Məhkəmə qərarları › İş №2-1(106)-246/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-246/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-246/2025 02.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Ələskərov Sənan Adil oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2-1(120)-778/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın hissəvi dəyişdirilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli, **********4 saylı qərarın ona aid hissədə səbəb əlaqəsinin dəyişdirilərək, Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar ifadəsi ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 24 dekabr 2024-cü il tarixli, 2- 1(120)-778/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 1 nömrəli Qərar verilmişdir. Həmin qərarda onun döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə sol təpə nahiyyəsinin kor qəlpə yarası, sol bel nahiyyəsinin dəlib keçən güllə yaralanması almışdır. Yaralanma səbəbi “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması” kimi qeyd edilmişdir. Həmin qərarın qanunla müəyyən olunmuş qaydada geri çağırıldığını, ləğv edildiyini, dəyişdirildiyi, qüvvədə olma müddəti qurtardığı və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməsi, cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişidir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əvvəllər təyin edilmiş əlilliyin səbəb əlaqələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qeyd edildiyi halda, hazırki vəziyyətədə ümumi xəstəlik qeyd edilməsinin səbəbini cavabdeh inzibati orqan sübuta yetirə bilməmiş, iddiaçının barəsində hərbi-həkim komisiyasının qəbul etdiyi qərarda göstərilən xəstəliklərin hazırki vəziyyətdə mövcud olmamasını əsas gətirərək bu qənaətə gəlmişdir ki, iddiaçıya təyin edilmiş əlillik səbəbi ümumi xəstəliklə əlaqədar olmuşdur. Bundan əlavə, cavabdeh inzibati orqan tərəfindən İddiaçı əlillik təyin edilməsinə əsas olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 303 nömrəli qərarının və iddiaçıya xx.xx.2021-ci il tarixdə təyin edilmiş əvvəlki qərarın səbəb əlaqə hissədə düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. İddiaçıya təyin olunmuş əlilliyin ümumi xəstəlik əsasında yaranmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Bununla bağlı cavabdeh inzibati orqan əlilliyin səbəb əlaqəsini şübhə altına alan əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. Qərardan cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi xidmətdə aldığı xəsarətlə bağlı xx.xx.2013-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2013-cü ildən xx.xx.2021-ci ilədək 2-ci dərəcə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlildir və “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Səhiyyə müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişi (88 nömrəli forma) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə göndərilib ki, ona 2-ci dərəcə müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilsin. Lakin ona qanunsuz olaraq 3-cü dərəcə ümumi xəstəliklə əlaqədar 5 il müddətinə əlillik təyin edilmişdir. Hesab edir ki, Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi ona xx.xx.2021-ci il tarixdə 3-cü dərəcə ümumi xəstəliklə əlaqədar deyil, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 2013-cü il tarixdə verilmiş qərarını nəzərə almaqla ikinci dərəcə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik təyin etməli idi. Ona təyin edilmiş əlilliklə bağlı xəstəlik diaqnozu hərbi xidmət zamanı qazanılmış olması Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında öz təsdiqini tapmışdır, belə olan halda ona qarşı düzgün olmayan səbəb əlaqəsi ilə əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası xx.xx.2022-ci il tarixdə 33 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və müəyyən etmişdir ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0215003AAEHE nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılarq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 1 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol təpə nahiyyəsinin kor qəlpə yarası. Sol bel nahiyyəsinin dəlib-keçən güllə yarası. Nevrasteniya. Sol təpə nahiyyəsinin kor qəlpə yarası. Sol bel nahiyyəsinin dəlib-keçən güllə yarası. Kəskin asteno-nevrotik sindrom” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “MSS-nin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, yaddaş və intellektin enməsi ilə arterial hipertenziya İİ dərəcə. Miopiya. Kardio nevroz, ensefalopatiya” diaqnozu araşdırılmışdır. Müayinə zamanı başın sol təpə nahiyyəsində, sol bel nahiyyəsində 2sm, sağ budun orta 1/3-də 2x4 sm ölçülərdə köndələn çapıqlar izlənilmiş, lakin hərəki məhdudiyyət qeyd edilməmişdir. Hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri aşkarlanmamışdır. Yanaşı olaraq, nevroloji statusda hər iki yuxarı və aşağı ətraflarda vətər refleksləri yüksək, emosional gərginlik, davranış pozuntusu elementləri müəyyən edilmişdir. AR SN Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 1227/21 nömrəli Xəstəlik tarixindən Çıxarışda diaqnoz “Bas beyin üzvi xəstəliyi, şəxsiyyət dəyişikliyi ilə, yaddaş və intellektin enməsi ilə” kimi müəyyənləşdirilsə də, baş beyin travması və ya üzvi xəstəliyi təsdiqləyən instrumental kranial müayinələr aparılmamışdır. Hərbi qərarda baş beyin travması barədə məlumat qeyd olunmadığından hazırkı vəziyyətinin hərbi səbəb-əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.9 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbi ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçıya inzibati orqan tərəfindən verilmiş imtina 25 aprel 2022-ci il tarixdən olmuş, iddiaçı tərəfindən məhkəməyə müraciət isə 1 il keçdikdən sonra baş verdiyi üçün iddianın mümkünsüz hesab olunmasını xahiş edirik. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Apellyasiya şikayətinin dəlilləri Cavabdeh iddiaya qarşı etiraz ərizəsində qeyd edilmiş dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətdə əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi ekspertiza təyin etmədən, həmçinin şəxsin əyani müayinə olunması üçün aralıq qərardad qəbul etmədən yekun qərar qəbul etməklə, inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli, 1 nömrəli qərarından görünür ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən “xx.xx.1994-cü il tarixdə sol təpə nahiyyəsinin kor qəlpə yarası, sol bel nahiyyəsinin dəlib keçən güllə yaralanması, kəskin asteno-nevrotik sindrom” diaqnozu qoyulmuşdur. Yaralanma səbəbi “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması” kimi qeyd edilmişdir. Təqdim edilmiş tibbi sənədlərlə müəyyən edilir ki, iddiaçıya xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək davamlı olaraq “Mərkəzi sinir sisteminin travmatik mənşəli üzvi xəstəliyi, şəxsiyyət dəyişkənliyi, sol təpə nahiyyəsinin kor qəlpəli yarası, sol bel nahiyyəsinin dəlib keçən güllə yarası” diaqnozu ilə əlillik təyin edilmiş, səbəb əlaqəsi isə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” qeyd edilmiş, lakin növbəti əlillik təyinatında (xx.xx.2021) söz ifadəsi olaraq həmin diaqnoza əsasən əlillik təyin edilsə də, səbəb əlaqəsi “ümumi xəstəlik” kimi göstərilmişdir. Cavabdeh orqan əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsini baş beyin travması və ya üzvi xəstəliyi təsdiqləyən instrumental kranial müayinələrin aparılmaması və hərbi həkim komissiyasının qərarında baş beyin travması barədə məlumat qeyd olunmaması ilə əlaqələndirmişdir. Bununla bağlı qeyd edilir ki, əvvala cavabdeh inzibati orqan 2013-cü il tarixdən etibarən əlilliyin səbəb əlaqəsi baxımından hərbi həkim komissiyasının qərarına etimad göstərmiş, lakin sonradan heç bir elmi və tibbi əsaslar göstərmədən, müvafiq tibbi araşdırma aparmadan bu nəticəyə gəlmişdir. Digər tərəfdən qeyd edilir ki, tibb sahəsində elmi ədəbiyyatlar və müvafiq araşdırmaların nəticələrinə görə (Azərbaycan Tibb Universitetində tədris olunan “X3 reaksiyalar haqqında nəzəriyyəsi) baş beyinin üzvi xəstəlikləri məhz travmatik zədələnmələr nəticəsində yaranır. Əlillik təyinatı ilə bağlı alt sistemdən çıxarışlardan görünür ki, iddiaçının ilk və növbəti əlillik təyinatları məhz travmatik mənşəli üzvi xəstəliklərlə bağlı olmuşdur. Bu hal cavabdehin əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı arqumentlərinin tamamilə əsassız olmasına dəlalət edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. -13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iş üzrə ekspertiza təyin edilmədən yekun qərar qəbul etməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddiaçının orqanizmində olan patofunksional pozuntuların agırlıq dərəcəsinə görə deyil, cavabdehin etimadın qorunması prinsiplərinə əməl etməməsi və əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsinə əsas olmuş sübutların təqdim edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası öz növbəsində hesab edir ki, hazırki işin faktiki halına və təqdim edilmiş tibbi sənədlərə rəğmən işin obyektiv həlli baxımından xüsisi bilik tələb olunan suallar yaranmamışdır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq məqsədəuyğundur. Məhkəmə kollegiyası həmçinin şikayətin iddiaçının əyani müayinə olunması üçün aralıq qərardadın qəbul edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh orqan diskresion səlahiyyətlərindən yararlanaraq, məhkəmə araşdırmasının istənilən mərhələsində iddiaçını əyani müayinəyə cəlb edə, yol verilmiş pozuntunun aradan qaldırılmasına nail ola bilərdi və bunun üçün ayrıca məhkəmə aktının qəbul edilməsini gözləməməli idi. Digər tərəfdən mövcud məhkəmə təcrübəsində qeyd olunan aralıq aktların qəbul edilməsi məhz inzibati orqanların qanunla onlara verilmiş səlahiyyətlərdən yararlanması və bununla da öhdəliklərinin icrası vəziyyətinə yenidən baxmaları üçün yaradılan bir fürsətdir. Lakin bu o demək deyildir ki, məhkəmələr bütün hallarda bu təcrübədən imperativ olaraq istifadə etməlidir. Başqa sözlə bu təcrübə yuxarıda qeyd edildiyi kimi inzibati orqanların öz fəaliyyətlərində aidiyyəti qanun normalarının, o cümlədən “İnzibati icraat haqqında” Qanunun prinsip və tələblərinə rəğmən dönüş etmək baxımından bir fürsət yaradılması üçün tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2- 1(120)-778/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2-1(120)-778/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar