Məhkəmə qərarları › İş №2-1(106)-239/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-239/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-239/2023 29.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Dəmirova Nəcimə Arif qızının, iddiaçı "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi Fərziyev İqrar Məmmədağa oğlunun, cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Qarayev Elsevər Ələddin oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(120)-20/2023 nömrəli qərarından cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24 iyun 2020-ci il tarixli, **********634100 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiаçı "xxxx" Kiçik Müəssisəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, **********634100 nömrəli qərarla kameral qaydada əlavə hesablanmış 9596,64 manat məbləğində mənfəət vergisinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24 iyun 2020-ci il tarixli, **********634100 nömrəli qərarın ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(120)-20/2023 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 28 fevral 2023-cü il tarixli, 2- 1(120)-20/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 24 iyun 2020-ci il tarixli, **********634100 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC (satıcı) ilə "xxxx" Kiçik Müəssisəsi (alıcı) arasında xx.xx.2019-cu il tarixli, 11/447 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı müqaviləyə əlavə edilmiş təsnifatda qeyd edilmiş ümumi məbləği (ƏDV ilə birlikdə) 1 402 700 AZN təşkil edən avtobenzin Aİ-92 və ümumi məbləği (ƏDV ilə birlikdə) 245 600 AZN təşkil edən dizel yanacağı neft məhsullarını alıcıya satmağı, alıcı isə həmin neft məhsullarının dəyərini əvvəlcədən satıcıya ödəməyi öz öhdəsinə götürür. Alıcı məhsulun dəyərini, satıcının təqdim etdiyi hesab-fakturaya əsasən əvvəlcədən köçürmə yolu ilə satıcıya ödəyir. "xxxx" Kiçik Müəssisəsi "xxxx" QSC-dən alacağı yanacaq məhsullarını Lənkəran rayonu "xxxx" Kiçik Müəssisəsinin yanacaq doldurma məntəqəsinə daşınıb boşaldılması üçün fiziki şəxs Şahid (VÖEN **********, ş/v seriya nömrəsi AZE 14045528, Lənkəran RPŞ xx.xx.2013-cü il) ilə xx.xx.2019-cu il tarixdə yanacaq məhsullarının daşınması haqqında müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən Şahid öhdəsində olan DAF markalı 90 KT-504 dövlət nömrə nişanlı avtomaşınla sifarişçiyə məxsus olan yükü (yanacağı) təhlükəsiz daşıyaraq, sifarişçiyə məxsus yanacaq doldurma məntəqəsində boşaldılaraq qaiməfakturalarda göstərilən miqdarda malın təhvil verilməsini öhdəsinə götürməklə cavabdehlik daşıyır. Tərəflər yanacağın daşınma xərcini, yükün götürüldüyü yerin Bakı şəhəri, yükün boşaldıldığı yerin isə Lənkəran rayonu olduğunu nəzərə almaqla, daşıma xərci hər bir reys üçün 500 (beş yüz) manat ödənilməsi razılığına gəlirlər və yük (yanacaq) təhvil verildiyi an sürücünün haqqının yerində ödənilməsi qərarına gəlirlər. Tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli akta əsasən yanvar 2019-cu ildə yanacaq daşınma xərci 4500 (dörd min beş yüz) manat, xx.xx.2019-cu il tarixli akta əsasən fevral 2019-cu ildə yanacaq daşınma xərci 3500 (üç min beş yüz) manat, xx.xx.2019-cu il tarixli akta əsasən mart 2019-cu ildə yanacaq daşınma xərci 3500 (üç min beş yüz) manat, xx.xx.2019-cu il tarixli akta əsasən aprel 2019-cu ildə yanacaq daşınma xərci 3500 (üç min beş yüz) manat, xx.xx.2019-cu il tarixli akta əsasən may 2019-cu ildə yanacaq daşınma xərci 4500 (dörd min beş yüz) manat, xx.xx.2019-cu il tarixli akta əsasən iyun 2019-cu ildə yanacaq daşınma xərci 5000 (beş min) manat, xx.xx.2019-cu il tarixli akta əsasən iyul 2019-cu ildə yanacaq daşınma xərci 5500 (beş min beş yüz) manat, xx.xx.2019-cu il tarixli akta əsasən avqust 2019-cu ildə yanacaq daşınma xərci 4500 (dörd min beş yüz) manat, xx.xx.2019cu il tarixli akta əsasən sentyabr 2019-cu ildə yanacaq daşınma xərci 4500 (dörd min beş yüz) manat, xx.xx.2019-cu il tarixli akta əsasən oktyabr 2019-cu ildə yanacaq daşınma xərci 5500 (beş min beş yüz) manat vəsait yerindəcə Şahid ödənilmişdir. Alıcı ilə fiziki şəxs Şahid arasında xx.xx.2019-cu il tarixdə 02 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən sifarişçi daşıyıcıya tərəflərin razılığına əsasən daşınan yanacağın 1 (bir) tonu üçün 40 (qırx) manat ödəməyi öhdəsinə götürür. Tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli akta əsasən noyabr 2019-cu ildə yanacaq daşınma xərci 3237 (üç min iki yüz otuz yeddi) manat vəsait yerində ödənilmişdir (aktlar üzrə ümumilikdə cəmi 47737 manat). 2019-cu ilin dekabr ayından başlayaraq daşıyıcıya ödənişlər akt üzrə deyil, bank vasitəsilə ödəniş tapşırıqları şəklində yerinə yetirilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə 1439,1 manat, xx.xx.2019-cu il tarixdə 2824,9 manat, xx.xx.2019-cu il tarixdə isə 4600 manat məbləğində yük (yanacaq) daşınma xərcləri (ödəniş tapşırıqları üzrə ümumilikdə cəmi 8864 manat) Şahid ödənilmişdir. 2019-cu il üzrə yük daşınması üçün Şahid cəmi 56601 (47737+8864) manat ödəniş edilmişdir. Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 24 iyun 2020-ci il tarixli, **********634100 saylı qərarı ilə 2019-cu il üçün aparılmış kameral yoxlama nəticəsində yük daşınması üçün sürücüyə ödənilmiş vəsaitlər xərc şəklində hesablanmamış və müəyyən edilmiş mənfəət vergi məbləği 10109,87 manat hesablanmaqla 9596,64 manat əlavə vergi borcunun hesablanması haqqında qərar verilmişdir. Beləliklə, iddianın predmeti olan vergi orqanının 24 iyun 2020-ci il tarixli, **********634100 nömrəli qərarının mübahisələndirilməsinin əsasını "xxxx" Kiçik Müəssisəsi tərəfindən sürücü Şahid ödənilmiş 56601 manat məbləğində daşınma xərcinin müəssisənin ümumi gəlirindən çıxılması, vergi orqanının isə həmin məbləğin müəssisənin ümumi gəlirinə daxil edərək bununla əlaqədar 9596,64 manat ödənilməyən mənfəət vergisi hesablaması təşkil edir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Tarif Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015ci il tarixli, 2 nömrəli qərarının 2.5-ci bəndinə əsasən ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir. Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tariflərinə əsasən avtomobil benzini, dizel yanacağı, reaktiv mühərrik yanacağının 1 (bir) tonu üçün təchizat tarifi 15 manat müəyyənləşdirilmişdir. Mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər neft məhsullarının topdan və pərakəndə satışını bu qərarla təsdiq edilmiş tariflərlə, qanunvericiliyə uyğun olaraq yol vergisi tətbiq olunan neft məhsullarının topdan satışını isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər. Yəni, neft məhsullarının topdansatış tarifinin tərkibində təchizat xərcləri nəzərə alınmışdır və bu təchizat xərcləri satılan neft məhsullarının satıcı tərəfindən ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə (məntəqələrinə) qədər daşınması ilə bağlı bütün xərcləri də ehtiva edir. Eyni zamanda, nəqliyyat xərcləri şəklində hesablanmış 56601 manat məbləğində xərcin 8864 manat olan hissəsinin dəyərinin elektron-qaimə faktura əldə etməklə hesablaşma hesabından ödənildiyi, 47737 manat məbləğində olan hissəsinin isə elektron-qaimə faktura və dəyərinin ödənilməsi ilə bağlı təsdiqedici sənədlər təqdim edilmədən çəkildiyi müəyyən edilmişdir. Prosessual məsələlər Cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Qarayev Elsevər Ələddin oğlu məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Tarif Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015-ci il tarixli, 2 nömrəli qərarının 2.5-ci bəndinə əsasən ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir. Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tariflərinə əsasən avtomobil benzini, dizel yanacağı, reaktiv mühərrik yanacağının 1 (bir) tonu üçün təchizat tarifi 15 manat müəyyənləşdirilmişdir. Mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər neft məhsullarının topdan və pərakəndə satışını bu qərarla təsdiq edilmiş tariflərlə, qanunvericiliyə uyğun olaraq yol vergisi tətbiq olunan neft məhsullarının topdan satışını isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər. Yəni, neft məhsullarının topdansatış tarifinin tərkibində təchizat xərcləri nəzərə alınmışdır və bu təchizat xərcləri satılan neft məhsullarının satıcı tərəfindən ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə (məntəqələrinə) qədər daşınması ilə bağlı bütün xərcləri də ehtiva edir. Eyni zamanda, nəqliyyat xərcləri şəklində hesablanmış 56601 manat məbləğində xərcin 8864 manat olan hissəsinin dəyərinin elektron-qaimə faktura əldə etməklə hesablaşma hesabından ödənildiyi, 47737 manat məbləğində olan hissəsinin isə elektron-qaimə faktura və dəyərinin ödənilməsi ilə bağlı təsdiqedici sənədlər təqdim edilmədən çəkildiyi müəyyən edilmişdir. İddiaçının həmin məhsulları elektron məlumatlarda olan elektronqaimə fakturalar vasitəsi ilə satıcıdan aldığını görürük, lakin sürücünün pulunun akt vasitəsilə verilməsi ilə razılaşmırıq. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi Fərziyev İqrar Məmmədağa oğlu məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, cavabdeh inzibati orqanın 24 iyun 2020-ci il tarixli, **********634100 nömrəli qərarı əsasızdır və ləğv edilməlidir. "xxxx" QSC (satıcı) ilə "xxxx" Kiçik Müəssisəsi (alıcı) arasında xx.xx.2019-cu il tarixli, 11/447 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı müqaviləyə əlavə edilmiş təsnifatda qeyd edilmiş avtobenzin Aİ-92 və dizel yanacağı neft məhsullarını alıcıya satmağı, alıcı isə həmin neft məhsullarının dəyərini əvvəlcədən satıcıya ödəməyi öz öhdəsinə götürür. Həmçinin həmin müqavilənin 3.1-ci bəndində qeyd edilmişdir ki, "xxxx" Kiçik Müəssisəsi alacağı yanacaq məhsullarını daşınması üçün fiziki şəxs Şahid müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən Şahid öhdəsində olan DAF markalı 90 KT-504 dövlət nömrə nişanlı avtomaşınla sifarişçiyə məxsus olan yanacağı təhlükəsiz daşımaq şərti ilə daşıma xərci hər bir reys üçün əvvəlcə 500 (beş yüz) manat ödənilməsi, sonra isə 1 ton yanacaq üçün 40 manat ödənilməsi razılaşdırılmışdır. 2019-cu ilin dekabr ayına kimi daşıyıcıya ödənişlər tərtib edilmiş aktla ödənilmişdir. Dekabr ayında isə bank vasitəsilə ödəniş edilmişdir. "xxxx" Kiçik Müəssisəsi tərəfindən Şahid ümumilikdə cəmi 56601 manat ödənilmişdir. Bütün ödənişləri təsdiq edən aktlar və qəbzlər iş materiallarına əlavə edilmişdir. Onlar 2017-2018-ci illərdə də neft məhsullarının daşınması ilə əlaqədar sürücünün pulunu akt vasitəsilə vermişlər və xərclərə daxil etmişdirlər. 2017- 2018-ci illərdə onların vergi ilə bu istiqamətdə hər hansı problemləri olmamışdır. Lakin 2019-cu ilin dekabr ayında Vergi orqanının tələblərinə uyğun sürcüyə ödənişləri bank vasitəsilə həyata keçirmişdirlər. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşdə olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2020-ci il tarixli, **********634100 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, iddiaçıya 2019-cu il üzrə əlavə 9596,64 manat mənfəət vergisi hesablanmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli, 11/447 nömrəli alqı-satqı müqaviləsinin surətindən və ona əlavə edilmiş təsnifatın surətindən görünür ki, "xxxx" Kiçik Müəssisəsi ilə "xxxx" QSC arasında neft məhsullarının alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh tərəfindən ******* manat dəyərində Aİ-92 markalı avtobenzini və 245600 manat dəyərində dizel yanacağını iddiaçıya satmaq, iddiaçı tərəfindən isə neft məhsullarının dəyərini əvvəlcədən köçürmə yolu ilə cavabdehə ödəmək barədə qarşılıqlı öhdəliklər götürülmüşdür. Qeyd olunan müqavilənin 3.1-ci bəndinə əsasən "xxxx" Kiçik Müəssisəsi müəyyən olunmuş neft məhsullarını "xxxx" QSC-nin hər hansı bir neft terminalı bazasından öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır. İşdə olan “Avtomobil nəqliyyatı vasitəsi ilə yanacaq daşınması üzrə” xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli, 02 nömrəli müqavilədən görünür ki, "xxxx" Kiçik Müəssisəsi ilə sürücü-fiziki şəxs Şahid (VÖEN **********) arasında daşıma müqaviləsi bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə daşıyıcı Şahid tərəfindən "xxxx" Kiçik Müəssisəsinin (alıcı) "xxxx" QSC-dən (satıcı) alacağı yanacaq məhsullarını müəssisənin yanacaqdoldurma məntəqəsinə vaxtında, təhlükəsiz çatdırılması və təhvil verilməsi, alıcı tərəfindən isə daşıyıcının təqdim etdiyi elektron qaimə-fakturaya əsasən görülmüş işlərin dəyərinin onun hesabına ödənilməsi barədə qarşılıqlı öhdəliklər götürülmüşdür. xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən tərəflər yanacağın daşınma xərcini yükün götürüldüyü yerin Bakı, boşaldıldığı yerin Lənkəran olduğu nəzərə alınmaqla daşıma xərci hər bir reys üçün 500 (beş yüz) manat ödənilməsi və yük təhvil verildiyi an, sürücünün haqqı yerində ödənilməsi qərarına gəlmişlər. xx.xx.2019-cu il tarixli, 02 nömrəli müqavilənin şərtlərinə əsasən sifarişçi daşıyıcıya daşınan yanacağın 1 (bir) tonu üçün 40 (qırx) manat ödəməyi öhdəsinə götürür. İşdə olan xx.xx.2019-cu il tarixli akta əsasən 2019-cu ilin yanvar ayında Şahid "xxxx" QSC tərəfindən verilmiş elektron-qaimələr əsasında 9 (doqquz) reys yükdaşımaları həyata keçirmiş və ümumilikdə yanvar 2019-cu ildə yanacaq daşınma xərci 4500 (dörd min beş yüz) manat vəsait iddiaçı tərəfindən yerində ödənilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli akta əsasən 2019-cu ilin fevral ayında Şahid "xxxx" QSC tərəfindən verilmiş elektron-qaimələr əsasında 7 (yeddi) reys yükdaşımaları həyata keçirmiş və ümumilikdə fevral 2019-cu ildə yanacaq daşınma xərci 3500 (üç min beş yüz) manat vəsait iddiaçı tərəfindən yerində ödənilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli akta əsasən 2019-cu ilin mart ayında Şahid "xxxx" QSC tərəfindən verilmiş elektron-qaimələr əsasında 7 (yeddi) reys yükdaşımaları həyata keçirmiş və ümumilikdə mart 2019-cu ildə yanacaq daşınma xərci 3500 (üç min beş yüz) manat vəsait iddiaçı tərəfindən yerində ödənilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli akta əsasən 2019-cu ilin aprel ayında Şahid "xxxx" QSC tərəfindən verilmiş elektron-qaimələr əsasında 7 (yeddi) reys yükdaşımaları həyata keçirmiş və ümumilikdə aprel 2019-cu ildə yanacaq daşınma xərci 3500 (üç min beş yüz) manat vəsait iddiaçı tərəfindən yerində ödənilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli akta əsasən 2019-cu ilin may ayında Şahid "xxxx" QSC tərəfindən verilmiş elektron-qaimələr əsasında 9 (doqquz) reys yükdaşımaları həyata keçirmiş və ümumilikdə may 2019-cu ildə yanacaq daşınma xərci 4500 (dörd min beş yüz) manat vəsait iddiaçı tərəfindən yerində ödənilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli akta əsasən 2019-cu ilin iyun ayında Şahid "xxxx" QSC tərəfindən verilmiş elektron-qaimələr əsasında 10 (on) reys yükdaşımaları həyata keçirmiş və ümumilikdə iyun 2019-cu ildə yanacaq daşınma xərci 5000 (beş min) manat vəsait iddiaçı tərəfindən yerində ödənilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli akta əsasən 2019-cu ilin iyul ayında Şahid "xxxx" QSC tərəfindən verilmiş elektron-qaimələr əsasında 11 (on bir) reys yükdaşımaları həyata keçirmiş və ümumilikdə iyul 2019-cu ildə yanacaq daşınma xərci 5500 (beş min beş yüz) manat vəsait iddiaçı tərəfindən yerində ödənilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli akta əsasən 2019-cu ilin avqust ayında Şahid "xxxx" QSC tərəfindən verilmiş elektron-qaimələr əsasında 9 (doqquz) reys yükdaşımaları həyata keçirmiş və ümumilikdə avqust 2019-cu ildə yanacaq daşınma xərci 4500 (dörd min beş yüz) manat vəsait iddiaçı tərəfindən yerində ödənilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli akta əsasən 2019-cu ilin sentyabr ayında Şahid "xxxx" QSC tərəfindən verilmiş elektron-qaimələr əsasında 9 (doqquz) reys yükdaşımaları həyata keçirmiş və ümumilikdə sentyabr 2019-cu ildə yanacaq daşınma xərci 4500 (dörd min beş yüz) manat vəsait iddiaçı tərəfindən yerində ödənilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli akta əsasən 2019-cu ilin oktyabr ayında Şahid "xxxx" QSC tərəfindən verilmiş elektron-qaimələr əsasında 11 (on bir) reys yükdaşımaları həyata keçirmiş və ümumilikdə oktyabr 2019-cu ildə yanacaq daşınma xərci 5500 (beş min beş yüz) manat vəsait iddiaçı tərəfindən yerində ödənilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli akta əsasən 2019-cu ilin noyabr ayında Şahid "xxxx" QSC tərəfindən verilmiş elektron-qaimələr əsasında 7 (yeddi) reys yükdaşımaları həyata keçirmiş və ümumilikdə noyabr 2019-cu ildə yanacaq daşınma xərci 3237 (üç min iki yüz otuz yeddi) manat vəsait iddiaçı tərəfindən yerində ödənilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, 304 nömrəli ödəniş tapşırığında 1439,1 manat, xx.xx.2019-cu il tarixli, 318 nömrəli ödəniş tapşırığında 2824,9 manat, xx.xx.2019-cu il tarixli 328 nömrəli ödəniş tapşırığında isə 4600 manat məbləğində yük (yanacaq) daşınma xərclərinin Şahid ödənildiyi qeyd olunmuşdur. İş materiallarında olan Socar Petroleum QSC-nin birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2020-ci il tarixli, XO-xx-xx-0566-202 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndləri qanunsuz və əsassız olmaqla hüquqi qüvvəyə malik deyildir. Bu səbəbdən Socar Petroleum QSC ilə neft məhsullarının alqı-satqısına dair müqavilələrin 3.1-ci bəndində “Alıcı müəyyən olunmuş miqdarda neft məhsullarını satıcının Azərbaycan Respublikası ərazisində yerləşən hər hansı bir Neft terminalı bazasından öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır” şərti qeyd edilmişdir. Burada nəzərə alınmalıdır ki, neft məhsullarının topdansatışını həyata keçirən "xxxx" QSC tərəfindən eyni zamanda mərkəzləşdirilmiş qaydada neft məhsullarının digər hüquqi və fiziki şəxslərə məxsus yanacaqdoldurma məntəqələrinə qədər daşınması üçün hər hansı bir maddi texniki baza mövcud deyildir. Uzun illər ərzində neft məhsullarının pərakəndə satışını həyata keçirən təsərrüfat subyektləri aldıqları neft məhsullarının daşınmasının özləri tərəfindən həyata keçirilməsinə üstünlük verməklə yanaşı işin bu halından şikayət etməmişlər. Eyni zamanda bildirilir ki, “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarları ilə tənzimləndiyindən neft məhsullarının pərakəndə satış yerlərinə qədər daşınması üçün "xxxx" QSC tərəfindən hər hansı bir tarif (daşınma xərci) müəyyən edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı tələbinin maddi hüquqi əsası kimi "xxxx" kiçik müəssisəsi ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında neft məhsullarının alqısatqısına dair bağlanmış xx.xx.2019-cu il tarixli, № 11/447 saylı müqavilənin 3.1-ci bəndinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108-ci və 109-cu maddələrinə, cavabdeh təşkilat isə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndinə istinad etmişlər. Vergi orqanının iddiaya qarşı etirazında istinad edilən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən neft məhsullarının topdansatış tariflərinə aksiz və əlavə dəyər vergisi, eləcə də təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsulları üzrə təchizat tarifləri daxil edilmişdir. Qeyd olunan Qərarın 2.4-cü bəndinə əsasən neft məhsullarının satışını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti topdansatış tariflərinə qanunvericiliyə uyğun olaraq yol vergisini əlavə edib təchizat tariflərini çıxmaqla, təchizat təşkilatları isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər. Həmin Qərarın 2.5-ci bəndinə görə topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir. Vergi orqanı iddiaya qarşı etirazında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndinə əsasən neft məhsullarının topdansatış tarifinin tərkibində təchizat xərclərinin nəzərə alındığını və bu təchizat xərclərinin satılan neft məhsullarının satıcı tərəfindən ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə (məntəqələrinə) qədər daşınması ilə bağlı bütün xərləri də ehtiva etdiyini, buna əsasən "xxxx" kiçik müəssisəsi ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış müqavilənin 3.1-ci bəndinin (neft məhsullarının daşınması ilə bağlı nəqliyyat vasitəsinin və ödəniləcək vəsaitin alıcının öhdəsinə qoyulmasının) qanunvericiliyin tələblərinə uyğun olmadığını, bu səbəbdən də müəssisə tərəfindən 2019-cu ildə yanacaq daşınması üçün çəkilən 56601 manat xərcin ümumi gəlirdən çıxıla bilmədiyini qeyd etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin onuncu fəslindəki maddələr fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan münasibətləri tənzimləyir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən onuncu fəsil gəlir vergisinin və mənfəət vergisinin məqsədləri üçün tətbiq edilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 109-cu maddəsində “gəlirdən çıxılmayan xərclər”in əhatə dairəsi verilmişdir. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. İş üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında ifadə verərək bildirdi ki, "xxxx" Kiçik Müəssisəsi ilə yanacaq məhsullarının daşınması üçün müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən o, öhdəsində olan DAF markalı 90 KT-504 dövlət nömrə nişanlı avtomaşınla sifarişçiyə məxsus olan yanacağı təhlükəsiz daşımaq şərti ilə daşıma xərci hər bir reys üçün əvvəlcə 500 (beş yüz) manat ödənilməsi, sonra isə 1 ton yanacaq üçün 40 manat ödənilməsi razılaşdırılmışdır. 2019-cu ilin yanvar ayından dekabr ayına kimi "xxxx" QSC-dən avtobenzin Aİ-92 və dizel yanacağını daşıyaraq "xxxx" Kiçik Müəssisəsinin müəyyən olunmuş yanacaq doldurma məntəqəsinə tərtib edilmiş qaiməfakturalar ilə çatdırmış və həmin qaimə-fakturalar əsasında akt tərtib edilmiş və ödəniş edilmişdir. Aktlardakı imzaların ona məxsus olduğunu bildirir. Dekabr ayına qədər ödənişlər tərtib olunmuş akt əsasında, dekabr ayında isə Vergi orqnının tələbinə uyğun olaraq bank vasitəsilə ödəniş tapşırıqları şəklində edilmişdir. "xxxx" Kiçik Müəssisəsi tərəfindən ona ümumilikdə cəmi 56601 manat ödəniş edilmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası müəyyən etdi ki, cavabdeh tərəfindən qəbul edilmiş 24 iyun 2020-ci il tarixli, **********634100 nömrəli qərarın ləğv edilməsini tələb etməkdə iddiaçı haqlıdır. "xxxx" Kiçik Müəssisəsi tərəfindən aldığı neft məhsullarının daşınması üçün sürücü Şahid ödənilmiş 56601 manat məbləğində daşınma xərci Vergi Məcəlləsinin 109cu maddəsində sadalanan “gəlirdən çıxılmayan xərclər”in əhatə dairəsinə daxil olmadığından, məhkəmə kollegiyası hesab edir ki, həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən 56601 manat məbləğində daşınma xərcinin müəssisənin ümumi gəlirindən çıxılmasında iddiaçı tərəfindən qanunvericiliyin pozulması halına yol verilməmişdir. İşdə olan ekspert rəylərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə hüquqla əlaqədar mübahisə olduğundan iş üzrə ekspertizanın təyin edilməsinə ehtiyac olmamışdır. Azərbaycan Respublikası Tarif Şurasının 26 iyul 2022-ci il tarixli, 4 nömrəli Qərarı ilə xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərar ləğv edilmiş, «Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı, təchizat, topdansatış və pərakəndə satış tarifləri» təsdiq edilmişdir. Yeni qərara əsasən topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində topdansatış yerlərinə qədər daşınması və saxlanması ilə bağlı xərclər, pərakəndə satış tariflərinə neft məhsullarının respublika ərazisində pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı xərclər daxil edilmişdir. Buna əsasən qərarın qüvvəyə mindiyi tarixdən etibarən neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən həmin malların topdan qaydada alışı zamanı pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə çəkilən xərclər təchizat xərclərinə daxil edilmədiyindən, həmin vergi ödəyiciləri tərəfindən müstəqil qaydada çəkilən bu xərclər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılır. Göründüyü kimi, Tarif Şurası da 26 iyul 2022-ci il tarixdən qüvvədə olan 4 nömrəli Qərarında neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən həmin malların pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə vergi ödəyiciləri tərəfindən müstəqil qaydada çəkilən bu xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılmalı olduğunu bildirmişdir. Cavabdeh ümumi formal əsaslarla apelyasiya şikayəti vermiş, lakin mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şirvan İnzibati Məhkəməsinin 2-1(106)-20/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(120)-20/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar