Məhkəmə qərarları › İş №2-1(106)-238/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-238/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-238/2025 08.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X9 və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının, onun vəkili və nümayəndəsi Vəkil2 üçüncü şəxs X5 vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Saatlı Rayon Aqrar İslahat Komissiyasının 25 mart 2005-ci il tarixli, 01 nömrəli qərarı əsasında ona Saatlı rayonu Sarıcalar kəndində ayrılmış 2175,87 kv.m ölçüdə torpaq sahəsinin mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(120)-1459/2020 saylı qərardadı ilə X5, X1, X2, X3, X6, X7, X4 və Saatlı rayon Sarıcalar bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(120)-14/2024 nömrəli qərarı ilə (hakim F.Abbasov) iddia təmin edilmişdir. Həmin qərardan üçüncü şəxs X10 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Həmçinin məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(120)-1459/2020 nömrəli qərardadı X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi hissəsində qismən ləğv edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməli, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. -81.2. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. -87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. -87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. -90.2. apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd edilən normaların məcmusunun təhlili onu göstərir ki, icraatın bütün iştirakçıları kimi üçüncü şəxsə münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün qəbul edilmiş məhkəmə qərarı ilə onun tələblərinin təmin olunmaması, həmçinin qanunla qorunan hüquq və maraqlarına təsir halı baş verməlidir. Hazırkı iş üzrə məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması nəticəsində qanunla qorunan maraqlarına toxunması halını sübut etmək üçün üçüncü şəxs tərəfindən həmin torpaq sahəsinə dair hər hansı bir hüququn olması ilə bağlı sübut təqdim edilməli idi. Üçüncü şəxs tərəfindən həmin torpaq sahəsinin zəbt edilməsi və uzun müddət istifadə edilməsi isə hüquqi əsas sayılmır və bu, mülkiyyət və ya istifadəyə dair hüququn yaranması üçün yetərli deyil. Bu baxımdan birinci instansiya məhkəməsi X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etməkdə haqlı olmamışdır. Qeyd olunanlara əsasən üçüncü şəxs X5 birinci instansiyası məhkəməsinin hazırkı qərarından apellyasiya şikayəti vermək hüququ istisna edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-ci maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Odur ki, hazırki iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina üçün əsaslar mövcud olduğundan apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İş üzrə Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(120)-14/2024 nömrəli qərarından X10 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. X10 tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar