Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-25/2023 22.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(120)-632/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialına (hazırda Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək hərbi xidmət müddətinin, həmçinin 1972-1974-cü illərdə İmişli rayon “Telman” adına kolxozda, xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" ASC-də və xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ASC-də işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 18 oktyabr 2022-ci il tarixli, 2-1(120)-632/2022 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə doğulmuş, 1975-1977-ci illərdə hərbi xidmət keçmiş, 1972-1974-cü illərdə İmişli rayon “Telman” adına kolxozda, xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" ASC-də və xx.xx.2000ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ASC-də işləmişdir. O, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh işlədiyi müəssisələrin əmr kitablarında işə daxil olma və işdən çıxma barədə məlumatların qeyd olunduğunu, lakin 1998-2002-ci illərin əmək haqqı kitabında əmək haqqı alması barədə məlumatın olmadığını əsas gətirərək ona imtina cavabı vermişdir. Cavabdehin imtinasını qanunazidd hesab edir. Belə ki, sözügedən müəssisələrdə bəzi aylarda əmək haqqı cədvəllərində adının yazılmaması, arxivdə hər hansı sənədin saxlanılmaması onun təqsiri deyildir. O, ştatda olan işçi olmuşdur, bir gün işə getməsəydi, işdən çıxarılardı. Həmçinin onun sözügedən müəssisələrdə işləməsi qanuni sənədlə, yəni əmək kitabçası ilə təsdiq olunur. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsindəki dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını bildirmiş və həmin qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, peşə, texniki və ya ali təhsil almamışdır. 1975-1977-ci illərdə hərbi xidmət keçmiş, 1972-1974-cü illərdə İmişli rayon “Telman” adına kolxozda, xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" ASC-də və xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ASC-də işləmişdir. xx.xx.1977ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" ASC-də işlədiyi dövrdə ştatda olan işçi olmuşdur, hər gün işə gedib-gəlmiş, hər ay əmək haqqı almışdır. Onunla eyni dövrdə işləyən və işdə əmək kitabçalarının surətləri olan digər işçilər də onunla eyni qaydada işləmişdirlər. xx.xx.1993-cü il tarixdən o, icarə qaydasında işləməyə başlasa da, "xxxx" ASC-nin işçisi idi. Həmin dövrdə aylıq qazancından müəssisəyə icarə haqqını ödəyirdi, həmin məbləğdən də vergi və dövlətə aid digər ödənişlər edilirdi. xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" ASC-də işlədiyi dövrdə əmək haqqı kitablarında müəyyən aylarda ona əmək haqqının yazılmaması onun həmin aylarda işləməməsi demək deyildir. Müəyyən aylarda ona əmək haqqının yazılmaması onun məzuniyyətdə olması və ya məzuniyyətdə olmadığı bir neçə ilin məzuniyyətini birlikdə götürməsi və yaxud ezamiyyətdən gec qayıtdığı üçün əmək haqqının ona növbəti ayda yazılması ilə əlaqədar ola bilər. xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrdə isə bəzən müəyyən edilmiş aylıq ödənişi gecdirmiş, sonradan bir neçə ayın ödənişini birdən etmişdir. Bu səbəbdən həmin dövr üzrə əmək haqqı cədvəlində bəzi aylarda adına ödəniş var, bəzi aylarda ödəniş yoxdur, həmçinin aylar üzrə ödənişlərin məbləğləri də fərqlidir. Həmçinin əmək kitabçasında onun xx.xx.2000-ci il tarixdə "xxxx" ASC-də işə qəbul olunduğu qeyd edilsə də, o, "xxxx" ASC-də işdən azad olunduqdan, yəni xx.xx.2000-ci il tarixdən sonra "xxxx" ASC-də işə başlamışdır. İş materiallarında olan "xxxx" ASC-nin məktubunda cəmi 3 ay "xxxx" ASC-də işlədiyi qeyd edilsə də, o, həmin müəssisədə xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işləmiş və əmək haqqı almışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, İddiaçı əmək kitabçasına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyini iddia etdiyi "xxxx" ASC-nin əmək haqqı kitablarında 1990-cı ildə və xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrdə ona əmək haqqı hesablanmamışdır. Həmçinin iddiaçının əmək kitabçasına əsasən xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyini iddia etdiyi "xxxx" ASC-nin əmək haqqı kitablarında ona yalnız 2000-ci ilin avqust, sentyabr və oktyabr aylarında əmək haqqı hesablanmışdır. Belə olan halda da, iddiaçının 25 il sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə İmişli rayonu, Xoşçobanlı kəndində doğulmuş, İmişli rayonu, Xoşçobanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.2000-ci il tarixli, АЗЕ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, həmin əmək kitabçasında İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" ASC-də və xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ASC-də işlədiyi qeyd edilmişdir. İşdə olan xx.xx.1975-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan İmişli rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 103 nömrəli arayışdan görünür ki, İddiaçı 1972-1974-cü illərdə İmişli rayon “Telman” adına kolxozda işləmişdir. İddiaçı 1972-ci ildə faktiki adam günü 290 gün, 1973-cü ildə faktiki adam günü 308 gün, 1974-cü ildə faktiki adam günü 299 gün olmuşdur. Həmin kolxozda 1972-1974-cü illərdə kişilər üçün minimum adam günü isə 260 gün olmuşdur. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialının Pensiya təminatı şöbəsinin baş mütəxəssisi X4, böyük mütəxəssisi X5, "xxxx" ASC-nin direktoru X6 iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətində qeyd edilmişdir ki, İddiaçı "xxxx" ASC-nin əmr kitabında xx.xx.1977-ci il tarixli, 145 nömrəli əmrlə "xxxx" ASC-də “Kamaz 55111” markalı, “40-67 АГФ ” dövlət nömrə nişanlı avtomobilin sürücüsü işinə təyin olunması müəyyən olunmuşdur. O, xx.xx.2000-ci il tarixli, 11 nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********9 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasındakı onun xx.xx.1977-xx.xx.2000-ci illərdə "xxxx" ASC-də və xx.xx.2000-xx.xx.2002-ci illərdə "xxxx" ASC-də işləməsi barədə qeydlərə əsasən onun sosial sığorta stajının doğruluğu araşdırılmışdır. Araşdırma zamanı "xxxx" ASC-nin və "xxxx" ASC-nin əmr kitablarında İddiaçı işə daxil olması və işdən çıxması barədə məlumatlar qeyd olunmuşdur. Lakin müəssisənin 1990-2000-ci illərin əmək haqqı cədvəllərinə baxış zamanı məlum oldu ki, İddiaçı adına 1990-cı və xx.xx.1998-xx.xx.2000-ci illərdə əmək haqqı hesablanmamışdır. "xxxx" ASC-nin xx.xx.2000-xx.xx.2002-cı illərin əmək haqqı kitablarında İddiaçı adına yalnız 2000-ci ilin avqust, sentyabr və oktyabr aylarında əmək haqqı hesablanmışdır. xx.xx.2000-xx.xx.2002ci illərin əmək haqqı cədvəllərində onun əmək haqqı alması barədə məlumat qeyd olunmamışdır. Bu səbəbdən İddiaçı yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. İşdə olan İmişli rayon Dövlət Arxivi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 04 nömrəli məktubda qeyd edilmişdir ki, "xxxx" ASC-in 1990-2000-ci illərin və "xxxx" ASC-nin isə xx.xx.2000-xx.xx.2002-ci illərin sənədləri mühafizəsi və saxlanılması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İmişli rayon Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş olan 103 nömrəli, xx.xx.2021-ci il tarixli arayış İmişli rayonunda fəaliyyət göstərmiş “Telman” adına kolxozun son hesablaşma kitablarında olduğu kimi yazılmaqla bu kolxozla bərabər İmişli rayonunda bütün kolxozlarda kişilər üçün minimum adam günü norması 260 gün olmuşdur. İşdə olan "xxxx" ASC tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 14 nömrəli məktuba əlavə edilmiş "xxxx" ATSC üzrə xx.xx.2000-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdən “Kamaz 5320” markalı, “30-56 АПХ” nömrəli avtomaşına sürücü işinə qəbul olunmuşdur. Həmin məktuba əlavə edilmiş "xxxx" ASC-də 2000-ci il avqust, sentyabr və oktyabr ayları üzrə əmək haqqı cədvəllərinin surətlərindən görünür ki, İddiaçı 2000-ci ilin avqust, sentyabr və oktyabr aylarında müvafiq əmək haqqı almışdır. İşdə olan "xxxx" ASC tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 19 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1977-ci il tarixli, 145 nömrəli əmrlə 3-cü dərəcəli sürücü, əmək haqqı işəmuzd olmaqla işə qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli, 164 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 222 nömrəli əmri ilə təsdiq edilmiş nəqliyyat vasitələrinin satılması qaydalarına uyğun olaraq və Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 614 nömrəli sərəncamına əsasən idarə etdiyi avtomobili özəlləşdirdiyi üçün xx.xx.2000-ci il tarixli, 11 nömrəli əmrə əsasən öz ərizəsi ilə işdən azad edilmişdir. Həmin məktuba əlavə edilmiş İmişli Avtobazası üzrə xx.xx.1977-ci il tarixli, 145 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən İmişli Avtobazasında sürücü təyin edilmişdir. Həmin məktuba əlavə edilmiş "xxxx" ATSC üzrə xx.xx.2000-ci il tarixli, 11 nömrəli əmrin surətindən görünür ki, sürücüsü olduğu “Kamaz 55111” markalı, “40-67 АГФ” dövlət nömrə nişanlı avtomaşını özəlləşdiridiyi üçün İddiaçı xx.xx.2000-ci il tarixdən işdən azad edilmişdir. Həmin məktuba əlavə edilmiş əmək haqqı cədvəlindən görünür ki, həmin cədvəldə İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" ASC-də işlədiyi müddətdə müəyyən aylarda əmək haqqı aldığı, müəyyən aylarda əmək haqqı almadığı qeyd edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 18 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı 2000-ci ildə cəmiyyətə aid yük avtomobilinin sürücüsü kimi işə qəbul olunub. Lakin sürücü İddiaçı üç ay işlədikdən sonra işə çıxmamış, işə çıxmaması barədə cəmiyyətə sənəd və ya hər hansı bir məlumat təqdim etməmiş, həmçinin idarə etdiyi avtomobilin nasaz olub-olmaması barədə heç bir məlumat verməmişdir. Ümumiyyətlə, cəmiyyət 2001-2002-ci illərdə tənəzzül dövrünü yaşamış və 2002-ci ildə heç bir gəlir əldə etmədiyi üçün fəaliyyəti tamamilə dayandırılmışdır (hal-hazıra kimi). Qeyd olunan səbəblərdən İddiaçı əmək haqqı hesablanmamışdır. İşdə olan "xxxx" ASC tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 30 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı "xxxx" ASC-də xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək işəmuzd sürücü işləmişdir. Üzrsüz səbəbdən işləmədiyi vaxtlarda ona əmək haqqı hesablanmamışdır. İşlədiyi dövrdə əmək haqqı ilə bağlı heç bir mübahisə olmamışdır. xx.xx.2000-ci ildə öz ərizəsi ilə işdən azad edilmişdir. Həmin məktuba əlavə edilmiş əmək haqqı cədvəlindən görünür ki, həmin cədvəldə İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" ASC-də işlədiyi müddətdə müəyyən aylarda əmək haqqı aldığı, müəyyən aylarda əmək haqqı almadığı qeyd edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 35 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı "xxxx" ASC-də xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək işəmuzd sürücü işləmişdir. Üzrsüz səbəbdən işləmədiyi vaxtlarda ona əmək haqqı hesablanmamışdır. İşlədiyi dövrdə əmək haqqı ilə bağlı heç bir mübahisə olmamışdır. xx.xx.1993-cü ildə şəxsi ərizəsinə əsasən idarə etdiyi avtomaşının icarəsi üsulu ilə işləməsi barədə müraciət etmiş, onun ərizəsi nəzərə alınaraq xx.xx.1993-cü il tarixdən 71KO əmrlə idarə etdiyi avtomaşının icarəyə verilməsi əmrləşdirilmişdir. İddiaçı idarə etdiyi avtomaşının ona satılması barədə ərizə ilə müraciət etmiş, xx.xx.2000-ci il tarixli, 11 nömrəli əmrlə idarə etdiyi avtomaşın özəlləşdirilərək ona satıldığı üçün işdən azad edilmişdir. Həmin məktuba əlavə edilmiş Salyan İstehsalat Avtomobil Nəqliyyatı Birliyi İmişli Avtomobil Nəqliyyatı Müəssisəsi üzrə xx.xx.1993-cü il tarixli, 71KO əmrin surətindən görünür ki, bazar iqtisadiyyatına keçilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 3 nömrəli qərarına əsasən yanacağın 4,8 dəfə, rezinin 10 dəfə, ehtiyat hissəsinin 5 dəfə, əmək haqqının 3 dəfə, amortizasiyanın 1,05 dəfə artdığını nəzərə alınaraq sürücü İddiaçı ərizəsinə əsasən idarə etdiyi avtomaşın (“Kamaz” “68-66 АГО”) yanacağı, ehtiyat hissəsini, rezini öz hesabına almaqla hər ay müəssisənin hesabına müqavilədə göstərilən məbləğdə pul mədaxil etməklə icarəyə buraxılmışdır. Həmin məktuba əlavə edilmiş əmək haqqı cədvəlindən görünür ki, həmin cədvəldə İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" ASC-də işlədiyi müddətdə müəyyən aylarda əmək haqqı aldığı, müəyyən aylarda əmək haqqı almadığı qeyd edilmişdir. İş üzrə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, "xxxx" ASC 1998-ci ilin may ayında səhmdar cəmiyyətə çevrilmiş, təxminən 2006-cı ildə tam şəkildə özəlləşmişdir. O, həmin müəssisədə 1976-cı ilin oktyabr ayından xəzinədar vəzifəsində işləmiş, 1991-ci ildən isə həmin müəssisənin rəhbəri vəzifəsinə təyin olunmuşdur. O, 2011-ci ilə qədər "xxxx" ASCnin sədri işləmiş, 2011-ci ildən isə "xxxx" ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləyir. İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" ASC-də sürücü vəzifəsində işləmişdir. Həmin müəssisədə sürücülər işəmuzd işləyirdilər və ona uyğun da əmək haqqı alırdılar. xx.xx.1993-cü il tarixdən İddiaçı icarə qaydasında işləməyə başlasa da, "xxxx" ASC-nin işçisi idi. İddiaçı aylıq qazancından müəssisəyə aylıq icarə haqqını ödəyirdi, həmin məbləğdən də vergi və dövlətə aid digər ödənişlər edilirdi. "xxxx" ASC tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 30 nömrəli məktubda iddiaçının üzrsüz səbəbdən işləmədiyi vaxtlarda ona əmək haqqı hesablanmadığı qeyd edilmişdir. Lakin həmin məktubda texniki səhvə yol verilərək “üzrsüz səbəbdən” ifadəsi işlədilmişdir. Belə ki, "xxxx" ASC-də işlədiyi dövrdə iddiaçı bəzi aylarda məzuniyyətdə olduğu və ya məzuniyyətdə olmadığı bir neçə ilin məzuniyyətini birlikdə götürdüyü və yaxud ezamiyyətdən gec, yəni növbəti ay qayıtdığı üçün müəyyən aylarda ona əmək haqqı yazılmırdı. Həmçinin xx.xx.1993-cü il tarixdən sonra iddiaçı bəzən aylıq ödənişləri gec edirdi, buna görə də ona bir neçə ayın ödənişi bir ayda yazılırdı. Həmin dövr üzrə əmək haqqı cədvəlində bəzi aylarda ödənişin olması, bəzi aylarda ödənişin olmaması, həmçinin aylar üzrə ödənişlərin məbləğlərinin fərqli olması bununla əlaqədardır. İş üzrə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, "xxxx" ASC 1998-ci ilin may ayında səhmdar cəmiyyətə çevrilmişdir. O, həmin müəssisədə xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək mühasib, xx.xx.1991-ci il tarixdən öz ərizəsinə əsasən işdən azad olduğu xx.xx.2004-cü il tarixədək isə xəzinədar vəzifəsində işləmişdir. O, işlədiyi dövrdə İddiaçı da "xxxx" ASC-də sürücü vəzifəsində işləmişdir. Həmin müəssisədə sürücülər işəmuzd işləyirdilər və ona uyğun da əmək haqqı alırdılar. İş üzrə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək bildirmişdir ki, o, xx.xx.2000-ci il tarixdən "xxxx" ASC-nin mühasibi vəzifəsinə təyin edilmiş, xx.xx.2001-ci il tarixdə həmin cəmiyyətdə baş mühasibin müavini vəzifəsinə, xx.xx.2002-ci il tarixdən baş mühasib vəzifəsinə keçirilmiş, xx.xx.2011-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2015-ci il tarixdən o, yenidən "xxxx" ASC-nin baş mühasibi vəzifəsinə təyin edilmişdir. İddiaçı 2000-ci ildə "xxxx" ASC-də yük avtomobilinin sürücüsü vəzifəsinə işə qəbul edilmişdir. Həmin müəssisədə sürücülər işəmuzd işləyirdilər və ona uyğun da əmək haqqı alırdılar. 2000-2002-ci illərdə "xxxx" ASC çox zəif şəkildə fəaliyyət göstərmiş, yəni müəssisənin daimi fəaliyyəti, demək olar ki, olmamışdır. Ona görə də, İddiaçı əmək kitabçasında qeyd edilən bütün müddətdə deyil, yalnız üç ay işə gəlib-getmiş və əmək haqqı almışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). İşin faktiki hallarından görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 65 yaşı tamam olmuşdur. İddiaçı 25 illik sığorta stajına malik olmasını təsdiqləyən sübut kimi hərbi biletinə, əmək kitabçasına və arxiv arayışına istinad edir. İddiaçı 1972-1974-cü illərdə İmişli rayon “Telman” adına kolxozda müəyyən edilmiş minimum əmək iştirakı norması yerinə yetirilməklə (3 il) işləmiş, həmçinin xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (2 il 1 ay 8 gün) hərbi xidmətdə olmuşdur. Həmin dövrlərə münasibətdə tərəflər arasında hər hansı mübahisə yoxdur. Tərəflər arasında mübahisə iddiaçının əmək kitabçasına əsasən "xxxx" ASC-də və "xxxx" ASC-də işlədiyi dövrlər üzrə meydana çıxmışdır. Cavabdehin imtinasının əsası ondan ibarətdir ki, iddiaçının əmək kitabçasına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyini iddia etdiyi "xxxx" ASCnin əmək haqqı kitablarında 1990-cı ildə və xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrdə ona əmək haqqı hesablanmamışdır. Həmçinin iddiaçının əmək kitabçasına əsasən xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyini iddia etdiyi "xxxx" ASC-nin əmək haqqı kitablarında ona yalnız 2000-ci ilin avqust, sentyabr və oktyabr aylarında əmək haqqı hesablanmışdır. Belə olan halda da, iddiaçının 25 il sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək qərarını onunla əsaslandırmışdır ki, iddiaçının işəmuzd olaraq işə qəbul edildiyi "xxxx" ASC üzrə əmək haqqı cədvəllərinə nəzər yetirildikdə 1977-ci, 1999-cu, 2000-ci illərdə, həmçinin 1978-ci ilin sentyabr, 1979-cu ilin yanvar, 1984-cü ilin dekabr, 1987-ci ilin yanvar, 1988-ci ilin mart, may, avqust, 1990-cı ilin iyul, oktyabr, 1991-ci ilin yanvar, fevral, mart, sentyabr, noyabr, 1992-ci ilin fevral, sentyabr, oktyabr, dekabr, 1993-cü ilin fevral, mart, aprel, avqust, sentyabr, dekabr, 1994-cü ilin yanvar-iyun, 1995-ci ilin yanvar, iyun, sentyabr, noyabr, 1996-1997-ci illərin aprel, iyun, iyul, noyabr, 1998-ci ilin fevral, aprel-dekabr aylarında iddiaçıya əmək haqqı hesablanmadığı müəyyən edilmişdir. Həmçinin "xxxx" ASC-nin əmr kitabında isə iddiaçının yalnız 2000-ci ilin avqust, sentyabr, oktyabr aylarında əmək haqqı aldığı qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb edilən 25 ildən az sığorta stajı mövcuddur. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə sosial siğorta stajı və pensiya kapitalı qeydə alınmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının tələb olunan sosial sığorta stajı yaranmır. Cavabdehin iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etməsi qanuni olmuşdur və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə görə məhkəmə hesab edir ki, cavabdeh haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə, o cümlədən birinci instansiya məhkəməsinin iddiaçının "xxxx" ASC-də iş stajının müəyyən edilməsinə münasibətdəki mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının işəmuzd olaraq "xxxx" ASC-yə işə qəbul olunması, həmçinin xx.xx.1993-cü il tarixdən onun sözügedən müəssisənin işçisi olaraq icarə üsulu ilə işləməsi onun həmin müəssisədə adına əmək haqqı yazılmadığı aylarda işləmədiyi anlamına gələ bilməz. Belə ki, əmək qanunvericiliyi işçinin əməyinin vaxtamuzd, işəmuzd və ya əməyin ödənilməsinin digər sistemləri ilə ödənilə bildiyini təsbit edir. İşçinin əməyinin bu və ya digər formada ödənilməsi onun müəyyən dövr ərzində əmək fəaliyyəti ilə məşğul olması faktını dəyişdirmir, əksinə bu faktı təsdiq edir. Şəxsə əmək pensiyası təyin edilərkən isə nəzərə alınan və onun sosial sığorta stajına hesablanan əməyinin bu və ya digər formada ödənilməsindən asılı olmayaraq onun əmək fəaliyyətində olduğu müəyyən dövrdür. İddiaçı müvafiq əmrlə xx.xx.1977-ci il tarixdə sözügedən müəssisədə işə qəbul edilmiş və müvafiq əmrlə də xx.xx.2000-ci il tarixdə həmin müəssisədə işdən azad edilmişdir. İddiaçı da xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək sözügedən müəssisədə işlədiyini və əmək haqqı aldığını, müəyyən aylarda ona əmək haqqının yazılmamasının onun məzuniyyətdə olması və ya məzuniyyətdə olmadığı bir neçə ilin məzuniyyətini birlikdə götürməsi və yaxud ezamiyyətdən gec qayıtdığı üçün əmək haqqının ona növbəti ayda yazılması ilə əlaqədar ola biləcəyini, xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrdə isə bəzən müəyyən edilmiş aylıq ödənişi gecikdirib sonradan bir neçə ayın ödənişini birdən etdiyindən həmin dövr üzrə əmək haqqı cədvəlində bəzi aylarda adına ödənişin olduğunu, bəzi aylarda ödənişin olmadığını, həmçinin aylar üzrə ödənişlərin məbləğlərinin fərqli olduğunu qeyd edir. İddiaçının qeyd etdiklərini məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş sözügedən müəssisənin rəhbərinin ifadəsi də təsdiq edir. Bunun əksinə dair, yəni iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək sözügedən müəssisədə işləməməsinə dair də cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Həmçinin iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarında iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövr ərzində əmək intizamını pozmasına görə müxtəlif vaxtlarda ona intizam tənbeh tədbirlərinin tətbiq edildiyi qeyd edilmişdir. Qeyd edilən müxtəlif vaxtlarda iddiaçıya intizam tənbeh tədbirlərinin tətbiq edilmiş olması, onun həmin müəssisədə işləmədiyini deyil, əksinə həmin müəssisənin işçisi kimi işləmiş olduğunu təsdiq edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (22 il 4 ay 25 gün) "xxxx" ASC-də işlədiyi iş stajı ona sosial sığorta stajı kimi nəzərə alınmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İşəgötürənin maliyyə sənədlərini qoruyub saxlamaması, maliyyə sənədlərini dövlət arxiv idarələrinə təhvil verməməsi, məcburi dövlət sosial sığorta ödənişləri ilə əlaqədar qanunvericiliyin tələblərinə əməl etməməsi işçinin əmək pensiyası hüququnun pozulması ilə nəticələnə bilməz. İddiaçının "xxxx" ASC-də işlədiyini iddia etdiyi dövrə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.2000-ci il tarixdə "xxxx" ASC-də işə qəbul olunduğu, xx.xx.2000-ci il tarixdə isə "xxxx" ASC-də işdən azad edildiyi qeyd edilmişdir. İddiaçı isə izahatında bildirmişdir ki, əmək kitabçasında onun xx.xx.2000-ci il tarixdə "xxxx" ASC-də işə qəbul olunduğu qeyd edilsə də, o, "xxxx" ASCdə işdən azad olunduqdan, yəni xx.xx.2000-ci il tarixdən sonra "xxxx" ASC-də işə başlamışdır. Ziddiyyət olduğundan məhkəmə kollegiyası iddiaçının "xxxx" ASC-də işlədiyini iddia etdiyi dövrə münasibətdə onun əmək kitabçasındakı müvafiq qeydi mötəbər hesab etmir. Məhkəmə araşdırması zamanı isə "xxxx" ASC tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 18 nömrəli məktubla, həmçinin şahid qismində dindirilmiş sözügedən müəssisənin həmin dövrdəki baş mühasibinin müavininin ifadəsi ilə müəyyən edilmişdir ki, iddiaçı 2000-ci ildə həmin müəssisəyə aid yük avtomobilinin sürücüsü kimi işə qəbul olunmuş, üç ay işlədikdən sonra işə çıxmamış, eyni zamanda, həmin müəssisə də 2000-2002-ci illərdə zəif şəkildə fəaliyyət göstərmiş, daimi fəaliyyəti olmamışdır. Belə olan halda, 2000-ci ilin avqust, sentyabr və oktyabr ayları (3 ay) istisna olmaqla iddiaçının "xxxx" ASC-də işləmiş olması sübuta yetmir. Bunun əksinə dair də iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (2 il 1 ay 8 gün) hərbi xidmətdə olduğu, müəyyən edilmiş minimum əmək iştirakı norması yerinə yetirilməklə 1972-1974-cü illərdə (3 il) İmişli rayon “Telman” adına kolxozda, həmçinin xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (22 il 4 ay 25 gün) "xxxx" ASC-də və 2000-ci ilin avqust, sentyabr və oktyabr aylarında (3 ay) "xxxx" ASC-də işlədiyi iş stajı nəzərə alınmaqla, iddiaçının ümumilikdə 25 ildən artıq sosial sığorta stajı olduğu müəyyən edilir ki, bu da, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Beləliklə, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(120)-632/2022 nömrəli qərarı ləğv edilməli, İddiaçı iddia tələbi qismən təmin edilməli, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu, 1972-1974-cü illərdə İmişli rayon “Telman” adına kolxozda, xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" ASC-də və 2000-ci ilin avqust, sentyabr və oktyabr aylarında "xxxx" ASC-də işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulmalı, İddiaçı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(120)-632/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı iddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu, 1972-1974-cü illərdə İmişli rayon “Telman” adına kolxozda, xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" ASC-də və 2000-ci ilin avqust, sentyabr və oktyabr aylarında "xxxx" ASC-də işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulsun. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-25/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-25/2023
22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver