Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-241/2025 01.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(120)-2881/2024 nömrəli qərarından Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı tarixdən, yəni xx.xx.2023-cü il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 11 dekabr 2024-cü il tarixli, 2- 1(120)-2881/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının qanunla müəyyən edilmiş həcmdə həm ümumi, həm də güzəştli iş stajı mövcud olduğundan tələbi haqlıdır. Qərardan Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1982-ci ildən Əli Bayramlı (indiki Şirvan) Cihazlar zavodunda tornaçı kimi əmək fəaliyyətinə başlamış, 1983-1985-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1986-cı ildən Əli Bayramlı “Cihazlar” zavodunda cilalayıcı peşəsində əmək fəaliyyətini davam etdirmiş, xx.xx.2007-ci il tarixdən Telemexanika zavodunda pardaqçı peşəsinə keçirilmiş, hal-hazıradək həmin peşədə işləyir. İşlədiyi pardaqçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ vardır. 03 sentyabr 2023-cü ildə 60 yaşı tamam olmuşdur. Cavabdeh təşkilata müraciət edərək hüququnun yarandığı vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh təşkilat tərəfindən ona ünvanlanmış məktubda güzəştli sığorta stajının olmaması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, icraat materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 19 dekabr 2023-cü il tarixli 100/02/-798 nömrəli arayışında xx.xx.2007-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin mexaniki emal və alət sexində pardaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda pardaqçı vəzifəsində işlədiyi müddətdə tətbiq etdiyi maddələr, onların təhlükəsizlik sinifi, həmin sinfin hansı sənədlər əsasında müəyyən edilməsi barəsində hər-hansı məlumat göstərilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metal emalı bölməsinin (11) metal emalının digər peşələri bəndinin (11.14) fəhlələr yarımbəndində (a) 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələri tətbiq etməklə, metal məmulatların pardaqlanması ilə məşğul olan bütün adlardan pardaqlayıcılar vəzifələri nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan vəzifə, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələri tətbiq etməklə, metal məmulatların pardaqlanması ilə məşğul olan bütün adlarda pardaqlayıcılar sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı mövcud deyildir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktının və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verisə də, gəlməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, cavabdehin apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 100/02-798 nömrəli arayış-açılışında göstərilmişdir ki, İddiaçı Əli Bayramlı şəhər “Cihazlar” zavodunun (Qeyd: Əli Bayramlı şəhər “Cihazlar” zavodu Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin balansında olmuşdur. Azərbaycan Respublikası Prezidentinin imzaladığı 1181 nömrəli 16 dekabr 2005-ci il tarixli Fərmanına əsasən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilmiş, onun yerində Müdafiə Sənayesi Nazirliyi yaranmışdır. Bundan sonra həmin tarixdən Əli Bayramlı şəhər “Cihazlar” zavodunun adı dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuş və Müdafiə Sənayesi Nazirliyinin balansına verilmişdir) Alətlər sexinə 432K saylı 26.081982-ci il tarixli əmrlə 4-cü dərəcəli tornaçı peşəsi işinə qəbul edilmiş, hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq xx.xx.1983-cü il tarixli 164 saylı əmrlə işdən azad edilmişdir. Hərbi xidməti başa vurduqdan sonra Əli Bayramlı şəhər “Cihazlar” zavodunun Alətlər sexində xx.xx.1986-cı il tarixli 59 saylı əmrlə 4-cü dərəcəli cilalayıcı peşəsinə işə başlamış, xx.xx.1995-ci il tarixli 50 saylı əmrlə 5-ci dərəcəli cilalayıcı peşəsinə keçirilmiş, xx.xx.2005-ci il tarixli 134 K saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2007-ci il tarixli 115 K saylı əmrlə Müdafiə Sənayesi Nazirliyinin “Telemexanika zavodu" Məhdud Məsuliyyətli Cəmiyyətinin Mexaniki emal və alətlər sexinə 4-cü dərəcəli pardaqçı peşəsinə qəbul edilmiş, xx.xx.2010-cu ildə 45 saylı əmrlə 5-ci dərəcəli, xx.xx.2015-ci il tarixli 349 saylı əmrlə 6-cı dərəcəli pardaqçı peşəsinə keçirilmiş, hal-hazırki tarixədək Mexaniki emal və alətlər sexində pardaqçı peşəsində işləyir. Azərbaycan Respublikası əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən pardaqlayıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 11.14. Metal emalının digər peşələri a) Fəhlələr. 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələri tətbiq etməklə metal məmulatların pardaqlanması ilə məşğul olan bütün adlarda pardaqlayıcılar işlədiyi peşə üzrə sosial sığorta iş stajı xx.xx.2007-ci ildən xx.xx.2023-cü il tarixədək 16 il 04 ay 16 gün təşkil edir. Pardaqçı peşəsi üzrə güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlər aşağıdakı kimidir: 1. Metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi və cilalanması ilə məşğul olan peşə üzrə sosial sığorta stajına malikdir. 2. Metal məmulatların və alətlərin daxili və xarici səthlərini pardaq daşlarla pardaq dəzgahlarda quru üsulla cilalayır və metal məmulatları, alətləri kəsir, yonur. Pardaq dəzgahlarda müxtəlif pardaq daşlarda metal məmulatları, alətlərin səthlərini quru üsulla emal edir. İddiaçı Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi ümumi iş stajı 37 il 03 ay təşkil edir. Bunun da 16 il 04 ayı güzəştli iş stajı hesab olunur. -"xxxx" QSC "xxxx" X2 MMC “Telemexanika” zavodunun xx.xx.2024-cü il tarixli, 100/02-345 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi ümumi iş stajı 38 il 16 gün təşkil edir. Bunun da 17 il 01 ayı güzəştli iş stajı hesab olunur. -"xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" X2 Telemexanika İdarəetmə şöbəsinin xx.xx.2024-cü il tarixli, 100/02-584 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı peşə (vəzifə) təlimatına uyğun icra etdiyi funksional vəzifələri - zərərli maddələri tətbiq etməklə metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi və cilalanması; metal məmulatların və alətlərin daxili və xarici səthlərini pardaq daşlarla pardaq dəzgahlarda quru üsulla cilalanması; metal məmulatların, alətlərin kəsilməsi və yonulması; pardaq dəzgahlarda müxtəlif pardaq daşlarda metal məmulatların, alətlərin səthlərinin quru üsulla emal edilməsindən (və sairə) ibarətdir. -Məhkəmə kollegiyasının sorgularına cavab olaraq, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" X2 Telemexanika İdarəetmə şöbəsinin xx.xx.2025-ci il tarixli, 1/3/5/174 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı peşəsinin xüsusiyyətlərinə uyğun polad məmulatlarından hazırlanmış alətlərin pardaqlanması, yonulması, kəsilməsi və cilalanması əməliyyatlarını yerinə yetirir. İddiaçı çalışdığı pardaqçı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısf’nm 11.14-cü bəndinə əsasən güzəştli iş stajı hesab edilməsi bildirilmişdir. Sözügedən siyahıda “3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələri tətbiq etməklə, metal məmulatların pardaqlanması ilə məşğul olan bütün adlarda pardaqlayıcılar” nəzərdə tutulmuşdur. Gigiyenik təcrübədə orqanizmə təsir dərəcəsinə görə ən çox istifadə olunan təsnifat: Zərərli maddələr təhlükəliliyinə görə dörd sinifə bölünür. (DÜİST 12.1.007-76) 1-ci fövqəladə təhlükəli maddələr 2-ci yüksək təhlükəli maddələr 3-cü orta təhlükəli maddələr 4-cü az təhlükəli maddələr Pardaqlama metalların və süni materialların mexaniki emal olunmasına tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün pardaqlama materiallarından istifadə olunur. Buraya dairə formasında olan pardaq dairələrini, pastaları və qranulat şəkilində olan abraziv materialları misal çəkmək olar. Prosses zamanı alətdə olan hər bir kiçik dənəcik materialla kontakta girəcək kiçikcik yonqarlar çıxarırlar. Pardaqlama pardaq dəzgahında yerinə yetirilir. Daşlar (qıl, spat) və pardaq dənəciklərinin (korund, kvars, almaz, bromtrid və s.) qarışığından hazırlanır. Düzləndirmə kimi pardaq dairələri almaz ucluqlardan və ya bornitrid dairələrdən və abraziv materiallardan istifadə olunur. Abraziv materiallar təbii alminium oksid kristallarından kvars, sumbata, korund və almaz korunddan ibraətdir. Süni abraziv materiallar (silisium, karbit, bor karbidi, süni almaz) və s. qara silisin karbidi (5s) silisium karbonla birləşməsidir. Qeyri-metal materialların emalında və pardaq dairələrin düzləndirilməsində istifadə olunur. Adı çəkilən materiallar 4-cü sinif zərərli maddələr sırasına aiddir və istifadə zamanı metalın tərkibindən ayrılan toz, yonqar qırıntıları zərəli maddə kimi gözün çirklənməsinə yuxarı tənəffüz yollarının və ağ ciyərlərin zəfələnməsinə, mədə bağırsaq traktına səbəb olur. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianın təmini əsası kimi işəgötürən tərəfindən verilmiş güzəştli iş satjı barədə arayışların mötəbərliyinə istinad etmiş, lakin iddiaçının çalışdığı peşə üzrə (pardaqçı) hansı sinif zərərli maddələrin tətbiq edilməsini araşdırmamışdır. Məhkəmə kollegiyasının müvafiq sorğusu əsasında müəyyən edilmişdir ki, iddiaçı 4-cü sinif zərərli maddələr tətbiq etməklə sözügedən fəaliyyətlə məşğul olmuşdur. Tərəflər arasında mübahisə iddiaçının çalışdığı pardaqçı peşəsinin güzəştli iş stajına daxil edilib-edilməməsi ilə bağlıdır. Yuxarıda qeyd edildiyi kimi, güzəştli iş barədə müvafiq arayış təqdim etmiş müəssisə bu məsələyə aydınlıq gətirmiş və bu əsasla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçının çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 11.14. “Metal emalının digər peşələri a) Fəhlələr. 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələri tətbiq etməklə metal məmulatların pardaqlanması ilə məşğul olan bütün adlarda pardaqlayıcılar” peşəsinə uyğun gəlmir. “Əmək pensiyaları haqqında” Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanlara əsasən, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(120)-2881/2024 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-241/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-241/2025
01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver