Məhkəmə qərarları › İş №2-1(106)-252/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-252/2022

28.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-252/2022 28.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər İdarəsinə qarşı işi üzrə (Açar sözlər:iddianın mümkünlüyü) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Həsənov Müşfiq Kamil oğlundn ibarət tərkibdə, Şərifov Sarvan Şərif oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər idarəsinə qarşı “xx.xx.2021-ci il tarixli, **********310700 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2-1(120)- 884/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Masallı Məhkəmə Kompleksinin inzibati binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər idarəsinə qarşı “xx.xx.2021-ci il tarixli,**********310700 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, 6 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********310700 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarına əsasən müəssisəyə 2020-ci il üzrə 32182,42 manat mənfəət vergisi hesablanmışdır. Hesab edir ki, 6 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********310700 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarı qanunsuz və əsassızdır. İlk növbədə bildirir ki, mübahisələndirilən qərarın əsaslandırma hissəsində “ödəyici üçün gələn sənəd ilə: ********************1124 Müraciətə baxılmanın nəticəsi barədə qeyd olunmuşdur. Göründüyü kimi, qərar əsaslandırılmamışdır. Lakin göstərilənlərin əksinə mübahisələndirilən qərarda əsaslandırma aparılmamışdır. Eyni zamanda bildirir ki, vergi orqanının ona 32182,42 manat mənfəət vergisi hesablanması da anlaşılan deyildir. Belə ki, 2019 cu ilin yekunlarına əsasən müəsisədə 23961.40 maat mal qalığı olmuşdur və 2020 ci il ərzində 157933.75 ümumilikdə manat alımışdır. Həmin göstəricilər də təqdim edilmiş dəqiqləşdirilmiş bəyənnamədə göstərilmişdir. Eləcə də, Online kassa aparatı ilə təqdim edilmiş malların fərqində yaranmış dövriyyə fərqinin səbəbi online kassa aparatında yaranmış nasazlıqla bağlı olmuşdur. Belə ki 2020-ci il ərzində online kassa aparatının beyni yanmış və tərəfindən həmin kassa aparatının beyni işlək vəziyyətdə olan başqa kassa aparatının beyni ilə dəyişdirilmişdir. Lakin yeni qoyulmuş kassa aparatının beynində keçmiş dövrə aid göstəricilər ilə yeni dövrə aid göstəricilər toplanaraq il üzrə vahid göstərici kimi emal edilmişdir. Qeyd olunan səbəbdən təqdim edilmiş bəyannamədə olann göstəricilərlə online kassa aparatının göstəriciləri arasında kəskin fərq yaranmışdır. Sözügedən xüsusatları təsdiq edən sübutları cavabdeh təşkilata təqdim etməsinə baxmayaraq sonuncu bunu nəzərə almayaraq müəssisəyə 32182,42 manat mənfəət vergisi hesablamışdır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “xx.xx.2021-ci il tarixli, **********310700 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar cavabdeh tərəfindən əsaslandırılmamışdır, eyni zamanda bildirir ki, vergi orqanının ona 32182,42 manat mənfəət vergisi hesablanması da anlaşılan deyildir”. Qeyd olunan dəlillə bağlı ətraflı olaraq bildirilir ki, cəmiyyət tərəfindən 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyənnaməsi üzərində “Tərəfinizdən kassa metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyənnaməsi”nin 200.1-ci (malların təqdim edilməsindən gəlir), 200.2-ci (işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) və 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 213177.70 manat gəlir məbləğinin hesabat dövrü ərzində tərəfindən təqdim edilmiş online kassa aparatı ilə müəyyən edilən (374252,36 manat), tərəfinizdən ixrac edilmiş və elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 374252,36 manat məbləğdən bəyənnamənin 1 nömərli Əlavəsinin 1.4.2-ci (“Sair debitor borcları”) sətrinin “Hesabat dövrünün sonuna” olan məbləği ilə “Hesabat dövrünün əvəvlinə” olan məbləğin fərqi yaranan 374252,36 manat məbləğdən 161074,66 manat az əks etdirilməsi nəticəsində kənarlaşma yaranmışdır” məzmununda uyğunsuzluqlar yaranmışdır. Yaranmış uyğunsuzluqlar barədə, cəmiyyətə xx.xx.2021-ci il tarixli **********881300 nömrəli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, cəmiyyət tərəfindən uyğunsuzluq məktubuna cavab olaraq əsaslandırılmış izahat, dəqiqləşdirilmiş bəyənnamə və ya təsdiqedici sənədlər təqdim edilməməklə heç bir münasibət bildirilməmişdir. Qeyd olunanlara əsasən cəmiyyətə 2020-ci il üçün mənfəət vergisi bəyənnaməsi üzrə 32182,42 manat əlavə vergi məbləği hesablanmış və xx.xx.2021-ci il tarixli **********310700 nömərli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “2020-ci il ərzində online kassa aparatının beyni yanmış və tərəfimizdən həmin kassa paratının beyni işlək vəziyyətdə olan başqa kassa aparatının beyni ilə dəyişdirilmişdir. Lakin yeni qoyulmuş kassa aparatının beynində keçmiş dövrə aid göstəricilər ilə yeni dövrə aid göstəricilər toplanaraq il üzrə vahid göstərici kimi emal edilmişdir. Qeyd olunan səbəbdən təqdim edilmiş bəyənnamədə olan göstəricilərlə online kassa aparatının göstəriciləri arasında kəskin fərq yaranmışdır. Sözügedən xüsusatları təsdiq edən sübutları cavabdeh təşkilata təqdim etməyimizə baxmayaraq sonuncu bunu nəzərə almayaraq müəssisəyə 32182,42 manat mənfəət vergisi hesablamışdır”. Bununla bağlı bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən daxil olan xidməti məktuba Rəqəmsal vergi inzibatçılığı baş idarəsində baxılmış və araşdırma zamanı məlum olmuşdur ki, vergi ödəyici xx.xx.2020 13:20:20 tarixdən- xx.xx.2020 10:51:15 tarixədək, nəzarət-kassa aparatında (müxtəlif tarixlərdə) yalnız 32 gün istifadə etmişdir. Bundan əlavə olaraq, xx.xx.2020 10:51:15 tarixdən – xx.xx.2021 tarixədək vergi ödəyicisi ümumiyyətlə nəzarət-kassa aparatından istifadə etməmişdir. Bildirilir ki, loqların araşdırılması zamanı nəzarət-kassa aparatında və nəzarət mexanizmi qurğusunda texniki cəhətdən hər hansı bir problemin (sayğac göstəricilərində heç bir uyğunsuzluq müşahidə olunmayıb) olmadığı təyin edilmişdir. Nəzarət-kassa aparatının loqlarında qeyd edilən sayğac göstəricilərinə əsasən xx.xx.2020 13:20:20 tarixdən-08.9.2020 10:51:15 tarixədək YDM-də 636 961,85 manat məbləğində yanacaq satışı həyata keçirilmişdir. Bundan əlavə olaraq, 2020-ci il üzrə NMQ ********** qeydiyyat nömrəli nəzarət-kassa aparatı üzrə Dövlət Vergi Xidmətinin məlumat bazasında qeydə alınmış kassa əməliyyatları və dövriyyə barədə məlumatlar cavabdeh tərəfindən məhkəməyə göndərilmişir. Odur ki, İddiaçı MMCnin təqdim etdiyi iddia ərizəsi üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-884/2022 saylı qərardadı ilə (hakim A.A.Hüseynova) iddia mümkün sayılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, Azərbaycan Respublikası İPM-nin 2.2.1-ci maddəsi konkret olaraq mübahisləndirilən qərarın inzibati orqana aid olduğunu bildirir. İPM-nin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçıinzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisləndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icrqa olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Qeyd olunan norma aktın ləğv edilməsini bildirdiyi halda o da inzibati orqanın barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarını mübahisləndirmişdir. Bu da məhkəmə formasında ləğv edilməsi üçün əsas olmasına baxmayaraq məhkəmə şikayətini təmin etməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 1997-ci il tarixli, 2 nömrəli qərarının 3-cü bəndində qeyd edir ki, məhkəmələrə izah edilsin ki, MPM-nin 151-ci il maddəsinə müvafiq olaraq bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında araşdırılmış sübutlarla əsaslanmalıdır. Sübutlar işə baxan məhkəmənin özü tərəfindən toplanmışdırsa (MPM-nin 51, 56-cı maddələri) məhəkmə yalnız həmin sübutlar məhkəmə iclasında elan edildikdən və işdə iştirak edən şəxslərə (nümayəndələrə), zəruri hallarda isə ekspertlərə və şahidlərə təqdim edildikdən, habelə digər sübutlarla birlikdə araşdırdıqdan sonra onları əsas götürə bilər. Məhkəmə onun təqdim etdiyi sübutları düzgün araşdırmamış, qanuni normasını düzgün tətbiq etməmişdir. Tələbindən kənara çıxmaqla qərar qəbul etmiş, bu qərar da süründürməçiliyə əsas olmuşdur. Birinci instansiya məhkəməsi düzgün norma tətbiq etmədiyindən o, hüququndan istifadə edə bilmir və bu hüquqdan istifadə etməyi illər alacağını göstərir. Qanun norması konkret olaraq mübahisələndirilən qərarın inzibati orqan tərəfindən qəbul edildiyi və həmin qərarın fiziki və hüquqi şəxslərin hüquqlarının təsbit etdiyi halda ləğv edilməsinin əsaslarını qeyd etmişdir. Məhkəmə isə konkret olaraq mübahisələndirilən qərarın işə aidiyyəti olmaması bəhanəsini gətirərək şikayətini təmin etməmişdir. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2-1(120)- 884/2022 saylı qərardadının ləğv edilməsini və şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər idarəsi apellyasiya şikayətinə etiraz verərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilən apellyasiya şikayəti hüquqdan sui-istifadə olmaqla tam əsassızdır. Belə ki, şikayətin dəlilləri üzrə təsdiqedici hər hansı bir sənəd təqdim edilməmiş, şikayətdə qeyd olunan dəlillər təhrif olunmuş şəkildə təqdim edilərək hakimdə yanlış fikrin formalaşdırılmasına istiqamətlənmişdir. Bu baxımdan təqdim olunan şikayətin dəlillərinin əsasız olması, müdafiə xarakteri daşıması, şəxsi fərziyyələrə söykənməsi və nəticədə sözügedən şikayətin birmənalı şəkildə hüquqdan sui-istifadə olmasını aşağıda qeyd olunanlarla bir daha sübut edirik. Belə ki, iddianın mümkünsüzlüyünə dair aşağıdakıların qeyd edilməsini zəruri hesab edirik. Sözügedən inzibati mübahisə üzrə mübahisə predmeti olan müvafiq ilkin qərar xx.xx.2021-ci il tarixli deyil, xx.xx.2021-ci il tarixli qərardır. Yəni qeyd olunan hesablamalara dair əsas qərar mübahisələndirməli və müddət axımı və şikayət verilmə müddəti də qeyd olunan qərar (xx.xx.2021-ci il tarixli) vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixində oxunması müddətindən başlanılır. Qərarın iddiaçıya çatması (təqdim olunması) ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edirik: xx.xx.2021ci il tarixli **********157000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 14:11:06-da oxunmuşdur. “İnzibati icraat haqqnda” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İddiaçı isə sözügedən qərardan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə müəyyən olunmuş prosessual müddəti, yəni iddia müddətini ötürərək mübahisə predmeti ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə şikayət müddətini nəzərə alsaq həmin qərardan yuxarı vergi orqanına verilmiş şikayət üzrə müddət buraxılmış və bununla bağlı inzibati şikayətin baxılmamış saxlanılması haqqında qərar qəbul edilmişdir. Həmin qərarlarda iddia müdətinin əhəmiyyətinin aşağıdakılardan ibarət olması göstərilmişdir: birinci o hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyən intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münaisbətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçünçü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri öbyektiv əsaslarla həll etmək imkanı yaradır. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2-1(120)-884/2022 saylı qərardadının dəyişdirilməməsi və şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-cı il tarixli, 2- 1(120)-884/2022 nömrəli qərardadının ləğv olunmasını və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarı Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Vergi Məcəlləsi Maddə.37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Maddə.37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Maddə 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. İnzibati Prosessual Məcəllə (İPM) Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgünhəlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin halların müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli və işə yenidən baxılması üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Belə ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli, **********310700 nömrəli qərarın məhkəmə qaydasında ləğv edilməsi iddiaçının hüquqi marağına uyğun gəlmədiyi üçün heç bir hüquqi nəticə yaratmayacaqdır, mübahisələndirilən qərar mübahisə predmeti deyildir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi razılaşmır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İlk növbədə qeyd olunmalıdır ki, hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşin hallarından müəyyən olunur ki, iddiaçı barəsində kameral yoxlama nəticəsində mənfəət vergisi üzrə xx.xx.2021-ci il tarixli qərar (bəyannamə və hesabat dövrü: 2020) qəbul edilmişdir. Daha sonra iddiaçı tərəfindən dəqiqləşmiş bəyannamə təqdim edilməsi ilə əlaqədar mənfəət vergisi üzrə xx.xx.2021-ci il tarixli qərar (bəyannamə və hesabat dövrü: 2020) qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********462200 nömərli məktubdan görünür ki, İddiaçı MMC-yə (VÖEN **********) 2020-ci il mənfəət vergisi bəyənnaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış xx.xx.2021-ci il tarixli, **********310700 nömrəli qərar qüvvədə saxlanılmış, qüvvədən düşməsi və ya ləğv olunması ilə bağlı inzibati akt qəbul edilməmişdir. Göründüyü kimi, xx.xx.2021-ci il tarixli qərar qüvvədədir, cavabdeh tərəfindən həmin qərarın qüvvədən düşməsi və ya ləğv olunması ilə bağlı inzibati akt qəbul edilməmişdir. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçı haqlı olaraq məhz xx.xx.2021-ci il tarixli qərarı mübahisə predmetinə çevirmişdir. Nəzərə almaq lazımdır ki, qüvvədə olan xx.xx.2021-ci il tarixli qərar iddiaçının hüququnu məhdudlaşdıran, eyni zamanda onun üzərinə müəyyən vəzifə qoyan akt olduğundan həmin qərarın inzibati məhkəmə icraatı qaydasında ləğv edilməsi onun hüquqi marağına uyğun olacaqdır. Belə ki, kameral yoxlama nəticəsində eyni dövr və eyni vergi növü üzrə iki qərarın eyni vaxtda qüvvədə olması mümkün deyildir. Başqa sözlə, xx.xx.2021-ci il tarixli qərar qəbul edilməsi ilə xx.xx.2021-ci il tarixli qərar hüquqi qüvvəsini itirir. Bu, həm də “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanununun tələblərindən irəli gəlir. Həmin qanunun : 64.1 ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2 ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3 ci maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddianın mümkünlüyünə düzgün hüquqi qiymət verməmiş, bununla da prosessual pozuntuya yol vermişdir. Nəzərə almaq lazımdır ki, obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya yanlış istiqamətdə hüquqi yardım göstərilmiş, qanunverciliyin tələb etdiyi qaydada araşdırılma aparılmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)-884/2022 nömrəli qərardadı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 14, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-884/2022 nömrəli qərardadı ləğv edilsin, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar