Məhkəmə qərarları › İş №2-1(106)-245/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-245/2025

17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-245/2025 17.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2-1(120)-5762/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməyən pensiya məbləğinin müraciət etdiyi xx.xx.2022-ci il tarixdən 3 il əvvəldən hal-hazıradək (aldığı pensiya çıxılmaqla) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 19 noyabr 2024-cü il tarixli, 2- 1(120)-5762/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 29-cu bəndinin b yarımbəndində (iş icraçıları) göstərilən vəzifədə 12 il 6 aydan artıq iş stajı, həmçinin ümumilikdə 25 ildən çox ümumi iş stajı vardır. Onun xx.xx.1989-xx.xx.2003-cü illərdə Azərsutəchizattikinti” Açıq Səhmdar Cəmiyyətində işlədiyi iş icraçısı vəzifəsi qeyd olunan Siyahıda (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 29-cu bəndinin b yarımbəndində) iş icraçıları adı altında güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifə kimi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən iddiaçının pensiya hüququ verən yaş həddinə çatması, həmçinin güzəştli iş stajı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Mübahisə iddiaçının xx.xx.1997-xx.xx.2006-cı illərdə işlədiyi illərə aid əmək haqqı kitablarının arxivdə saxlanılmaması ilə bağlıdır. Bu hal onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xx.xx.1976-cı il tarixdən (fasilələrlə) hal-hazıradək müxtəlif müəssisələrdə işlədiyi illər əmək stajı kimi nəzərə alınmaqla, ona hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməyən pensiya məbləğinin müraciət etdiyi xx.xx.2022-ci il tarixdən 3 il əvvəldən hal-hazıradək (aldığı pensiya çıxılmaqla) ödənilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab edir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının cəmi ümumi iş stajı 43 il 11 ay 14 gün (xx.xx.2006-cı il tarixinədək 28 il 9 ay 14 gün (xx.xx.1976-xx.xx.1976-cı il, xx.xx.1976-xx.xx.1978-ci il, xx.xx.1979-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonrakı dövr üçün isə 15 il 2 ay sığorta stajı) təşkil edir. Güzəştli iş stajı isə 12 il 6 aydan az (11 il 5 ay 15 gün (xx.xx.1984-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçının işlədiyi müəssisədə yanğın 2002-ci ildə baş versə də, onun həmin tarixdən sonra da işləməsi arxiv sənədləri ilə təsdiq olunmur. İddiaçının xx.xx.1997-xx.xx.2006-cı illərdə işlədiyi dövrə aid əmək haqqı kitablarının arxivdə saxlanılmaması səbəbindən həmin illərlə bağlı əsaslı şübhələr vardır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili imtina aktının və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdehin yeganə dəlili iddiaçının xx.xx.1997-xx.xx.2006-cı illərdə işlədiyi dövrə aid əmək haqqı kitablarının arxivdə saxlanılmaması səbəbindən həmin dövrlərin şübhəli olması ilə bağlıdır. Cavabdeh bu halı əməkdaşları tərəfindən tərtib edilmiş qarşılıqlı yoxlama aktına istinadən əsaslandırır. İş materiallarına əlavə edilmiş xx.xx.2003-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan və Daxili İşlər Nazirliyi Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin xx.xx.2003-cü il tarixli, 16/7-37 nömrəli arayışından görünür ki, 26 dekabr 2002ci il tarixdə ünvan 1 ünvanda yerləşən "xxxx" X5 Cəmiyyətinin binasında baş vermiş yanğın zamanı "xxxx" X5 Cəmiyyətinə məxsus hüquqi, texniki və mühasibat sənədləri, işçilərin əmək kitabçaları yanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 031/2025-ci il tarixli məktubunda iddiaçının 2002-ci ilin bütün ayları üzrə, 2003-cü ilin yanvar-mart, 2004-cü ilin aprel-dekabr, 2005-ci ilin bütün ayları üzrə əmək haqqı alması barədə məlumat göstərilmişdir. Göründüyü kimi təqdim edilmiş sənəddə iddiaçının 2002-2005-ci illərdə əmək haqqı alması öz təsdiqini tapır. Həmçinin məhkəmə kollegiyası yenidən sənədlərin qarşlıqlı yoxlanması üçün cavabdeh orqana imkan yaratmasına baxmayaraq, sonuncu bu imkandan yararlanmamışdır. Digər tərəfdən qeyd olunur ki, hər-hansı müəssisədə mühasibatlıq sənədlərinin yanması və yaxud digər səbəbdən məhv olması həmin müəssisədə çalışmış işçinin əmək haqqı almaması qənaətinə gəlmək üçün kifayət etmir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya şikayətində isə imtina aktı və iddiaya qarşı etiraz dəlilləri təkrarlanmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2-1(120)-5762/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar