Məhkəmə qərarları › İş №2-1(106)-232/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-232/2023

05.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-232/2023 05.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh X5 Səhmdar Cəmiyyətinə qarşı qarşı iş üzrə (Açar sözlər: dinlənilmə hüququnun təmin edilməməsi, məhkəmə baxışının şifahiliyi prinsipinin pozulması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X1 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh X5 Səhmdar Cəmiyyətinə qarşı «siyahıya alınmış əmlakın satılması» barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli, e-2-1(120)-1687/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi cavabdehin xx.xx.2018-ci il tarixinə qeyd olunan borc məbləğində dövlət büdcəsinə ödənilməmiş 11225.62 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 20000 manat məbləğində siyahıya alınmış (Şirvan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən çörək zavodunda olan Rusiya istehsalı 1 ədəd Transformator) əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin vergi öhdəliklərini yerinə yetirmədiyi üçün borcu yaranmış, bildiriş verilməsinə, sərəncam qoyulmasına baxmayaraq yaranmış borc məbləğini ödəmədiyinə görə öhdəliklərin yerinə yetirilməsinin təminetmə üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə qərar çıxarılmış, həmin qərar əsasında yaranan borcuna görə əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borcun ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakın vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir. Cavabdehin hal-hazırda 11225.62 manat ödənilməmiş borcu qalmışdır.İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun ümumilikdə 11225.62 manat məbləğində borcu yaranmışdır. İşdən görünür ki, vergi orqanı olan iddiaçı bildiriş(lər)lə yaranmış borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsini cavabdehdən tələb etmiş, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. İşə əlavə edilən sənədlərdən görünür ki, yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2022ci il tarixli qərarı əsasında xx.xx.2022-ci il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus əmlak – (1 ədəd 20000 manat məbləğində Rusiya istehsalı 1 ədəd transformator siyahıya alınmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak X2 məsul saxlanmaya verilmişdir. X3 aktı və protokolu imzalayaraq surətlərini almışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. İş materiallarında olan “Hüquqi şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh (VÖEN **********) Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. Göründüyü kimi, cavabdehin borcu yaranmış və vergi öhdəliyini lazımınca yerinə yetirməyərək həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Buna görə də, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2-1(120)-1687/2023 saylı qərarı ilə (hakim A.A.Hüseynova) iddia təmin edilmiş, cavabdeh Roza-Çörək ASC-nin xx.xx.2018-ci il tarixinə qeyd olunan dövlət büdcəsinə ödənilməmiş 11225.62 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 20 000 manat məbləğində siyahıya alınmış (Şirvan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən çörək zavodunda olan Rusiya istehsalı 1 ədəd transformator) əmlakın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması və əmlakın satışından əldə edilmiş pulun qalan hissəsinin Roza-Çörək ASC-yə qaytarılması qərara alınmışdır. Cavabdeh Roza-Çörək ASC birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində bildirilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1-(120)-1687/2023 saylı qərarı əsasız və qanunsuz olduğu üçün ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. Halbuki inzibati iş üzrə "xxxx" ASC cavabdeh tərəf olmasına baxmayaraq proses barədə tərəfimizdən heç bir məhkəmə bildirişi almamışdır və məhkəmə prosesində iştirak və çıxış etmək, etiraz və vəsatətlər vermək hüquqlarımız pozulmuşdur. Bununla da Şirvan İnzibati Məhkəməsi tərəfindən ədalət mühakiməsinin prinsiplərinə əməl edilməmiş, qanunsuz məhkəmə icraatı həyata keçirilmişdir. Həmçinin iddia ərzisində qeyd olunan vergi borcu əsassız və qanunsuzdur. Belə ki, tərəfimizdən hər ay mütəmadi olaraq vergi ödənişləri həyata keçirilməsinə baxmayaraq inzibati orqan tərəfindən ödənilmiş ödənişlər nəzərə alınmamış, vergi borcumuz şişirdilmiş qaydada qeyd olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, qeyd olunan borc məbləği 2018-ci ilə qədər hesablanmış borc məbləğidir və məhkəmə tərəfindən cavabdeh qismində prosesə cəlb edilmədiyimiz üçün tərəfimizdən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilməmişdir. Odur ki, bütün bu qeyd olunanları nəzərə alaraq, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)- 1687/2023 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1687/2023 nömrəli qərarının ləğv olunmasını və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı: 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnzibati Prosessual Məcəllə: Maddə 68.3. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Maddə 75.1. Şifahi məhkəmə baxışının qurtardığı gün inzibati mübahisələrə dair iş üzrə qərarı qəbul etdikdən sonra hakim məhkəmə iclası zalına qayıdır (tərəflərin məhkəmə iclasına gəlmədiyi hallar istisna olmaqla), qərarın giriş və nəticəvi hissələrini elan edir, qərardan şikayət etmə qaydası və müddətini, habelə tərəflərin müraciəti olduğu halda qərarın nəticəvi hissəsini izah edir. Müstəsna hallarda (mürəkkəb işlər üzrə) məhkəmə qərarının nəticəvi hissəsi, şifahi məhkəmə baxışının qurtardığı gün məhkəmə tərəfindən müəyyən edilən başqa gündə, lakin 10 gündən gec olmayaraq elan edilə bilər. Qərarın elan edilən nəticəvi hissəsi yazılı formada tərtib olunur və işə baxan hakim, işə kollegial qaydada baxıldıqda isə, məhkəmə tərkibinə daxil olan hakimlərdən hər biri tərəfindən imzalanır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli və işə yenidən baxılması üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2-1(120)-1687/2023 nömrəli sərəncamdan (iş vərəqi 21) görünür ki, hakim tərəfləri işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün Şirvan İnzibati məhkəməsinə xx.xx.2023-cü il tarixə saat 11:10-a təyin edilmiş məhkəmə iclasına dəvət etmişdir. Göründüyü kimi, tərəflər hazırlıq icraatı ilə bağlı məhkəmə iclasına çağırılmışlar. Ancaq iş materiallarında olan xx.xx.2023-cü il tarixli iclas protokolundan (i/v 28) görünür ki, həmin tarixdə şifahi məhkəmə baxış iclası keçirilmiş və yekun məhkəmə aktı qəbul edilmişdir. Eyni zamanda, iş materiallarında olan cavabdeh Roza- Çörək ASC-nin direktoru (cavabdehin səlahiyyətli nümayəndəsi) X4 tərəfindən 13 mart 2023-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış teleqramından görünür ki, o, növbəti məhkəmə iclasında vəkili ilə birlikdə iştirak edəcəyini və mühüm sübutlar təqdim edəcəyini, bu baxımdan, 14 mart 2023-cü il saat 11:00-a təyin edilmiş hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir (i/v 36). Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunverciliyin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, İnzibati Prosessual Məcəllənin: 16.1-cı maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. 62.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. 62.2-ci maddəsinə əsasən məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər. 62.3-cü maddəsinə məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi tərəfindən cavabdehin şifahi məhkəmə baxışı iclasında dinlənilmə hüququ təmin edilməmiş, məhkəmə baxışının şifahiliyi prinsipi pozulmuşdur. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, məhkəmə tərəfindən xx.xx.2023-cü tarixdə iddiaçıya sorğu göndərilsə də, sorğunun cavabı gözlənilmədən hazırlıq iclasında yekun məhkəmə aktı qəbul edilmişdir. Nəzərə almaq lazımdır ki, inzibati məhkəmə icraatı zamanı işə baxan hakim Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələbləri baxımından tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi ciddi prosessual pozuntulara yol vermişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)1687/2023 nömrəli qərarı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)1687/2023 saylı qərarı ləğv edilsin, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar