Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-243/2024 07.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunalı oğlu və hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-1(120)-1254/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə qarşı hərbi rəhbər vəzifəyə təyin olunması üçün rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, hərbi rəhbər vəzifəyə təyin olunması üçün cavabdeh orqan tərəfindən qeyd olunan vəzifəyə məqsədəmüvafiq sayılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Şirvan İnzibati Məhkəməsinin (hakim S. Həsənov) 17 noyabr 2022-ci il tarixli, 2- 1(120)-1254/2022 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hərbi rəhbər vəzifəsinə təyin olunması üçün şəxsin (hazırkı halda iddiaçının) ehtiyatda (istefada) olan zabit, gizir və çavuş olması vacib şərtdir. Yəni hərbi rəhbər vəzifəsində ixtisaslı mütəxəssis kimi yalnız ehtiyatda (istefada) olan zabitlər işləyə bilər. Həmin ixtisaslı mütəxəssislər olmadıqda isə istisna olmaqla, kənd rayonlarında hazırlıqlı və təcrübəli tam orta ümumi təhsilli, orta ixtisas təhsilli, ehtiyatda (istefada) olan gizirlərin və çavuşların hərbi rəhbər işləməsinə icazə verilir. Lakin iddiaçı ali təhsilli olsa da, o sıravi əsgər kimi xidmət etmiş və xidməti dövrü ərzində ona zabit, gizir və çavuş hərbi rütbəsi verilməmişdir. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin (hakim O.İsmayılov) 19 iyun 2023-cü il tarixli, 2- 1(106)-124/2023 nömrəli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-1(120)-1254/2022 nömrəli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hərbi rəhbər vəzifəsinə təyin və azad edilməsi hüquq münasibətlərinin xarakteri baxımından əmək mübahisəsidir. Bu səbəbdən də iddiaçı ilə məktəb arasındakı münasibətlər və həmin münasibətlərdən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Qərardaddan İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin (hakim N.Rəsulbəyova) 02 noyabr 2023-cü il tarixli, 2-1(102)-2318/2023 nömrəli qərarı ilə şikayətin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(106)-124/2023 nömrəli qərardadının ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının tələbi hərbi rəhbər vəzifəyə təyin olunması üçün cavabdeh orqan tərəfindən qeyd olunan vəzifəyə məqsədəmüvafiq sayılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Qanunvericilik hərbi rəhbərlərin vəzifəyə təyin edilməsi yolunda ilkin şərt kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, şöbə və bölmələri tərəfindən seçilərək təqdim edilməni müəyyən etmişdir. Yəni bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən rəy verilməlidir ki, həmin şəxs təhsil müəssisələrinin direktorları tərəfindən vəzifəyə təyin edilsinlər. Beləliklə, iddiaçının hazırkı iş üzrə tələbi vəzifəyə təyin edilməsi ilə bağlı deyil, vəzifəyə təyin edilə bilməsi üçün rəyin verilməsi ilə bağlı olduğundan apellyasiya instansiyası məhkəməsi iddiaçının hərbi rəhbər vəzifəsinə təyin və azad edilməsi ilə bağlı mübahisəni hüquq münasibətlərinin xarakteri baxımından əmək mübahisəsi kimi qiymətləndirməkdə səhvə yol vermişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, uzun illər Lənkəran rayonunun bir neçə orta məktəblərində hərbi hazırlıq və idman müəllimi ixisası üzrə işləmişdir. 2009-cu ildən X1 hərbi rəhbər vəzifəsinə təyin olunmuşdur. Sonuncu dəfə 2018-2019-cu illərdə Şürük kənd tam orta məktəbində hərbi rəhbər vəzifəsində işləmişdir. X3 X7 Universitetinin strukturuna daxil olduğundan, bunun nəticəsində kollecdə işlədiyi hərbi rəhbər vəzifəsi ixtisara salındığından, Gərmətük qəsəbə tam orta məktəbində hərbi rəhbər kimi çalışmaq istəmişdir. Bununla bağlı Lənkəran Şəhər Təhsil Şöbəsinə müraciət etmiş, məsələ ilə bağlı təhsil şöbəsi tərəfindən Azərbaycan Respublikası Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə müraciət edilmiş və imtina cavabı alınmışdır. İnzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli, 119 nömrəli qərarına əsasən hərbi rəhbər vəzifəsində yalnız gizir və zabitlərin təyin olunduğu üçün iddiaçının iddia etdiyi vəzifəyə təyin olunması məqsədəmüvafıq sayılmamışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını, məhkəmənin gəldiyi nəticənin düzgün olmadığını bildirmişdir. Çünki, Nazirlər Kabinetinin qeyd olunan qərarı xx.xx.1998-ci il tarixdə qəbul edilmişdir və buna baxmayaraq o, uzun müddət həmin vəzifədə çalışmışdır. İddiaçı qeyd edir ki, əgər qanun buna icazə vermirdisə, necə olub ki, onu həmin vəzifəyə təyin ediblər və o, uzun müddət ərzində həmin vəzifədə işləmişdir. İddiaçı zabit olduğunu və bunu təsdiq edən vəsiqəni də birinci instansiya məhkəməsinə təqdim etdiyini, lakin məhkəmənin qərar qəbul edərkən həmin vəsiqəni nəzərə almadığını və buna hüquqi qiymət vermədiyini qeyd etmişdir. İddiaçının zabit vəsiqəsi X5 birliyinin üzvü olduğunu və hərbi rütbəsinin kapitan olduğunu təsdiq edir. Zabit olduğuna görə də uzun illər peşəsinə uyğun vəzifədə işlədiyini əmək kitabçasında olan qeydlər də təsdiq edir. Qeyd olunanları əsas tutaraq, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı apellyasiya şikayətini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ona heç vaxt zabit rütbəsi verilməmişdir, iş materiallarında olan zabit vəsiqəsini isə ona 2014-cü ildə yaşadığı rayona gəlmiş Rusiya Zabitlər Cəmiyyətinin sədri təqdim etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2002-ci il tarixli, AO № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində sıravi əsgər kimi hərbi xidmət keçmişdir. -xx.xx.2014-cü il tarixli, 7046 nömrəli vəsiqədən görünür ki, İddiaçı X2 Birliyinin üzvü olması və hərbi rütbəsinin kapitan olması qeyd edilmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 490 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2021-ci il tarixli, 1488 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Lənkəran rayon Gərmətük qəsəbə tam orta məktəbində hərbi rəhbər vəzifəsinə təyin olunması məqsədəmüvafiq hesab edilmir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 119 nömrəli qərarı ilə hərbi rəhbər vəzifəsinə yalnız gizir və zabitlər təyin oluna bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı Məmmədov X6 rayon Gərmətük qəsəbə tam orta məktəbinə hərbi rəhbər vəzifəsinə təyin olunması üçün Lənkəran şəhər Təhsil Şöbəsinə müraciət etmişdir. Lənkəran şəhər Təhsil Şöbəsi iddiaçının ərizəsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 119 nömrəli qərarı ilə hərbi rəhbər vəzifəsinə yalnız gizir və zabitlər təyin oluna bilməsini əsas gətirilərək iddiaçının hərbi rəhbər vəzifəyə təyin olunmasını məqsədəmüvafiq hesab etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsinin 5-ci bəndində (hərbi rəhbərlərin hazırlanması və təhsil müəssisələrində yerləşdirilməsi) qeyd edilmişdir ki, hərbi rəhbərlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən seçilərək təqdim edilir və təhsil müəssisələri direktorları tərəfindən vəzifəyə təyin və azad edilirlər. Hərbi rəhbər vəzifəsində ali və ya orta ixtisas hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər işləyə bilər. Yuxarıda adları çəkilən ixtisaslı mütəxəssislər olmadıqda, istisna olmaqla, kənd rayonlarında hazırlıqlı və təcrübəli tam orta ümumi təhsilli, orta ixtisas təhsilli, ehtiyatda (istefada) olan gizirlərin və çavuşların hərbi rəhbər işləməsinə icazə verilir. Hərbi rəhbərlərin pedaqoji dərs yükü mövcud qaydada nəzərdə tutulduğundan artıq olduğu halda, təhsil müəssisələrinə ehtiyatda (istefada) olan zabitlərin müəllim kimi dəvət olunması mümkündür. Onların məvacibləri saatların sayına görə mövcud stavkalara müvafiq iş stajı nəzərə alınmaqla hesablanır. Əsasnamənin tələbindən göründüyü kimi hərbi rəhbər vəzifəsinə təyin olunma şəxsin ehtiyatda olan zabit, gizir və çavuş olması ilə, eyni zamanda həmin ixtisaslı mütəxəssislər olmadıqda istisna olmaqla, kənd rayonlarında hazırlıqlı və təcrübəli tam orta ümumi təhsilli, orta ixtisas təhsilli, ehtiyatda olan gizir və çavuş olması ilə şərtləndirilmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, iddiaçı ali təhsilli olsa da, sıravi əsgər kimi xidmət etmiş və xidmət dövrü ərzində ona zabit, gizir və çavuş hərbi rütbəsi verilməmişdir. Odur ki, cavabdeh orqan haqlı olaraq iddiaçının hazırkı tələbi ilə bağlı müraciətindən imtina etmişdir. Məhkəmə kollegiyası həmçinin iddiaçı tərəfindən təqdim edilmiş X2 Birliyinin üzvü olması və hərbi rütbəsinin kapitan olması qeyd edilmiş vəsiqəyə münasibətdə qeyd edir ki, həmin vəsiqə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin səlahiyyətli qurumu tərəfindən verilmədiyindən vəsiqənin iddiaçının zabit olması baxımından hüquqi qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-1(120)-1254/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-243/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-243/2024
07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver