Məhkəmə qərarları › İş №2-1(106)-248/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-248/2025

20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-248/2025 20.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(120)-3824/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı 60 yaşdan, yəni 18 noyabr 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş əmək pensiyasının həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 16 dekabr 2024-cü il tarixli, 2- 1(120)-3824/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, X2 hüququnun yarandığı 60 yaşdan, yəni, 18 noyabr 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş əmək pensiyasının həmin tarixdən hesablanaraq ödənilməsi ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin müvafiq arayışına əsasən İddiaçı işlədiyi rəhbər mexanik, böyük mexanik və mexanik vəzifələri ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarına əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təminatı hüququnu verən 37 il iş stajina malik olması iş üzrə təqdim olunmuş sənədlərlə tam təsdiq olunur və cavabdeh təşkilatın iddiaçının güzəştli iş stajı ilə bağlı dəlili əsassızdır. İddiaçı 60 yaşının tamam olduğu 18 noyabr 2023-cü il tarixinə 25 ildən çox, yəni hərbi xidmət dövrü nəzərə alınmaqla 40 il 4 ay 29 gün ümumi, 12 il 6 aydan çox, yəni 37 il güzəştli iş stajı toplanmış və güzəştli şərtlərlə pensiya təyinatına hüququ yaranmışdır. Qərardan cаvаbdеh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 29 iyun 2022-ci il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 29 iyun 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh xahişini yerinə yetirməkdən imtina etmiş və imtinasını onunla əsaslandırmışdir ki, “refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmamışdır”. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının "xxxx" QSC-nin 3 aprel 2024-cü il tarixli 13-1/2-Ə-1179/1-42/2024 nömrəli arayışında qeyd edilən xx.xx.1991-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il və xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində işlədiyi refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsi sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyaları işçilər bəndində (21.4) nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 8 ay 8 gün (xx.xx.1986-xx.xx.1991-ci il, xx.xx.2018-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2023-cü il və xx.xx.2023- xx.xx.2023-cü il tarixləri arasındaki dövrlər)) təşkil edir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili imtina aktının və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş və şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 1.1-ci bəndində qeyd olunmuşdur ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilər güzəştli pensiya hüququna malikdirlər. İş materiallarına əlavə edilmiş: -İddiaçıya məxsus ИТ–İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 13-1/2-Ə-1179/1-42/2024 nömrəli arayışından müəyyən olunur ki, iddiaçı xx.xx.1982-ci il tarixdən Neftçala Pambıqtəmizləmə zavodunda xam pambığın vericisi vəzifəsinə təyin edilmiş, xx.xx.1982-ci il tarixdən hərbi xidmətə çağırışla əlaqədar işdən azad edilmiş və həmin müəssisədə 4 ay 23 gün iş stajı toplamış, xx.xx.1984-cü il tarixdən Xıllı qəsəbə Kommunal Müəssisələr Kombinatında yaşıllıq sahəsi üzrə fəhlə vəzifəsinə təyin edilmiş, xx.xx.1985-ci il tarixdən işdən azad edilmiş və həmin müəssisədə 7 ay 17 gün iş stajı toplamış, xx.xx.1985-сi il tarixdən “Kalmıkavtoyol” Trestinin 3№-li Yol Tikinti İdarəsində bənna vəzifəsinə təyin edilmiş, xx.xx.1985-ci il tarixdə işdən azad edilmiş və həmin müəssisədə 2 ay 15 gün iş stajı toplamış, xx.xx.1985-ci il tarixdən Sarpinsk rayon Çörəkbişirmə zavodunda kündələyici vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci il tarixdə işdən azad edilmiş və həmin müəssisədə 1 ay 11 gün iş stajı toplamışdır. xx.xx.1986-cı il tarixdən Azərbaycan Dəmir Yollarının Yeni Ələt soyuducu (refrijerator) vaqon deposunda soyuducu (refrijerator) seksiyaların mexaniki vəzifəsinə təyin edilmiş, xx.xx.1991-ci il tarixdən Azərbaycan Dəmir Yollarının Yeni Ələt soyuducu (refrijerator) vaqon deposunda soyuducu (refrijerator) seksiyaların mexaniki (rəhbər) vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdən işdən azad edilmiş və bu müəssisədə 31 il 10 ay 13 gün iş stajı toplamış, xx.xx.2018-ci il tarixdən Şərq vaqon deposunda soyuducu (refrijerator) seksiyaların mexaniki (rəhbər) vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdən işdən azad edilmiş və bu müəssisədə 7 ay iş stajı toplamış, xx.xx.2018-ci il tarixdən "xxxx" MMC-nin Şərq vaqon deposunda soyuducu (refrijerator) seksiyaların mexaniki (rəhbər) və böyük mexaniki vəzifələrinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdən işdən azad edilmiş və bu müəssisədə 4 il 11 ay 22 gün iş stajı toplamış, xx.xx.2023-cü il tarixdən Hərəkət vasitələrinin təmiri departamentinin, Yük vaqonlarının təmiri xidmətinin Şərq vaqon deposunda soyuducu (refrijerator) seksiyaların böyük mexaniki vəzifələrinə təyin edilmiş və hal-hazırda işləyir. -"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 13-1/2-B-174/1- 42/2024 nömrəli arayışında İddiaçı həmin müəssisədə işlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajının arayışın veridiyi tarixə 37 il 11 ay 4 gün təşkil etməsi, işlədiyi soyuducu (refrijerator) seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri soyuducu (refrijerator) hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasına uyğun olması bildirilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(120)-3824/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar