Məhkəmə qərarları › İş №2-1(106)-24/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-24/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-24/2023 21.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı Abdulnasir oğlunun nümayəndəsi (atası) Səmədov Abdulnasir Calal oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2-1(120)-38/2021 nömrəli qərarından İddiaçı Abdulnasir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Abdulnasir oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinə (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran ərazi idarəsi) qarşı (üçüncü şəxs Səmədov Qalib Cəlal oğlu) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Abdulnasir oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, JN-1229A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Orxan İsmayılov) 21 sentyabr 2021-ci il tarixli 2- 1(120)-38/2021 nömrəli qərarı ilə İddiaçı Abdulnasir oğlunun iddiası təmin edilməmiş və İddiaçı Abdulnasir oğlu həmin qərardan apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli qərarı ilə İddiaçı Abdulnasir oğlunun apellyasiya şikayəti təmin edilməmiş və Şirvan İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2-1(120)-38/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli qərarından İddiaçı Abdulnasir oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 oktaybr 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Aslara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 12 saylı qərarı ilə 0,66 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə göstərilmişdir ki, şəhadətnamə iki nüsxədə tərtib edilib və 1092 nömrə ilə kitabda qeydə alınmışdır. Mülkiyyətinə verilmiş həmin torpaq sahəsini o, çəpərə almış və həmin torpaq sahəsində özünə ev tikmiş və iyirmi ildən artıqdır ki, həmin evdə yaşayır. Öz evini və torpaq sahəsini qeydə aldırmaq istədiyi üçün 27 noyabr 2019-cu il tarixdə ərizə ilə DƏDRX-nin 10 saylı Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin 10 saylı Ərazi İdarəsi 04 dekabr 2019-cu il tarixdə **********21 nömrəli məktubla onun nümayəndəsi Səmədov Əbdülnasir Cəlal oğluna cavab məktubu yazmış və həmin məktubla bildirmişdir ki, torpağın qeydə alınmasına imtina edilir. Həmin məktubda bildirilir ki, Ərazi İdarəsi xidmət orqanı olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququ və digər əşya hüquqlarının əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsinin dövlət qeydiyyatını Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli 113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna uyğun olaraq həyata keçirən orqandır. Bu baxımdan bildirir ki, Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında JN 1229A nömrəli Şəhadətnamə ilə İddiaçı Abdülnasir oğlunun tam mülkiyyətinə verilmiş Astara rayonu Şahağacı kənd ərazisində yerləşən 0,66 ha həyətyanı torpaq sahəsinə dair əvvəllər yaranmış hüququların aidiyyatı hissədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat ilə əlaqədar həmin əmlaka dair arxiv və baza məlumatları tərəfindən araşdırılmış, araşdırmanın nəticəsi olaraq müəyyən olmuşdur ki, ilkin hüquqmüəyyənedici sənəd olaraq həmin JN 1229A nömrəli şəhadətnamə üzrə iddiaçıya 0,66 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə qeyd olunmasına baxmayaraq ləğv edilmiş DTXK DƏDRX-yə təqdim etdiyi mövcud DWG (xəritə) və DBF (siyahı) baza məlumatlarında isə həmin torpaq sahəsinin ümumi ölçüsü 0,06 ha və digər vətəndaşın adına olması göstərilmişdir. DƏDRXnin 10 saylı Ərazi İdarəsi xəritə və siyahıda həmin torpaq sahəsinin baza məlumatlarının olmamasını göstərərək və həmin torpaq sahəsinin ölçüsünün 0,06 ha olmasını göstərir və həmin torpaq sahəsinin digər şəxsə məxsus olduğunu göstərir. Əgər təmsil etdiyi şəxs dövlət tərəfindən təsdiq olunmuş və Torpaq Komitəsinin kitabında qeydə alındığı göstərilən şəhadətnamə verilibsə, o, həmin torpaq sahəsini çəpərə alıb özünə ev tikmişsə və bu uzun illər ərzində heç kim ona həmin torpağın ona məxsus olması barədə bir iddia irəli sürməmişsə, bu onun təqsiri deyildir. Torpağı verən orqan həmin torpağı xəritəyə salmalı və siyahıya almalı idi ki, bu komitənin vəzifəsi idi. Əgər Torpaq komitəsi öz vəzifəsini yerinə yetirməyibsə, onda həmin vəzifəni, onun hüquqi varisi olan DƏDRX yerinə yetirməli və həmin torpağı xəritəyə və siyahıya əlavə etməlidir. DƏDRX isə yalnız vətəndaşa imtina etməklə öz işini bilmiş hesab edir. Bundan əlavə, həmin torpaq sahəsi hansı digər bir vətəndaşındır. DƏDRX bu barədə ona heç bir məlumat vermir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı Abdulnasir oğlu iddia ərizəsindəki dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində o, birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını bildirmiş və həmin qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı Abdulnasir oğlunun nümayəndəsi Səmədov Abdulnasir Calal oğlu məhkəmədə iddianı və apellyasiya şikayətini müdafiə edərək izahat vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğvini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinin nümayəndəsi və üçüncü şəxs Səmədov Qalib Cəlal oğlu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62-ci maddəsinə əsasən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinin nümayəndəsinin və üçüncü şəxs Səmədov Qalib Cəlal oğlunun iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, İPM-in 82-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan Astara rayon Şahağac sovxoz yerli aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli iclas protokolunun təsdiq edilmiş surətindən görünür ki, vətəndaşların faktiki istifadəsində olan həyətyanı torpaq sahələrinin müəyyən edilib özəlləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 12 nömrəli iclas protokolunun təsdiq edimiş surətindən görünür ki, Astara rayon Şahağac yerli aqrar islahat komissiyası üzrə (Şahağac kəndi) kompleks yerquruluşu layihəsinin hazırlanması və torpaq payı almaq hüququna malik subyektlərə payların müvafiq qaydada ayrılması barədə rayon torpaq şöbəsinin müdiri, rayon aqrar islahat komissiyasının üzvü V.Qasımovun məlumatı nəzərə alınmaqla layihənin təsdiq edilməsi, Şahağac kəndində torpaq islahatının həyata keçirilməsi və bununla əlaqədar pay almaq hüququna malik subyektlərin müvafiq paylarla təmin edilməsi barədə yerli aqrar islahat komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli iclas protokolunun qərarının təsdiq edilməsi qərara alınmışdır. İş materiallarında olan JN-1229A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı Abdulnasir oğluna Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 12 nömrəli qərarı ilə 0,66 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin xx.xx.2019-cu il tarixli, **********21 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında JN- 1229A nömrəli şəhadətnamə ilə İddiaçı Abdulnasir oğlunun tam mülkiyyətinə verilmiş Astara rayonu Şahağac kənd ərazisində yerləşən 0,66 hektar həyətyanı torpaq sahəsinə dair əvvəllər yaranmış hüquqların aidiyyəti hissədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat ilə əlaqədar həmin əmlaka dair arxiv və baza məlumatları araşdırılmışdır. Araşdırmanın nəticəsi olaraq müəyyən olunmuşdur ki, ilkin hüquq müəyyənedici sənəd olaraq həmin JN-1229A nömrəli şəhadətnamə üzrə iddiaçıya 0,66 hektar həyətyanı torpaq sahəsinin ayrılması barədə qeyd olunmasına baxmayaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etdiyi mövcud DWG (xəritə) və DBF (siyahı) baza məlumatlarında isə həmin torpaq sahəsinin ümumi ölçüsü 0,06 hektar və digər vətəndaşın adına olması göstərilmişdir. Belə ki, təqdim olunmuş sənəd üzrə məlumatlarla mövcud elektron baza məlumatları arasında uyğunsuzluğun yarandığı müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən hazırkı müraciətin icrası ərazi idarəsinin imkanları xaricindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********56 nömrəli məktubunda qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və Xidmətin tabeliyində olan "xxxx" MMCnin arxivlərində İddiaçı Abdulnasir oğlunun adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-1229A (kod ********) şəhadətnamə və həmin şəhadətnamənin verilməsinə əsas olmuş sənədlər mövcud deyil. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin xx.xx.2020-ci il tarixli **********35 nömrəli məktubunda göstərilmişdir ki, JN-1229 nömrəli şəhadətnamə mövcud DBF (siyahı) məlumatlarında İddiaçı Abdulnasir oğlunun adına deyil, digər vətəndaş Səmədov Qalib Cəlal oğlunun adına tərtib olunmuş və həmin hüquqmüəyyənedici sənədlə 0,06 hektar həyətyanı torpaq sahəsi onun tam mülkiyyətinə verilmişdir. Bu barədə DWG (xəritə) məlumatlarında aidiyyəti qeydlər aparılmışdır. Eyni zamanda, Səmədov Qalib Cəlal oğlunun adına verilmiş JN-1229 nömrəli şəhadətnamə barədə şəhadətnamələrin qeydiyyatı kitabında qeyd aparılmamış və həmin şəhadətnamənin arxiv nüsxəsi aşkarlanmamışdır. İddiaçı Abdulnasir oğlunun adına isə, ümumiyyətlə mövcud arxiv və baza məlumatlarında hər hansı bir qeydiyyat aparılmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin 13 yanvar 2021-ci il tarixli 018/Mİ/21 nömrəli mütəxəssis rəyinə görə İddiaçı Abdulnasir oğlunun xüsusi mülkiyyətinə verilmiş Astara rayonu Şahağac kəndində yerləşən 0,66 hektar torpaq sahəsinin koordinatları və sərhədləri müəyyən olundu. Sözügedən torpaq sahəsinin hüquqi statusu – iddiaçıya məxsus JN-1229A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən tam mülkiyyətidir və şəhadətnamədə göstərilən formada və ölçüdə tam şəkildə İddiaçı Abdulnasir oğlunun istifadəsindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin xx.xx.2019-cu il tarixli cavab məktubunda sözügedən torpaq sahəsinin DBF (siyahı) baza məlumatlarında 0,06 hektar olması və digər vətəndaşın adında olması göstərilmişdir. Lakin araşdırmaların əsasında digər vətəndaşın adı və onun adına olması haqqında əsas arxiv sənədlərində aşkar olunmamışdır. Həmin torpaq sahəsi hal-hazırda 0,66 hektar olmaqla İddiaçı Abdulnasir oğlunun istifadəsindədir və 3 mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. 2011-ci ilin ortofoto görüntüsündə sözügedən 0,66 hektar torpaq sahəsini və fərdi yaşayış evini müşahidə etmək olur. Qeyd edilən torpaq sahəsi digər mülkiyyətçilərə məxsus olan qonşu torpaq sahələri ilə üst-üstə düşmür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 mart 2021-ci il tarixli 10/301 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, "xxxx" MMC-nin mütəxəssis rəyində aşağıdakılar qeyd olunur: İddiaçı Abdulnasir oğlunun xüsusi mülkiyyətinə verilmiş Astara rayonu, Şahağac kəndində yerləşən 0,66 hektar torpaq sahəsinin koordinatları və sərhədləri müəyyən olundu. Sözügedən torpaq sahəsinin hüquqi statusu – iddiaçıya məxsus JN-1229A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən tam mülkiyyətidir və şəhadətnamədə göstərilən formada və ölçüdə tam şəkildə İddiaçı Abdulnasir oğlunun istifadəsindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin xx.xx.2019-cu il tarixli cavab məktubunda sözügedən torpaq sahəsinin DBF (siyahı) baza məlumatlarında 0,06 hektar olması və digər vətəndaşın adında olması göstərilmişdir. Lakin araşdırmaların əsasında digər vətəndaşın adı və onun adına olması haqqında əsas arxiv sənədlərində aşkar olunmamışdır. Həmin torpaq sahəsi hal-hazırda 0,66 hektar olmaqla İddiaçı Abdulnasir oğlunun istifadəsindədir və 3 mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. 2011-ci ilin ortofoto görüntüsündə sözügedən 0,66 hektar torpaq sahəsini və fərdi yaşayış evini müşahidə etmək olur. Qeyd edilən torpaq sahəsi digər mülkiyyətçilərə məxsus olan qonşu torpaq sahələri ilə üst-üstə düşmür. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı. Qeyd olunanlar nəzərə alınmaqla, mütəxəssis tərəfindən verilmiş rəyin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. İş materiallarında olan Astara Rayon İcra Hakimiyyətinin Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 406 nömrəli məktubunda qeyd edilmişdir ki, Astara rayon Şahağac kənd sakini İddiaçı Abdulnasir oğlunun adına təsərrüfat başına kitablarında torpaq sahəsinin ayrılmasına dair heç bir qeydiyyat aşkar edilməmişdir. İş materiallarında olan Astara rayon Dövlət Arxivi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış 12 iyul 2021-ci il tarixli 73 nömrəli məktubda qeyd edilmişdir ki, Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 12 nömrəli qərarı əsasında İddiaçı Abdulnasir oğluna verilmiş JN-1229A nömrəli torpaq şəhadətnaməsinin verilməsinə aid sənədlər rayon arxivinə təhvil verilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış 15 iyul 2021-ci il tarixli **********39 nömrəli məktuba əlavə edilmiş Astara rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş Astara rayonu Şahağac kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin surətindən görünür ki, həmin cədvəlin 1229-cu sırasında 1 nəfərdən ibarət ailə tərkibində Səmədov Qalib Cəlal oğlunun adı və onun qanuni istifadəsində 0,06 hektar həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış 23 iyul 2021ci il tarixli **********63 nömrəli məktuba əlavə edilmiş DBF (siyahı) məlumatlarının surətindən görünür ki, siyahının 1229-cu sırasında Səmədov Qalib Cəlal oğlunun adı və onun qanuni istifadəsində 0,06 hektar həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. İş materiallarında olan Astara Rayon İcra Hakimiyyəti başçısının Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış 01 mart 2021-ci il tarixli 02 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı Abdulnasir oğlu Astara rayon Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabında qeydiyyatda yoxdur və Rusiya Federasiyasında yaşayır. Şahağac bələdiyyəsinin torpaq mülkiyyətinə verilmiş reyestr siyahısında JN-1229A nömrəli şəhadətnamə İddiaçı Abdulnasir oğlunun əmisi Səmədov Qabil Calal oğlunun adında göstərilmişdir. Məmmədova Zəminə Mütəllim qızına (296A), Səmədov Rafiq Xanağa oğluna (736A) və Səmədov Emin Azad oğluna (1163) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr Daşınmaz Əmlakın Dövlət Reyestrinin Şahağac bələdiyyəsinə verilmiş siyahıda mövcuddur. Habelə, iş materiallarında olan JN-296A (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmişdir ki, Məmmədova Zəminə Mütəllim qızına və onun ailə üzvü Məmmədova Raillə Mütəllim qızına Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 nömrəli qərarı ilə 0,29 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-736A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətində qeyd edilmişdir ki, Səmədov Rafiq Xanağa oğluna və onun ailə üzvü Əliyeva Mənsurə Qurban qızına Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 12 nömrəli qərarı ilə 0,15 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-1163A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilmişdir ki, Səmədov Emin Azad oğluna Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 12 nömrəli qərarı ilə 0,20 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Astara Rayon İcra Hakimiyyətinin 11 mart 2021-ci il tarixli 134 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Abdulnasir oğlu Astara rayon Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabında qeydiyyatda deyildir və adına hər hansı torpaq sahəsi qeydiyyata alınmamışdır. İddiaçı Abdulnasir oğlunun harada qeydiyyatda olmasını və hansı ölkənin vətəndaşı olmasını təsdiq edəcək sənədlərin təqdim edilməsi imkan xaricindədir. Bundan başqa, işə əlavə edilmiş 04 aprel 2022-ci il tarixli ərizənin surətində İddiaçı Abdulnasir oğlu qeyd etmişdir ki, o, Rusiya Federasiyasının vətəndaşıdır. O, heç vaxt Azərbaycan Respublikasının vətəndaşı olmamışdır. 29 fevral 1988-ci ildə Rusiya Federasiyası Leninqrad vilayətinin Kinqisepp şəhərində anadan olmuşdur. İş materiallarında olan İddiaçı Abdulnasir oğluna məxsus RUS 65 ******* nömrəli pasportun surətindən görünür ki, İddiaçı Abdulnasir oğlu Rusiya Federasiyasının vətəndaşıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 30 mart 2022-ci il tarixli 018-5926-1222 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı Abdulnasir oğlunun ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat müəyyən edilməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinə dair Əsasnamənin 18-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması 01 aprel 2013-cü il tarixdən etibarən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlərinə verilmişdir. Həmçinin, işdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Rusiya Federasiyasının vətəndaşı xx.xx.1988-ci il təvəllüdlü İddiaçı Abdulnasir oğlu (pasport № 6********) sonuncu dəfə olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və ünvan 6 ünvanına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Astara Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 nömrəli qərarının, həmin qərarla təsdiq edilmiş Astara rayon Şahağac sovxoz yerli aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarının mövcudluğu müəyyən olunsa da, həmin qərarların iddiaçıya aidiyyəti müəyyən olunmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya məxsus şəhadətnamənin və onun verilməsinə əsas olmuş sənədlərin hal-hazırda qüvvədə olması, hər hansı bir qurum və ya məhkəmə tərəfindən ləğv, etibarsız hesab edilməsi məhkəmə tərəfindən yoxlanılmamışdır. İddiaçıya məxsus torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qüvvədə olması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə görə hüququn qeydə alınması üçün əsas ola bilər. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərini yoxlamamış, iddiaçıya məxsus torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən torpaq sahəsinin üçüncü şəxs Qalib Səmədovun mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi barədə səlahiyyətli dövlət orqanının əsaslandırılmış rəyini, torpaq sahəsinin Qalib Səmədovun mülkiyyətində olmasını təsdiq edən hüquq müəyyənedici sənədləri almamışdır. Cavabdeh iddiaçının mübahisə açdığı torpaq sahəsinin Qalib Səmədovun adına qeydə alındığını, lakin məhkəməyə ünvanlandığı 12 fevral 2020-ci il tarixli məktubunda Qalib Səmədovun adına verilmiş JN-1229 nömrəli şəhadətnamə barədə şəhadətnamələrin qeydiyyatı kitabında qeyd aparılmadığı və həmin şəhadətnamənin arxiv nüsxəsinin aşkarlanmadığını bildirmiş, məhkəmə Qalib Səmədov üçüncü şəxs kimi işə cəlb etsə də, onun adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mövcud olmasını, belə şəhadətnamə olduğu halda, ilk dəfə kimin adına, iddiaçının, yoxsa üçüncü şəxs Qalib Səmədovun adına tərtib edilməsini müəyyən etməmişdir. Habelə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə görə dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan eyni torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində Qalib Səmədovun adına qeydə alındığı və Qalib Səmədovun adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olduğu halda, həmin qeydiyyatın qanuniliyi müəyyən olunmadan hazırkı mübahisə qanuni həllini tapa bilməz. Bundan başqa, qanunverici əcnəbinin adına torpaq sahəsinə xüsusi mülkiyyət hüquqlarının qeydiyyatını istisna etmir. Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən xarici hüquqi və fiziki şəxslərə torpaq sahələri üzərində mülkiyyət hüququ vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçə bilər, lakin həmin şəxslər bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaq sahəsini özgəninkiləşdirməlidirlər. Torpaq Məcəlləsinin 49-cu maddəsində əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqları (gözlənilən mülkiyyət hüququ) ilə bağlı norma öz əksini tapmamışdır. İddiaçının mübahisə açdığı torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaq üçün əsas olduğu və iddia təmin olunduğu halda, apellyasiya instansiyası məhkəməsi iddiaçının hal-hazırda xarici ölkənin vətəndaşı olmasını nəzərə alıb Torpaq Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan 1 (bir) il ərzində özgəninkiləşdirmək öhdəliyini iddiaçıya da şamil etməli, bunu qərarında göstərməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinin 20 fevral 2023-cü il tarixli məktubundan görünür ki, araşdırmaların nəticəsi olaraq məlum olmuşdur ki, Astara rayonu Şahağacı kəndi üzrə mövcud DBF (siyahı) və DWG (xəritə) baza məlumatlarında siyahı üzrə sonuncu mülkiyyətçi olaraq Səmədov Qalib Cəlal oğlunun adına hüquqmüəyyənedici sənəd olaraq torpağın mülkiyyətə verilməsinə dair JN-1229 nömrəli şəhadətnamə üzrə 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmasına dair müvafiq qeyd aparılmışdır və hal-hazırda qüvvədədir. Lakin həmin hüquqmüəyyənedici sənədin arxiv nüsxəsi Ərazi İdarəsində saxlanılan arxiv statuslu sənədlərin sırasında aşkarlanmamışdır. Mülkiyyətçi olaraq hazırkı sorğuda barəsində qeyd olunan İddiaçı Abdülnasir oğlunun adına torpaq sahəsi ayrılması barədə mövcud DBF (siyahı) və DWG (xəritə) baza məlumatlarında hər hansı bir qeyd aparılmamış, habelə onun adına tərtib olunduğu ehtimal edilən JN-1229A nömrəli şəhadətnamənin arxiv nüsxəsi mövcud deyildir, daşınmaz əmlakın dövlət reyestrində hüquqmüəyyənedici sənəd qismində həmin şəhadətnamə barədə heç bir məlumat aşkarlanmamışdır. Habelə, islahatın müvafiq qərarı əsasında torpağın mülkiyyətə verilməsinə dair hüquqmüəyyənedici sənədlər tərtib olunarkən yaş həddinə məhdudiyyət qoyumadan ayrı-ayrılıqda vətəndaşın və onun ailə üzvləri barədə müvafiq icra hakimiyyətinin təqdim etdiyi siyahı əsas götürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırkı işin məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktiki hallarına əsasən İddiaçı Abdulnasir oğlu öz adına tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-1229A nömrəli şəhadətnamə əsasında Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 12 nömrəli qərarı ilə Astara rayon Şahağac kəndində ona verilmiş 0,66 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan sözügedən şəhadətnamə üzrə məlumatlarla mövcud elektron baza məlumatları arasında uyğunsuzluğun yarandığını, mövcud DWG (xəritə) və DBF (siyahı) baza məlumatlarında sözügedən şəhadətnamədə göstərilən torpaq sahəsinin ümumi ölçüsünün 0,06 hektar və başqa şəxsin adına olduğunu əsas gətirərək iddiaçıya imtina cavabı vermişdir. Bundan başqa, Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 12 nömrəli qərarının, həmin qərarla təsdiq edilmiş Astara rayon Şahağac sovxoz yerli aqrar islahat komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarının mövcudluğu müəyyən olunsa da, həmin qərarların İddiaçı Abdulnasir oğluna aidiyyəti müəyyən olunmamışdır. Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 12 nömrəli qərarı ilə əlaqədar tərtib edilən Astara rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş Astara rayonunun Şahağac kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə İddiaçı Abdulnasir oğlunun adı yoxdur. Sözügedən cədvəldə, eləcə də mövcud DBF (siyahı) məlumatlarında torpağın mülkiyyətə verilməsinə dair JN-1229 nömrəli şəhadətnamə İddiaçı Abdulnasir oğlunun adına deyil, başqa şəxsin - Səmədov Qalib Cəlal oğlunun adına tərtib edilmiş və həmin sənədlə qeyd edilən şəxsin mülkiyyətinə 0,06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə isə DWG (xəritə) məlumatlarında aidiyyəti qeydlər aparılmışdır. Eyni zamanda, məhkəmə araşdırması nəticəsində İddiaçı Abdulnasir oğlunun adına tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-1229A (kod ********) nömrəli şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin mövcud arxiv və baza məlumatlarında İddiaçı Abdulnasir oğlunun adına, ümumiyyətlə hər hansı bir qeydiyyat aparılmamışdır. İddiaçı sözügedən şəhadətnamə əsasında ona verilmiş torpaq sahəsində özünə ev tikmiş olduğunu qeyd etsə də, sözügedən evlə bağlı da hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilməmiş, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Habelə, İddiaçı Abdulnasir oğlu Astara Rayon İcra Hakimiyyəti başçısının Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabında qeydiyyatda deyildir və adına hər hansı torpaq sahəsi qeydiyyata alınmamışdır. Eyni zamanda, İddiaçı Abdulnasir oğlunun adına tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-1229A (kod ********) nömrəli şəhadətnamədəki torpaq sahəsinin qonşuluğunda Məmmədova Zəminə Mütəllim qızına (296A), Səmədov Rafiq Xanağa oğluna (736A) və Səmədov Emin Azad oğluna (1163A) verilmiş torpaq sahələri göstərilmişdir. Ancaq qeyd edilən şəxslərin adına tərtib edilmiş JN- 296A (kod ********) nömrəli, JN-736A (kod ********) nömrəli və JN-1163A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdəki müvafiq torpaq sahələrinin qonşuluğunda məhkəmə araşdırması nəticəsində İddiaçı Abdulnasir oğluna verilmiş torpaq sahəsinin olmasının göstərilmədiyi müəyyən edilmişdir. Göstərilənlərlə yanaşı, qeyd edilməlidir ki, İddiaçı Abdulnasir oğlunun sözügedən torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş qaydada hüququ müəyyən edilmir. Belə ki, İddiaçı Abdulnasir oğlunun həmin torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş ilkin hüquqmüəyyənedici sənədləri mövcud deyildir. İddiaçı Abdulnasir oğlunun adına tərtib edilmiş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə istinad edilən Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 12 nömrəli qərarı ilə İddiaçı Abdulnasir oğlunun mülkiyyətinə torpaq sahəsinin verilmədiyi müəyyən edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə müvafiq ilkin qərarla verilmiş mülkiyyət hüququnu özündə əks etdirən hüquqi sənəddir. Müvafiq ilkin qərarla, yəni Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 12 nömrəli qərarı ilə İddiaçı Abdulnasir oğlunun mülkiyyətinə torpaq sahəsi verilmədiyindən onun adına tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-1229A (kod ********) nömrəli şəhadətnamə də hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. Beləliklə, kollegiya İddiaçı Abdulnasir oğlunun adına tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-1229A (kod ********) nömrəli şəhadətnaməni mötəbər sənəd hesab etmir. Bu səbəbdən də, həmin şəhadətnamə İddiaçı Abdulnasir oğlunun sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas ola bilməz. Habelə, 15 mart 2021-ci il tarixli 10/301 nömrəli ekspert rəyinə münasibətdə isə qeyd edilməlidir ki, ekspert sözügedən torpaq sahəsinə dair elektron baza məlumatları olmadan, müqayisəli tədqiqat aparmadan, sadəcə mütəxəssis rəyinə istinad edərək rəy vermişdir. Mütəxəssis rəyi isə İddiaçı Abdulnasir oğlunun adına tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-1229A (kod ********) nömrəli mübahisəli şəhadətnamə əsasında verilmişdir. Bu səbəbdən həmin ekspert və müətəxssis rəyləri mötəbər sübut kimi qəbul edilə bilməzlər. Bundan başqa, iş materiallarına əsasən İddiaçı Abdulnasir oğlu Rusiya Federasiyasının vətəndaşıdır. İddiaçı Abdulnasir oğlu isə 29 fevral 1988-ci ildə Rusiya Federasiyasının Leninqrad vilayətinin Kinqisepp şəhərində doğulmuş, Rusiya Federasiyasının vətəndaşıdır və heç vaxt Azərbaycan Respublikasının vətəndaşı olmamışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 3-cü hissəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Habelə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən xarici hüquqi və fiziki şəxslərə torpaq sahələri üzərində mülkiyyət hüququ vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçə bilər, lakin həmin şəxslər bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaq sahəsini özgəninkiləşdirməlidirlər. Beləcə, işdən də göründüyü kimi 29 fevral 1988-ci il təvəllüdlü İddiaçı Abdulnasir oğlu Azərbaycan Respublikasının vətəndaşı olmadığından torpaq islahatı zamanı onun xüsusi mülkiyyətinə torpaq sahəsi verilə bilməzdi. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı Abdulnasir oğlunun apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2-1(120)-38/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar