Məhkəmə qərarları › İş №2-1(106)-229/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-229/2024

02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-229/2024 02.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinə qarşı “adın və soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2-1(120)-3256/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adın və soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o hal hazırda ərizədə qeyd olunan ünvanda yaşayır. Onun əvvəllər soyadı və adı Nağıyev Seymur olmuşdur. Sonradan o soyadını və adını İddiaçı dəyişdirmişdir. Lakin soyadını və adını dəyişdirməsinə baxmayaraq hamı onu əvvəlki ad və soyadı ilə tanıyır. O əvvəlki ad və soyadına qayıtmaq üçün bir sıra təşkilatlara müraciət etmiş lakin heç bir nəticəyə nail ola bilməmişdir. Ona görədə onun soyadı və adının əvvəlki vəziyyətə yəni Seymur Nağıyev olması öhdəliyinin cavabdeh təşkilatın üzərinə vəzifə kimi qoyulması məqsədəmüvafiq hesab edilməlidir. Şirvan İnzibati Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2-1(120)-3256/2023 saylı qərarı ilə (hakim Amilya Hüseynova) iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 20 noyabr 2023cü il tarixli, 2-1(120)-3256/2023 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, hal hazırda Masallı rayonunun Boradigah qəsəbəsində yaşayır. Onun əvvəllər adı və soyadı Seymur Nağıyev olmuşdur. Sonradan adını və soyadını İddiaçı dəyişdirmişdir. Lakin hamı onu əvvəlki ad və soyadıyla tanıyır yəni hamı onu Seymur Nağıyev kimi tanıyırlar ona Seymur deyib müraciət edirlər əvvəlki soyadı və adına qayıtmaq üçün müvafiq təşkilatlara müraciət etsədə heç bir nəticəyə nail olmamışdır. Məhkəməyə müraciət etsədə işə baxan hakim iş üzrə tam və hərtəfli araşdırma aparmadı və ona məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat vermədən onun ziyanına qərar çıxartmışdır. Həqiqətən o, istəyirdi ki məhkəmə iclasında iştirak edə və iddiası ilə bağlı müvafiq sübutlar təqdim etsin. Lakin, məhkəmə onun iclasda iştirak etmək hüququnu məhdulaşdırmışdır. Ona görədə sözü gedən qərar ləvğ edilməli və iddia tələbi təmin edilməlidir. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2-1(120)-3256/2023 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2-1(120)-3256/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışı iclasının davam etdirilməsini mümkün saymışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 24. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Maddə 26. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının,siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Maddə 26.2. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Maddə 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Maddə 26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Maddə 26.6. Başqa şəxsin adı ilə hüquq və vəzifələr əldə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Maddə 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Maddə 189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən “vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiqedilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” Bənd 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Bənd 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Bənd 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Bənd 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Bənd 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Bənd 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Bənd 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Bənd 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Bənd 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Azərbaycan Respublikasının İnzibati İcraat haqqında Qanunu: Maddə: 2.0.2. İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərəbaxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 14.1. maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adın və soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və qərarını onunla əsaslandırmışdır ki, cavabdeh Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən iddiaçının tələbinə edilmiş imtina qanuna ziddi sayıla bilməz. Belə ki, adın növbəti dəfə dəyişdirilməsi ilə qanunverciliyin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın) nəzərdə tutulduğu hallar iddiaçıya münasibətdə müəyyən edilmir. Eyni zamanda hazırkı iş üzrə adın və soyadın, əvvəlki ad və soyad ilə, yəni ikinci dəfə dəyişdirilməsi üçün konkret əsaslar mövcud olmadığından iddia əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materialarında olan Masallı rayon İcra Hakimiyyəti başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 06 aprel 2023-cü il tarixli, 493 nömrəli arayışında göstərilmişdir ki, verilir, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır. İş materialarında olan Masallı rayon Polis şöbəsi Boradigah Polis bölməsinin xx.xx.2023-cü il tarixli 3-13-97-1/2-3228/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1978-ci il təvəllüdlü Masallı rayon Boradigah qəsəbə sakini İddiaçı barəsində Masallı RPŞ-də hər hansı bir təqsirləndirici material, sadələşdirilmiş icraat və digər araşdırma materialı yoxdur. İş materialarında olan Ədliyyə Nazirliyi Masallı rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-416 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinə qarşı adının və soyadın dəyişdirilməsi tələbinə dair iş üzrə xx.xx.2023-ci il tarixli 2-1(120)-3256/2023 saylı sərəncamla əlaqədar bildirilir ki, X3 rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək adını və soyadını dəyişdirmək istədiyini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli 79 saylı qərarı ilə təsdiq olunmuş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın tələbinə əsasən müvafiq yoxlama aparılmış və onun adının və soyadının dəyişdirilməsinə mane olan hal müəyyən edilməmişdir. Odur ki, Masallı rayon QŞ-ninxx.xx.2018-ci il tarixli rəyinə əsasən onun soyadı “Şabanov”a , adı “Musa”ya dəyişdirilmişdir.İddiaçı yenidən adını və soyadını dəyişmək istəyi ilə Qeydiyyat şöbəsinə müraciət etsə də onun xahişini təmin etmək mümkün olmamış, adının və soyadının dəyişdirilməsindən imtina edilmişdir. Belə ki,yuxarıda qeyd edilən “Qaydalar”ın tələbinə əsasən Qeydiyyat şöbəsində adın, soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilmir, (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) Vətəndaşa cavabdan narazı qaldığı halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.2-ci maddəsinə əsasən inzibati cjaydada Azərbaycan Respublikası Şirvan İnzibati məhkəməsinə müraciət etmək hüqüqunun olması izah edilmişdir. İş materialarında olan Ədliyyə Nazirliyi Masallı rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-214-2023 nömrəli məktubu ilə göndərilmiş sənədlər üzrə göstərilmişdir ki, X4 Masallı rayon Qeydiyyat şöbəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizə ilə soyadının “Nağıyev”dən babasının adına əsasən “Şabanov”a, adının “Seymur”dan “Musa”ya dəyişdirilməsini xahiş etmişdir. Masallı rayon Polis şöbəsinin xx.xx.2018-ci il tarixli rəyindən görünür ki, X1 və adı dəyişdirilib “Şabanov” soyadının və “Musa” adına keçməsinə toplanmış materiallarla əsas vardır və onun “Şabanov” soyadına və “Musa” adına keçməsinə etiraz edilməmişdir. Masallı rayon Qeydiyyat şöbəsinin 2018ci il tarixli adın və soyadın dəyişdirilməsi haqqında rəydə göstərilmişdir ki, X1 və adının “Seymur Nağıyev”dən “İddiaçı” dəyişdirilməsinə icazə verilmişdir. Masallı rayon Qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli, **********7092018 nömrəli soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydindən görünür ki, X1 və adı dəyişdirilərək İddiaçı kimi qeyd edilmişdir. İş materiallarında olan soyadın, adın və ata adının dəyişdirilməsi haqqında 4100 6 0060 27092018 nömrəli akt qeydindən görünür ki, iddiaçının soyadı, adı və atasının adı dəyişənədək X7, dəyişəndən sonra İddiaçı kimi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 21 avqust 2018-ci il tarixdə Masallı rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək adını və soyadını dəyişdirmək istədiyini bildirmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 ci il tarixli 79 saylı qərarı ilə təsdiq olunmuş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın tələbinə əsasən müvafiq yoxlama aparılmış və onun adının və soyadının dəyişdirilməsinə mane olan hal müəyyən edilməmiş və Masallı rayon Qeydiyyat Şöbəsininxx.xx.2018-ci il tarixli rəyinə əsasən onun soyadı “Şabanov”a, adı “Musa”ya dəyişdirilmişdir. Bundan sonran iddiaçı yenidən adını və soyadını dəyişmək istəyi ilə Masallı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin adının və soyadının növbəti dəfə dəyişdirilməsindən imtina edilmiş və iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi, ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin, o cümlədən faktiki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə və həmin inzibati aktın qəbul edilməsini şərtləndirən hüquq normalarının tələbinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-ci maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-ci maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur 46.1-ci maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2022-ci il № 269 qərarı ilə edilmiş dəyişikliyə əsasən) vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Qaydaların 3-cü bəndinin 9-cu abzasına əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilir. Həmin Qaydaların 4-cü bəndinin 10-cu abzasına əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün əsas hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının: 1.5-ci bəndinə əsasən: Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. 6.1-ci Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə əsasən Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və yakonsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadınbirinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir: Bənd 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Bənd 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Bənd 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Bənd 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Bənd 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. İşin müəyyən edilmiş faktiki hallarına görə iddiaçı X4 21 avqust 2018-ci il tarixdə Masallı rayon qeydiyyat şöbəsinə ünvanladığı ərizəsinə uyğun olaraq Masallı rayon Qeydiyyat Şöbəsininxx.xx.2018-ci il tarixli rəyinə əsasən onun soyadı “Şabanov”a, adı “Musa”ya dəyişdirilmişdir. Bundan sonran iddiaçı yenidən adını və soyadını dəyişmək istəyi ilə Masallı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin adının və soyadının növbəti dəfə dəyişdirilməsindən imtina edilmişdir Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək belə qənaətə gəlir ki, inzibati orqanlar öz səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı yalnız qanunun tələbinə uyğun həyata keçirməli və sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. İnzibati orqanın üzərinə yalnız səhvə yol verdiyi halda bu səhvin düzəldilməsi öhdəliyi qoyula bilər. Hazırki iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan iddiaçı barəsində adının və soyadının yenidən dəyişdirilməsindən imtina edərkən hər hansı səhvə yol verməmiş və bunun əksinə dair iddiaçı hər hansı sübut təqdim etməmişdir. Bu baxımdan inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə akt qeydinə düzəliş edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilə bilməz. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiqedilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarına uyğun olaraq iddiaçının adının və soyadının növbəti dəfə dəyişdirilməsinə yol verilməmişdir. Məhkəmə kollegiyası, cavabdehin hərəkətinin qanuna əsaslanmasını və inzibati aktı (imtinanı) hansı norma əsasında qəbul etməsini yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı adının və soyadının növbəti dəfə dəyişdirilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin olunmasın. Şirvan İnzibati Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2-1(120)-3256/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar