Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-234/2022 21.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2-1(120)-1159/2022 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək onun xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Cəbrayıl rayon Maralyan kənd orta məktəbində işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 05 iyul 2022-ci il tarixli, 2- 1(120)-1159/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Cəbrayıl rayon Maralyan kənd orta məktəbində müəllim işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə doğulmuş, 1977-ci ildən əmək fəaliyyəti ilə məşğul olmuşdur. O, yaşa görə əmək pensiyası alır. Lakin yaxın vaxtlarda bilmişdir ki, onunla eyni yaşda, eyni əmək stajı olan digər iş yoldaşlarının pensiyası onun aldığı pensiyadan qat-qat artıqdır. Bu səbəbdən o, yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə cavabdehə müraciət etmiş, lakin ona yaşa görə əmək pensiyasının qanunvericiliyin tələbləri baxımından düzgün hesablandığı qeyd edilərək imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əmək kitabçasında xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Cəbrayıl rayon Maralyan kənd orta məktəbində işləməsi qeyd edilsə də, işə daxilolma və işdən azadolma barədə əmrlər qeyd edilmədiyi üçün həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında qeyd tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Göründüyü kimi, əmək kitabçasında iddiaçının işə daxil olması və işdən azad olunması haqqında qeydlərin olması zəruridir. Həmçinin Dövlət Sosial Müdafiə Fondunun 9 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli məktubuna əsasən Cəbrayıl rayon Maralyan kənd orta məktəbinin arxiv sənədləri işğal zonasında qaldığından qeyd olunan dövrün araşdırılıb sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd edilən səbəblərdən dolayı qeyd olunan illər iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. İddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmçinin bildirdi ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilərək onun xx.xx.1973-cü il tarixdən xx.xx.1977-ci il tarixədək ali təhsil müddəti və əmək kitabçasına əsasən digər fəaliyyət dövrləri nəzərə alınmış, lakin onun xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Cəbrayıl rayon Maralyan kənd orta məktəbində işlədiyini iddia etdiyi dövr nəzərə alınmamışdır. Belə ki, iddiaçının əmək kitabçasında onun xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Cəbrayıl rayon Maralyan kənd orta məktəbində işləməsi qeyd edilsə də, işə daxilolma və işdən azadolma barədə əmrlər qeyd edilməmişdir. Həmçinin Cəbrayıl rayon Maralyan kənd orta məktəbinin arxiv sənədləri işğal zonasında qaldığından qeyd olunan dövrün araşdırılıb sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE 08492691 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Cəbrayıl rayonu, Maralyan kəndində doğulmuş, Cəbrayıl rayonu, Maralyan kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1977-ci il tarixli, Б-İ 009089 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1977-ci il tarixədək Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil almış və ona “orta məktəbdə riyaziyyat müəllimi” ixtisası verilmişdir. İşdə olan iddiaçıya məxsus xx.xx.1982-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixli, 155 nömrəli əmrlə İmişli rayon Bəcrəvan kənd orta məktəbinə riyaziyyat müəllimi təyin edilmiş, xx.xx.1986-cı il tarixli, 124 nömrəli əmrlə təyin olunma müddəti qurtardığına görə vəzifəsindən azad edilmiş, xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Cəbrayıl rayon Maralyan kənd orta məktəbində fasiləsiz olaraq riyaziyyat müəllimi işləmiş, xx.xx.1994-cü il tarixli, 378 nömrəli əmrlə xx.xx.1994-cü il tarixdən Cəbrayıl rayon 18 nömrəli orta məktəbə direktor təyin edilmiş, xx.xx.2021-ci il tarixli, 129 nömrəli əmrlə xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İşdə olan Cəbrayıl rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 52 nömrəli arxiv arayışının surətində qeyd edilmişdir ki, Cəbrayıl rayon Maralyan kənd tam orta məktəbinin əmək haqqı cədvəllərindən çıxarışın surətindən görünür ki, İddiaçı avqust 1993-cü ildən sentyabr 1994-cü ilədək əmək haqqı almışdır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 9 saylı regional ərazi filialının Pensiya təminatı şöbəsinin baş mütəxəssisləri X8, X7 və Cəbrayıl rayon Dövlət Arxivinin müdiri X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətində qeyd edilmişdir ki, xx.xx.1993ci il tarixdə Cəbrayıl rayonu işğal olunan zaman Cəbrayıl rayon Maralyan kənd orta məktəbinin 1993-cü ilin avqust ayına qədər arxiv sənədləri işğal zonasında qaldığından vətəndaş İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Cəbrayıl rayon Maralyan kənd orta məktəbində işləməsi faktının yoxlanılması mümkün olmadı. xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə qədər Cəbrayıl rayon Maralyan kənd orta məktəbinin əmək haqqı cədvəllərinin yoxlanılması zamanı İddiaçı həmin müddətdə əmək haqqı aldığı müəyyən edildi. İddiaçı xx.xx.1994-cü il tarixli, 378 nömrəli əmrlə Mingəçevir şəhərindəki Cəbrayıl məktəbinə direktor vəzifəsinə təyin edilib. İşdə olan Cəbrayıl rayon Təhsil şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 122 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixə kimi Cəbrayıl rayon Maralyan kənd orta məktəbində riyaziyyat müəllimi işləməyi barədə sənədlər işğal zonasında qaldığı üçün ona əmrlərin surətinin və yaxud hər hansı əmək stajının təsdiq olunması barədə arayışın verilməsi mümkün deyil. İşdə olan Cəbrayıl rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 68 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayon Təhsil şöbəsinin Maralyan kənd orta məktəbinin avqust 1986-cı ildən 1993-cü ilə kimi olan arxiv sənədləri işğal zonasında qalmışdır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********2 nömrəli imtina məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasına əsasən xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Cəbrayıl rayon Maralyan kənd orta məktəbində işlədiyi dövr nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. İşdə olan Cəbrayıl rayon Təhsil şöbəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialına ünvanlanmış xx.xx.2022-ci il tarixli, 55 nömrəli məktubda qeyd edilmişdir ki, Cəbrayıl rayonu 1993-cü ildə tamamilə erməni işğalçıları tərəfindən işğal edildiyi üçün həmin tarixədək olan əmr kitabları və digər məktəb sənədləri işğal zonasında qalmışdır. Hal-hazırda məktubda adı göstərilən Cəbrayıl rayon Maralyan kənd tam orta məktəbinin həmin dövrlər üçün faktları təsdiqləyici heç bir sənədi yoxdur. İddiaçı əmək kitabçasından çıxarış Cəbrayıl rayon Təhsil şöbəsində olmadığı üçün kitabçada aparılmış qeydlər barəsində məlumat verə bilmirlər. İşdə olan Cəbrayıl rayon Dövlət Arxivi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 96 nömrəli məktubda qeyd edilmişdir ki, Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayon Təhsil şöbəsinin Maralyan kənd orta məktəbinin əmr və əmək haqqı cədvəlləri işğal zonasında qalmışdır. Odur ki, İddiaçı 1986-1993-cü ilə kimi işləməsi haqqında Cəbrayıl rayon Dövlət arxivində heç bir məlumat yoxdur. Həmin məktuba əlavə edilmiş Cəbrayıl rayon Maralyan kənd orta məktəbinin əmək haqqı cədvəllərindən çıxarışın surətindən görünür ki, İddiaçı avqust 1993-cü ildən sentyabr 1994-cü ilədək əmək haqqı almışdır. İşdə olan X14 Təhsil İdarəsinin Cəbrayıl rayon təhsil sektoru tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 53 nömrəli məktubda qeyd edilmişdir ki, Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixində işğal olunduğu zaman, arxiv sənədləri işğal ərazisində qaldığı üçün hal-hazırda İddiaçı xx.xx.1986-cı il tarixindən xx.xx.1993-cü il tarixinədək Cəbrayıl rayon Maralyan kənd orta məktəbində işləməsi barədə məlumatların, əmək kitabçasında həmin qeydlərin aparılmasına səbəb olan sənədlərin əslinin və ya təsdiq edilmiş surətlərinin təqdim olunması mümkün deyil. İş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, xx.xx.1954-cü il tarixdə Cəbrayıl rayon Maralyan kəndində anadan olmuşdur. 1973-cü ildə Pedaqoji Texnikumu bitirdikdən sonra Cəbrayıl rayon Maralyan kənd orta məktəbində ibtidai sinif müəllimi kimi işləməyə başlamış, İddiaçı da xx.xx.1986-cı ildə həmin məktəbə riyaziyyat müəllimi təyin edilmiş və xx.xx.1994-cü ilə kimi həmin məktəbdə riyaziyyat müəllimi işləmişdir. İş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, xx.xx.1955-ci il tarixdə Cəbrayıl rayon Maralyan kəndində anadan olmuşdur. 1977-ci ildə X12 İnstitutunu bitirdikdən sonra Cəbrayıl rayon Maralyan kənd orta məktəbində azərbaycan dili və ədəbiyyat müəllimi kimi işləməyə başlamış, İddiaçı da xx.xx.1986-cı ildə həmin məktəbə riyaziyyat müəllimi təyin edilmiş və xx.xx.1994-cü ilə kimi həmin məktəbdə riyaziyyat müəllimi işləmişdir. İş üzrə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, xx.xx.1984-cü il tarixdən xx.xx.2001ci il tarixədək Maarif Ali Məktəb X22 Həmkarlar İttifaqının (sonradan Azərbaycan Respublikası Təhsil X15 İttifaqının) Cəbrayıl rayon komitəsinin sədri, xx.xx.2001-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Cəbrayıl rayon Təhsil şöbəsinin müdiri vəzifəsində işləmişdir. İddiaçı xx.xx.1986-cı il tarixdə Cəbrayıl rayon Maralyan kənd orta məktəbinin riyaziyyat müəllimi təyin edilmiş və xx.xx.1994-cü il tarixədək həmin məktəbdə riyaziyyat müəllimi işləmişdir. Cəbrayıl rayon Təhsil şöbəsinin müdiri olduğu dövrdə kadr üzrə inspektor iddiaçının əmək kitabçasını ona təqdim etmiş, o da, iddiaçının əmək kitabçasında onun xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Cəbrayıl rayon Maralyan kənd orta məktəbində işləməsinə dair qeydləri imzalayaraq möhürlə təsdiq etmişdir. İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Cəbrayıl rayon Maralyan kənd orta məktəbində işlədiyi müddətdə əmək haqqı almışdır. Onun qeyd edilən tarixlərdə Cəbrayıl rayon Maralyan kənd orta məktəbində işləməsini təsdiq edən əmrlər, həmçinin onun 1993-cü ilin avqustuna kimi aldığı əmək haqqına dair arxiv sənədləri işğal ərazisində qalsa da, onun 1993-cü ilin avqustundan 1994-cü ilin sentyabrınadək aldığı əmək haqqı Cəbrayıl rayon Maralyan kənd orta məktəbinin arxivə təhvil verilmiş əmək haqqı cədvəllərində öz əksini tapmışdır. İşdə olan X2 məxsus xx.xx.1989-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1984-cü il tarixdən xx.xx.2001-ci il tarixədək Maarif Ali Məktəb X22 Həmkarlar İttifaqının (sonradan Azərbaycan Respublikası Təhsil X15 İttifaqının) Cəbrayıl rayon komitəsinin sədri, xx.xx.2001-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Cəbrayıl rayon Təhsil şöbəsinin müdiri vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər (maddə 3.1). Bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir (maddə 4.1). İşin faktiki halları hallarından görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1977-ci il tarixədək ali təhsil müddəti və əmək kitabçasına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1986-cı il tarixədək İmişli rayon Bəcrəvan kənd orta məktəbində, xx.xx.1994-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Cəbrayıl rayon 18 nömrəli orta məktəbində işlədiyi dövr nəzərə alınmaqla ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən onun əmək kitabçasına əsasən xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Cəbrayıl rayon Maralyan kənd orta məktəbində işlədiyi müddət nəzərə alınmamışdır. Bununla bağlı iddiaçı cavabdehə müraciət etmiş, lakin sözügedən dövr nəzərə alınmaqla onun hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Cavabdehin imtinasının və apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında onun xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Cəbrayıl rayon Maralyan kənd orta məktəbində işləməsi qeyd edilsə də, işə daxilolma və işdən azadolma barədə əmrlər qeyd edilməmişdir. Həmçinin Cəbrayıl rayon Maralyan kənd orta məktəbinin arxiv sənədləri işğal zonasında qaldığından qeyd olunan dövrün araşdırılıb sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Cəbrayıl rayon Maralyan kənd orta məktəbində işləmişdir. Bu, iş materiallarına əlavə edilmiş sənədlər, o cümələdən şahid ifadələri ilə öz təsdiqini tapır. Cəbrayıl rayonu 1993-cü ilin avqust ayında erməni işğalçıları tərəfindən işğal edildiyi üçün sözügedən dövr üzrə işə daxilolma və işdən azadolma barədə müvafiq əmrlər, həmçinin xx.xx.1993-cü il tarixədək iddiaçının əmək haqqı almasına dair müvafiq maliyyə və digər arxiv sənədləri işğal zonasında qalmışdır. Lakin iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Cəbrayıl rayon Maralyan kənd orta məktəbində əmək haqqı almasını təsdiq edən arxiv sənədləri mövcuddur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmçinin iddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Cəbrayıl rayon Maralyan kənd orta məktəbində işlədiyini qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən məktəbdə işləmədiyinə, həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasındakı müvafiq qeydlərin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2-1(120)-1159/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-234/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-234/2022
21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver