Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-231/2025 12.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X3 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2-1(120)-3204/2024 nömrəli qərardadından iddiaçının vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı Aqrar İslahat Komissiyasının qərarının və “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən X1 adına olan JN:615 saylı (kod ********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ləğv edilməsi bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya “hüquqi yardım” adlı məktub göndərilmiş və məktubun məzmununda məhkəmə iddiaçının tələbinin mübahisələndirmə iddiası növünə aid olmasını qeyd etmiş və prosessual müddətlə bağlı qanunvericiliyin tələblərini xatırlatmışdır. Qeyd olunan “hüquqi yardım” məktubu əsasında iddiaçının müvafiq müraciəti nəzərə alınaraq, Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə cavabdehin əsl Cavabdeh ilə əvəz edilməsi qərara alınmışdır. Bundan sonra birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya yenidən “hüquqi yardım” adlı məktub göndərilmiş və məktubun məzmununda iddiaçıya Ağcabədi rayon Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirməli olması izah edilmiş, məhkəmənin bu mövqeyini nəzərə alaraq iddiaçı Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 nömrəli qərarının və həmin qərar əsasında verilmiş JN:615 saylı (kod ********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ləğv edilməsi bаrədə yeni ərizə, həmçinin ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 10 dekabr 2024-cü il tarixli, 2- 1(120)-3204/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Mülki Prosessual Məcəllənin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə həmçinin öz mövqeyini Ali Məhkəmənin müvafiq Plenum qərarları və məhkəmə təcrübəsini formalaşdıran qərarları ilə əsaslandırmışdır. Qərardaddan iddiaçının vəkili tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən aktın iddiaçının hüquq və maraqlarına toxunması anı və müddətinə, həmin aktın iddiaçıya məlum olması əsaslarına və müddətinə işin faktiki halları əsnasında qiymət verməmiş, bununla da düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması xahiş edilmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. -12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsasları və qaydaları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Həmin Qanunun:- -13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. -20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi iddiaçı ilkin iddianı haqlı olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı yönəldərək, X1 adına verilmiş JN:615 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ləğv edilməsini xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, həmin dövlət aktı üzrə koordinatlar onun mülkiyyətində olan torpaq sahəsi ilə üst üstə düşür. Göründüyü kimi iddiaçının hüquqi marağı koordinatları onun torpağına işlənmiş texniki sənədin ləğvinə yönəlsə də, birinci instansiya məhkəməsi “hüquqi yardım” məktubu ilə iddiaçını ugursuz və perspektivi olmayan tələblə çıxış etməsinə yönələn prosessual hərəkətlərə sövq etmişdir. Qeyd edilməlidir ki, torpaq islahatı zamanı Aqrar islahat Komissiyaları müvafiq ərazidə yaşayan subyektlərin dairəsini, sayını və onlara verilməli olan torpaq pay normasını müəyyən etmiş, verilməli olan torpaq sahəsinin kooodinatları isə həmin dövrdə səlahiyyətli qurum (DTXÇ Komitəsi) tərəfindən müəyyən edilmiş və müvafiq dövlət aktları verilmişdir. Başqa sözlə, müvafiq ərazidə yaşayan şəxslərin torpaq payı almaq hüququ Aqrar islahat Komissiyalarının qərarları ilə tanınsa da, hazırki halda iddiaçının hüquqi marağı üçüncü şəxslərin pay hüququndan məhrum edilməsi ilə deyil, pay verilmiş sahənin koordinatlarının düzgün işlənməməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddianın mümkünsüz sayılmasına əsas verən istinad etdiyi normalar baxımından düzgün hüquqi mövqe sərgiləsə də, iddiaçının tələbinin əsaslarını və işin faktiki hallarını tam aydınlaşdırmadan, tələbin mümkünlük şərtləri üzrə düzgün hüquqi dəyərləndirmə aparmamış, iddiaçıya tam dolğun hüquqi yardım göstərmədən iddianı mümkünsüz hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2-1(120)-3204/2024 nömrəli qərardadı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2-1(120)-3204/2024 nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-231/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-231/2025
12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver