Məhkəmə qərarları › İş №2-1(106)-226/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-226/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-226/2025 02.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X6 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2-1(120)-1354/2024 nömrəli qərarından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı tarixdən, yəni xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki üç il üçün ödənilməyən məbləğın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 02 dekabr 2024-cü il tarixli, 2- 1(120)-1354/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 ildən çox sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. İddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də işləməməsi və əmək haqqı almaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərlə iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də fəhlə işləməsi halı müəyyən edilmişdir. Həmçinin cavabdeh orqan tərəfindən TSEK arayışına əsasən, iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək övladı X4 qulluq etdiyi dövr sığorta stajı olaraq müəyyən edilmişdir. İddiaçı eyni zamanda həmin dövrlərdə "xxxx" ASC-də fəhlə işlədiyi üçün övladı X4 qulluq etdiyi dövrlə xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr üst-üstə düşür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən hesab edilir ki, üst-üstə düşməyən dövrlər, yəni iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci ilədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci ilədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də fəhlə işlədiyi dövrlər sosial siğorta stajı olaraq qəbul edilərək yaşa görə əmək pensiyası təyin edilməlidir. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, əmək fəaliyyətinə 20 oktyabr 1979-cu ildən başlamışdır. Onun hal- hazırda əmək stajı 21 il 15 gün müəyyən edilsə də, lakin ümumi əmək stajı 25 ildən yuxarıdır. Ona görə ki, o, 15 fevral 1996-cı il tarixdən 10 noyabr 2007-ci il tarixədək "xxxx" ASC-də istehsalat sexində fəhlə kimi işləsə də, həmin illər onun əmək stajına daxil edilməmişdir. Buna baxmayaraq həmin işlədiyi illər onun əmək kitabçasında öz təsdiqini tapmışdır. Həmin illərin onun əmək stajına daxil edilməsindən ötrü Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Lakin cavab olaraq ona bildirmişlər ki, sığorta stajı qanunla nəzərdə tutulandan 25 ildən az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilinəsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Ona görə də 15 fevral 1996-cı il tarixdən 10 noyabr 2007-ci il tarixədək “Xırdalan Texservis" ASC-də işləməyinin onun əmək stajına daxil edilərək həmin illərin əmək stajına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması zərurəti yaranmışdır. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının mərkəzi filiala təqdim etdiyi sənədlərə əsasən, qanunvericiliklə müəyyən edilmiş sosial sığorta stajı və ya pensiya kapitalı toplanılmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunaziddir. Belə ki, iddiaçının Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1996-cı il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" ASC-də olan dövrün sığorta stajına daxil edilməsinin qeyri-mümkün olduğu vurğulanmış və iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. İddiaçı ümumi iş stajı (xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2003cü il tarixədək övladı X4 qulluq etdiyi müddət nəzərə alınmaqla) 21 il 15 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma əmrində qaralama var) həmin dövrün iddiaçınının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri imtina və iddiaya etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qismən müdafiə edərək, şikayətin İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu həmin dövrün iddiaçınının sığorta stajına daxil edilməməsi ilə bağlı hissəsini müdafiə etmədiyini, qalan hissədə müdafiə etdiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Surətləri iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. -ИТ-İ№0789963 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.2007-ci illərdə müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olması barədə qeydlər aparılmışdır. -Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-12-RA/2-206 nömrəli məktubunda bildirilir ki, "Cəlilabad çörək" zavodunda işləmiş İddiaçı xx.xx.1984-cü il tarixli 13 nömrəli əmrlə işdən azad edilmişdir. Əsas Fond: Əmr kitabı 1984-cü il. -Abşeron rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli T/945 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" ASC-nin sənədləri saxlanması və mühafizə edilməsi üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********978800 nömrəli məktubunda göstərilmişdir ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) xx.xx.1997-ci il tarixdə, D-2324 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır və hal-hazırda fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2458 nömrəli “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi ilə təşklinin təmin edilməsi tədbirləri haqqında” Sərəncamına əsasən Ədliyyə Nazirliyindən təhvil alınmış X7 qeydiyyat iş qovluğunda X1 Birliyinin xx.xx.1997-ci il tarixli 15f nömrəli əmri ilə X2 bazası əsasında yaradılması, xx.xx.1997-ci il tarixdə 5/21 nömrəli şəhadətnamə ilə Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsində dövlət qeydiyyatından keçməsi və uçot-baza məlumatlarında xx.xx.1997-ci il tarixdə ********* saylı VÖEN-lə (hazırkı tarixədək inventarlaşmadan keçməyərək 10 rəqəmli VÖEN almamışdır) uçota alınması barədə məlumatlar mövcuddur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1984-cü il tarixdə işdən azad edilməsi barədə qeyddə “13” rəqəminə düzəliş edilsə də, arxiv məlumatlarında onun məhz həmin gündə işdən azad edilməsi barədə əmrin olması təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən TSEK arayışına əsasən, iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək övladı X4 qulluq etdiyi dövr sığorta stajı olaraq müəyyən edilmişdir. İddiaçı eyni zamanda həmin dövrlərdə "xxxx" ASC-də fəhlə işlədiyi üçün övladı X4 qulluq etdiyi dövrlə xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr üst-üstə düşür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən hesab edilir ki, üst-üstə düşməyən dövrlər, yəni iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci ilədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci ilədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də fəhlə işlədiyi dövrlər sosial siğorta stajı olaraq qəbul edilərək yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi işin faktiki hallarına uyğun olmaqla, təqdim edilmiş sübutlara əsaslanır. Odur ki, apellyasiya şikayətində qeyd edilmiş dəlilləri məhkəmə kollegiyası əsaslı hesab etmir.. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2-1(120)-1354/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar