Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-229/2022 23.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı MMC-nin nümayəndəsi Vəkil, cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2-1(120)-1566/2022 nömrəli qərarından cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiаçı İddiaçı MMC cаvаbdеh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qаrşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin verdiyi 226,24 manat məbləğində əlavə dəyər vergisinin hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********550300 nömrəli, 11655,81 manat məbləğində əlavə dəyər vergisinin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********000800 nömrəli, 12273,75 manat məbləğində əlavə dəyər vergisinin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********469500 nömrəli və 20437,89 manat əlavə dəyər vergisinin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********511800 nömrəli vergilərin, sosial sığorta haqlarının hesablanması barədə qərarların ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 05 iyul 2022-ci il tarixli, 2- 1(120)-1566/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı MMC barədə cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin verdiyi 226,24 manat məbləğində əlavə dəyər vergisinin hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********550300 nömrəli, 11655,81 manat məbləğində əlavə dəyər vergisinin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********000800 nömrəli, 12273,75 manat məbləğində əlavə dəyər vergisinin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********469500 nömrəli və 20437,89 manat əlavə dəyər vergisinin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********511800 nömrəli vergilərin, sosial sığorta haqlarının hesablanması barədə qərarların ləğv edilməsi qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(106)-229/2022 nömrəli qərardadı ilə cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2-1(120)-1566/2022 nömrəli qərarının qismən, yəni İddiaçı MMC barədə cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin verdiyi 12273,75 manat məbləğində əlavə dəyər vergisinin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********469500 nömrəli vergilərin, sosial sığorta haqlarının hesablanması barədə qərarın ləğv edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddiаçı İddiaçı MMC-nin cаvаbdеh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qаrşı iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. İş üzrə apellyasiya instansiyası məhkəməsinin 23 noyabr 2022-ci il tarixli iclasında İddiaçı MMC-nin nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək bildirdi ki, İddiaçı MMC iddia tələbi ilə əlaqədar 2021-ci ilin oktyabr, noyabr, dekabr ayları üzrə ona cavabdeh inzibati orqan tərəfindən hesablanmış ƏDV borcu ilə bağlı qəbul edilmiş kameral qərarları mübahisələndirmişdir. Hal-hazırda məlum oldu ki, xx.xx.2021-cil il tarixdə cavabdeh inzibati orqan 2021-ci ilin oktyabr ayı üzrə iddiaçıya xx.xx.2021-ci il tarixli kameral qərarla hesablanmış 447,65 manat ƏDV borcunu 39,86 manat azaldaraq yeni kameral qərar qəbul etmişdir. Bu səbəbdən hazırda iddiaçı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********540700 nömrəli, xx.xx.2022-ci il tarixli, **********000800 nömrəli və xx.xx.2022-ci il tarixli, **********511800 nömrəli qərarların ləğv edilməsini xahiş edir. İddiaçı iddia tələbinin həcmini artırmır, çünki iddiaçı əvvəldən 2021-ci ilin oktyabr, noyabr, dekabr ayları üzrə ona cavabdeh inzibati orqan tərəfindən hesablanmış ƏDV borcunu və bu barədə qəbul edilmiş qərarları mübahisələndirir. İddiaçının 2021-ci ilin oktyabr ayı üzrə ƏDV borcu ilə bağlı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixdə barəsində yeni kameral qərar qəbul edilərək əvvəlki, yəni xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsindən məlumatı olmamış, həmçinin birinci instansiya məhkəməsində iddia tələbinə dair işə baxılarkən bununla bağlı cavabdeh inzibati orqan tərəfindən də məlumat verilməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi də bu barədə lazımi araşdırma aparmayaraq iddiaçıya hüquqi yardım göstərməmişdir. İddiaçı 2021-ci ilin oktyabr, noyabr, dekabr ayları üzrə ona hesablanmış ƏDV borcunu mübahisələndirdiyindən həmin aylar üzrə cavabdeh inzibati orqan tərəfindən sonradan qəbul edilmiş qərarların ləğvi barədə ayrıca iddia qaldırmalı deyildir. Hazırda iddiaçı tələbini dəqiqləşdirərək 2021-ci ilin oktyabr, noyabr, dekabr ayları üzrə ona cavabdeh inzibati orqan tərəfindən hesablanmış ƏDV borcu ilə bağlı son qərarları mübahisələndirir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(106)-229/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair İddiaçı MMC-nin ərizəsinin icraata qəbul edilməsi qərara alınmışdır. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2017-ci il tarixdə qanunamüvafiq qaydada yaradılmış və dövlət qeydiyyatına alınmışdır. İddiaçının əsas fəaliyyəti kənd təsərrüfatı məhsulu olan çəltiyi əkib-becərərək onu dəyirmanda sənaye üsulu ilə emal etməklə təmiz düyü halına gətirib onun ticarətini (realizə edilməsini) təşkil etməkdən ibarətdir. Bunun üçün iddiaçı istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaqlarda çəltiyi əkib-becərir, sonra isə Astara rayon Balaca Şahağacı kəndində olan dəyirmanda qabıqdan təmizləyərək düyü halında satışını təşkil edir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 164.1.18-ci maddəsində göstərilir ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələrdən 2014-cü il yanvarın 1dən 10 il müddətinə ƏDV tutulmur. İddiaçı xx.xx.2020-ci il tarixli məktubla cavabdehə müraciət edərək, fəaliyyət növünə görə ondan ƏDV-nin tutulmamalı olduğunu bildirmiş, cavabdeh də bununla razılaşaraq tərəflərindən gələcəkdə təqdim ediləcək bəyannamələrin kameral vergi yoxlaması zamanı həmin halın qanunamüvafiq şəkildə nəzərə alınacağını bildirmişdir. Həmin tarixdən 2021-ci ilin oktyabr ayına qədər olan müddət ərzində hər ay iddiaçı tərəfindən qanunamüvafiq qaydada vergi bəyannamələri təqdim edilmiş və iddiaçıdan qanuni qaydada ƏDV tutulmamışdır. Lakin cavabdeh özünün xx.xx.2022-ci il tarixli məktubunda Azərbaycan Respublikası Statistika Komitəsinin xx.xx.2018-ci il tarixli, 9/2 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”nın 10.61.11-ci “C” seksiyasında “təmizlənmiş düyü”nün dəyirman-ding sənayesi məhsullarına aid olunduğunu əsas gətirərək “Təmizlənmiş düyü” məhsullarının satışının ƏDV-dən azad edilməsinin Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmadığını göstərərək iddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsində göstərilən ƏDV-dən azad olan əməliyyatlara əsasən ƏDV məbləği hesablanması nəzərdə tutulduğunu bildirmişdir. Cavabdeh tərəfindən aparılmış kameral yoxlama nəticəsində 226,24 manat məbləğində əlavə dəyər vergisinin hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********550300 nömrəli; 11655,81 manat məbləğində əlavə dəyər vergisinin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********000800 nömrəli; 12273,75 manat məbləğində əlavə verginin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********469500 nömrəli və 20437,89 manat əlavə verginin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********511800 nömrəli vergilərin, sosial sığorta haqlarının hesablanması barədə qərarlar qəbul edilmişdir. Həmin qərarlar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Statistika Komitəsinin xx.xx.2018-ci il tarixli, 9/2 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”nın 10.61.11-ci “C” seksiyasında “təmizlənmiş düyü” məhsulunun dəyirman-ding sənayesinə aid edilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.18-ci maddəsində göstərilənlərin əksinə deyildir. Həmin Təsnifatda təmizlənmiş düyünün mənbəyi barədə heç nə bildirilmir. Təsnifatda nəzərdə tutulan adi qaydada (kənardan, özü istehsal etmədən) əldə edilmiş düyü nəzərdə tutulur. Çünki təmizlənmiş düyü kimi strateji məhsulun əksər hissəsi Respublikaya kənar dövlətlərdən idxal edilir. Belə olan halda, həmin düyünün satışı ƏDV-yə cəlb edilir. Şəxsin özünün becərdiyi düyünün, yəni sənaye üsulu ilə çəltiyin qabığından təmizlənmiş düyünün satışından əldə edilən vəsaitin ƏDV-yə cəlb edilməməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.18-ci maddəsində göstərilənlərə tam uyğundur. Əgər belə olmasa idi, 2020-ci ilin aprel ayından 2021-ci ilin oktyabr ayına qədər olan müddətdə iddiaçıdan ƏDV tutulardı. Eyni zamanda, məhsula ƏDV-nin tətbiq edilib-edilməməsini göstərən əsas sənəd olan “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standart”larında çəltiyin becərilməsində “Daxildir” və “Daxil deyildir” sütunlarında heç nə qeyd edilməmişdir. Əgər bura düyünün istehsalı aid olmasaydı, o halda “Daxil deyil” sütununda qeyd olunmalı idi. Necə ki tütün istehsalında tütün becərilməsi azaddır, amma tütün məmulatlarının istehsalı bura daxil deyildir. Çəltikdə də həmin xanada qeyd olunmalı idi ki, çəltik məmulatları və düyü daxil deyil, amma yazılmayıb. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Digər tərəfdən, qoz-fındıq istehsal edən də özü qoz-fındığı ləpələyib satır və vergidən azaddır, onda o halda niyə qeyd olunmur ki, emala məruz qalır. Əgər fiziki şəxs öz təsərrüfatında çəltik istehsal edirsə, o, çəltiyi bazarda necə satmalıdır?! Təbii ki, təmizləyib düyü halına salmalıdır ki, o da vergidən azaddır. Belə çıxır ki, öz təsərrüfatında düyü istehsal edən fiziki şəxs vergidən azaddır, amma hüquqi şəxs vergidən azad deyil?! Vergilər müəyyən edilərkən ayrıseçkiliyə yol verilmir və mülkiyyət formasından asılı olmayaraq eyni vergilər tətbiq olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.60-cı maddəsində bildirilir ki, kənd təsərrüfatı məhsullarının istehsalı bitkiçilik məhsullarının becərilməsidir. Həmin Məcəllənin 13.2.61.2-ci maddəsinə əsasən bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu kimi formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir. Göründüyü kimi, düyü də nə konsevləşdirilir, nə də kimyəvi tərkibi dəyişir, nə də təbiətdə olduğu formasını itirir (buğda, arpa, yulaf kimi, qoz ləpəsi və ya fındıq ləpəsi kimi). Bu səbəbdən də istehsal olunan düyü də kənd təsərrüfatı məhsulu hesab olunur. Məhsulların vergilərə cəlb edilməsini təsdiq və ya inkar edən “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları” Azərbaycan Respublikası Statistika Komitəsinin xx.xx.2018-ci il tarixli, 9/2 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”ndan daha mötəbər və əsas sənəddir. Eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsi daha üstün qüvvəyə malik normativ aktdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı “Çəltiyin becərilməsi” fəaliyyət növü ilə məşğuldur və təqdim etdiyi ƏDV bəyannamələrində daxil olmuş məbləğləri (ƏDV nəzərə alınmadan) ƏDV-dən azad olunan əməliyyatlar kimi göstərmişdir. X8 Xidmətindən daxil olmuş xx.xx.2021-ci il tarixli, **********819800 nömrəli məktuba əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin məqsədləri üçün kənd təsərrüfatı məhsullarının istehsalı dedikdə sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi nəzərdə tutulur. Bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli və konservləşdirilməməlidir. “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları” cədvəlində “fəaliyyət növünün adı” siyahısında F/S kodu 01120 üzrə “Çəltiyin becərilməsi”nin göstərilməsi məhz həmin məhsul vergi ödəyicisi tərəfindən becərildiyi halda ƏDV öhdəliyindən azad edir. Yəni bitkiçilik məhsullarının becərilməsi dedikdə məhsulun (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi nəzərdə tutulur. Lakin birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, iddiaçının əsas fəaliyyəti kənd təsərrüfatı məhsulu olan çəltiyi əkib-becərərək onu dəyirmanda sənaye üsulu ilə emal etməklə təmiz düyü halına gətirərək onun ticarətini (realizə edilməsini) təşkil etməkdən ibarətdir. Həmçinin iş materilallarına əlavə edilmiş iddiaçı tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumat cədvəlindən də görmək olar ki, vergi ödəyicisi tərəfindən müxtəlif çeşidli mallar siyahısında məhz məhsulun qablaşdırılması üçün ləvazimatlar alınır. Eləcə də, birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, ƏDV-nin tətbiq edilib-edilməməsini göstərən əsas sənəd olan “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standart”larında çəltiyin becərilməsində “Daxildir” və “Daxil deyildir” sütunlarında heç nə qeyd edilməmişdir. Qeyd olunan sütuna nəzər yetirilsə, görmək olar ki, sütunun başlığı “vergidən azaddır” kimi qeyd edilmiş və qeyd edilən hissə məhz gəlir vergisini nəzərdə tutmuşdur. Bundan əlavə, birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, çəltiyin (təmizlənmiş düyünün) kənd təsərrüfatı məhsulu olması “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli, 3227 nömrəli sərəncamına uyğun olaraq ölkəmizdə çəltikçiliyin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, çəltik istehsalına marağın artırılması məqsədi ilə hazırlanmış “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda da öz əksini tapır. Qeyd edilməlidir ki, X6nda çəltiyin (təmizlənmiş düyünün) kənd təsərrüfatı məhsulu olması tam aydın qeyd edilməmişdir. Eləcə də, X6nın əsas məqsədi çəltikçiliyin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, çəltik istehsalına marağın artırılması məqsədi ilə əhalinin təminatını gücləndirmək məqsədi daşıyır. Nəzərə alınsa ki, iddiaçı düyü satışı ilə məşğuldur, belə nəticəyə gəlmək olar ki, əhalinin tələbatını ödəyir, təminatını deyil. X6 isə təminatı gücləndirmək məqsədi daşıyır. Təmizlənmiş düyü məhsulu kənd təsərrüfatı məhsullarına aid edilmədiyindən iddiaçı tərəfindən həmin məhsulların satışı fəaliyyəti ilə bağlı mənfəət və əmlak vergisi üzrə yaranan vergi öhdəlikləri Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş ümumi qaydada yerinə yetirilir. Qeyd olunanlara əsasən “təmizlənmiş düyü” məhsullarının satışının ƏDV-dən azad edilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmadığından həmin məhsulun satışı ümumi qaydada ƏDV-yə cəlb edilir. Prosessual məsələlər Cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı MMC-nin nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, iddiaçı xx.xx.2017-ci il tarixdən dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır. İddiaçının əsas fəaliyyəti kənd təsərrüfatı məhsulu olan çəltiyi əkib-becərərək onu dəyirmanda sənaye üsulu ilə emal etməklə təmiz düyü halına gətirib onun ticarətini təşkil etməkdən ibarətdir. Bunun üçün iddiaçı istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaqlarda çəltiyi əkib-becərir, sonra isə Astara rayon Balaca Şahağacı kəndində olan dəyirmanda qabıqdan təmizləyərək düyü halında satışını təşkil edir. Əvvəllər iddiaçı tərəfindən mal ƏDV daxil olmaqla satılmışdır. Lakin iddiaçı xx.xx.2020-ci il tarixli məktubla cavabdehə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 164.1.18-ci maddəsinə istinad edib fəaliyyət növünə görə ondan ƏDV-nin tutulmamalı olduğunu bildirmiş, cavabdeh də bununla razılaşaraq tərəflərindən gələcəkdə təqdim ediləcək bəyannamələrin kameral vergi yoxlaması zamanı həmin halın qanunamüvafiq şəkildə nəzərə alınacağını bildirmişdir. 2020-ci ilin aprel ayından 2021-ci ilin oktyabr ayınadək olan müddət ərzində iddiaçı tərəfindən hər ay qanunamüvafiq qaydada ƏDV bəyannaməsi təqdim edilmiş və iddiaçıdan qanuni qaydada ƏDV tutulmamışdır. Lakin 2021-ci ilin oktyabr, noyabr, dekabr ayları üzrə iddiaçı barəsində cavabdeh tərəfindən kameral qaydada ƏDV borcunun hesablanması barədə qərarlar qəbul edilmişdir. Cavabdehin əsası da o olmuşdur ki, Azərbaycan Respublikası Statistika Komitəsinin xx.xx.2018-ci il tarixli, 9/2 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”nın 10.61.11-ci “C” seksiyasında “təmizlənmiş düyü”nün dəyirman-ding sənayesi məhsullarına aid olunduğundan “təmizlənmiş düyü” məhsullarının satışının ƏDVdən azad edilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də cavabdeh 2021-ci ilin oktyabr, noyabr, dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində göstərilən ƏDV-dən azad olan əməliyyatlara əsasən iddiaçıya ƏDV borcu hesablamışdır. İddiaçı 2021-ci ilin oktyabr, noyabr, dekabr ayları üzrə ona cavabdeh tərəfindən kameral qaydada ƏDV borcunun hesablanması barədə qərarları nəyə görə qanunsuz və əsassız hesab etdiyini iddia ərizəsində göstərmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçı çəltiyi dəyirmanda sənaye üsulu ilə emal etməklə təmiz düyü halına gətirib onun satışını həyata keçirir. Cavabdeh isə belə emalı, yəni çəltikdən düyü alınmasını sanki çəltiyin konservləşdirilmiş, kimyəvi tərkibinin dəyişilmiş, təbiətdə olduğu ilkin formasını itirmiş olması kimi qəbul edir. Halbuki düyü alınarkən çəltik konsevləşdirilmir, kimyəvi tərkibini dəyişmir, təbiətdə olduğu formasını da itirmir, sadəcə buğda, arpa, yulaf, qoz ləpəsi və ya fındıq ləpəsi kimi üst qabıqdan, yəni samandan təmizlənir. Məlum məsələdir ki, çəltik üst qabığında heyvanlar üçün də, insanlar üçün də qida məhsulu deyildir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşdə olan Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********550300 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC-nin oktyabr 2021-ci il ƏDV ilə bağlı əvvəlki kameral yoxlama üzrə müəyyən edilmiş 221,41 manat vergi məbləğinə aparılmış kameral yoxlama nəticəsində 226,24 manat əlavə hesablanaraq 447,65 manat müəyyən edilmişdir. İşdə olan Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********540700 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC-nin oktyabr 2021-ci il ƏDV ilə bağlı əvvəlki kameral yoxlama üzrə müəyyən edilmiş 447,65 manat vergi məbləği aparılmış kameral yoxlama nəticəsində 39,86 manat azaldılaraq 407,79 manat müəyyən edilmişdir. Həmin qərarla xx.xx.2021-ci il tarixli, **********550300 nömrəli qərar ləğv edilmişdir. İşdə olan Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********000800 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC-yə noyabr 2021-ci il ƏDV ilə bağlı aparılmış kameral yoxlama nəticəsində 11655,81 manat vergi müəyyən edilərək əlavə 11655,81 manat vergi hesablanmışdır. İşdə olan Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********469500 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC-yə dekabr 2021-ci il ƏDV ilə bağlı aparılmış kameral yoxlama nəticəsində 12273,75 manat vergi müəyyən edilərək əlavə 12273,75 manat vergi hesablanmışdır. İşdə olan Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********511800 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC-yə dekabr 2021-ci il ƏDV ilə bağlı aparılmış kameral yoxlama nəticəsində 20437,89 manat vergi müəyyən edilərək əlavə 20437,89 manat vergi hesablanmışdır. Həmin qərarla xx.xx.2022-ci il tarixli, **********469500 nömrəli qərar ləğv edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 13.2.60-cı maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı – sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsidir. Həmin Məcəllənin 13.2.61-ci və 13.2.61.2-ci maddələrinə əsasən kənd təsərrüfatı məhsullarının satışı – bu Məcəllənin məqsədləri üçün aşağıdakı tələblər çərçivəsində kənd təsərrüfatı məhsullarının təqdim edilməsi: bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada) əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Həmin Məcəllənin 164.1.18-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələrdən – 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV tutulmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. İşin faktiki hallarından görünür ki, İddiaçı MMC xx.xx.2017-ci il tarixdən dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır. İddiaçının əsas fəaliyyəti kənd təsərrüfatı məhsulu olan çəltiyi əkib-becərərək onu dəyirmanda sənaye üsulu ilə emal etməklə təmiz düyü halına gətirib onun ticarətini təşkil etməkdən ibarətdir. Bunun üçün iddiaçı istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaqlarda çəltiyi əkib-becərir, sonra isə Astara rayon Balaca Şahağacı kəndində olan dəyirmanda qabıqdan təmizləyərək düyü halında satışını təşkil edir. İddiaçının fəaliyyət növünə görə Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən ƏDV ödəməkdən azad edilmiş olması barədə müraciəti əsasında 2020-ci ilin aprel ayından 2021-ci ilin oktyabr ayınadək olan müddət ərzində iddiaçıdan ƏDV tutulmamışdır. Lakin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Statistika Komitəsinin xx.xx.2018-ci il tarixli, 9/2 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”nın 10.61.11-ci “C” seksiyasında “təmizlənmiş düyü”nün dəyirman-ding sənayesi məhsullarına aid olunduğunu, bu səbəbdən “təmizlənmiş düyü” məhsullarının satışının ƏDV-dən azad edilməsinin Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmadığını, həmçinin “təmizlənmiş düyü” kənd təsərrüfatı məhsullarına aid edilmədiyindən iddiaçının həmin məhsulların satışı ilə bağlı mənfəət və əmlak vergisi üzrə yaranan öhdəliklərinin də ümumi qaydada yerinə yetirildiyini əsas gətirərək 2021-ci ilin oktyabr, noyabr, dekabr ayları üzrə iddiaçı barəsində kameral qaydada ƏDV borcunun hesablanması barədə qərarlar qəbul etmişdir. İddiaçı da cavabdeh inzibati orqanın qəbul etdiyi həmin qərarlarla razılaşmayaraq hazırkı iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində əlverişsiz inzibati aktların qəbulu qanunvericiliyə uyğun deyildir və aşağıda qeyd olunanlara əsasən ləğv olunmalıdır. Konsevləşdirilmədiyindən, kimyəvi tərkibini dəyişmədiyindən, təbiətdə olduğu formasını itirmədiyindən istehsal olunan düyü də kənd təsərrüfatı məhsulu hesab olunur. Cavabdeh inzibati orqan məhsul növlərinin təsnifatının Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2018-ci il tarixli, 9/2 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı” ilə tənzimləndiyi, həmin təsnifatın 10.61.11-ci “C” seksiyasında “təmizlənmiş düyü”nün dəyirman-ding sənayesi məhsulları sinfinə daxil edildiyi, eləcə də təmizlənmiş düyü məhsulunun kənd təsərrüfatı məhsullarına aid edilmədiyi əsası ilə qərarlar qəbul edən zaman həmin qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olubolmamasını nəzərə almamışdır. Belə ki, iddiaçının əlavə dəyər vergisindən azadolmalarla əlaqədar müraciətinə cavab olaraq cavabdeh inzibati orqan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələrin 2014-cü ilin yanvarın 1-dən 10 il müddətinə əlavə dəyər vergisindən azad olduqlarını, həmin Məcəllənin qeyd olunan müddəalarının tərəflərindən gələcəkdə təqdim ediləcək bəyannamələrin kameral vergi yoxlaması zamanı qanunamüvafiq şəkildə nəzərə alınacağını bildirmişdir. Bundan əlavə, məhsula ƏDV-nin tətbiq edilib-edilməməsini göstərən əsas sənəd olan “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standart”larında çəltiyin becərilməsində “Daxildir” və “Daxil deyildir” sütunlarında heç nə qeyd edilməmişdir. Həmçinin cavabdeh inzibati orqan hesab etmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin məqsədləri üçün kənd təsərrüfatı məhsullarının istehsalı dedikdə sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi nəzərdə tutulur. Halbuki “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli, 3227 nömrəli sərəncamına uyğun olaraq ölkəmizdə çəltikçiliyin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, çəltik istehsalına marağın artırılması məqsədi ilə “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” hazırlanmışdır. Həmin Proqramın 8.1.3-cü bəndində çəltik məhsullarının istehsalı sahəsində mütərəqqi təcrübəyə malik xarici şirkətlərlə əlaqələrin genişləndirilməsinin Kənd Təsərrüfatı Nazirliyinə tapşırıldığı göstərilir. Eyni zamanda, həmin Proqramın 8.5.2-ci bəndində çəltik istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlər barədə məlumatların Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası üzrə portalda yerləşdirilməsi və mütəmadi olaraq yenilənməsinin Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, X2 və Kommunikasiya Mərkəzinə tapşırıldığı göstərilir. Göründüyü kimi, çəltiyin (təmizlənmiş düyünün) kənd təsərrüfatı məhsulu olması həmin “Dövlət Proqramı”nda da öz əksini tapır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələrdən – 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV tutulmur. Azərbaycan Respublikası Vergi Məcəlləsində həmin Məcəllənin məqsədləri üçün “kənd təsərrüfatı məhsullarının istehsalı” və “kənd təsərrüfatı məhsullarının satışı” ifadələrinin hansı anlama gəldiyi qeyd edilmişdir. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı dedikdə sənaye üsulu da daxil olmaqla bitkiçilik məhsullarının becərilməsi, kənd təsərrüfatı məhsullarının satışı dedikdə isə təbiətdə olduğu ilkin formasını saxlamaqla, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən bitkiçilik məhsullarının təqdim edilməsi başa düşülməlidir. İddiaçının fəaliyyəti çəltiyi əkib-becərərək onu dəyirmanda sənaye üsulu ilə emal etməklə təmiz düyü halına gətirib onun ticarətini təşkil etməkdən ibarətdir. Cavabdeh inzibati orqan çəltiyin kənd təsərrüfatı məhsulu olduğunu, çəltiyin sənaye üsulu ilə təmizlənmiş, başqa sözlə emal edilmiş forması olan düyünün isə kənd təsərrüfatı məhsulu olmadığını iddia edir və cavabdeh inzibati orqanın dəlilləri də bu barədədir. Bununla bağlı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Statistika Komitəsinin xx.xx.2018-ci il tarixli, 9/2 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”na istinad edirək həmin Təsnifatın 10.61.11-ci “C” seksiyasında “təmizlənmiş düyü”nün dəyirmanding sənayesi məhsullarına aid olunduğunu, bu səbəbdən “təmizlənmiş düyü” məhsullarının satışının ƏDV-dən azad edilməsinin Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmadığını qeyd edir. Göründüyü kimi, cavabdeh inzibati orqan statistik fəaliyyətin həyata keçirilməsi məqsədi ilə müəyyən edilmiş anlayış əsasında iddiaçı barəsində ƏDV-nin hesablanması barədə qərarlar qəbul etmişdir. Halbuki, müvafiq qərarlar qəbul edərkən cavabdeh inzibati orqan Azərbaycan Respublikası Vergi Məcəlləsinin məqsədləri baxımından nəzərdə tutulmuş anlayışlara istinad etməli və vergi qanunvericiliyini rəhbər tutmalıdır. Çəltik sənaye üsulu ilə emal edilib düyü formasını alarkən təbiətdə olduğu ilkin formasını saxlayır (yəni sadəcə qabığı təmizlənmiş olur), kimyəvi tərkibi dəyişdirilmir və konservləşdirilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müəyyən etdiyi anlayış baxımından düyünün təqdim edilməsi kənd təsərrüfatı məhsullarının satışıdır və həmin məhsulun satışı üzrə dövriyyələrdən – 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV tutulmur. İddiaçının sözügedən məhsulun satışı ilə bağlı mənfəət və əmlak vergisinə cəlb edilmiş olması, habelə həmin məhsulun qablaşdırılması üçün müxtəlif çeşidli ləvazimatlardan istifadə etmiş olması həmin məhsulun kənd təsərrüfatı məhsulu olmamasına və ya bu səbəbdən iddiaçının ƏDV-yə də cəlb olunmalı olmasına dəlalət etmir. Qanunvericiliyə əsasən heç bir şəxsin üzərinə Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və həmin Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Qeyd edilənlərə əsasən cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********000800 nömrəli və xx.xx.2022-ci il tarixli, **********511800 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********550300 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsinə münasibətdə isə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir və həmin hissədə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidr. Belə ki, işə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, iddiaçı barəsində oktyabr 2021-ci il üzrə ƏDV-nin hesablanması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixli, **********540700 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə yeni qərar qəbul edilmişdir. Həmin qərarla İddiaçı MMC-yə oktyabr 2021-ci il ƏDV ilə bağlı əvvəlki kameral yoxlama üzrə müəyyən edilmiş 447,65 manat vergi məbləği 39,86 manat azaldılaraq 407,79 manat müəyyən edilmiş və xx.xx.2021-ci il tarixli, **********550300 nömrəli əvvəlki qərar ləğv edilmişdir. İddiaçı da iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********540700 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Belə olan halda, iddiaçının cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********540700 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsinə dair iddia tələbi təmin edilməlidir. Beləliklə, cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2-1(120)-1566/2022 nömrəli qərarı qismən, yəni İddiaçı MMC barədə cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin verdiyi 226,24 manat məbləğində əlavə dəyər vergisinin hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********550300 nömrəli vergilərin, sosial sığorta haqlarının hesablanması barədə qərarın ləğv edilməsi hissəsində ləğv edilməli, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********540700 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsinə dair iddia tələbi təmin edilməli, cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********540700 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar ləğv edilməli, Şirvan İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2-1(120)-1566/2022 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2-1(120)-1566/2022 nömrəli qərarı qismən, yəni İddiaçı MMC barədə cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin verdiyi 226,24 manat məbləğində əlavə dəyər vergisinin hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********550300 nömrəli vergilərin, sosial sığorta haqlarının hesablanması barədə qərarın ləğv edilməsi hissəsində ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********540700 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsinə dair iddia tələbi təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********540700 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar ləğv edilsin. Şirvan İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2-1(120)-1566/2022 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-229/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-229/2022
23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver