Məhkəmə qərarları › İş №2-1(106)-228/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-228/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-228/2023 31.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, iddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh İmişli rayon Hacırüstəmli bələdiyyəsinə qarşı siyahıya alınmış əmlakın satılması barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 03 mart 2023-ci il tarixli, 2- 1(120)-1005/2023 nömrəli qərаrından iddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi cavabdeh İmişli rayonu Hacırüstəmli bələdiyyəsinə müraciət edərək İmişli rayon Hacırüstəmli bələdiyyəsinin xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 15373,01 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh İmişli rayon Hacırüstəmli bələdiyyəsi isə borcu ödəməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi cavabdeh İmişli rayon Hacırüstəmli bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İmişli rayon Hacırüstəmli bələdiyyəsinin xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 15373,01 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 18000 manat məbləğində (İmişli rayon Hacırüstəmli kəndi ərazisində yerləşən 6 hektar torpaq sahəsi) siyahıya alınmış əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan İmişli rayon Hacırüstəmli bələdiyyəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 15373,01 manat borcuna görə 18000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli, **********0 nömrəli protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın bir vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixinə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 15373,01 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 03 mart 2023-cü il tarixli, 2- 1(120)-1005/2023 nömrəli qərаrı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən “əmlakın siyahıya alınması” barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş, “əmlakın siyahıya alınması” barədə xx.xx.2022-ci il tarixli protokol və “Vergi ödəyisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2022-ci il tarixli akt tərtib edilərək siyahıya alınmış əmlak İmişli rayon Hacırüstəmli bələdiyyəsinin nümayəndəsi X3 məsul saxlanmaya verilmişdir. Bundan sonra cavabdeh xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlamış və İmişli rayon Hacırüstəmli bələdiyyəsinin mülkiyyətində olan İmişli rayonu, Hacırüstəmli kəndində yerləşən 6 hektar torpaq sahəsi istifadə üçün X1 icarəyə verilmişdir. Göründüyü kimi, vergi orqanı əmlakın siyahıya alınmasını həyata keçirdikdən sonra cavabdeh tərəfindən Vergi Məcəlləsinin 89.11-ci maddəsinin tələbləri pozularaq siyahıya alınmış əmlaka dair əqd bağlanmışdır ki, bu əqd də bağlandığı andan qanunvericiliyin tələblərinə əsasən etibarsız sayılır. Lakin birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən faktlara diqqət yetirilməmiş, xx.xx.2022-ci il tarixdə əmlak siyahıya alındıqdan sonra xx.xx.2022-ci il tarixdə bağlanmış qanunun tələbinə əsasən etibarsız sayılan əqd nəzərə alınmış və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə əsasən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda cavabdehin həmin torpaq sahəsini icarə müqaviləsi əsasında müvəqqəti istifadə üçün üçüncü şəxsə icarəyə verərkən qanunun tələblərini pozub-pozmamasını, bu əqdin etibarsız əqd olub-olmamasını araşdırmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2-1(120)-1005/2023 nömrəli qərаrı ləğv edilməli, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiyası məhkəməsi iddianı rədd etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması tələb edilən və cavabdehin mülkiyyətində olan torpaq sahəsi torpaq icarə müqaviləsi əsasında müvəqqəti istifadə üçün üçüncü şəxsə icarəyə verilmişdir. Belə olan halda iddiaçının mövcud iddia tələbi əsassızdır. Belə ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icarəyəverənin borcları üzrə tələbin icarəyə verilmiş torpağa yönəldilməsinə yol verilmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd edilən torpaq sahəsi icarə müqaviləsi əsasında müvəqqəti istifadə üçün üçüncü şəxsə icarəyə verildiyindən, iddiaçının mövcud tələbi üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan, o cümlədən icarəyəverənin borcları üzrə tələbin icarəyə verilmiş torpağa yönəldilməsinə yol verilmədiyindən göstərilən iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə birinci instansiya məhkəməsi işə aid halların və faktların hərtərəfli tədqiq olunmasına yönəlmiş, obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən, iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən və xüsusilə də şübhələri susmağa məcbur edən həcmdə araşdırma aparılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini və işin təkrar baxılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İlk olaraq birinci instansiya məhkəməsi siyahıya alınmış torpaq sahəsinin icarəyə verilən torpaq sahəsi ilə eyni torpaq sahəsi olub-olmamasını araşdırmalı idi. Eyni torpaq sahəsi olduğu təqdirdə hazırkı mübahisənin icarəçinin qanunla qorunan maraqlarına toxunub-toxunmaması halı araşdırılmalı idi. Lakin birinci instansiya məhkəməsi qeyd edilən məsələləri aydınlaşdırmamışdır. Həmçinin birinci instansiya məhkəməsi siyahıya alınmış torpaq sahəsinin icarəyə verilən torpaq sahəsi ilə eyni torpaq sahəsi olub-olmamasını aydınlaşdırdıqdan sonra zərurət olduğu təqdirdə mübahisə predmeti olan torpaq sahəsinin kateqoriyasını, təyinatını, qiymətini, həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi mümkün olan torpaq sahəsi olub-olmamasını müəyyən etməlidir. Hansı ki, torpaq sahəsinin kateqoriyasını səlahiyyətli qurumlardan verilən sənədlər və ya müvafiq ekspertizanın keçirilməsi ilə müəyyən etmək mümkündür. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan və birinci instansiya məhkəməsinin istinad etdiyi sənədlərin hamısı kserosurətlərdir. Həmin sənədlərin əsli və ya təsdiq edilmiş surətləri əldə olunmamışdır. Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Məhkəmə kollegiyasının mövqeyinə görə işə baxan birinci instansiya məhkəməsi istinad edəcəyi və həmin iş üzrə materiallarda saxlanılması mümkün olan sənədlərin əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunmasını proses iştirakçılarına təklif etməli və yaxud həmin sənədlərin əldə edilməsi üçün xidməti vəzifəsinə görə araşdırma aparmalıdır. Həmçinin birinci instansiya məhkəməsi məhkəmə icraatına qədər inzibati orqanda aparılan icraat zamanı iddiaçının inzibati icraat zamanı cavabdehə göndərməli sənədləri (qərarı, bildirişi, protokolun surətini və digər) cavabdehə təqdim edib-etməməsini, cavabdehin inzibati orqanda aparılan inzibati icraatdan məlumatlı olub-olmamasını, əmlakın siyahıya alınması haqqında protokol tərtib edilərkən cavabdehin nümayəndəsinin iştirak etməməsinin səbəblərini, həmçinin inzibati icraat zamanı vergi qanunvericiliyinin tələblərinin pozulub-pozulmamasını aydınlaşdırmalıdır. Yuxarıda qeyd edilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna xidmət edən mühüm faktiki hallar müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən edilmədən və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da, ciddi prosessual pozuntuya yol vermişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2-1(120)-1005/2023 nömrəli qərаrı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2-1(120)-1005/2023 nömrəli qərаrı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar