Məhkəmə qərarları › İş №2-1(106)-247/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-247/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-247/2023 01.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün prosessual müddətinin ötürülməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı “Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 24 dekabr tarixli, 35 nömrəli qərarı ilə X4, X5, X1 və X9 olmaqla 0.28 hektar torpaq sahəsinin həyətyanı sahə kimi mülkiyyətə verilməsini təsdiq edən JN-119 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qismən dəyişiklik edilərək X2 adının əlavə olunmaqla qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2-1(120)-368/2020 nömrəli qərarından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə və prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı “Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 24 dekabr tarixli, 35 nömrəli qərarı ilə X4, X5, X1 və X9 olmaqla 0.28 hektar torpaq sahəsinin həyətyanı sahə kimi mülkiyyətə verilməsini təsdiq edən JN-119 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qismən dəyişiklik edilərək X2 adının əlavə olunmaqla qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, mərhum atası X6 işlədiyi Komunizim Yolu kolxozunun idarə heyətini qərarı ilə yaşadığı keçmiş Puşkin rayonu, (indi Biləsuvar) Arxangilovka (indiki Bağbanlar) kəndi ərazisində ona 0,25 hektar həyətyanı torpaq sahəsi ayrılaraq verilmişdir. Torpaq İslahatı haqqında Qanunun 16 iyun 1996-cı il tarixdə qəbul edilmişdir. Həmin Qanuna əsasən Respublikada Aqrar İslahat aparılmışdır. Aparılan Aqrar islahat nəticəsində qəbul edilmiş Qanunun tələbinə əsasən vətəndaşların istifadəsinə verilmiş həyətyanı torpaq sahələri onların mülkiyyətinə verilmişdir. Sonradan həmin hüquqları təsdiq edən şəhadətnamələr vətəndaşlara təqdim edilmişdir. Qeyd etdiyi kimi mərhum atası X6 Komunizim Yolu kolxozunun idarə heyətini qərarı ilə yaşadığı keçmiş Puşkin rayonu, (indi Biləsuvar) Arxangilovka (indiki Bağbanlar) kəndi ərazisində ona 0,25 hektar həyətyanı torpaq sahəsi ayrılıraq verilmişdir. Atası 21 mart 1998-ci il tarixdə vəfat etmişdir. Lakin mərhum atasının istifadəsində verilmiş 0,25 hektar həyətyanı torpaq sahəsini mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun adı qeyd olunmayıb. Amma kənd təsərüfatı təyinatlı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə isə ona düşən pay göstərilməklə adı qeyd olunmuşdur. Yəni Biləsuvar rayon X8 1997-ci il 27 dekabr tarixli 35 nömrəli qərarı ilə 4 nəfər ailə üzvləri başda atası X10 olmaqla, X4, X5, X1, 1,69 hektar torpaq sahəsi kənd təsərüfatı məhsulları istehsalı məqsədi ilə onların mülkiyyətinə verilmişdir və bu haqqda JN-0099 saylı Dövlət Aktı verilmişdir. Lakin Biləsuvar rayon X8 1997-ci il 24 dekabr tarixli 55 nömrəli qərarı 4 nəfər ailə üzvləri X4, X5, X1, X7 olmaqla 3,28 hektat torpaq sahəsi həyətyanı sahə kimi onların mülkiyyətinə verilmiş və bu haqqda JN-119 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bu sənədlərdən görünür ki, texniki səhvə yol veilmişdir. Nəticədə mərhum atasının həyətyanı torpaq sahəsində olan mülkiyyət hüquqları pozulmuşdur. Torpaq İslahatı haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı torpaq sahələrinin fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunverciliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Bu haqqda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Həmin ərizə müraciətində qeyd oluran halları göstərməklə Biləsuvar rayon X11 1997-ci il 24 dekabr tarixli 35 nömrəli qərarı X4, X5, X1, X7 olmaqla 0,28 hektat torpaq sahəsinin həyətyanı sahə kimi mülkiyyətə verilməsini təsdiq edən JN-119 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə dəyişilik edilərək X2 adının əlavə olunmaqla qeyd edilməklə yeni hüquqverici sənədin verilməsini xahiş etmişdir. Ərizəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsi xx.xx.2019-cu il tarixli **********44 saylı məktubla cavab olaraq bildirdi ki, “Daşınmaz əmlakın dövlət reyesti haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinə əsasən mümkün deyil qeyd etməklə ərizəsində qeyd olunan xahişini icra etməkdən imtina edərək və bu məsələnin həlli üçün məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Biləsuvar rayon X8 1997-ci i! 24 dekabr tarixli 35 nömrəli qərarı 4 nəfər ailə üzvləri X4, X5, X1, X7 olmaqla 0,28 hektat torpaq sahəsi həyətyanı sahə kimi onların mülkiyyətinə verilməsini təsdiq edən JN-119 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə mərhum atası X2 adının qeyd olunmasını istəmişdir. Yol verilmiş yalnışlıq onun vərəsə kimi hüquqlarını məhdulaşdırır. Belə ki, qeyd etdiyi kimi anası X12 xx.xx.1991-ci ildə atası X10 xx.xx.1998-ci ildə və bacısı X4 xx.xx.2008-ci ildə vəfat etmişlər. Bunula əlaqədar vərəsəlik açılmasından ötəri Biləsuvar rayon notatiat kontoruna müraciət etmişdir. Mirasla bağlı sənədlər təqdim edildikdən sonra ona məlum olmuşdur ki, JN-119 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə mərhum atasının adı qeyd olunmayıb. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-368/2020 nömrəli (sədrlik edən hakim S.F.Həsənov) qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət edərək, buraxılmış prosessual müddəti üzrlü sayaraq bərpa edilməsini xahiş etmişdir. Ərizənin dəlilləri İddiaçının vəkili və nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli məhkəmə iclası pandemiya dövrünə düşmüş və çıxarılmış qərarın mahiyyətini iddiaçı başa düşməmişdir. İddiaçı 2022-ci ildə Şirvan İnzibati Məhkəməsinə eyni predmetlə müraciət etmiş və Şirvan İnzibati Məhkəməsi 09 avqust 2022-ci il tarixdə sərəncamla məhkəmə iclası təyin etmişdir. 2023-cü ilin aprel ayında məhkəmə prosesində müəyyən olunmuşdur ki, 2020-ci ildə eyni predmetlə əlaqədar işə baxılmış və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020 ci il tarixli qərarı ilə iddia təmin olunmamışdır. Odur ki, buraxılmış prosessual müddətin üzrlü sayılaraq bərpa edilməsi xahiş edilmişdir. Prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı, onun nümayəndəsi və vəkili prosessual müddətin bərpası barədə ərizəni müdafiə edib, buraxılmış prosessual müddətin üzrlü sayılaraq bərpa edilməsini xahiş etdilər. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İşin hallarından müəyyən edilir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-368/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı “Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 24 dekabr tarixli, 35 nömrəli qərarı ilə X4, X5, X1 və X9 olmaqla 0.28 hektar torpaq sahəsinin həyətyanı sahə kimi mülkiyyətə verilməsini təsdiq edən JN-119 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qismən dəyişiklik edilərək X2 adının əlavə olunmaqla qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməmişdir. Həmin məhkəmə iclasında iddiaçı da iştirak etmiş (iş vərəqi 108) və qeyd edilən qərar xx.xx.2020-ci il tarixli müşayiət məktubu ilə tərəflərə göndərilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi barədə xəbərnamədən müəyyən edilir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-368/2020 nömrəli qərarı 16 iyul 2020-ci il tarixdə İddiaçı tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarından görünür ki, İddiaçı eyni tələblə (eyni cavabdehə qarşı) 2022-ci ilin avqust ayında Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(120)-758/2023 nömrəli qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni tərəflər arasında eyni olan iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan, əvvəlki mövcud olan əsaslar aradan qalxmadığından, həmçinin yeni əsaslar yaranmadığından iddia tələbi mümkün sayılmamışdır. Hazırda iddiaçının nümayəndəsi və vəkili tərəfindən Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-368/2020 nömrəli qərarından apellyasiya şikayəti verilmiş və buraxılmış prosessual müddətin bərpa edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı arayışlar təqdim edərək, buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Belə ki, iddiaçının təqdim etdiyi “X3” publik hüquqi şəxsi Zəhmətabad həkim məntəqəsinin xx.xx.2023-cü il tarixli, 37 nömrəli arayışından müəyyən edilir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi həkim məntəqəsində “Covid-19” infeksiyası diaqnozu ilə müalicə almışdır. Məhkəmə tərkibi buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizədə qeyd olunan dəlillərə, eyni zamanda iddiaçının təqdim etdiyi arayışa münasibətdə aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən inzibati məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə tərkibi qeyd edir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(120)-368/2020 nömrəli qərarının iddiaçıya təqdim edildiyi vaxtdan 1 ildən çox müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilmişdir. Bundan başqa, məhkəmə tərkibi iddiaçının təqdim etdiyi arayışa münasibətdə qeyd edir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi həkim məntəqəsində müalicə almışdır. Başqa sözlə, iddiaçının xx.xx.2020-ci il tarixə kimi, eyni zamanda xx.xx.2020-ci il tarixdən sonrakı dövrdə apellyasiya şikayəti vermək imkanı olsa da, o bu prosessual imkandan istifadə etməmişdir. Məhkəmə tərkibi İnzibati Prosessual Məcəllənin 24.1 və 24.4-cü maddələrinin tələblərini hazırkı işin müəyyən edilmiş faktiki halarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürmüşdür. Eyni zamanda məhkəmə tərkibi hesab edir ki, prosessual müddətin bərpa edilməsinə dair ərizədə qeyd olunan dəlillər və iddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 37 nömrəli arayış prosessual müddəti bərpa edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş, eyni zamanda iddiaçı müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və vəkilinin prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməli, onun tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi və vəkilinin buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə ərizəsi təmin olunmasın. Şirvan İnzibati Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2-1(120)-368/2020 nömrəli qərarından İddiaçı vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar