Məhkəmə qərarları › İş №2-1(106)-232/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-232/2025

19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-232/2025 19.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X8 və Əsədov ilham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(120)-2237/2024 nömrəli qərarından Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 16 dekabr 2024-cü il tarixli, 2- 1(120)-2237/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı pensiya hüququnun yarandığı gündən (xx.xx.2023-cü il tarixdən) yaşa görə əmək pensiyası təyin edilsin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi (aldığı sosial müavinət çıxılmaqla) öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X7 İdarəsinin Füzuli rayon X1 müvafiq məktubunda İddiaçı Füzuli rayon X1 xx.xx.1981-ci il tarixli 65 nömrəli əmrinə əsasən Aşağı Seyidəhmədli kənd kitabxanasının müdiri vəzifəsində işləməsi, 1993-cü ildə məlum səbəbdən Füzuli rayonunun işğalı zamanı X2 məxsus əmr kitablarının işğal olunmuş ərazidə qalması səbəbindən iddiaçıya məxsus əmək kitabçası Mədəniyyət Şöbəsinin 30 oktyabr 2002-ci il tarixli şahidçilik aktı ilə təsdiq edildiyi bildirilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin kitabxanada işləməsi və əmək haqqı alması, o cümlədən idarənin fəaliyyətinin olması tam sübuta yetirilir. Həmçinin 1993-cü il tarixdə Füzuli rayonunda baş vermiş məlum hadisələrlə əlaqədar olaraq xx.xx.1993-cü il tarixdən xx.xx.2016-cı ilədək özlərindən asılı olmayan, daimi iş yerindən məhrum olmuş işçi kimi orta aylıq əmək haqqı almışdır. Odur ki, məhkəmə iddiaçının xx.xx.1981-xx.xx.2018-ci illərdə Füzuli rayon, Aşağı Seyidəhmədli kənd kitabxanasının müdiri vəzifəsində işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Qərardan Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini yalnız qanunverciliyin normalarını sadalamaqla əsaslandırmışdır. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus əmək kitabçasının surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsistemində olan məlumatlara əsasən onun sığorta stajı 19 il 7 ay təşkil edir. Həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 10 il sığorta stajına uyğun olaraq 9261,60 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 6443,65 manat olmaqla, ümumilikdə 15705,25 manat təşkil edir ki, bu məbləğ İddiaçı pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Təqdim edilmiş əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1981-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Füzuli rayon Aşağı Seyidəhmədli kənd kitabxanasında olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il qərarının 3.9-cu bəndinə görə 3.9. əmək müqaviləsinin, əmrin (sərəncamın) itdiyi və saxlanmadığı digər hallarda iş haqqında düzəliş başqa təsdiqedici sənədlərə əsasən aparılır. Şahid ifadələri əsasında əmək kitabçasında düzəlişlər edilməsinə yol verilmir. İddiaçı əmək kitabçasında göstərilən müvafiq dövrlər (xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək) əmək stajı kimi təsdiqlənmədiyindən, bununla da, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazla eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməmiş, həmçinin məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, işə qəbul edildiyi günü xatırlamır, 1981-ci ilin noyabr ayında qəbul edildiyini xatırlayır. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1981-xx.xx.2018-ci illərdə Füzuli rayon, Aşağı Seyidəhmədli kənd kitabxanasının müdiri vəzifəsində işləməsi barədə qeydlər aparılmışdır. -X16 filialının xx.xx.2024-cü il tarixli 2-12-2024 nömrəli məktubunda göstərilmişdir ki, Füzuli rayon Aşağı Seyidəhmədli kənd kitabxanasına aid sənədlər X16 filialına təhvil verilməmişdir. -Füzuli rayon MKS-i üzrə xx.xx.2018-ci il tarixli 01 №-li əmrdən çıxarışdan görünür ki, İddiaçı Aşağı Seyidəhmədli kənd kitabxanasının müdiri öz xahişinə əsasən xx.xx.2018ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. -X7 İdarəsinin Füzuli rayon X1 16 nömrəli, xx.xx.2024-cü il tarixli və 15 nömrəli, xx.xx.2024-cü il tarixli məktublarında bildirilir ki, İddiaçı Füzuli rayon X1 xx.xx.1981-ci il tarixli 65 nömrəli əmrinə əsasən Aşağı Seyidəhmədli kənd kitabxanasının müdiri vəzifəsində işləmişdir. 1993-cü ildə məlum səbəbdən Füzuli rayonunun işğalı zamanı X2 məxsus əmr kitablarının işğal olunmuş ərazidə qalması səbəbindən İddiaçı məxsus əmək kitabçası Mədəniyyət Şöbəsinin 30 oktyabr 2002-ci il tarixli şahidçilik aktı ilə təsdiq edilmişdir. Məlum hadisələrlə əlaqədar olaraq xx.xx.1993-cü il tarixdən xx.xx.2016-ci il tarixədək özlərindən asılı olmayan, daimi iş yerindən məhrum olmuş işçi kimi orta aylıq əmək haqqı almışdır. -Füzuli rayon Mədəniyyət Şöbəsinin 30 oktyabr 2002-ci il tarixli şahidçilik aktından görünür ki, X13 mərkəzi kitabxanada baş kitabxanaçı, X6 mərkəzi kitabxanada baş kitabxanaçı, X3 Seyidəhmədli kənd kitabxanasının müdiri akt tərtib edərək, İddiaçı xx.xx.1981-ci ildən Aşağı Seyidəhmədli kənd kitabxanasının müdüri vəzifəsinə təyin olunduğunu öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasında onun Füzuli rayon X1 xx.xx.1981-ci il tarixli 65 nömrəli əmrinə əsasən Aşağı Seyidəhmədli kənd kitabxanasının müdiri vəzifəsində işləməsi barədə qeyd olsa da, həmin qeydlər 2002-ci il tarixdə şahid ifadələri (şahidçilik aktı) əsasında aparılmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, 20 il müddət keçdikdən sonra (1981-2002-ci il) hər-hansı şəxsin işə qəbul edilməsi barədə əmrin nömrəsini, işə qəbul edildiyi tarixi dəqiq xatırlamaq ağlabatan deyil. Məhkəmə kollegiyasının bu yanaşması həm də ondan qaynaqlanır ki, iddiaçı özü də işə qəbul edildiyi günü xatırlamadığını bildirmiş, həmçinin qəbul edildiyi ayın noyabr ayı olmasını bildirmişdir. Halbuki əmək kitabçasında dekabr ayında qəbul edilməsi barədə qeyd aparılmışdır. Digər tərəfdən, hazırda qüvvədə olan, eyni zamanda iddiaçıya məxsus əmək kitabçasında qeydlər aparıldığı zaman (2002) qüvvədə olmuş normativ hüquqi və normativ xarakterli aktlar əmək kitabçasının doldurulması, müvafiq qeydlər aparılması və düzəlişlər edilməsi qaydalarını, həmçinin bu sahədə məhdudiyyətləri müəyyən etmişdir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən: -İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. -Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. -Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Göründüyü kimi, qanunvericilik əmək fəaliyyəti barədə sənədlər mövcud olmadıqda işçinin yalnız əmək fəaliyyətinin şahid ifadələrinə əsasən müəyyən edilməsi imkanını yaratmış, əmək kitabçasında qeydlərin olmaması halında isə bu məsələnin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən tənzimlənməli olduğunu təsbit etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının:- -1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. -3.1-ci bəndinə əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. -3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. 3.9-cu bəndinə əsasən əmək müqaviləsinin, əmrin (sərəncamın) itdiyi və saxlanmadığı digər hallarda iş haqqında düzəliş başqa təsdiqedici sənədlərə əsasən aparılır. Şahid ifadələri əsasında əmək kitabçasında düzəlişlər edilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanlara əsasən, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(120)-2237/2024 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar