Məhkəmə qərarları › İş №2-1(106)-231/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-231/2023

16.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-231/2023 16.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əliyeva Nərmin Ramiz qızının, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 21 fevral 2023-ci il tarixli, 2-1(120)-518/2023 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 21 fevral 2023-cü il tarixli, 2- 1(120)-518/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin 2 saylı Lənkəran-Astara regional filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixdə doğulmuşdur. O, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1975ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Masallı rayonunda fəaliyyət göstərmiş sabiq “XXİV partiya qurultayı” adına tərəvəzçilik-südçülük sovxozunda, həmçinin xx.xx.1979-cu il tarixdən xx.xx.2005-ci il tarixədək Türkmənistan Respublikasında müxtəlif işlərdə işləmişdir. O, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün təqdim etdiyi sənədlərə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçının ümumi iş stajı qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Yəni iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyildir. Bundan əlavə iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan əmək fəaliyyəti dövrlərinin Türkmənistan Respublikasında olduğunu əsas tutaraq Azərbaycan Respublikası ilə digər Hökumətlər arasında pensiya təminatı sahəsində olan münasibətlərin əməkdaşlıq haqqında (pensiya təminatı sahəsində) Sazişə uyğun olaraq tənzimləndiyi və hazırda Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında pensiya təminatı sahəsində qüvvədə olan Sazişin mövcud olmadığı bildirilir. Qeyd olunanlara və hazırda Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında pensiya təminatı sahəsində qüvvədə olan Saziş mövcud olmadığından həmin dövrlər üzrə 13 il 7 ay 4 gün əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Beləliklə, İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən sığorta stajı 11 il 16 gün təşkil edir. Qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Masallı rayonu, Sərçuvar kəndində doğulmuş, Masallı rayonu, Lürən kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli, PТ-İ ******* nömrəli əmək kitabçasının surətində qeyd edilmişdir ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1999-cu il tarixədək,xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək Türkmənistan Respublikası Balkanbalık Dövlət müəssisəsində balıq sexində işləmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********6 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Lakin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Bu hüquqa əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İşdə olan Masallı rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 58 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixli, 129-3-4 nömrəli əmrlə dərslərin başlanması ilə əlaqədar olaraq işdən azad edilmişdir. 01.061975-ci il tarixli, 161- 26 nömrəli əmrlə mövsümi olaraq sovxoza fəhlə qəbul edilmiş, xx.xx.1975-ci il tarixli, 258- 5 nömrəli əmrlə, mövsümün qurtarması ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1975-ci il tarixli 269 nömrəli əmrlə, 8-ci sinfi bitirməsi nəzərə alınaraq sovxoza fəhlə qəbul edilmiş, xx.xx.1978-ci il tarixli, 303 nömrəli əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. Türkmənistan Respublikasının Balkanbalık Dövlət Müəssisəsinin xx.xx.2005-ci il tarixli, 13/1048 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək balıq sexində işləmişdir. İşdə olan Azərbaycan Höküməti ilə Türkmənistan Höküməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Azərbaycan Respublikasının 1996-cı il 21 may tarixli, 78-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş Sazişin 13-cü maddəsində qeyd edilmişdir ki, “Bu Saziş təsdiq olunmalıdır və o, təsdiqnamələrin mübadilə olunduğu gün qüvvəyə minir”. İşdə olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 4/11-083/02/20 nömrəli məktubda və ona əlavə olunmuş Azərbaycan Respubliikasının Əmək və Sosial Müdafiə sahəsində imzalanmış ikitərəfli beynəlxalq sənədlərinin statusu haqqında məlumat vərəqində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş 18 mart 1996-cı il tarixdə imzalansa da, qüvvəyə minməsi ilə bağlı məlumat mövcud deyildir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17/2- 6302/2023 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1996-cı il tarixdə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Sazişin (Saziş) 13-cü maddəsinə görə, bu Saziş təsdiq olunur və təsdiqnamələr mübadilə olunduğu gün qüvvəyə minir. Bu maddənin icrası çərçivəsində Saziş Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 78-İQ nömrəli Qanunu ilə təsdiq edilsə də, Türkmənistan tərəfindən analoji addım atılmamış və beləliklə, Saziş qüvvəyə minməmişdir. Azərbaycan Respublikası və Türkmənistan xx.xx.1993-cü il tarixdə imzalanmış “X1 iştirakçısı olan dövlətlərin daxili işlər orqanları əməkdaşlarının pensiya təminatı və dövlət sığorta qaydaları haqqında” Sazişin tərəfləridir və qeyd edilən kateqoriyaya aid olan şəxslərin pensiya təminatı ilə bağlı məsələlərə sözügedən saziş çərçivəsində baxıla bilər. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-03/2-19xx/xx/2023 nömrəli məktubda qeyd edilmişdir ki, Qanunvericilik baş idarəsinin kitabxanasında mövcud olan hüquqi aktların sırasında olan xx.xx.1996-cı il tarixli, 78-İQ nömrəli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Sazişin mətninin surəti göndərilir. Bununla yanaşı diqqətə çatdırılır ki, Əmək və Əhalinin Sosisal müdafiəsi Nazirliyinin Aparatının Beynəlxalq əlaqələr şöbəsindən verilən məlumata əsasən həmin sənəd Türkmənistan Hökuməti tərəfindən ratifikasiya edilməmişdir (sözügedən Saziş məktuba əlavə edilmişdir). Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır) (maddə 7). Cavabdeh inzibati orqan İddiaçı məxsus əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək (11 ay 11 gün), xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixədək (10 il 1 ay 5 gün) əmək fəaliyyəti dövrü üzrə ümumilikdə (11 il 16 gün) xx.xx.2006-cı il tarixədək olan dövrü mübahisələndirmir. Tərəflər arasında mübahisə 1974-1978-ci illərdə Masallı rayonunda fəaliyyət göstərmiş sabiq “XXİV partiya qurultayı” adına tərəvəzçilik-südçülük sovxozunda işlədiyi əmək fəaliyyəti dövrləri (cəmi 3 il 5 ay 22 gün), həmçinin xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (07 il 02 gün), xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək (06 il 6 ay 27 gün) iddiaçının Türkmənistan Respublikasında olan əmək fəaliyyəti dövrləri (cəmi 13 il 7 ay 5 gün) ilə bağlıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. SSRİ dağıldıqdan sonra Azərbaycan Respublikası ilə digər Hökumətlər arasında pensiya təminatı sahəsində olan münasibətlər əməkdaşlıq haqqında (pensiya təminatı sahəsində) Sazişə uyğun olaraq tənzimlənir. Lakin hazırda Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında pensiya təminatı sahəsində qüvvədə olan Saziş mövcud deyildir. Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında pensiya təminatı sahəsində qüvvədə olan Saziş mövcud olmadığından həmin dövrlər üzrə cəmi 13 il 7 ay 5 gün əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən sığorta stajı 11 il 16 gün təşkil edir. O cümlədən 1974- 1978-ci illərdə Masallı rayonunda fəaliyyət göstərmiş sabiq “XXİV partiya qurultayı” adına tərəvəzçilik-südçülük sovxozunda işlədiyi əmək fəaliyyəti dövrləri (cəmi 3 il 5 ay 22 gün) nəzərə alınsa belə, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş staj müddəti üçün yetərli deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.1996-cı il tarixdə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Sazişin (Saziş) 13-cü maddəsinə görə, bu Saziş təsdiq olunur və təsdiqnamələr mübadilə olunduğu gün qüvvəyə minir. Bu maddənin icrası çərçivəsində Saziş Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli, 78-İQ nömrəli Qanunu ilə təsdiq edilsə də, Türkmənistan tərəfindən ratifikasiya edilmədiyinə görə Saziş qüvvəyə minməmişdir. Bu səbəbdən də iddiaçının Türkmənistan Respublikasında əmək fəaliyyətində olduğu xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr ( cəmi 13 il 7 ay 5 gün) sosial sığorta stajı kimi qəbul edilə bilməz. Belə olan halda da fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı olmayan iddiaçının qanunvericiliklə tələb olunan 25 ildən az sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etmir. Eyni zamanda, əlavə sosial sığorta stajının olması ilə bağlı da iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddia tələbində haqlı deyildir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Beləliklə, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(120)-518/2023 nömrəli qərarı ləğv edilməli, İddiaçı cavabdehə qarşı onun işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(120)-518/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı onun işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar