Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-239/2024 22.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, iddiaçı "xxxx" MMC-nin vəkili Nümayəndə, cavabdehin nümayəndəsi Qarayev Elsəvər Ələddin oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2-1(120)-2631/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müracitə edərək, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********169142 saylı qərarının ləğv edilməsi barədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 24 noyabr 2023-cü il tarixli, 2- 1(120)-2631/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********169142 nömrəli qərarının ləğv edilməsi, 100 (yüz) manat ekspertiza tədqiqatının dəyərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ
22. Hesab № AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının vergi məsuliyyətinə cəlb edilməsini istehsal prosesində sərf edilmiş enerji sərfiyyatına görə mütəxəssis rəyinə əsasən hesablamış, yalnız mütəxəssis rəyinə əsasən iddiaçını əlavə vergi məsuliyyətinə cəlb etmişdir. İstehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, sadəcə olaraq yalnız mövcud qurğuların və avadanlığın texniki göstəriciləri və faktiki enerji sərfiyyatı əsasında deyil, konkret avadanlığın iş görmə gücünə görə məhsulun istehsal həcmi hesablanmaqla əlavə vergi məbləğinin müəyyən edilməsi düzgün olardı. Qərardan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinn və ya sığorta edənin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********169142 saylı Qərarla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən vergilərin azaldılmasına görə 238.095,44 manat, maliyyə sanksiyası olaraq 120.959,85 manat pulun tutulması nəzərdə tutulmuşdur. Qanunvericiliyinin pozulmasına görə 359.055,29 manat məbləğində məsuliyyətə cəlb edilmişdir. Reallıqda isə müəssisə tərəfindən yoxlama dövrü ərzində bəyannamələrə uyğun olaraq istehsal həcmi 200.130 litr olmaqla 67.371 AZN aksiz, 24.024 AZN ƏDV, cəmi 91.399 AZN ödəniş edilmişdir. **********159460 nömrəli səyyar vergi yoxlamasının aktı, AR Ticarət və sənaye Palatası “AZƏREKSPERTİZA” Birliyinin eksperi Əliyev Bakir İlyas oğlunun "xxxx" MMC-nin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən pivə istehsalı zavodunda xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə müəssisə tərəfindən istehsal edilmiş və satılmış pivənin aylar üzrə istehsal həcminin müəyyən edilməsinə dair xx.xx.2023-cü il tarixli “mütəxəssis rəyi”nə, eləcə də "xxxx" MMC-nin fəaliyyət göstərdiyi pivə istehsalı zavodunda xx.xx.2019cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə müəssisə tərəfindən istehsal olunaraq satılan pivənin satış qiymətinin real bazar qiymətinə uyğun müəyyən edilməsi barədə xx.xx.2023-cü il tarixli ekspert rəyinə istinad edilməklə tərtib olunmuşdur. Yoxlamanın əhatə etdiyi dövr ərzində pivənin istehsal həcminin 654087,71 litr, eyni dövrdə pivənin satış qiymətinin xx.xx.2019- xx.xx.2020-ci il ərzində 0,70 AZN, xx.xx.2020-ci il ərzində satış qiyməti 0,94 AZN, xx.xx.2020-xx.xx.2022-ci il ərzində 1,42 AZN məbləğində müəyyən edilməsi əsaslandırılmamışdır. Qeyd olunmalıdır ki, 1 litr pivənin 1,42 AZN-ə satılması qətiyyən real deyildir. Yoxlama dövrü üçün pivə istehsalının həcmi müəssisədə istehlak olunmuş elektrik enerjisinin sərfiyyatına əsasən müəyyən edilmişdir. İlk növbədə yoxlama dövrünün COVİD-19 pandemiyasının sərt qadağalar tədbirlərinin görüldüyü dövrə təsadüf edildiyi nəzərə alınmamışdır. Halbuki, koronovirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejiminin tətbiqi barədə, Azərbaycan Respublikasının Vergilər Məcəlləsinə XVİİİ fəsil əlavə olunmuşdur. Müəssisənin işıqlandırılmasına, qızdırılmasına, istehsal olunmuş pivə məhsulunun saxlanması üçün soyutma kameralarında, “köynəksiz boçkalarda” 1-3 dərəcə selsidə hərarətin yaradılması və uzun müddət ərzində (aylarla) saxlanması, müəssisənin istehsalat prosesində köhnə (sovetdən qalma) avadanlığın istifadəsi, izolyasiyanın pozulması, ətraf mühitin temperatur fərqi nəticəsində yol verilmiş elektrik enerjisi itkiləri nəzərə alınmamışdır. Keçirilən yoxlama zamanı heç bir xronometrik ölçülər, manitorinqlər keçirilməmişdir. Ölkədə fəaliyyət göstərən analoji müəssisələrdə pivə istehsalının həcmi, pivə istehsalı üçün alınmış xammalın həcminə görə müəyyən edilmə təcrübəsi tətbiq edildiyi halda, pivə istehsalının həcminin müəyyən edilməsi metodikasından istifadə olunmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli olan qanunvericilik aktlarının və normalarının tələbləri araşdırılmadan qərar qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi sözügedən maddi hüquq normalarını işin faktiki hallarına uyğun olaraq inzibati mübahisə üzrə tətbiq etməli olduğu halda tətbiq etməmiş, tətbiq etməli olmadığı halda tətbiq etmiş və nəticədə təhrif olunmuş əsaslarla yanlış qənaətə gəlmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5848 nömrəli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmişdir. Məhkəmənin qeyd olunan hüquqi mövqeyi və sübutu qiymətləndirməsi standartı müəyyən olmamaqla yanaşı, yəni qeyri-müəyyən olmaqla yanaşı, həm də tam anlaşılmayandır. Belə ki, qərarın hüquqi və faktiki əsasını təşkil edən xx.xx.2023-cü il tarixli, 9/5848 nömrəli ekspert rəyi qiymətləndirilməli olduğu halda qiymətləndirilməmişdir. Hakim mötəbər sübut hesab etdiyi ekspert rəyinin mötəbərliyini sadəcə bir cümlə ilə ifadə etmiş və həmin rəy üzrə təqdim edilən etirazın dəlillərinə münasibət bildirməmiş və qəti şəkildə sübutun qiymətləndirilməsindən qanunsuz və əsassız olaraq çəkinmişdir. Halbuki prosessual qanunvericilik tələb edir ki, hakim təqdim olunmuş bütün sübutlara, dəlillərə və arqumentlərə münasibət bildirməli, mötəbər hesab etdiyi sübutun mötəbərliyini əsaslandıran halları sadalamalı və əsaslandırmalıdır. Əks təqdirdə sübut qiymətləndirilməmiş statusda qalaraq qəbul edilmiş məhkəmə aktının şübhə doğurmamaq hüququnu pozur. Bununla da beynəlxalq hüquqi normalarda əsaslı yer almış qanunun aliliyi prinsipi və onun fundamental aspekti olan hüquqi müəyyənlik prinsipi pozulmuş olur. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Qarayev Elsəvər Ələddin oğlu məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. Həmçinin məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirdi ki, yoxlama keçirilmiş obyektdə xranometraj keçirilməmişdir, bunu təmsil etdiyi qurum obyektiv nəticə əldə etmək baxımından əhəmiyyətli hesab etmir. Bundan əlavə, mütəxəssis tərəfindən iddiaçının mal saxlanılan anbarlarının izolyasiya vəziyyətinə baxılıbbaxılmaması barədə məlumatlı deyil. İddiaçının vəkili Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, iş üzrə verilmiş ekspert rəyi əsaslıdır. Bundan əlavə yoxlama aparılmış obyektin ərazisi çox böyükdür və ərazinin gecələr işıqlandırılmasına elektrik enerjisi tələb olunur. Həmçinin pivə istehsalı sexində olan avadanlıqlar köhnə olduqlarına görə elektrik enerjisini daha çox sərf edir. Bundan əlavə, mal saxlanılan anbarlar daim -3 dərəcə soyuq saxlanılmalıdır. Həmin anbarlar da köhnə olduqlarına görə izolyasiyası zəif olduğundan elektrik sərfiyyatı çoxalır. Həmçinin cavabdeh tərəfindən sərfiyyatın əvvəlki illərlə müqayisə edilməsi də qanunsuz olmuşdur. Belə ki, yoxlama 2019-2021-ci illəri əhatə etmişdir, həmin müddət isə pandemiya dövrünə təsadüf edir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********169142 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -14.6.3. maddəsinə əsasən Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. -16.1.3. maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. -23.1.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -23.1.2. maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüququdur. -36.3. maddəsinə əsasən Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. -38.1. maddəsinə əsasən Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. -38.7.3. maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək səyyar vergi yoxlaması dayandırılır. -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi)istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (maddə 67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (maddə 67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (maddə 67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (maddə 67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; (maddə 67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (maddə 67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (maddə 67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (maddə 67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (maddə 67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: (maddə 67.2.1) eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (maddə 67.2.2) eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (maddə 67.2.3) fəaliyyət göstərilən ərazi. Məcəllənin 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. İş materiallarında olan: -“Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********169142 saylı qərardan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ƏDV-nin azaldılmasına görə 41182.13 manat, mənfəət vergisinin azaldılmasına görə 5077.5 manat, aksiz vergisinin azaldılmasına görə 73842.6 manat, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 857.35 manat maliyyə sanksiyası tətbiq edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2023-cü il tarixli, 9/5848 saylı ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının «Azərekspertiza» birliyindən mütəxəssis cəlb olunmuş və mütəxəssis tərəfindən "xxxx" MMC üzrə faktiki istehsal edilmiş pivə məhsulunun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, avadanlığın istehsal gücü və faktik enerji sərfiyyatı əsasında pivə məhsulunun istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində (yoxlamanın əhatə etdiyi dövrdə qüvvədə olan) nəzərdə tutulmamışdır. Yəni xx.xx.2023-cü il tarixli, **********159460 nömrəli aktda və “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, **********169142 nömrəli qərarda göstərilən vergi məbləğlərinin (az hesablanmış vergilərlə bağlı) Vergi Məcəlləsinin və vergilərin hesablanması ilə bağlı digər qanunvericilik aktlarının tələblərinə uyğun hesablanmaması müəyyən olunur. Təqdim edilmiş mühasibat sənədlərinə əsasən isə "xxxx" MMC müəssisəsi tərəfindən vergi orqanına təqdim edilən bəyannamələrin göstəriciləri üzrə kənarlaşmanın olması müəyyən edilmədi. Qeyd edilməlidir ki, səyyar vergi yoxlaması zamanı istehsal edilmiş məhsulların həcminin aylar üzrə elektrik enerjisinin sərfinə, avadanlığın istehsal gücünə uyğun müəyyənləşdirilməsi üçün mütəxəssisi yoxlama prosesinə cəlb edilmiş və cavabdeh orqan iddiaçı barədə müvafiq qərar qəbul edərkən mütəxəssis rəyinə əsaslanaraq iddiaçını vergi məsuliyyətinə cəlb etmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, hər hansı bir vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması və yoxlanılması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır. Yəni gəlirlərinin belə metodla hesablanması hər hansı maddi və prosessual hüquq normasına əsaslanmadığından qanuni sayıla bilməz. Eyni zamanda qeyd edilməlidir ki, Vergi Məcəlləsinin “Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi Qaydaları” adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1- 67.15-ci maddələrini əhatə edir. Həmin maddəyə əsasən vergi yoxlamasının aparılması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, ödənilməli olan verginin məbləği əlaqəli məlumatlardan istifadə edilməklə hesablana bilər. Lakin hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki həmin Məcəllənin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları»nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir. Göründüyü kimi, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl olunmadan, cavabdeh tərəfindən birbaşa olaraq həmin Məcəllənin 83.9-cu maddəsinə istinadən Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixi 55 saylı Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə vergi məbləği hesablanmışdır. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçıya məxsus təsərrüfat subyektində müvafiq dövr ərzində məhsulların istehsal həcmi bu istehsal zamanı sərf olunan elektrik enerjisi sərfiyyatı ilə müəyyən qədər mütənasiblik təşkil etsə də, bu dövriyyə üçün istehsal həcmini müəyyən edən yeganə göstərici kimi əsas götürülə bilməz. Həmçinin elektrik enerjisinin sərfiyyatı avadanlıqların istismar müddəti, o cümlədən avadanlıqlarla işləyən məsul şəxslərin peşəkarlıq səviyyəsindən və digər hallardan və xüsusatlardan asılı olaraq müxtəlif həcmdə ola bilər. Bununla yanaşı mövcud qanunvericilik səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən zəruri sənədlər təqdim olunmadığı halda vergi orqanına əlaqəli məlumatlar, o cümlədən xronometraj metodu ilə müşahidənin nəticələri üzrə vergiləri hesablamaq hüququ verir, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün müvafiq meyarlar (eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı və s.) nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından da istifadə edilməsi nəzərdə tutulmuş, həmin vasitələrlə müəssisənin istehsal həcmi daha dəqiq müəyyənləşdirilə bilər. Lakin vergi orqanı müvafiq əlaqəli məlumatlardan istifadə etməmiş və yalnız formal şəkildə ehtimallara əsaslanan mütəxəssis rəyi əsasında müəssisədə istehsal həcmini müəyyənləşdirərək istehsal həcmi və buna münasib də vergi məbləğləri hesablamışdır. Odur ki, birinci instansiya məhkəməsi yekun məhkəmə aktını qəbul edərkən mübahisəyə tətbiq edilməli olan normalarla yanaşı, haqlı olaraq ekspert rəyinə də istinad etmişdir. İşin araşdırılmış faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2-1(120)-2631/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.