Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-246/2023 04.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Dəmirova Nəcimə Arif qızının, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi Həşimova Elmira Elmar qızının iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2-1(120)-259/2023 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı ona müharibə veteranı müavinətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 4 saylı regional ərazi filialına (Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona 29 avqust 2015-cı il tarixindən ona Müharibə Veteranı vəsiqəsinin verildiyi 29 avqust 2018-ci il tarixinə qədər ödənilməmiş 3 illik müavinətin, eləcə də 29 avqust 2018-ci il tarixindən ona müvinətin təyin edildiyi 01 aprel 2019-cu il tarixinə qədər olan 7 aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 03 mart 2023-cü il tarixli, 2- 1(120)-259/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə ödənilməmiş “müharibə veteranları üçün nəzərdə tutulan müavinət”in verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərin təyinatı üzrə mərkəzi regional filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, Birinci Qarabağ müharibəsinin fəal iştirakçısı olmuş və ona 29 avqust 2018-ci il tarixində Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəflndən M/V 083674 nömrəli Azərbaycan Respublikasının Müharibə Veteranı vəsiqəsi verilmişdir. Ona 29 avqust 2018-ci ildə Müharibə Veteranı vəsiqəsi verilməsinə baxmayaraq, 01 aprel 2019-cu il tarixindən Müharibə Veteranlarına Azərbaycan Respublikasının Prezident təqaüdü verilməyə başlanılmış və hər ay 80 manat məbləğində təqaüd verilmiş, lakin ona 2015-cı ilin 29 avqust tarixindən 2018-ci ilin 29 avqust tarixinə qədər olan 3 illik müavinət ödənilməmişdir. Bundan başqa ona Müharibə Veteranı vəsiqəsi verildiyi 2018-ci ilin 29 avqust tarixindən 2019-cu ilin 01 aprel tarixinə qədər ödənilməli olan müavinət də ödənilməmişdir. O, “əvvəlki dövr üçün ödənilməli olan müavinətin hesablanaraq ödənilməsi” ilə bağlı öncə ərizə ilə xx.xx.2021-ci il tarixində cavabdehə rəsmi qaydada müraciət etmiş, lakin cavabdeh tərəfindən ona əvvəlki dövr üzrə müavinətin ödənilməsindən imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu ilin aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmiş və həmin tarixdən iddiaçıya hər ay ödənilmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Həşimova Elmira Elmar qızı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Bu səbəbdən şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 29 avqust 2018-ci il tarixdə verilmiş M/V seriyalı, 084674 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İşdə olan İddiaçı Əhalinin Sosial Müdafiəsi Mərkəzinə sosial müavinətin təyin edilməsi barədə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, ona “Qarabağ veteranı”na görə müavinət təyin edilməsini xahiş etmişdir. İşdə olan sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2019-cu il tarixli 623 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 55 manat, xx.xx.2019-cu il tarixdən ömürlük olaraq 80 manat müavinət təyin edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialı tərəfindən İddiaçı ünvanladığı əvvəlki dövr üzrə müavinətin ödənilməsindən imtina edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, iddiaçıya əvvəlki dövr üzrə müavinətin ödənilməsindən imtina edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən 20 oktyabr 2023-cü il tarixdə verilmiş 3-17-1/2-245337/2023 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı ilkin olaraq müraciət etdiyi xx.xx.2019-cu il tarixində Fondun keçmiş Hacıqabul rayon şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixindən müharibə veteranları üçün nəzərdə tutulan Prezident təqaüdü təyin edilmişdir, həmçinin səhvən xx.xx.2018-ci il tarixindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə 55 manat məbləğində ötən dövrü üzrə müavinət təyin edilmiş, sonradan müavinətin ödənişi dayandırılmışdır (dayandırılma ilə bağlı qərar müavinət işində aşkar edilməmişdir). Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-86198/2023 nömrəli xidməti məktubuna əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək olan dövr üçün ödənilmiş məbləğ 1030,34 manat təşkil edir. İddiaçı 2019-cu il üzrə xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək ümumilikdə 720 manat məbləğində (aylar üzrə 80 manat) prezident təqaüdü ödənilməli olduğu təqdirdə 1030,34 manat ödənilmişdir. Əlavə ödənilmiş 310,34 manat (1030,34- 720=310,34) səhvən xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət üçün ötən dövr üzrə ödənilmişdir. Həmin artıq ödənilmiş 310,34 manat vətəndaşa ödənilən Prezident təqaüdündən tutulmamış və ya əvəzləşdirilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə fondunun müavinətlər üzrə məlumat bazasında İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək qeyd olunanlardan başqa hər hansı növ müavinət təyin edilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra - müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət – onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2007-ci il tarixli, 514 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və «Leninqradın müdafiəsinə görə» medalı, «Leninqrad mühasirəsində yaşayan» döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə - 15 manat sosial müavinət müəyyən edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət – 37 manat müavinət müəyyən edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli, 130 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən 2014-cü il aprelin 1-dən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013cü il tarixli, 973 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndində “37” rəqəmi “45” rəqəmi ilə əvəz edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2016-cı il tarixli, 747 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanı ilə müəyyən edilmiş sosial müavinətlərin məbləği 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılmışdır. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2018-ci il tarixli, 168 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən 2018-ci il martın 1-dən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndində “45” rəqəmi “55” rəqəmi ilə əvəz edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 640 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 nömrəli Fərmanının 1-ci və 2-ci hissələrinə əsasən müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Həmin təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir və dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Həmin Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi xx.xx.2018-ci il tarixdən verilsə də, bu statusa o, əvvəllki dövrdə olan xidmətlərinə görə malik olduğundan, «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə uyğun olaraq müavinətin vəsiqənin alındığı vaxtdan üç il əvvəlki dövrdən başlayaraq hesablanmalıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək iddiaçıya ödənilməyən müavinət də ona ödənilməlidir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının imtinası qanuna zidd və iddiaçının sosial təminat hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsini xx.xx.2018-ci il tarixdə alsa da, müharibə veteranları üçün nəzərdə tutulan müavinətin ödənilməsinə görə inzibati orqana ilkin olaraq xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Qanunvericilikdə müraciət edilməzdən əvvəlki üç il üçün müavinətin ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı isə bu tələb üzrə ilkin olaraq xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Belə olan halda xx.xx.2019-cu il tarixdən əvvəlki üç il üçün müavinət ödənilməlidir, lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq təqaüd təyin edilmiş, həmçinin xx.xx.2019-cu il tarixdən əvvəl 310,34 manat müavinət almışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şirvan İnzibati Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2-1(120)- 259/2023 saylı qərarı dəyişdirilməli, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək “müharibə veteranları üçün nəzərdə tutulan müavinət”in verilməsi öhdəliyi (xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müavinətə görə ödənilmiş 310,34 manat çıxılmaqla) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2-1(086)-259/2023 nömrəli qərarı dəyişdirilsin. İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək “müharibə veteranları üçün nəzərdə tutulan müavinət”in verilməsi öhdəliyi (xx.xx.2018-ci il tarixdən xx.xx.2019cu il tarixədək müavinətə görə ödənilmiş 310,34 manat çıxılmaqla) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-246/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-246/2023
04.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver