Məhkəmə qərarları › İş №2-1(106)-237/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-237/2025

19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-237/2025 19.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X5 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2-1(120)-4016/2024 nömrəli qərarından Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, pensiya hüququ yarandığı 27 iyun 2023-cü il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) 05 dekabr 2024-cü il tarixli, 2- 1(120)-4016/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Karasu” Operating Company tərəfindən verilən 12 iyul 2024-cü il tarixli 04-2/262 saylı arayışdan mübahəsləndirilən peşələrin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda) 10-cu bölməsi, Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bölməsinin 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi b) rəhbərlər və mütəxəssislər: neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri peşələrinə aid olması konkret olaraq göstərilmişdir. Məhkəmə sorğusu ilə əldə edilmiş vəzifə təlimatından (04-2/262 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubu) müəyyən edilir ki, iddiaçının işlədiyi və cavabdeh tərəfindən xüsusi staja daxil edilməyən neft-qaz çıxarma sahəsində quyuların əsaslı və yeraltı təmiri üzrə növbə rəisi vəzifəsi neft qaz və qaz kondensantı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinlərinin icra etdiyi funksiyalarla uyğunluq təşkil edir. Odur ki, iddiaçının xx.xx.2011-xx.xx.2019-cu il tarixlərdə “X8” şirkətində quyuların əsaslı təmiri və yeraltı təmir sexində işlədiyi növbə rəisi vəzifəsi onun güzəştli iş stajına daxil edilməlidir. Qərardan cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1985-ci ildə Azərbaycan AES-nin Tikinti Quraşdırma İdarəsində Elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1988-ci ildə idarənin ləğvi ilə əlaqədar olaraq işdən çıxmışdır. xx.xx.1988-ci ildə Əli- Bayramlı Tikinti Quraşdırma İdarəsinə elektrik montyoru vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1992-ci ildə işdən çıxmışdır. xx.xx.1992-ci ildə Şirvanneft NQÇİ-də Prokat Təmir və X7 elektrik montyoru vəzifəsinə işə qəbul edilmiş, 08 iyul 1994-cü ildə sosial təminat üzrə mühəndis keçirilmişdir. xx.xx.1996-cı ildə köçürmə yolu ilə X1 İstehsalatın Avtomatlaşdırılması sexinə mühəndis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1996-cı il tarixində həmin sexdə Nəqliyyat üzrə böyük mühəndis keçirilmiş, 11 iyun 1997-ci il tarixdə işdən çıxmışdır. 20 iyun 1997-ci ildə X3 Firmasında mühəndis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2003-cü ildə işdən çıxmışdır. xx.xx.2003-cü il tarixdə Qarasu Əməliyyat Şirkətində Quyuların əsaslı Təmiri sexində qazmaçı köməkçisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2005-ci ildə qazmaçı keçirilmiş, xx.xx.2006-cı ildə Quyuların Əsaslı və Yeraltı Təmir Şöbəsində buruq ustası vəzifəsinə keçirilmiş, xx.xx.2009-cu il tarixdə Quyuların əsaslı və yeraltı Təmiri Sexində quyuların yeraltı və əsaslı təmiri üzrə növbə rəisi keçirilmiş, xx.xx.2019-cu ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2019-cu il tarixdə Şirvan Drillinq Limited Şirkətinə Quyuların Əsaslı və Yeraltı Təmir Sexində quyuların yeraltı və əsaslı təmiri üzrə növbə rəisi vəzifəsinə qəbul edilmiş, 18 may 2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. 19 may 2020-ci il tarixdən Qarasu Əməliyyat Şirkətinin Quyuların Əsaslı və Yeraltı Təmir Sexində Böyük usta vəzifəsinə işə qəbul edilmişdir, hazırda da orada əmək fəaliyyətini davam etdirir. Hazırki iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsi nəzərdə tutulmuşdur. “X8”-nin 1 mart 2024-cü il tarixli 08 nömrəli arayışında qeyd olunan xx.xx.2011-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində quyuların əsaslı və yeraltı təmir sexində işlədiyi növbə rəisi vəzifəsi sözü gedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (10 il 11 ay 27 gün (xx.xx.2003-xx.xx.2011-ci il, xx.xx.2020-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlara əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili imtina aktının və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1963-cü ildə doğulmuşdur. -iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, onun xx.xx.1985-ci ildə beşinci dərəcəli elektrik montyor qəbul edilməsi, xx.xx.1988-ci ildə işdən azad edilməsi, xx.xx.1988-ci ildə (Əli-Bayramlı TTİ) Azərbaycan SSR TTİ-dən Nəvahi sahəsinə köçürmə yolu ilə 5-ci dərəcəli elektrik montyoru qəbul edilməsi, xx.xx.1990-cı ildə 6-cı dərəcə elektrik montyoru vəzifəsinə təyin edilməsi, xx.xx.1992-ci ildə köçürmə yolu ilə işdən azad edilməsi, xx.xx.1992-ci il tarixdə “Şirvanneft” NQÇİ PRS Energetika xidmətini prokat təmir sexinə 5-ci dərəcəli elektrik montyor vəzifəsinə qəbul edilməsi, xx.xx.1994-cü ildə “Şirvanneft” NQÇİ aparatına sosial təminat mühəndisi keçirilməsi, xx.xx.1995-ci ildə İstehsalatın Avtomatlaşdırma sexinə usta vəzifəsinə keçirilməsi, xx.xx.1996-cı ildə "xxxx" Müştərək Müəssisəsinə köçürmə yolu ilə işdən azad edilməsi, xx.xx.1996-cı ildə "xxxx" Müştərək Müəssisəsinə köçürmə yolu ilə İMR-nə usta vəzifəsinə qəbul edilməsi, xx.xx.1996-cı ildə həmin sexdə mühəndis vəzifəsinə keçirilməsi, xx.xx.1996-cı ildə həmin sexdə Nəqliyyat üzrə böyük mühəndis keçirilməsi, xx.xx.1997-ci ildə işdən azad edilməsi, xx.xx.1997-ci ildə X3 Firmasında mühəndis vəzifəsinə qəbul edilməsi, xx.xx.2003-cü ildə işdən azad edilməsi, xx.xx.2003cü ildə Qarasu Əməliyyat Şirkətinə Quyuların əsaslı təmiri sahəsində Qazmaçı köməkçisi vəzifəsinə təyin edilməsi, xx.xx.2005-ci ildə Qazmaçı vəzifəsinə keçirilməsi, xx.xx.2006-cı il tarixdə Quyuların əsaslı və Yeraltı Təmiri Şöbəsində Buruq ustası vəzifəsinə keçirilməsi, xx.xx.2009-cu ildə Quyuların əsaslı və Yeraltı Təmiri sexində Quyuların əsaslı təmiri üzrə sahə ustası vəzifəsinə təyin edilməsi, xx.xx.2011-ci ildə Quyuların əsaslı və Yeraltı təmiri sexində quyuların əsaslı və yeraltı təmiri sexi üzrə növbə rəisi vəzifəsinə təyin edilməsi, xx.xx.2019-cu ildə əmək müqaviləsinə xitam verilməsi, xx.xx.2019-cu ildə "xxxx" Şirkətinə Quyuların əsaslı və yeraltı təmiri sexində növbə rəisi vəzifəsinə qəbul edilməsi, xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi, xx.xx.2020-ci il tarixdə “X8” Şirkətinin Filialının Quyuların əsaslı yeraltı təmiri sexində böyük usta vəzifəsinə qəbul edilməsi barədə qeydlər aparılmışdır. -X8” tərəfindən verilmiş 44 №-li, xx.xx.2023-cü il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında” arayışda qeyd olunmuşdur ki, İddiaçı X9 Əməliyyatı Şirkətində Quyuların əsaslı və yeraltı təmiri sexində böyük usta vəzifəsində işləyir. İddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə Karasu Əməliyyatı Şirkətində iş stajı haqqında qeydlər aşağıdakı kimi göstərilmişdir: Karasu Əməliyyatı Şirkəti: 1) Quyuların Əsaslı təmir sahəsi Qazmaçı köməkçisi-xx.xx.2003-xx.xx.2005 2) Qazmaçı keçirilib- xx.xx.2005-xx.xx.2006 3) Quyuların əsaslı və Yeraltı təmir şöbəsi Buruq ustası-xx.xx.2006-xx.xx.2009 4) Quyuların Əsaslı və yeraltı təmir şöbəsi Quyuların əsaslı təmiri üzrə sahə ustası xx.xx.2009-xx.xx.2011 5) Quyuların Əsaslı və yeraltı təmir sexi Əsaslı və Yeraltı təmiri sexi üzrə növbə rəisi xx.xx.2011-xx.xx.2019 6) Quyuların Əsaslı və Yeraltı təmiri sexi Böyük usta xx.xx.2020-xx.xx.2023 ( Cəmi 18 il, 8 ay, 18 gün). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən (10.2. Neft, qaz və qaz kondensantının hasilatı- a) fəhlələr: quyuların əsaslı təmirinin qazmaçıları) b) rəhbər və mütəxəssislər: neft, qaz və qaz kondensantı hasilatı işlərində ( neft-qaz mədənlərdə) quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanılması üzrə neft, qaz və qaz kondensantının təkrar üsulla hasilatı, layların neft vermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar böyük ustalar, quyuların qazılması üzrə istehsalat proseslərində, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində, məşğul olan ustalar və baş ustalar, buruqların ustaları və onların köməkçiləri, Neft, qaz və qaz kondensantı hasilatı üzrə (neft-qaz mədənlərdə) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri) İddiaçı 18 il 8 ay 18 gün imtiyazlı iş stajına malikdir. -08 №-li, xx.xx.2024-cü il tarixli arayışda İddiaçı X9 Əməliyyatı Şirkətində Quyuların əsaslı və yeraltı təmiri sexində böyük usta vəzifəsində işlədiyi (xx.xx.2020-xx.xx.2024-cü il) sonuncunun 19 il 4 ay 26 gün imtiyazlı iş stajının olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 10.2 Neftin qazılması və hasilatı, neft, qaz kondensantı, kümer və şistin emalı. -“X8” tərəfindən verilmiş 54 №-li, xx.xx.2024-cü il tarixli arayışıda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2020-ci il tarixindən Kayman adalarının “X8” Şirkətinin filialında çalışır. Hal-hazırda Quyuların əsaslı və yeraltı təmiri sexində böyük usta vəzifəsində işləyir. Göründüyü kimi təqdim edilmiş sübutlar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən normativ sənədlə müqayisəli təhlil edildikdə, müəyyən olunur ki, iddiaçının qanunla müəyyən edilmiş həcmdə güzəştli iş stajı mövcuddur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya şikayətində isə imtina aktı və iddiaya qarşı etiraz dəlilləri təkrarlanmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2-1(120)-4016/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar