Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-251/2022 23.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Mərkəzi-Aran regional filialının nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-1(120)-552/2022 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Mərkəzi-Aran regional filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Mərkəzi-Aran regional filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Mərkəzi-Aran regional filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 13 sentyabr 2022-ci il tarixli, 2-1(120)-552/2022 nömrəli qərarı ilə iddiaçı X4 iddiasının təmin edilməsi, iddiaçı X7 pensiya hüququnun yarandığı gün, yəni 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Mərkəzi-Aran regional filialının üzərinə qoyulması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 13 sentyabr 2022-ci il tarixli, 2-1(120)-552/2022 nömrəli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-1(120)-552/2022 nömrəli qərarının giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsində buraxılmış yanlışlıq düzəldilərək “X10” sözünün “İddiaçı” sözü kimi oxunması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Mərkəzi-Aran regional filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixdə doğulmuşdur. Onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. O, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı mübahisələndirilən sosial sığorta stajı 1975-1976-cı illərdə "xxxx" adına kolxozda, 1977-1998-ci illərdə X13 və Emalı Müəssisəsində işlədiyini iddia etdiyi dövrlərdir ki, bu da ümumilikdə 22 il 10 ay 26 gün təşkil edir. Mübahisələndirilməyən sosial sığorta stajı isə Kürdəmir rayon Xınıslı kənd kitabxanasında işlədiyi (xx.xx.2014-xx.xx.2018) 4 il 24 günlük müddətdir. Beləliklə, İddiaçı "xxxx" adına kolxozda işlədiyi müddət əmək kitabçasında qeyd olunmadığından, X13 və Emalı Müəssisəsində işlədiyi müddət isə həmin müəssisənin əmək haqqı ödəniş cədvəllərində ona əmək haqqı hesablanması barədə məlumat olmadığından sosial sığorta stajına daxil edilə bilməz. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmadığına görə ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmçinin bildirdi ki, iddiaçının arxiv arayışına əsasən 1975-1976-cı illərdə Kürdəmir rayonu "xxxx" adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyindən tərəflərindən sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Həmçinin şəxsi heyətə dair əmr kitabları, əmək haqqı cədvəlləri və digər sənədlər arxivə təhvil verilmədiyi və həmin sənədlərin saxlanıldığı hüquqi ünvan məlum olmadığı üçün əvvəlcə iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Kürdəmir Üzümçülük sovxozunda və həmin sovxozun bazasında yaradılmış X13 və Emalı Müəssisəsində işlədiyinə dair əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılması tərəflərindən mümkün olmamışdır. Daha sonra iddiaçının verdiyi istiqamət üzrə tərəflərindən aparılmış araşdırma nəticəsində iddiaçının sözügedən sovxoz və müəssisəyə işə daxilolma və işdən azadolunma əmrləri tapılsa da, əmək haqqı ödəniş cədvəllərində 34 ay üzrə iddiaçının həmin sovxoz və müəssisədə aldığı əmək haqqı müəyyən edilsə də, qalan digər dövrlər üzrə əmək haqqı ödəniş cədvəllərində iddiaçıya əmək haqqı hesablanması barədə məlumat olmadığı aşkar olunmuşdur. Bu səbəbdən həmin dövrlər iddiaçının iş stajına daxil edilə bilməz. Belə olan halda da iddiaçının ümumilikdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajı olmur və ya tələb olunan pensiya kapitalı yaranmır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, o, 1975-1976-cı illərdə Kürdəmir rayonu "xxxx" adına kolxozda tələb olunan minimum adam günü normasını yerinə yetirərək işləmiş və əmək haqqı almışdır. Həmçinin xx.xx.1977-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Kürdəmir Üzümçülük sovxozunda və sonradan həmin sovxozun bazasında yaradılmış X13 və Emalı Müəssisəsində işləmişdir. xx.xx.1998-ci il tarixdə torpaq islahatının həyata keçirilməsi ilə bağlı müəssisənin kənd təsərrüfatı sahəsi üzrə torpaqlarının paylanması ilə əlaqədar müəssisənin fəaliyyətinin dayandırılması barədə X13 və Emalı Müəssisəsi üzrə əmr verilmiş və işçilərə işdən çıxma barədə ərizə vermələri bildirilmişdir. O da, işdən çıxma barədə verdiyi ərizə əsasında xx.xx.1998-ci il tarixdə həmin müəssisədə işdən azad edilmişdir. Əmək kitabçasına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1998-ci il tarixədək sözügedən sovxoz və müəssisədə işlədiyi bütün dövr üzrə əmək haqqı almışdır. Cavabdeh əvvəlcə onun sözügedən sovxoz və müəssisədə işləməsinə dair əmək kitabçasındakı qeydlərin müvafiq sənədlərin arxivə təhvil verilməməsi səbəbindən qarşılıqlı yoxlanılmasının mümkün olmadığını bildirmişdir. Həmin sovxoz və müəssisənin sənədlərinin müəssisəsinin həyətindəki kiçik bir otaqda dağınıq şəkildə olması barədə onun verdiyi məlumata əsasən cavabdehin əməkdaşları həmin müəssisənin keçmiş mühasibi Eyyub Usubovun köməkliyi ilə araşdırma aparmış, dağınıq sənədlərin arasından tapa bildikləri sənədlər üzrə onun müvafiq illər və aylarda əmək haqqı aldığını müəyyən etmiş, tapa bilmədikləri sənədlər üzrə isə onun əmək haqqı almadığını iddia etmişdirlər. Lakin qeyd etdiyi kimi, əmək kitabçasına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1998-ci il tarixədək sözügedən sovxoz və müəssisədə işlədiyi bütün dövr üzrə əmək haqqı almışdır. Həmin sovxoz və müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi, lazımınca qorunub saxlanılmaması, müəyyən hissəsinin tapılmaması onun təqsiri deyildir və bu hal onun əmək pensiyası hüququndan məhrum edilməsinə əsas verməməlidir. Həmçinin o, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Kürdəmir rayon Xınıslı kənd kitabxanasında işləmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Kürdəmir rayonu, Xınıslı kəndində doğulmuş, Kürdəmir rayonu, Xınıslı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.1981-ci il tarixli, İİ-JQ 402953 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1981-ci il tarixdə X12 ilə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra soyadı Şükürova olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1977-ci ildən sovxozun kənd təsərrüfatı sahəsinə fəhlə qəbul edilmiş, xx.xx.1998-ci il tarixdə islahatla əlaqədar olaraq işdən azad edilmiş, həmçinin xx.xx.2014cü il tarixdən xx.xx.2018-ci il tarixədək Kürdəmir rayon Xınıslı kənd kitabxanasında işləmişdir. İşdə olan X5 İdarəsinin Kürdəmir rayon X1 xx.xx.2014-cü il tarixli, 17 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən Kürdəmir rayon Xınıslı kənd kitabxanasının xadiməsi işinə təyin edilmişdir. İşdə olan X5 İdarəsinin Kürdəmir rayon X1 xx.xx.2018-ci il tarixli 37 nömrəli əmrindən çıxarışdan görünür ki, Şükürova X9 rayon Xınıslı kənd kitabxanasının xadiməsi işindən azad edilmişdir. İşdə olan Kürdəmir rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 198 nömrəli arxiv arayışının təsdiq edilmiş surətində qeyd edilmişdir ki, Şükürova (Salmanova) Şərqilə Azay qızı 1975-1976-cı illərdə Kürdəmir rayonu "xxxx" adına kolxozda işləyərək natura dəyəri ilə birlikdə əmək haqqı qazanmışdır. Kürdəmir rayonu "xxxx" kolxozunda tələb olunan minimum adam günü 1975-1976-cı illərdə 150 gün olmuşdur. İddiaçı yerinə yetirdiyi faktiki adam günü 1975-ci ildə 155 gün, 1976-cı ildə 169 gün olmuşdur. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********3 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasında onun xx.xx.1977-ci il tarixdən xx.xx.1998-ci il tarixədək X13 və Emalı Müəssisəsində işlədiyi qeyd edilmişdir. Lakin X13 və Emalı Müəssisəsinin şəxsi heyətə dair əmr kitabları, əmək haqqı cədvəlləri və digər sənədləri Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilmədiyi və saxlanıldığı hüquqi ünvan məlum olmadığı üçün qarşılıqlı üzləşdirmək, onun həmin idarədə sosial sığorta stajını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən həmin dövrlərin sosial sığorta stajı kimi qəbul edilməsi və beləliklə tələb olunan azı 25 il sosial sığorta stajının təsdiqlənməsi mümkün olmamışdır. Bu səbəbdən İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İşdə olan X5 İdarəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialına ünvanlanmış xx.xx.2021-ci il tarixli, 641 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Kürdəmir rayon Xınıslı kənd kitabxanasının xadiməsi işində işləmiş və əmək haqqı almışdır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialının mütəxəssisləri Valeh Musayev və Nihad Qənimətoğlunun, X13 və Emalı Müəssisəsinin sabiq mühasibi E.Usubovun iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın təsdiq edilmiş surətində qeyd edilmişdir ki, İddiaçı xx.xx.1977-ci il tarixli, 51 nömrəli əmrlə işə qəbul edilmiş, xx.xx.1998-ci il tarixli, 01 nömrəli əmrlə işdən azad olunmuşdur. Lakin illər və aylar üzrə aşağıdakı kimi əmək haqqı almışdır: 1977-ci ildə 5 ay, 1978-ci ildə 6 ay, 1982-ci ildə 5 ay, 1983-cü ildə 5 ay, 1984-cü ilin 9 ay, 1985-ci ildə 2 ay, 1986-cı ildə 2 ay. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialı tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********8 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı 57 yaşı və 3 uşağı olduğu üçün 2019-cu ilin yanvarın 1-dək sosial müavinət təyin edilmişdir. Ona 62 yaşında – xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması üçün azı 25 il sığorta stajı və ya 28800 manat pensiya kapitalı tələb olunur. İddiaçı təqdim etdiyi sənədlərdə sosial sığorta stajına aid 1975-1976-cı illərdə Kürdəmir rayonu "xxxx" adına kolxozda işləməsi haqqında və Kürdəmir Üzümçülük sovxozunun ilkin sənədlərinin Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilməməsi haqqında arxiv arayışları, xx.xx.1977-ci il tarixdən xx.xx.1998-ci ilədək Kürdəmir Üzümçülük sovxozunda və Üzüm İstehsalı və Emalı Müəsisəsində, xx.xx.2014cü il tarixdən xx.xx.2018-ci ilədək Kürdəmir rayon Xınıslı kənd kitabxanasında işlədiyi qeyd olunmuş əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surəti vardır. Kürdəmir Üzümçülük sovxozunun və Üzüm İstehsalı və Emalı Müəssisəsinin əmr kitabları və əmək haqqı sənədlərinin tapılması üçün tərəflərindən ətraflı araşdırılma aparıldıqdan sonra məlum olmuşdur ki, sənədlər müəssisəsinin həyətində kiçik bir otaqda dağınıq halda yığılmışdır. Müəssisənin keçmiş mühasibi olmuş Eyyub Usubovun köməkliyi ilə filialın əməkdaşları birlikdə çətinliklə olsa da, 1977-ci, 1998-ci illərin əmr kitablarını və 1977- 1997-ci illərdə işçilərə ödənilmiş əmək haqlarının qeydiyyatı aparılmış kitabları və cədvəlləri dağınıq halda saxlanılmış sənədlərin arasından tapıb baxış keçirmişlər. Araşdırma zamanı İddiaçı xx.xx.1977-ci il tarixli, 51 nömrəli əmrlə sovxozun kənd təsərrüfatı sahəsinə fəhlə işinə qəbul olunması əmr kitabına əsasən təsdiqlənsə də, əmək haqqı kitablarına baxış keçirilərkən 1977-ci ildə 5 ay, 1978-ci ildə 6 ay, 1982-ci ildə 5 ay, 1983-cü ildə 5 ay, 1984-cü ildə 9 ay, 1985-ci ildə 2 ay, 1986-cı ildə 2 ay, ümumilikdə cəmi 34 ay əmək haqqı alması təsdiq olunmuşdur, qalan illərin əmək haqqı cədvəllərinə ətraflı baxış keçirilsə də, 1979-cu, 1980-ci, 1981-ci, 1987-1997-ci illərdə, ümumiyyətlə, əmək haqqı oİmadığı aşkar olunmuşdur. İslahatla əlaqədar olaraq kənd təsərrüfatı sahəsində işlər dayandırıldığı üçün xx.xx.1998-ci il tarixli, 01 nömrəli ümumi əmrlə bütün işçilər işdən azad olunmuşdurlar. Beləliklə, İddiaçı xx.xx.2006-cı il tarixədək topladığı ümumi sığorta stajı (1975-1976-ci illərdə keçmiş "xxxx" adına kolxozda işlədiyi müddət məhkəmə qərarına əsasən sosial sığorta stajı kimi qəbul olunacağı təqdirdə 2 il, Kürdəmir Üzümçülük sovxozunda və Üzüm İstehsalı və Emalı Müəssisəsində 1977-ci, 1978-ci, 1982-1986-cı illərdə işlədiyi aylar – 34 ay = 2 il 10 ay) cəmi 4 il 10 ay, xx.xx.2006-cı il tarixdən sonra isə sosial sığorta stajı 4 il 2 ay, toplanmış pensiya kapitalı 818,72 manat təşkil edəcəkdir. Bu isə İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin olunmasına imkan vermir. İşdə olan Kürdəmir rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 119 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Şükürova X9 Üzümçülük sovxozunda işləyərək əmək haqqı qazanmışdır. Kürdəmir rayon Dövlət Arxivində saxlanılan Kürdəmir Üzümçülük sovxozu və Üzüm emalı zavodunun şəxsi hesaba aid olan əmrlər və əmək haqqı kitablarına əsasən qoşma vərəqələrdə göstərildiyi kimi onun adına əmək haqqı cədvəli və işədaxilolma əmri qeyd olunmuşdur. Sovxoza aid bəzi əmək haqqı kitabları qismən təhvil verilmişdir. 1977-1978-ci illər üzrə əmək haqqı siyahısında soyad “Salmanova” kimi qeyd olunmuşdur. İşdə olan Kürdəmir rayon Dövlət Arxivi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 58 nömrəli məktuba əlavə edilmiş Kürdəmir Üzümçülük sovxozu üzrə xx.xx.1977-ci il tarixli, 51 nömrəli əmrinin surətindən görünür ki, X2 xx.xx.1977-ci il tarixdən sovxozun kənd təsərrüfatı sahəsinə 12 nömrəli briqadaya fəhlə qəbul edilməsi barədə əmr verilmişdir. İşdə olan Kürdəmir rayon Dövlət Arxivi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 58 nömrəli məktuba əlavə edilmiş X13 və Emalı müəssisəsinin xx.xx.1998-ci il tarixli, 01 nömrəli əmrinin surətindən görünür ki, müəssisənin kənd təsərrüfatı sahəsi üzrə torpaqların paylanması ilə əlaqədar xx.xx.1998ci il tarixdən üzüm bağlarında dövlət idarəetmə qaydası ilə bağlı iş fəaliyyətinin dayandırılması və kənd təsərrüfatı sahəsi üzrə bütün işçilərə öz ərizələri ilə işdən çıxmaları barədə direktorluğa müraciət etmələri barədə əmr verilmişdir. İşdə olan sığortaolunan İddiaçı fərdi hesabından çıxarışdan görünür ki, İddiaçı oktyabr 2014-cü il tarixdən noyabr 2018-ci il tarixədək olan dövr ərzində pensiya kapitalı 873,57 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə qadınlara yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 62 yaşı tamam olmuşdur. İddiaçı 25 illik sığorta stajına malik olmasını təsdiqləyən sübut kimi arxiv arayışına və əmək kitabçasına istinad edir. İddiaçı arxiv arayışına əsasən 1975-1976-cı illərdə Kürdəmir rayonu "xxxx" adına kolxozda, əmək kitabçasına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Kürdəmir Üzümçülük sovxozunda və həmin sovxozun bazasında yaradılmış X13 və Emalı Müəssisəsində işləmişdir. Həmçinin iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqları ödənilməklə xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Kürdəmir rayon Xınıslı kənd kitabxanasında işləmişdir. İddiaçının xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Kürdəmir rayon Xınıslı kənd kitabxanasında işlədiyi 4 il 24 günlük müddətə münasibətdə tərəflər arasında hər hansı mübahisə yoxdur. Tərəflər arasında mübahisə iddiaçının arxiv arayışına əsasən 1975-1976-cı illərdə Kürdəmir rayonu "xxxx" adına kolxozda, əmək kitabçasına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Kürdəmir Üzümçülük sovxozunda və həmin sovxozun bazasında yaradılmış X13 və Emalı Müəssisəsində işlədiyi müddətə münasibətdə meydana çıxmışdır. Cavabdehin apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, iddiaçının kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyindən, həmçinin sözügedən sovxoz və müəssisənin əmək haqqı ödəniş cədvəllərində iddiaçıya əmək haqqı hesablanması barədə məlumat olmadığından müvafiq illər və aylar onun iş stajına daxil edilə bilməz. Belə olan halda da, iddiaçının ümumilikdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajı və ya pensiya kapitalı olmur. Arxiv arayışına əsasən iddiaçının kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd edilməməsi ilə bağlı cavabdehin dəlili əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına əsasən əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə əmək pensiyası növü üzrə pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Bu Qaydalarda tələb edilən sənədlər siyahısında ümumi iş stajını təsdiq edən istənilən sənədin təqdim edilməsi nəzərdə tutulmuşdur. Sözügedən arxiv arayışının kifayətedici sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1975-1976-cı illərə dair təqdim etdiyi arxiv arayışındakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. İddiaçının adına verilmiş arxiv arayışının məlumatları nəzərə alındıqda müəyyən edilir ki, Kürdəmir rayonu "xxxx" adına kolxozda qadınlar üçün minimum əmək günü (iş günü) norması 1975-1976-cı illərdə 150 adam günü olmuşdur. Buna qarşılıq, iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1975-1976-cı illərə münasibətdə yerinə yetirildiyindən həmin illər ona tam əmək stajı kimi, yəni 2 il hesablanmalıdır. Cavabdehin xx.xx.1977-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Kürdəmir Üzümçülük sovxozunda və həmin sovxozun bazasında yaradılmış X13 və Emalı Müəssisəsində işlədiyi müddət üzrə əmək haqqı ödəniş cədvəllərində iddiaçıya əmək haqqı hesablanması barədə məlumat olmadığından müvafiq illər və ayların onun iş stajına daxil edilə bilməməsi dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd edilən tarixlərdə sözügedən sovxoz və müəssisədə işlədiyini və əmək haqqı aldığını bildirir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən sovxoz və müəssisədə işləmədiyinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən tarixlərdə sözügedən sovxoz və müəssisədə işlədiyi müddət üzrə əmək haqqı ödəniş cədvəllərində iddiaçıya əmək haqqı hesablanması barədə məlumat olmaması iddiaçının ziyanına qiymətləndirilə, bu səbəbdən onun əmək pensiyası hüququ məhdudlaşdırıla bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İşəgötürənin müəssisənin müvafiq sənədlərini qoruyub saxlamaması, həmin sənədləri dövlət arxiv idarələrinə təhvil verməməsi işçinin əmək pensiyası hüququnun pozulması ilə nəticələnə bilməz. Məhkəmə araşdırması nəticəsində 1975-1976-cı illərdə (2 il) Kürdəmir rayonu "xxxx" adına kolxozda, xx.xx.1977-ci il tarixdən xx.xx.1998-ci il tarixədək (20 il 10 ay 26 gün) Kürdəmir Üzümçülük sovxozunda və həmin sovxozun bazasında yaradılmış X13 və Emalı Müəssisəsində və xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək (4 il 24 gün) Kürdəmir rayon Xınıslı kənd kitabxanasında işlədiyi müddət nəzərə alınmaqla iddiaçının ümumilikdə 25 ildən artıq sosial sığorta stajının olduğu müəyyən edilir ki, bu da, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Mərkəzi-Aran regional filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-1(120)-552/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-251/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-251/2022
23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver