Məhkəmə qərarları › İş №2-1(106)-25/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-25/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-25/2024 30.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, xx.xx.2022-ci il tarixdən iddiaçının sosial müavinətindən hər ay 20 % (36) manat məbləğində pul vəsaitinin tutulmasının dayandırılması və həmin tarixdən tutulmuş vəsaitin iddiaçıya geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(120)-1041/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə sosial müavinətdən artıq tutulmuş vəsaitin geri qaytarılması və artıq ödəməyə görə hesablanmış məbləğin silinməsi öhdəliyinin AR ƏƏSMN yanında DSMF-nin 12 saylı Regional Filialının üzərinə qoyulması barədə iddia ərizəsi ilə müraciət edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1041/2023 saylı qərardadı ilə iddiaçı və cavabdeh olduğu kimi qalmaqla, iddiaçının dəqiqləşmə barədə ərizəsinə əsasən, iddia tələbinə cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, xx.xx.2022-ci il tarixdən iddiaçının sosial müavinətindən hər ay 20 % (36) manat məbləğində pul vəsaitinin tutulmasının dayandırılması və həmin tarixdən tutulmuş vəsaitin iddiaçıya geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşmə aparılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdən yaşa görə sosial müavinət almışdır. Daha sonra pensiya alan zaman ona məlum oldu ki, aldığı pensiya məbləği əvvəlki aylarda aldığım məbləğdən azdır. O, DSMF-yə müraciət etdi. Ona ünvanlanmış məktubda bildirilmişdir ki,”'Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci yarım bəndinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2018-oi il tarixindən xx.xx.2022-ci il tarixinədək adına aktiv VCEN (**********) olduğu halda Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq ona 01.01,2020-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. Bu səbəbdən sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Nəticədə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixidək 2990.00 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin Sığorta altsistemi proqram təminatına və təqdim etdiyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinin 01,03.2022-ci il tarixli məktubuna əsasən aktiv vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2022-ci il tarixindən dayandırıldığı üçün xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən artıq ödənilmiş yaşa görə sosial müavinətin məbləğinin tutulması haqqında 31,03.2022-ci il tarixli 13253/**********9 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən artıq ödənilmiş 2990.00 manat məbləğ bölünərək hər ay 20% olmaqla (36 manat) aylıq yaşa görə sosial müavinətdən tutularaq Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunmaqdadır. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçının adına aktiv VÖEN (**********) olduğu halda Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq xx.xx.2020-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Bu səbəbdən sosial müavinətin ödənişi xx.xx.2021 -ci il tarixdən dayandırılmışdır. Təqdim edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********744200 nömrəli məktubuna əsasən İddiaçı xx.xx.2013-ci il tarixdə vergi orqanında qeydiyyata düşərək ********** nömrəli fiziki şəxsin uçotu haqqında şəhadətnamə almışdır. Sözügedən məktubda qeyd edilmişdir ki, İddiaçı uçota düşdüyü tarixdən fəaliyyətini dayandırdığı tarix istisna olmaqla digər tarixlərdə fəaliyyəti aktiv olmuşdur. Nəticədə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2990.00 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Həmin məktuba əsasən aktiv vergi ödəyicisi kimi iddiaçının fəaliyyəti xx.xx.2022-ci il tarixdən dayandırıldığı üçün xx.xx.2022- ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İnzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Hazırki qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Ona görə iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 07 mart 2023-ci il tarixli, 2-1(120)-1041/2023 saylı qərarı ilə (hakim Amilya Hüseynova) iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 07 mart 2023-ci il tarixli, 2-1(120)-1041/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mərkəzi filial tərəfindən həyata keçirilmiş xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı adına aktiv VÖEN (**********) olduğu halda Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq xx.xx.2020-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Bu səbəbdən sosial müavinətin ödənişi xx.xx.2021 -ci il tarixdən dayandırılmışdır. Bildiririk ki, təqdim edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********744200 nömrəli məktubuna əsasən İddiaçı xx.xx.2013-ci il tarixdə vergi orqanında qeydiyyata düşərək ********** nömrəli fiziki şəxsin uçotu haqqında şəhadətnamə almışdır. Sözügedən məktubda qeyd edilmişdir ki, İddiaçı uçota düşdüyü tarixdən fəaliyyətini dayandırdığı tarix istisna olmaqla digər tarixlərdə fəaliyyəti aktiv olmuşdur. Nəticədə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2990.00 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Həmin məktuba əsasən aktiv vergi ödəyicisi kimi iddiaçının fəaliyyəti xx.xx.2022-ci il tarixdən dayandırıldığı üçün xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Hazırki qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 07 mart 2023-ci il tarixli, 2-1(120)-1041/2023 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 07 mart 2023-ci il tarixli, 2-1(120)-1041/2023 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək tələbinə “cavabdehin xx.xx.2022-ci il tarixli 13253/**********9 nömrəli qərarının ləğv edilməsi və həmin qərar əsasında tutulmuş məbləğin iddiaçıya geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə vəsatətə etirazının olmadığını bildirmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Əvvəlki redaksiyada deyilirdi: 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. Maddə 7. Müavinətlərin təyin olunması şərtləri 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: ... 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə; Maddə 11. Müavinətlərin ödənişinin dayandırılması 11.1. Müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: ... 11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda; Maddə

12. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxsin məlumat vermək vəzifəsi 12.1. Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. 12.2. Müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır

Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: ... 13.2.4. Vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, xx.xx.2022-ci il tarixdən iddiaçının sosial müavinətindən hər ay 20 % (36) manat məbləğində pul vəsaitinin tutulmasının dayandırılması və həmin tarixdən tutulmuş vəsaitin iddiaçıya geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, sosial müavinətin artıq ödənilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. Rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun müavinət məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi iddiaçı etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində sosial müavinətin təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, sosial müavinət təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun tutulması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə və ya faktiki xarakterli hərəkət qanunsuz əlverişli hərəkət hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi sosial müavinət təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq pulun tutulması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə qismən razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X5 Apellyasiya Məhkəməsinə ünvanladığı 08 dekabr 2023-cü il tarixli, 3-17- 1/2-288146/2023 nömrəli məktubundan görünür ki, fondun keçmiş Ağcabədi rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 399586 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, Mərkəzi Filial tərəfindən aparılan xidməti yoxlama zamanı iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2022ci il tarixədək adına aktiv VÖEN olduğu aşkar edilmiş və Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli, 13253/**********9 nömrəli qərarı ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2990 manat artıq ödəmə müəyyən edilmiş, sözügedən qərara (xx.xx.2022-ci il tarixli, 13253/**********9 nömrəli qərar) əsasən iddiaçıya 180 manat məbləğində yaşa görə müavinət təyin edilmiş, həmçinin iddiaçının müavinət işinə dair sənədlərdə artıqödəmənin tutulması ilə bağlı razılıq ərizəsi aşkar edilməmişdir. İş materiallarında olan İddiaçı (Ağcabədi rayonu, müavinət nömrəsi: 399586) sosial müavinət ödənişinə dair sənədlərinin təsdiq edilmiş surətindən görünür ki, xidməti yoxlama zamanı xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçının adına aktiv VÖEN olduğu halda xx.xx.2020-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş və təyin edilmiş müavinət yuxarıda göstərilən səbəbdən xx.xx.2021-ci il tarixindən dayandırılmış, nəticədə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2990 manat məbləğində artıq ödəmə müəyyən edilmiş, Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçının aktiv vergi ödəyicisi kimi fəaliyyətini xx.xx.2022-ci il tarixdən dayandırdığı üçün ona xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, Mərkəzi Filial tərəfindən iddiaçıya artıq ödənilmiş yaşa görə sosial müavinətin məbləğinin tutulması haqqında xx.xx.2022-ci il tarixli, 13253/**********9 nömrəli qərar qəbul edilmiş və 2990 manat məbləğində artıq ödəmə bölünərək hər ay 20 faiz olmaqla (36 manat) iddiaçının aylıq yaşa görə sosial müavinətindən tutularaq DSMF-nin hesabına bərpa olunmaqdadır. İş materiallarında olan Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin Şirvan Apellyasiya Məhkəməsinə ünvanladığı 07 iyul 2023-cü il tarixli, **********882300 nömrəli məktubundan görünür ki, İddiaçı (VÖEN **********) sahibkarlıq və digər vergi tutulan əməliyyatları xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2097-ci il tarixədək dayandırılmış, hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir, həmçinin İddiaçı vergi uçotuna alındığı xx.xx.2013-cü il tarixdən fəaliyyət növü “yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi” olub. İş materiallarında olan Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin Şirvan Apellyasiya Məhkəməsinə ünvanladığı 15 may 2024-cü il tarixli, **********313500 nömrəli məktubundan görünür ki, uçot baza və vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən İddiaçı (VÖEN **********) sahibkarlıq fəaliyyəti xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixədək aktiv olmuş, vergi ödəyicisinin göstərilən tarixlərdə fəaliyyətinin aktiv olmasına baxmayaraq vergi tutulan dövriyyəsi və gəlirləri müəyyən edilməmişdir. İşin faktiki hallarından görünür ki, Fondun keçmiş Ağcəbədi rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 399586 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının adına xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv VÖEN (**********) olması əsas gətirilərək sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmış və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, 13253/**********9 saylı qərarı ilə 2990.00 manat artıq ödəmə məbləği müəyyən edilmiş, iddiaçının aktiv vergi ödəyicisi kimi fəaliyyətini xx.xx.2022-ci il tarixdən dayandırdığı üçün ona xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş və xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə artıq ödənilmiş məbləğin (2990 manat) iddiaçının yaşa görə sosial müavinətindən tutulması qərara alınmışdır. Hazırda iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli 13253/**********9 nömrəli qərarının xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə artıq ödənilmiş məbləğin tutulması hissəsində ləğv edilməsini və həmin qərar əsasında tutulmuş müavinətın iddiaçıya geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi xahiş edir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir və belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul ediməsi tələb olumur. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilləri ilə razılaşmayaraq mübahisənin mahiyyəti üzrə qeyd edir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələbinə görə müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Göründüyü kimi qanun cavabdehə artıq ödənilmiş məbləğin qaytarılması üçün konkret prosedur müəyyən etmişdir. Həmin prosedura əsasən inzibati orqan artıq ödəmə ilə bağlı hal aşkar etdiyi təqdirdə bu barədə şəxsi məlumatlandırmalı, artıq ödənilmiş məbləğin geri tutulması ilə bağlı müavinət alan şəxsin razılığı olmadığı təqdirdə, məhkəmədə iddia qaldırılmalıdır. Lakin cavabdeh artıq ödənilmiş məbləğin iddiaçıdan tutulması barədə qərar qəbul etsə də, bu zaman iddiaçının razılığını almamışdır. İşdən iddiaçının belə bir razılığının olması da müəyyən olunmur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X5 Apellyasiya Məhkəməsinə ünvanladığı 08 dekabr 2023-cü il tarixli, 3-17-1/2-288146/2023 nömrəli məktubundan görünür ki, iddiaçının müavinət işinə dair sənədlərdə artıq ödəmənin tutulması ilə bağlı razılıq ərizəsi aşkar edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mövqeyi ilə tam razılaşaraq bildirir ki, Filial artıq ödənişlərin geri qaytarılması (tutulması) məsələsini həll edərkən həm “Sosial müavinətlər haqqında” Qanunun normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. Odur ki, cavabdehin artıq ödənilmiş sosial müavinətin geri qaytarılması barədə qərarı qanunsuz və əsassızdır. Həmin qərara əsaslanmaqla ödənilmiş məbləğin şəxsdən geri tələb edilməsi yolverilməzdir. Bu hissədə birinci instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan şikayət təmin edilmədən, məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırması zamanıİddiaçı (VÖEN **********) sahibkarlıq fəaliyyəti xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixədək fəaliyyətinin aktiv olmasına baxmayaraq vergi tutulan dövriyyəsi və gəlirləri müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin Şirvan Apellyasiya Məhkəməsinə ünvanladığı 15 may 2024-cü il tarixli, **********313500 nömrəli məktubundan görünür ki, uçot baza və vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən İddiaçı (VÖEN **********) sahibkarlıq fəaliyyəti xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixədək aktiv olmuş, vergi ödəyicisinin göstərilən tarixlərdə fəaliyyətinin aktiv olmasına baxmayaraq vergi tutulan dövriyyəsi və gəlirləri müəyyən edilməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının VÖEN-ə malik olması və xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixədək fəaliyyətinin aktiv olması hələ onun aktiv sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına, eləcə də gəlir əldə etməsinə dəlalət etmir. Hansı ki, “Sosial müavinətlər haqqında” Qanunun 11.1.2-ci maddəsinə əsasən yaşa görə təyin edilmiş müavinətin ödənişi - şəxs əmək fəaliyyətinə başladıqda dayandırılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Yuxarıda qeyd edilən hüquq normasını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının artıq ödənilmiş müavinətin geri qaytarılmasına razılığı olmadığına görə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilmiş artıq pul vəsaiti özünün qəbul etdiyi hazırda mübahisələndirilən qərarla deyil, məhkəmə qaydasında tutula bilərdi. Beləliklə, cavabdehin xx.xx.2022-ci il tarixli 13253/**********9 nömrəli qərarının ləğv edilməsi və həmin qərar əsasında tutulmuş məbləğin iddiaçıya geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması işin hallarına və inzibati icraat haqqında hüquq normalarına uyğun nəticədir. Ən azından, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş müavinətin xərclədiyi, hazırda isə aşkar ahıl dövrünü yaşadığı və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, cavabdeh tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin ondan qaytarılmasının tələb olunması qanunsuzdur. Məhkəmənin gəldiyi hüquqi nəticə “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqeyi ilə eynilik təşkil edir. Həmin qərarın əsaslandırıcı hissəsində (qərarın 6-cı səhfəsinin 1-ci, 2-ci, 4-cü və 5-ci abzaslarında) qeyd olunur: “Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)”. İşə apellyasiya qaydasında baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddia tələbində dəyişiklik etdiyini, tələbində “cavabdehin xx.xx.2022-ci il tarixli 13253/**********9 nömrəli qərarının xx.xx.2020xx.xx.2021-ci il tarixlərdə artıq ödənilmiş məbləğin tutulması hissəsində ləğv edilməsi və həmin qərar əsasında tutulmuş müavinətın iddiaçıya geri ödənilməsi” kimi baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yeni (dəqiqləşdirilmiş) iddia tələbi qanuna və iddiaçının hüquqi marağına uyğun olduğundan, o cümlədən birinci və apellyasiya məhkəməsi tərəfindən məhz hazırki yeni tələb üzrə inzibati məhkəmə araşdırması aparıldığından həmin tələb üzrə qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, bu məzmunda tələbin təmin olunması gələcəkdə qərarın icrasında yarana biləcək anlaşılmazlığın və çətinliklərin baş verməsinin qarşısını alacaqdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, cavabdehin xx.xx.2022-ci il tarixli 13253/**********9 nömrəli qərarı xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə artıq ödənilmiş məbləğin tutulması hissəsində ləğv edilməli və həmin qərar əsasında tutulmuş müavinət iddiaçıya geri ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(120)-1041/2023 saylı qərаrı qərarı dəyişdirilsin. Cavabdehin xx.xx.2022-ci il tarixli 13253/**********9 nömrəli qərarı xx.xx.2020xx.xx.2021-ci il tarixlərdə artıq ödənilmiş məbləğin (müavinətin) tutulması hissəsində ləğv edilsin və həmin qərar əsasında tutulmuş müavinətin iddiaçıya geri ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar