Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-230/2024 07.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Əhmədov Pərviz Tərlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-1(120)-2269/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı xx.xx.2018-ci il tarixli əmrin ləğv edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü qərardadı ilə iddianın verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-1(120)-2269/2023 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 2000-ci ilin avqustun 8-də Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuş və məktəbi bitirdikdən sonra 24 iyun 2004-cü ildən etibarən 1 il ərzində Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində dinləyici kursunu bitirərək xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə göndərilmişdir. Bundan sonra 2017-ci ilin may ayına qədər Müdafiə Nazirliyinin düşmən Ermənistan silahlı birləşmələri ilə keçmiş təmas xəttində yerləşən müxtəlif hərbi hissələrində zabit kimi xidmətini həyata keçirmişdir. 26 iyun 2016-cı il tarixdə baş leytenant rütbəsinə yüksəlmişdir. Ümumilikdə xidmətini yüksək səviyyədə apardığına görə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli və “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medallarla, habelə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalları ilə təltif olunmuşdur. Könüllü müraciət edərək Vətən Müharibəsinə yollanmış, Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinin azad olunmasında fəal iştirak etmişdir. Azərbaycan Respublikasnın Prezidentinin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Füzuli rayonunda gedən döyüşlərdə yaralanmışdır. Müharibədə aldığı xəsarətlərlə əlaqədar xx.xx.2021-ci il tarixdə ona İİ qrup gözdən əlillik və müvafiq təqaüd təyin edilmişdir. 2017-ci ilin may ayında N saylı hərbi hissədə xidmətdə olarkən heç bir əsas olmadan qanunsuz azadlıqdan məhrum etməyə, fiziki və psixoloji zorakılığa məruz qalmışdır. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinərək, 07 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 2017-ci ilin dekabr ayında azadlığa buraxıldıqdan sonra hərbi hissədən ona ardıcıl iki dəfə məzuniyyət verilmiş, xx.xx.2018-ci il tarixdə isə xidməti uyöunsuzluğa görə ehtiyata buraxılmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçıya 05 oktyabr 2016-ci il tarixdə radio məşqin təşkilinə səhlənkar yanaşdığına görə şiddətli töhmət, 23 oktyabr 2016-ci il tarixdə tabeçiliyində olanları sıra baxışına hazırlamadığına görə şiddətli töhmət, 25 mart 2017-ci il tarixdə tabor növbətçisi olduğu zaman vəzifəsini layiqincə yerinə yetirmədiyinə görə şiddətli töhmət, 22 fevral 2018-ci il tarixdə hərbi hissəni eləcə də qarnizonu özbaşına tərk etdiyinə görə şiddətli töhmət və 23 fevral 2018-ci il tarixdə üzü tüklü olduğuna və hərbi nəzakət qaydalarına riayət etmədiyinə görə şiddətli töhmət verilmişdir. İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü bacarıqlı, savadlı işgüzar bir zabit kimi göstərə bilməmişdir. Ümumiyyətlə xidmət etdiyi müddət ərzində onun xidmətinə mövcud vəziyyətə verilən qiymət qənaətbəxş olmamışdır. Çünki, xidmət zamanı Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 38,42 və 47-ci maddələrinin tələblərini pozaraq habelə hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis olmaqla, öz tabeliyində olan şəxsi döymüş və təhqir etmişdir. Bu da Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsində göstərildiyi kimi hərbi qulluqçular və onların qarşılıqlı münasibətlərinin pozulmasına gətirib çıxarır. Nəticədə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 62-ci tətbiq olunaraq, 400 (dörd yüz) manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Baş Prokurorluğun İstintaq İdarəsinin 04 avqust 2022-ci il tarixli qərarına əsasən iddiaçı hərbi qulluqçular Cəlilov Mirhidayət Mircəlil oğlunu, Mirzəzadə Emil Nicat oğlunu, Əlizadə Murad Qədir oğlunu və Əliyev Ramiz Elxan oğlunu döyməsi faktları üzrə cinayət tərkibi olmadığına görə Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmiş, hərbi qulluqçu Abdiyev Bəxtiyar Eldar oğlunu döyməsi xüsusatı ilə bağlı barəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 40.2-ci maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı xitam verilmişdir Bu səsəbdən də iddiaçının dəlilləri əsasız olduğundan, iddiaçının ehtiyata buraxılmasına dair əmrin ləğvi və onun xidmətə qəbulu mümkünsüzdür. Apellyasiya şikayətinin dəlilləri İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iddia ərizəsində qeyd edilmiş dəlillərlə eynilik təşkil edir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, işə bərpa ediləcəyi təqdirdə həmin tarixdən sonrakı dövr üçün əmək haqqı tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan: - Tərtər Hərbi Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 400 (dörd yüz) manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. -“Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” Baş Prokurorluğun İstintaq İdarəsinin 04 avqust 2022-ci il tarixli qərarında göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı hərbi qulluqçular Cəllov Mirhidayət Mircəlil oğlu, Mirzəyev Emil Nicat oğlu, Əlizadə Murad Qədir oğlu və Əliyev Ramiz Elxan oğlunu döyməsi faktlarına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilməsi, İddiaçı Abdiyev Bəxtiyar Eldar oğlunu döyməsi xüsusatı ilə bağlı barəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-in 40.2-ci maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı xitam verilməsi qərara alınmışdır. -Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağiriş Üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-12/2-431/2023 nömrəli məktubunda bildirilir ki, İddiaçı xx.xx.2004-cü ildən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit qismində xidmət etmişdir. xx.xx.2018-ci ildə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin “156-cı maddəsinin “e" bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 21 09.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Qismən səfərbərliklə əlaqədar N nömrəli hərbi hissənin tərkibində xidmət etmiş. xx.xx.2020-ci ildə ehtiyata tərxis olunmuşdur. 06.01 2021 -ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsində hərbi qeydiyyata götürülmüşdür. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Poliklinikasının Hərbi həkim komissiyası tərəfindən xx.xx.2021 -ci il tarixdə müayinə olunaraq “Xəstəliklər cədvəli"nin 30a, 32a,35b maddəsinə (AR-sı NK-nin xx.xx.2008- ci il tarixli 59 №-li qərarı) əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edildiyi üçün 15.04 2021-ci il tarixdə istefaya keçirilmişdir. -Cavabdeh xx.xx.2018-ci il tarixli 0253 nömrəli əmrinin məzmunundan görünür ki, N nömrəli hərbi hissənin 4-cü taborunun qərargah rəisinin rabitə üzrə köməkçisi-taqım komandiri baş leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2486/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı qanunsuz məhkum etməyə görə kompensasiya tələbinə dair iddiası Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, mənəvi zərərə görə 10.000 manat, 2017-ci ilin may ayından 2018-ci ilin yanvar ayınadək 7 ay müddətində almadığı əmək haqqı olaraq 7896 manat maddi ziyanın iddiaçıya ödənilməsi qət edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikasi Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3208/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2486/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti Azərbaycan Respublikas Müdafiə Nazirinin xx.xx.2018-ci il tarixli 0253 nömrəli nömrəli əmrinin qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda qeyd edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsinin 04 avqust 2022-ci il tarixli qüvvədə olan qərarı ilə iddiaçının tabeçiliyində olan hərbiçi Abdiyev Bəxtiyar Eldar oğlunu döyməsi xüsusatı öz təsdiqini tapmış və həmin əmələ görə barəsində istintaq olunan cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-in 40.2-ci maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı xitam verilmişdir. İddiaçı tərəfindən yuxarıda qeyd olunan əməllərin törədilməsi işin mübahisəsiz halıdır. Odur ki, həmin əməlin törədilməsi mübahisələndirilən əmrin məzmununda qeyd edilmiş əsasla ehtiyata buraxılmasına əsas verir. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin:- -1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. -2-ci maddəsinə əsasən hərbi intizam hər bir qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır. -3-cü maddəsinə əsasən hərbi intizam hər bir hərbi qulluqçunu: Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa, hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinəmətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; hərbi və dövlət sirlərini möhkəm saxlamağa; namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa; komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyə; hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir. İstinad olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -165-ci bəndinə əsasən xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. -168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. -41.0.6-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. İşin halları ilə də təsdiq olunur ki, iddiaçının törətdiyi əməl onun xidməti vəzifəsi ilə bir araya sığmayan hərəkətdir və bu səbəbdən də o, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən əmr verilərkən qanun pozuntusuna yol verilməmiş, əmr qanuni və əsaslıdır. Mübahisələndirilən əmr qanuni olduğundan tələbin digər hissələri də əsassız hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı oğlunun apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-1(120)-2269/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-230/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-230/2024
07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver