Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-249/2024 02.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı1 iddiaçının vəkili və nümayəndəsi İddiaçı2 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, Ə 793-001-20 nömrəli əmrinin ləğv edilməsi və onun Polis Akademiyasına bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-1(120)-905/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, Ə 793- 001-20 nömrəli əmri ilə DİN-in Polis Akademiyasının əyani təhsil fakültəsinin 2-ci kurs kursantı polis sıravisi İddiaçı1 "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Həmin əmrlə razılaşmayan İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, Ə 793-001-20 nömrəli əmrinin ləğv edilməsi və onun Polis Akademiyasına bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2-1(120)-905/2023 nömrəli qərardadı ilə, iddia ərizəsi dəqiqləşdirilərək iddia tələbinə İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, Ə 793-001-20 nömrəli əmrinin ləğv edilməsi və onun Polis Akademiyasına bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 2019-cu ilin avqust ayında Polis Akademiyasına daxil olmuşadur. Polis Akademiyasının 1-ci kursunu müvəffəqiyyətlə bitirib 2-ci kursa keçmişdir. Lakin 2-ci kursda olarkən heç bir günahı olmayan mübahisə səbəbəindən üzərinə atılmış şər-böhtanın qurbanı olmuş və əsassız yerə Polis Akademiyasından xaric edilmişdir. Həmin mübahisə atası ilə əmisi arasında baş vermişdir. Mübahisənin qurbanı isə o olmuşdur. Böyük həvəs və ümidlə təhsil aldığı Polis Akademiyasına bərpa olunmağı ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etsə də, müraciətinə cavabdeh qurumdan bu günədək cavab verilməmişdir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-1(120)-905/2023 saylı qərardadı ilə (hakim Amilya Hüseynova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-1(120)-905/2023 saylı qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılaraq təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlliləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmunu ilə eyniləşdirərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma aparmadan yekun məhkəmə aktı qəbul etmişdir. Belə olan halda Şirvan İnzibati Məhkəməsinin qərardadı qanuni və əsaslı hesab edilə bilməz. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-1(120)-905/2023 saylı qərardadının ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılaraq təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 fevral 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun eyni məzmunlu izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-1(120)-905/2023 saylı qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi İddiaçı2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-1(120)-905/2023 saylı qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılaraq təmin edilməsini xahiş etmişdir. İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək inzibati işə “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ə793-001-20 saylı, xx.xx.2020-ci tarixli əmri”nin ona aid hissədə ləğv edilməsi kimi baxılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 62.1. inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 73.1. qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 24.1. bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, İddiaçı1 “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, Ə 793-001-20 nömrəli əmrinin ləğv edilməsi və onun Polis Akademiyasına bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 13-cü maddəsini rəhbər tutub, tələbin dəqiləşdirilməsi ilə bağlı iddiaçıya yardım etmiş və iddiaçı məhkəmənin yardımını nəzərə alıb, tələbini dəqiqləşdirərək “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, Ə 793-001-20 nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, onun hüquqi marağı həmin əmrin yalnız ona aid hissəsinin ləğv edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası iddiaçının tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəsinin icraata qəbul etmişdir. Məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərtləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ə793- 001-20 saylı, xx.xx.2020-ci tarixli əmrindən görünür ki, DİN-in xx.xx.2009-cu il tarixli, 330 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsinin 3.2 və 3.9-cu, 2005-ci il 8 aprel tarixli 130 nömrəli əmri ilə təsdiq olunmuş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 1, 2, 3, 6, 12 və 17-ci maddələrinin tələblərini pozub cəmiyyətdə qəbul olunmuş norma və qaydalara əməl etməyərək qohumu vət. A.Ağayeva ilə əxlaq normalarına zidd münasibətlər qurduğuna, qeyd olunan hərəkətləri atası vət. Z.Ağayevin vət.G.Rzayev tərəfindən ağır bədən xəsarətinin yetirilməsi ilə nəticələndiyinə, xidməti araşdırma zamanı qeyri-səmimi mövqe tutduğuna, göstərilən hərəkətləri ilə daxili işlər orqanları əməkdaşı adına və polisin nüfuzuna xələl gətirdiyinə görə DİN-in Polis Akademiyasının əyani təhsil fakültəsinin 2-ci kurs kursantı polis sıravisi İddiaçı1 "Azərbaycan Respublikasının daxili işlər orqanlannda xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 610 nömrəli arayışında göstərilmişdir ki, xx.xx.2002-ci il təvəllüdlü Yardımlı rayonu Horonu kəndində anadan olmuş İddiaçı1 xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı1 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən xidmət müddəti başa çatdığına görə hərbi vəzifəlilərin ehtiyatına buraxılmış, hazırda Xidmətin Yardımlı rayon bölməsində hərbi vəzifəli kimi hərbi qeydiyyartdadır. Odur ki, İddiaçı1 qeydiyyat kartasının kserosurətini aidiyyəti üzrə ünvana göndərmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-22/2-1837/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı1 cavabdeh Daxili İşlər Nazirliyinə qarşı “Polis Akademiyasına bərpa olunmasının cavabdehə həvalə edilməsi barədə" tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsində keçiriləcək məhkəmə iclası ilə bağlı Nazirliyə daxil olmuş müraciətinizə baxılmışdır. Bildirilir ki, 2002-ci ildə anadan olmuş sabiq kursant İddiaçı1, natamam ali təhsillidir, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil almışdır. Yol verdiyi nöqsanlara görə İddiaçı1 2020-ci ildə Nazirliyin müvafiq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Xidmət dövründə mükafatlandırılmamış, 1 dəfə intizam məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan “Zərfdə olan şəxsi sənədlərin təqdim edilməsinə” dair qeydiyyat kitabından çıxarışdan görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə EN ******* nömrəli attestatı imza edərək təhvil almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ə793- 001-20 saylı, xx.xx.2020-ci tarixli əmrin surətindən görünür ki, İddiaçı1 mübahisələndirilən əmr ilə xx.xx.2020-ci il tarixdə tanış olmuş və bunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı1 cəmiyyətdə qəbul olunmuş norma və qaydalara əməl etməyərək qohumu vətəndaş A.Ağayeva ilə əxlaq normalarına zidd münasibətlər qurduğuna, qeyd olunan hərəkətləri vətəndaş G.Rzayev tərəfindən İddiaçı1 atası Z.Ağayevə ağır bədən xəsarətlərinin yetirilməsi ilə nəticələndiyinə və bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşı adına və polisin nüfuzuna xələl gətiridiyinə görə iddiaçı xx.xx.2020-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin İddiaçı1 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, daxili işlər orqanlarında xidmətdən əsassız xaric edilməsi və bərpasına köməklik göstərilməsi barədə iddiaçı tərəfindən ünvanlanmış xx.xx.2022-ci tarixli müraciətə baxılmış və bundan əvvəl eyniməzmunlu müraciətə baxılmış nəticəsi haqda xx.xx.2022-ci il tarixli 023-25087A-3222 nömrəli məktubla iddiaçıya rəsmi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, Polis Akademiyasından xaric olumasına dair əmr 2020-ci ilin sentyabr ayında ona elan edilmiş, həmin gündən təhsil almasından ötrü akademiyaya getməmiş, EN ******* nömrəli attestatı ona xx.xx.2020-ci il tarixdə şəxsən təqdim edilmiş, bu barədə kitaba imza etmişdir və əmr ona elan edilərək tanış edilmiş, lakin əmrin surəti ona verilməmişdir. İzahatının davamı olaraq bildirmişdir ki, yenidən polis akademiyasına bərpa olunması ilə bağlı müraciət etmiş, lakin ona müddətli həqiqi hərbi xidmətə gedib-gəldikdən sonra bərpa ediləcəyi bildirilmiş, o da xx.xx.2020-ci il tarixdə hərbi xidmətə getmiş, hərbi xidmətdən xx.xx.2022-ci il tarixdə qayıtmış və gəldikdən sonra bərpa olunması üçün müraciət etmiş, lakin müraciətindən imtina olunmuşdur. Bundan sonra vəkillə müqavilə bağlanılmış, lakin iddia ərizəsi məhkəməyə gec verilmişdir. İddiaçı həmçinin izahatında iş materiallarında olan “zərfdə olan şəxsi sənədlərin təqdim edilməsinə” dair qeydiyyat kitabından çıxarışda və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ə793-001-20 saylı, xx.xx.2020-ci tarixli əmrinin surətində olan imzaların ona məxsus olduğunu bildirmişdir. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, İddiaçı1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ə793-001-20 saylı, xx.xx.2020-ci tarixli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, İddiaçı1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, Ə 793-001-20 nömrəli əmri ilə tanış olduqdan 1 aydan çox vaxt keçdikdən sonra, xx.xx.2020-ci il tarixdə hərbi xidmətə getmiş və xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində müddətli həqiqihərbi xidmətdə olmuş və müvafiq əmrə əsasən xidmət müddəti başa çatdığına görə hərbi vəzifəlilərin ehtiyatına buraxılmışdır. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı1 hərbi xidmətdən qayıtdıqdan (xx.xx.2022ci il tarixdən) sonra yenidən polis akademiyasına bərpa olunması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etmiş lakin ona xx.xx.2022-ci il tarixli məktub ünvanlanmış və müraciətindən imtina edilmişdir. Bundan 5 aydan çox müddət keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iş materiallarında olan sənədlərdən və iddiaçının izahatından məlum olmuşdur ki, iddiaçı xx.xx.2020-ci il tarixdə EN ******* nömrəli attestatı imza edərək götürmüş və mübahisələndirilən əmr ilə tanış olmuşdur. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi inzibati aktdan yəni, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ə793-001-20 saylı, xx.xx.2020-ci tarixli əmrindən, həmin əmrin ona elan olunduğu və atestatın ona təqdim edildiyi 2020-ci ilin sentyabr ayından, ən geci isə xx.xx.2020-ci il tarixdən (Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində müddətli həqiqi hərbi xidmətə cəlb edildiyi vaxtdan) məlumatlı olduğundan və prosessual müddətin axımı həmin əmrdən məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (ona məlum olduğu gündən 30 gün müddətində) ötürmüş olur. Belə ki, hazırkı iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuşdur. Başqa sözlə İddiaçı1 inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ə793-001-20 saylı, xx.xx.2020-ci tarixli əmrindən məlumatlı olduğu vaxtdan 2 (iki) ilə yaxın müddət keçdikdən sonra müraciət etmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hüquqmüdafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən əmrin istər rəsmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin əmrin ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin əmrin iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin əmrin məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin əmrdən (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən (daxili işlər orqanlarında xidmətdən xaric edilməsi və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində müddətli həqiqi hərbi xidmətə cəlb edilməsi) iddiaçı bilavasitə məlumatlı olmuşdur. Göründüyü kimi, iddiaçı sözügedən əmrdən məlumatlı olduğu vaxtdan 2 (iki) ildən artıq müddət keçdikdən sonra cavabdeh inzibati orqana müraciət etmişdir. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisələndirilən əmrin digər hissələri (2-ci və 3-cü bəndləri) iddiaçıya aid olmadığından, daha doğrusu iddiaçı ilə bağlı hər hansı məsələni həll etmədiyindən və subyektiv hüququnu pozmadığından, iddiaçı tələbini dəqiqləşdirərək əmrin yalnız ona aid hissəsini ləğv edilməsini xahiş etdiyindən və birinci instansiya məhkəməsi həmin əmrin ləğvi ilə bağlı iddianı qeyri mümkün hesab etdiyindən birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilməsinə ehtiyac yoxdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-1(120)-905/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kasasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-249/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-249/2024
02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver