddiaçının nümayəndəsi X7 bildirmişdir ki, Bələdiyyə kənd əhalisinin mənafeyi naminə bu iddianı qaldırmışdır. Yəni sahə kənd əhalisindən gizlədilmişdir. Ona görə də mülkiyyət mənsubiyyəti müəyyən edilməlidir. Mübahisələndirilən sərəncamlar ləğv edilməsi kənd əhalisinin xeyrinə olacaq. 3-cü şəxs “X2” MMC-nin nümayəndəsi vəkil X9 bildirmişdir ki, təmsil etdiyi şəxsin icarəsinə verilmiş torpaq sahəsinin iddiaçıya aidiyyəti yoxdur, yəni bələdiyyənin bu iddianı qaldırmaqla bağlı subyektiv hüququ yoxdur. Ona görə də apellyasiya şikayəti əsassızdır. 3-cü şəxs Hüseynova Ofelya Heydər qızının nümayəndəsi X10 bildirmişdir ki, məsələ ilə bağlı iddiaçının subyektiv hüququ yoxdur. Çünki ekspert rəyi ilə müəyyən edilib ki, təmsil etdiyi şəxsə verilmiş sahə dövlət mülkiyyətindədir. Ona görə də apellyasiya şikayəti əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -Cavabdeh xx.xx.2010-cu il tarixli, 191 nömrəli sərəncamından görünür ki, Bakı şəhər sakini Hüseynova Ofelya Heydər qızının müraciətinin nəzərə alınması və ona əkinçiliyin inkişafı üçün Qaragüvəndikli kəndi yaxınlığında olan dövlət asudə fondundan müvəqqəti istifadə hüququ ilə 45,0 ha torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışından görünür ki, İmişli rayonu Qaragüvəndikli kəndində 262.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İHB-nın xx.xx.2013-cü il tarixli, 10 saylı sərəncamına əsasən bağlanmış xx.xx.2013-cü il tarixli, 01 saylı icarə müqaviləsi ilə “X2” MMC-yə icarəyə verilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, xx/xx- 7096/3 nömrəli məktubunda qeyd edilmişdir ki, “Torpaq islahatı haqqında" Qanunun 11-ci maddəsinə görə islahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi, kənd təsərrüfatına az yararlı, yararsız torpaqları bütövlükdə ayrılır. Yalnız sovxozların bazasında dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi yaradıldıqda həmin ərazidə özəlləşdirilən torpaqlar yeni müəssisənin istehsal məqsədləri üçün tələb olunan və bələdiyyənin ehtiyat fonduna verilən torpaqlar çıxılmaqla müəyyən edilir. Kolxoza aid olan torpaq bölünmədən (Kökəltmə Birliyinə ayrılan torpaq da daxil olmaqla) bütövlükdə bu Qanunun 11-ci maddəsində göstərilən şəxslərin arasında 12-ci maddədə müəyyən olunan miqdarda bölüşdürülməlidir. Kolxozlararası kökəltmə birliyinin əmlakı da həmin birliyin təsisçisi olan kolxozların üzvləri arasında bölünən əmlaka aiddir və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 4.0.1 -ci maddəsinə əsasən torpaq fondunun özəlləşdirilməsinə həmin qanun şamil edilmir. Bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmçinin diqqətə çatdırılır ki, Qanunvericilik baş idarəsinin kitabxanasında mövcud olan hüquqi aktların nəzarət nüsxələri sırasında, eyni zamanda hüquqi aktların vahid elektron bazasında müraciətdə göstərilən torpaq sahəsinin dövlət torpaqlarına verilməsi ilə bağlı hər hansı akt mövcud deyildir. -İmişli rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 165 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayon Qaragüvəndikli kəndinin X18 Komissiyasının və İmişli rayon Aqrar İslahat Komissiyasının İmişli rayon Dövlət arxivində mühafizə olunan və saxlanılan protokolları kitab şəklində yazılmamışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********38 nömrəli məktubunda qeyd edilmişdir ki, 1975ci ildə İmişli Rayon X12 İcraiyyə Komitəsinin müvafiq qərarı ilə kolxozlararası mal-qara kökəltmə kompleksinin təşkil edilməsi məqsədilə rayonun Jdanov adına kolxozundan 425,05 ha və Kirov adına kolxozundan 374,70 ha torpaq sahəsi ayrılmış və rayon X12 İcraiyyə Komitəsinin qərarı Azərbaycan Respublikası Nazirlər Sovetinin 1979-cu il 26 noyabr tarixli 464 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Nazirlər Sovetinin bu qərarı əsasında kolxozlararası mal-qara kökəltmə kompleksinə “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” işlənib verilmişdir. Məhz buna görə də sonrakı illərdə həyata keçirilmiş torpaq islahatı zamanı yerli və rayon aqrar islahatı komissiyaları həmin torpaq sahəsini Qaragüvəndikli kəndində aparılan torpaq islahatına cəlb etməmiş və islahatın kompleks yerquruluşu layihəsində (baş sxemində) bu torpaq sahəsi pay torpaqları bölgüsünə salınmamışdır. Sözügedən torpaq sahəsinə dair Azərbaycan Respublikası Nazirlər Sovetinin 1979-cu il 26 noyabr tarixli 464 nömrəli qərarından başqa Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində Nazirlər Kabinetinin hər hansı qərarı aşkar olunmamışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən islahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi ayrılır, bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüququ olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na əsasən İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin 1:10 000 miqyasında xəritəsi işlənilmiş və aidiyyəti üzrə təqdim edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.8-ci maddəsinin tələblərinə görə bələdiyyə mülkiyyətinə torpaq alınması zərurəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq səlahiyyətlərinə malikdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3116 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, İmişli rayon Hakimiyyəti Başçısının 28 yanvar 2013-cü il tarixli, 10 saylı sərəncam və tərəflər arasında bağlanmış 28 yanvar 2013-cü il tarixli, 01 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə “Gilanlılar" fermer təsərrüfatı MMC-yə verilmiş 262.0 ha torpaq sahəsi, qeyd olunan sərəncamın verildiyi tarixdə Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Kənd təsərrüfatı məhsullarının (əkinçiliyin) istehsalı məqsədi ilə icarəyə verilmişdir. Cavabdeh Başçısının 02 avqust 2019cu il tarixli, 139 saylı, sərəncamı və tərəflər arasında bağlanmış 02 avqust 2019-cu il tarixli, 03 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə "xxxx" fermer təsərrüfatı MMC-yə verilmiş 10 ha torpaq sahəsi, qeyd olunan sərəncamın verildiyi tarixdə Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Kənd təsərrüfatı məhsullarının (əkinçiliyin və heyvandarlığın inkişaf etdirilməsi) istehsalı məqsədi ilə icarəyə verilmişdir. Cavabdeh başçısının 12 avqust 2010-cu il tarixli, 191 saylı sərəncamı və tərəflər arasında bağlanmış 12 avqust 2010-cu il tarixli, 02 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə Hüseynova Ofelya Heydər qızına verilmiş 45 ha torpaq sahəsi, qeyd olunan sərəncamın verildiyi tarixdə Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Kənd təsərrüfatı məhsullarının (əkinçiliyin) istehsalı məqsədi ilə icarəyə verilmişdir. Cavabdeh Başçısının 08 dekabr 2004-cü il tarixli, 268 saylı sərəncamı və tərəflər arasında bağlanmış 08 dekabr 2004-cü il tarixli, 74 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə Vəliyev Xəqani Vəkil oğluna verilmiş 30 ha torpaq sahəsi qeyd olunan sərəncamın verildiyi tarixdə Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə icarəyə verilmişdir. Göründüyü kimi mübahisələndirilən sərəncamlarla ayrılmış torpaq sahələri torpağın ayrılması ilə bağlı sərəncamların verildiyi tarixdə dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmuşdur. İddiaçı həmin sərəncamlarla ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə verilməli olan torpaq sahəsi olduğunu iddia edir və hesab edir ki, mübahisələndirilən sərəncamların verildiyi vaxt həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilən torpaq sahəsi olduğundan cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahələri hər hansı inzibati aktla üçüncü şəxslərə verilə bilməzdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçının mübahisələndirdiyi torpaq sahələrinin hər hansı hüquqi əsasla iddiaçıya məxsus olmasıdır. İşə əlavə edilmiş sənədlərdən (ekspert rəyindən) müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən sərəncamlarla üçüncü şəxslərə ayrılmış torpaq sahəsinin iddiaçı ilə heç bir bağlılığı yoxdur. Yəni üçüncü şəxslərə ayrılmış torpaq sahələri dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahələridir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2-1(120)-2786/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar