Məhkəmə qərarları › İş №2-1(106)-23/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-23/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-23/2024 28.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2-1(120)-693/2023 nömrəli qərarından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 14 mart 2023-cü il tarixli, 2-1(120)- 693/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı hüququnun yarandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" zavodunda, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" şirkətində işlədiyi illəri (5 il 7 ay 6 gün) onun sığorta stajına daxil edir. Qeyd olunan iş stajı cəmləndikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur (19 il 5 ay 3 gün + 5 il 7 ay 6 gün = 25 il 9 gün). Belə olan halda məhkəmə hesab edir ki, imtinada qeyd edilən hal üzrə, yəni iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Hacıqabul rayon “Azərittifaq” İstehlak Cəmiyyətində işlədiyi illər üzrə əlavə araşdırılma aparılmasına ehtiyac yoxdur. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, işlədiyi iş illərini sosial staj kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı xx.xx.2021 -ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. Təqdim etdiyi təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1978-ci il tarixədək, əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1981 -ci il tarixidək, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1986-cı il tarixidək, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixidək, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixidək, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixidək, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixidək, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixidək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə 19 il 5 ay 3 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Fondun 1 saylı Şirvan- Salyan regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş “Azərittifaq” Hacıqabul rayon İstehlak cəmiyyətinin xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixidək, “Roza" çörək zavodunun xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixidək və "xxxx" şirkətinin xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixidək olan arxiv sənədləri Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən qeyd olunan dövrlər sığorta stajına daxil edilməmişdir. Həmçinin xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh iddiaya qarşı etiraz dəlilləri ilə eyni məzmunlu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, "xxxx" şirkətinin təsisçisilərindən biri olmuşdur, 19 nəfər işçisi olmuşdur, onlara əmək haqqı ödənilmiş, lakin başqa işə keçdiyinə və şirkəti başqa şəxsə təhvil verdiyinə görə sənədlər saxlanılmamışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, 1991-ci il tarixdən Əli Bayramlı şəhərində yerləşən 19 nömrəli çörək zavodunun 3 nömrəli çörək sexində çörəkçi işləmişdir. İddiaçı tanıyır, onunla birlikdə 1997-ci ildə Əli Bayramlı şəhərində yerləşən 19 nömrəli çörək zavodunun "xxxx" şirkəti kimi təsis edilmiş 3 nömrəli çörək sexində birgə işləmişlər. "xxxx" şirkəti fəaliyyətini dayandırdıığı günədək orada iddiaçı ilə birlikdə işləmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli, B-İ 003957 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1973-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1978-ci ildə mühəndis-metallurq ixtisası üzrə tam kursu bitirmişdir. -iddiaçıya məxsus xx.xx.1981-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1979-cu il tarixdən xx.xx.2002-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olması, o cümlədən xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Hacıqabul rayon “Azərittifaq” İstehlak Cəmiyyətində, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" zavodunda, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" şirkətində işləməsi qeyd edilmişdir. -X10 filialının xx.xx.2022-ci il tarixli, 379 nömrəli arxiv arayışında bildirilir ki, X10 filialında mühafizə olunan 19 saylı çörək zavodu "xxxx" X16 Cəmiyyətinin 1989-1998-ci illərə aid əmrlərin qeydiyyatı kitabında işə qəbul olmağı barədə qeydlər vardır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********91 nömrəli məktubunda bildirilir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak şirkətinin tabeliyində olmuş Əli-Bayramlı şəhər 19 nömrəli çörək zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2015-ci il tarixdə tam başa çatdırılmışdır. -5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilir ki, "xxxx" X16 Cəmiyyəti xx.xx.2005-ci il tarixdə ********** nömrəli VÖEN-lə 5 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmışdır. Uçot baza məlumatlarına əsasən fəaliyyət növü “Şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi”dir. Dövlət reyestrində "xxxx" X16 Cəmiyyətinin təsisçiləri X2 (66,3496%) və Milli Depozit Mərkəzinin 1 yanvar 2017-ci iltarixli reyestrində göstərilən digər şəxslər, hüquqi ünvanı isə Şirvan şəhəri, A.Əhmədov küçəsi, ev 35, rəhbəri və qanuni təmsilçisi X7 olaraq qeyd olunmuşdur. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilir ki, 19 nömrəli Əli-Bayramlı Çörək zavodunun tabeliyində, hüquqi ünvanı keçmiş Əli-Bayramlı şəhəri, Əli Bayramov küçəsi olan 3 nömrəli çörək bişirmə sexinin “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, 21 aprel 1997-ci il tarixində hərraca çıxarılaraq 9 (doqquz) nəfər əmək kollektivi tərəfindən özəlləşdirilmiş, 24 aprel 1997-ci il tarixində 8711 nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi” ilə rəsmiləşdirilmiş, həmçinin iddiaçının adı kollektivin üzvü kimi işçilər haqqında məlumata daxil edilmişdir. İddiaçı da üzvü olduğu 9 nəfərdən ibarət əmək kollektivi öz paylarını birləşdirərək 1997-ci ildə "xxxx" şirkətinin təsis edilməsi barədə təsis müqaviləsi imzalanmışdır ki, bununla da təsisçilər arasında yaranan münasibətlər, yəni paylı ümumi mülkiyyət hüququnda payların müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq olaraq 214, 215-ci maddələrinə uyğun tənzimlənir. “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 184 nömrəli sərəncamı ilə 19 nömrəli Əli Bayramlı çörək zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2015-ci il tarixdə tam başa çatdırılmışdır. İddiaçı adı əmək kollektivinin üzvü kimi (vəzifə-3 nömrəli sahənin sex rəisi) səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Şirvan-Salyan regional filialının aparıcı mütəxəssisi X3, X10 filialının direktoru N.N.Məmmədovanın, aparıcı arxivçi X1 tərtib etdikləri xx.xx.2023-cü il tarixli aktda qeyd edilmişdir ki, İddiaçı 1996-1997, 1997-2001-ci il tarixdə daxil olan əmək stajını yerində yoxlanılaraq müəyyən edilmişdir ki, X10 filialında mühafizə olunan "xxxx" ASC-nin sənədlərinə baxış zamanı vətəndaş İddiaçı 1989-1998-ci illərdə aid əmrlərin qeydiyyatı kitabında işə qəbul olması barədə qeydlər 1997-ci üzrə fevral ayında 301483,0 manat əmək haqqı qeydi aşkar olunmuşdur. İşdən çıxma əmrinə rast gəlinməmişdir. Arxiv arayışı akta əlavə olunmuşdur. Beləliklə, cavabdeh tərəfindən verilmiş imtina aktında, iddiaya qarşı etirazda, habelə apellyasiya şikayətində 19 il 5 ay 3 gün sığorta stajının mübahisələndirilməyən illər kimi götürüldüyü, daha dəqiq iddiaçının “Azərittifaq” Hacıqabul rayon İstehlak cəmiyyətində işlədiyini iddia etdiyi xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixidək, “Roza" çörək zavodunda xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixidək və "xxxx" şirkətində xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixidək olan dövrlərin əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi səbəbindən sığorta stajı kimi qəbul edilməməsi qeyd edilmişdir. Bununla yanaşı, cavabdehin məhkəmə kollegiyasına təqdim etdiyi iyul 2023-cü il tarixli, 3-17-1/2-158803/2023 nömrəli məktubunda iddiaçının mübahisələndirilməyən sığorta stajının 22 il 11 ay 11 gün olması qeyd edilmişdir. Məktubun məzmunundan bu nəticəyə gəlinir ki, cavabdeh iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixidək “Azərittifaq” Hacıqabul rayon İstehlak cəmiyyətində işlədiyini iddia etdiyi dövrləri nəzərə almışdır. Odur ki, hazırki halda mübahisələndirilən dövrlər iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixidək işlədiyini iddia etdiyi dövrdür. İddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1996-cı il tarixdə 19 nömrəli Əli Bayramlı çörək zavoduna işə qəbul edilməsi, xx.xx.1997-ci il tarixədə isə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən işdən azad edilməsi qeyd edilmişdir. Yuxarıda şərh edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin məktubunda "xxxx" Açıq Səhmdar Cəmiyyətin 19 nömrəli Əli Bayramlı çörək zavodunun bazasında yarandığı qeyd edilmişdir. Bundan əlavə X10 filialı tərəfindən təqdim edilmiş 19 nömrəli çörək zavodu "xxxx" Açıq Səhmdar Cəmiyyətin 1996-1997-ci illərə dair əmək haqqı cədvəllərində iddiaçının əmək haqqı alması barədə məlumatlar mövcuddur. Həmçinin arxivin xx.xx.2022-ci il tarixli arayışında iddiaçının həmin ASC-dən sonuncu dəfə 1997-ci ilin fevral ayında əmək haqqı alması barədə məlumt verilmişdir. Qeyd edilən hallar əmək kitabçasında olan iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək işləməsi baxımından qeydlərin mötəbərliyinə dəlalət edir. Bundan başqa, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “iddiaçının əmək fəaliyyəti göstərdiyi "xxxx" Şirkətində işlədiyi illərlə bağlı əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxivdə saxlanılmaması iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bununla bağlı arxiv məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir.” Bu qənaətin əsaslı olması həm də ondan qaynaqlanır ki, surətləri işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən təsdiq edilmiş “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamədən, “Dövlət qeydiyyatı haqqında” Şəhadətnamədən və “Təsis müqaviləs”ndən görünür ki, "xxxx" şirkətinin təsis müqaviləsi 1997-ci ildə 9 nəfərdən ibarət tərkibdə (təsisçilərdən biri İddiaçı) bağlanmaqla 19 nömrəli Çörək zavodunun 3 saylı Çörəkbişirmə sexinin əmlakında ifadə olunan paylarını birləşdirməkə şirkəti təsis edilmiş, xx.xx.1998-ci ildə dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi iddiaçı 1997-ci ilin fevral ayında sonuncu dəfə Roza-çörək” Açıq Səhmdar Cəmiyyətindən əmək haqqı almış, həmin il özünün iştirakı ilə "xxxx" şirkəti təsis edilmiş, lakin şirkətin əmr və əmək haqqı sənədləri naməlum səbəbdən arxivə təhvil verilməmiş və saxlanılmamışdır. Buna baxmayaraq məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X11 özünün və iddiaçının həmin şirkətdə işləmələrini təsdiq etmişdir. Cavabdeh inzibati orqan X9 məxsus sənədlərdə onun "xxxx" şirkətində işləməsini təsdiq edən sübut olmamasını iddia etsə də, həmçinin işdə olan sonuncuya pensiya təyinatı sənədlərində onun həmin şirkətdə əmək fəaliyyəti dövrü nəzərə alınmasa da belə, işdə olan “Təsis müqaviləs”ndən görünür ki, Zəhra Əliyeva həmin şirkətin təsisçilərindən biri olmuşdur. Bu baxımdan məhkəmə kolllegiyası onun şahid qismində ifadəsini nəzər alır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının ümumilikdə 25 ildən artıq sosial sığorta stajının olduğu müəyyən edilir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Odur ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2-1(120)-693/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar