Məhkəmə qərarları › İş №2-1(106)-241/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-241/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-241/2024 12.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X4 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2-1(120)-1263/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, **********3512 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 21 noyabr 2023-cü il tarixli, 2- 1(120)-1263/2023 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi qanunvericiliyində vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq istifadəçinin vəzifəsi kimi müəyyən edilmişdir. İddiaçıya məxsus mağazada operativ vergi nəzarəti həyata keçirilmiş, iddiaçının özünün iddia ərizəsində qeyd etdiyi kimi nəzarət kassa aparatı işlək olmamış, bu zaman vergi orqanının əməkdaşları tərəfindən nəzarət qaydasında əşya alınmış, həmin əşyanın alınması müqabilində ödənilmiş 3 (üç) manat pul vəsaitinin qeydə alınması üçün nəzarət kitabı olmamışdır. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 22 sentyabr 2022 ci il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsində yerləşən icarəyə götürdüyü mağazada vergi yoxlaması aparılmışdır. Yoxlama nəticəsində 22 sentyabr 2022 ci il tarixli DVX№ 012375 saylı AKT tərtib olunmuşdur. AKT qeydlərinə əsasən “müştəri” tərəfindən alınmış 3 manat dəyərində paltar şotkasına görə ödənilmiş pulun NKA yaddaşına daxil edilmədiyi aşkar olunmuşdur. Uçotdan yayındırılmış məbləğin bərpası zamanı NKA-nın blokda olması səbəbindən işləmədiyi, nasaz olduğu aşkar olunmuşdur. Uçotdan yayındırılmış məbləğ NKA işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabında bərpa olunmuşdur. Vergi məmuru Əli adlı şəxs tərtib olunan aktı imzalamağını xahiş etmiş və bildirmişdirki aktda aparılan qeydlər onların NKA aparatının işlək olmadığı üçün tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli **********512 nömrəli qərara əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1 maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Sahibkarlıq fəaliyyətinə cari ildə Dövlət Məşğulluq xəttinin vasitəsi və dəstəyi ilə başlamışdır. 01 iyun tarixindən icarə müqaviləsi bağlayıb müvafiq təmir tikinti işləri görüb 01 iyul 2022-ci il tarixindən satış əməliyyatları edərək sahibkarlıq fəaliyyətinə başlamışdır. Satış etdiyi məhsullar əsasən məktəbə qədər uşaqlar üçün olduğundan aktiv şəkildə 1 oktyabr tarixindən etibarən normal iş qrafiki ilə işə başlamağı planlaşdırmışdır. İki azyaşlı uşağının olmasına görə əsasən vaxtının böyük hissəsini onlara ayırır. Bu səbəbə görə 1 oktyabra kimi fəaliyyəti obyekti tam gücü ilə işləməmişdir. Günün bir çox vaxtı bağlı olmuşdur. 22 sentyabr 2022-ci il tarixdə vergi əməkdaşları mağazaya girərək, gəlmə səbəbinin 1 həftə NKA-nin işlək olmaması ilə izah etdilər. Vergi məmuru NKA işə saldığı zaman aparat blokda olduğu göründü və açılmadı. Vergi orqanını Əli adlı əməkdaşı bunun təkidlə 1 həftədir belə olduğuna israrla bildirdi. Əli mağazada olan paltar şotkasını almaq istədiyini bildirmiş, iddiaçı NKA işləmədiyinə görə şotkanı ona hədiyyə edə biləcəyini demiş, vergi əməkdaşı satış edə biləcəklərini söyləmiş və ilk olaraq onlara öyrətmə məqsədli özünün qeydiyyat aparacığını bildirmişdir. İddiaçı uçot kitabını ona təqdim etmiş və vergi əməkdaşı aldığı paltar şotkasının müvafiq qeydlərini kitaba yazmışdır. Həmin gün saat 17:00 radələrində NKA-da olan problem aradan qaldırılmışdır. Sonradan ona məlum olmuşdur ki, NKA-da yaranan texniki nasazlıq WİFİ şəbəkəsinin olmaması ilə bağlı olmuş, bu halda isə NKA məlumatları vergi orqanına online rejimdə ötürülməmişdir. Şəbəkə itməsi ilə bağlı olan texniki nasazlıq zamanı 7 gün ərzində NKA məlumatları qeydə alır və yaddaşında saxlayır. Növbəti 8-ci gün isə NKA bloka düşür. Vergi əməkdaşları planlı şəkildə bu prosesi aparmış, məqsədləri cərimə tətbiqi üçün zəmin yaratmaq olmuşdur. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********1711 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçının fəaliyyət göstərdiyi obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Qeyd edilən obyektdə xx.xx.2022-ci il tarixdə saat 11:50 radələrində aparılmış operativ vergi nəzarəti zamanı müştəri tərəfindən alınmış bir ədəd paltar şotkasına görə sahibkar İddiaçı 3 azn nağd pul vəsaitinin ödənildiyi, lakin ödəniş müqabilində NKA-na çek vurulmadığı və müştəriyə çek təqdim edilmədiyi müşahidə edilmişdir. Uçotdan yayındırılmış pul vəsaitinin bərpası zamanı NKA-nın blokda olması səbəbindən işləmədiyi aşkar olunaraq həmin məbləğ əməliyyatların uçotu kitabına bərpa olunmuş və yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli, DVX seriyalı 012375 nömrəli müvafiq aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında idarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3512 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 1000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı yoxlama zamanı heç bir irad bildirməmiş və xx.xx.2022-ci il tarixli DVX seriyalı 012375 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktı özü imzalamışdır. Odur ki, iddia əsassızdır. Apellyasiya şikayətinin dəlilləri İddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunması xahiş edilmişdir. Prosessual məsələlər İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. Həmçinin məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, cavabdehin əməkdaşlarının mağazadan aldıqları şotkanının satış əməliyyatının nəzarət kitabına işlənməsi onun iştirakı ilə aparılmışdır. Cavabdehin nümayəndəsi X7 əvvəlki məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, yoxlama zamanı bütün prosedurlara riayət edilmiş və yoxlama qanuni aparılmışdır. Nümayəndə həmçinin məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, yoxlamanın keçirilməsinə səbəb iddiaçının riskli vergi ödəyicisi olması olmuşdur, lakin riskli vergi ödəyicisi olma barədə müvafiq qərar qəbul edilməmişdir. Hazırki məhkəmə iclasında nümayəndə X8 apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirmişdir. İşin apellyasiya icraatı zamanı dindirilmiş şahid X9 ifadəsində bildirmişdir ki, özü və Mehdiyev Elnur adlı digər əməkdaşla xx.xx.2022-ci il tarixdə iddiaçının fəaliyyət göstərdiyi mağazada operativ nəzarət tədbiri həyata keçirmişlər. Tədbir zamanı mağazadan 1 ədəd paltar şotkası almış, lakin məlum olmuşdur ki, NKA işləmir. Ona görə də əməliyyat nəzarət kitabına bərpa edilmişdir. Onlar mağazada olarkən mağazada digər şəxslərlə alış-veriş edildiyinin və həmin əməliyyatların da NKA-na işlənmədiyinin şahidi olmuşlar, lakin həmin alıcılar razı olmadıqlarından bu faktı rəsmiləşdirməmişlər. Şotkanı alandan sonra iddiaçının ərinin gəlməsini gözləmələri barədə xahişini nəzərə alaraq təqribən 5-7 dəqiqə gözləsələr də iddiaçı əməliyyatı nəzarət kitabına işləmədiyinə görə əri gələnədək özləri həmin əməliyyatı kitaba bərpa etmişlər. Məhkəmə kollegiyasının növbəti sualına cavab olaraq şahid bildirdi ki, nəzarət kitabına bərpanı iddiaçının əri mağazaya gələndən sonra onun iştirakı ilə etmişlər. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********3512 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -23.1.1-ci maddəsinə əsasən maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -16.1.10-cu maddəsinə əsasən istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. -58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 338 nömrəli qərarının 8.3.7-ci bəndinə əsasən vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq istifadəçinin vəzifəsi kimi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2-ci bəndinə əsasən riskli vergi ödəyicisinin meyarları aşagıdakılardır: -2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; -2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; -2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); -2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; -2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; -2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; -2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; -2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar, vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar, vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda, vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda operativ vergi nəzarəti həyata keçirilə bilər. İş materiallarında olan: Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********1711 nömrəli qərardan görünür ki, İddiaçı məxsus mağazada nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin aparılması kiçik vergi xidməti müşaviri X3 və kiçik vergi xidməti müşaviri X9 tərəfindən həyata keçirilməsi qərara alınmışdır. -Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli, KY221786736 nömrəli çıxarışdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İddiaçı məxsus dəftərxana ləvazimatları mağazasında nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. -xx.xx.2022-ci il tarixli, seriya DVX 012375 nömrəli əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında aktın məzmunundan görünür ki, İddiaçı məxsus dəftərxana ləvazimatları mağazasında keçirilən operativ vergi nəzarəti zamanı müştəri tərəfindən alınmış paltar şotkasına görə ödənilmiş pulun nəzarət kassa aparatına daxil edilmədiyi aşkar olunmuş, nəzarət kassa aparatından tam istifadə olunması, nəzarət kassa aparatının işlək halda saxlaxılması və alıcılara nəzarət kassa aparatı çekinin təqdim edilməsi tövsiyyə edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********3512 nömrəli qərardan görünür ki, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********325000 nömrəli qərardan görünür ki, fərdi sahibkar İddiaçı operativ vergi nəzarəti tədbirinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli inzibati şikayətinin təmin edilməməsi, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3512 nömrəli qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd olunur ki, mövcud qanunvericilik operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarını yuxarıda qeyd olunan dəqiq və konkret faktlardan asılı etmişdir. Hazırki iş üzrə sahibkarlıq subyektində yoxlamanın keçirilməsinin səbəbi müvafiq qərarda qeyd edilməsə də, cavabdehin nümayəndəsi bunu iddiaçının riskli vergi ödəyicisi olması ilə əsaslandırmış, lakin müvafiq qərarın qəbul edilmədiyini bildirmiş, həmçinin iddiaçının risk meyarlarına cavab verən subyekt olmasını, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmasını təsdiq əsasları şərh etməmiş, müvafiq sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, vergi qanunvericiliyi NKA-nın nasaz olması halında satışın əməliyyatların uçotu kitabına qeyd edilməsi zəruriliyini müəyyən etmişdir. İşin faktiki halından görünür ki, iddiaçıya məxsus mağazadan yoxlayıcı (vergi əməkdaşı) tərəfindən alınmış malın dəyərinin nəzarət-kassa aparatına işlənməsi mümkün olmadığından vergi əməkdaşının iştirakı ilə müvafiq kitaba işlənməsi təmin edilmişdir. Belə olduğu təqdirdə vergi orqanı tərəfindən iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsi qanunverciliyin tələblərinə zidd olmuşdur. Məhkəmə kollegiyasının bu qənaəti həm də ondan qaynaqlanır ki, iş materiallarının 104-105-ci səhifəsində olan NKA üzrə kassa əməliyyatlarından çıxarışla təsdiq olunur ki, xx.xx.2022ci il tarixdən (yoxlama keçirilən tarix) əvvəlki günlərdə satış əməliyyatları NKA-na işlənmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçıya məxsus mağazada NKA məhz nəzarət tədbirləri keçirilən gün nasaz olmuş və iddiaçının tələb olunan müvafiq zaman kəsiyində bu barədə məlumat verməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçıya məxsus mağazada ümumiyyətlə nəzarət kitabçasının olmaması ilə bağlı mövqeyini də əsaslı hesab etmir və qeyd edir ki, sözügedən kitabçanın mağazanın digər otağında olması və yaxud nəzarət kassa aparatının yanında olmaması kitabın ümumiyyətlə olmaması qənaətinə gəlməyə əsas vermir. Məhkəmə kollegiyası həmçinin şahid qismində dindirilmiş vergi əməkdaşının ifadələrinin ziddiyətli olması baxımından həmin sübutun mötəbər olmaması və bu halın iddiaçının xeyrinə şərh edilməli olması qənaətinə gəlir. Belə ki, şahid X9 birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə iclasında ifadəsində nəzarət tədbiri zamanı mağazada iddiaçı və yoxlayıcılardan başqa kimlərinsə olmasını xatırlamadığını bildirsə də məhkəmə kollegiyasının iclasında tamamilə fərqli ifadə verərək, tədbir zamanı mağazada digər şəxslərlə alış-veriş edildiyinin və həmin əməliyyatların NKA-na işlənmədiyinin şahidi olduğunu bildirmişdir. Bundan əlavə, şahid məhkəmə kollegiyasının eyni məzmunlu suallarına da ziddiyətli cavablar vermiş, bir halda əməliyyatın iddiaçının ərinin iştirakı ilə nəzarət kitabına bərpa edildiyini, digər halda isə əri mağazaya gələnədək bərpa edildiyini bildirmişdir. Bundan başqa, operativ vergi nəzarəti tədbiri zamanı müştəri qismində tədbiri həyata keçirən vergi əməkdaşı iştirak etmişdir. Bununla bağlı qeyd olunur ki, vergi orqanının əməkdaşı nəzarəti həyata keçirən vəzifəli şəxsdir və vergi ödəyicisini məsuliyyətə cəlb etməkdə maraqlı olmamasını və qərəzsiz olmasını birinci növbədə təmin etməli, onun qərəzsizliyinə şübhə yarada bilən hərəkətlərdən çəkinməlidir. İşin araşdırılmış digər halı ilə yanaşı qeyd olunan hal da bir daha deməyə əsas verir ki, cavabdehin iddiaçının maliyyə sanksiyasına məruz qalması ilə bağlı gəldiyi nəticə obyektivlik və qərəzsizlik prinsiplərinə zidd olmaqla, mötəbər və əsaslandırılmış dəlillərə söykənmir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. İşin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Odur ki, işin araşdırılmış faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2-1(120)-1263/2023 nömrəli qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2-1(120)-1263/2023 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********3512 nömrəli qərarı ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar