Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-253/2025 08.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “icra hərəkətinin dayandırılması ilə bağlı məhkəməyə müraciət etmək vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2-1(120)-4869/2024 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Unibank” KB ASC-nin tələbləri üzrə qəbul olunmuş məhkəmə qərarlarından yuxarı instansiya məhkəməsinə şikayət verməsi ilə əlaqədar olaraq icra məmuru tərəfindən icra hərəkətlərinin dayandırılması ilə bağlı məhkəməyə təqdimatla müraciət edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Birnci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Unibank” KB ASC-nin tələbləri üzrə qəbul olunmuş məhkəmə qərarlarından yuxarı instansiya məhkəməsinə şikayət verməsi ilə əlaqədar olaraq icra məmuru tərəfindən icra hərəkətlərinin dayandırılması ilə bağlı məhkəməyə təqdimatla müraciət edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Unibank KB ASC-nə Qardaşəli Allahyarova və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələblərinin təmin olunması və borcun məcburu qaydada alınması və əmlakların boşaldılaraq qərarın qəbul olunmasını xahiş etmişdirlər. Bununla bağlı məhkəmə araşdırılmaları davam etmiş və məhkəmə aktları qəbul olunmuşdur. Qəbul olunmuş məhkəmə aktlarından şikayətlər verilmiş və şikayətlər üzrə yuxarı instansiya məhkəmələri tərəfindən qərarlar qəbul olunmuşdur. Buna baxmayaraq məhkəmənin qəbul etmiş olduğu qərarlarla tərəflərindən şikayətlər verilməsinə baxmayaraq icra məmuru icra hərəkətlərini davam etdirir. Buda onu məhkəmə müdafiəsi hüqüqundan məhrum etməyə gətirib çıxarmışdır. Halbu ki, Azərbaycan Respublikası Konustisiyasının 61-ci maddəsinə əsasən hər bir şəxsin yuxarı instansiya məhkəməsinə müraciət etmək hüqüqu vardır. Lakin icra hərəkətlərin davam etməsi onun əmlakları üzərində sahiblik istifadə və sərancam vermək hüqüqlarının pozulmasına gətirib, çıxarmışdır. Hazırki iddia tələbi ilə bağlı qəbul olunmuş məhkəmə qərarlarından yuxarı instansiya məhkəməsinə şikayət etdiyinə görə icra hərəkətlərinin məcburi qaydada dayandırılması üçün icra məmuru tərəfindən məhkəməyə təqdimatla müraciət olunmalıdır. Lakin icra məmuru icra hərəkətlərin dayandırılması üçün müvafiq təqdimatla məhkəməyə müraciət etməmişdir. Ona görədə icra hərəkətlərin dayandırılması üçün icra məmuru tərəfindən təqdimatla məhkəməyə müraciət edilməsi məqsədə müvafiq hesab edilməlidir. Birnci instansiya məhkəməsinin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2-1(120)-4869/2024 saylı qərardadı (hakim Rəşidə Quliyeva) ilə iddia mümükün sayılmamışdır. Həmin qərardaddan İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilərək iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2-1(120)-4869/2024 saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlliləri: İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Şirvan İnzibati Məhkəməsinin hakimi Rəşidə Quliyeva iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, bizim məhkəmə iclasında iştirakımızı təmin etməmişdir. Sübutlara hərərəfli qiymət verməmmişdir. Sübutları müqayisəli formada təhlil etməmişdir. Ona görə də, məhkəmənin sözügedən qərarı ləğv olunmalı və bizim məhkəmə iclasında iştirakımız təmin olunmalıdır. İşin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlər məcmusunu, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəfləri hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tədqiqinin tamlığı mübahisənin düzgün həlli üçün əhəmiyyət edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. Bunun üçün hakim maddi hüquq normalarına uyğun olaraq tədqiqat predmetini (sübutetmə predmetini) müəyyən etməli və sübutların adiliyini və mümkünlüyü qaydalarına rəhbər tutaraq işə bütün zəruri sübutları cəlb etməlidir. Əks təqdirdə, tədqiqatın tamlığını təmin etmək qeyri- mümkündür. Əgər hakim mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmazsa və ya sübutlarla təsdiq olunmayan hər-hansı halları tanıyırsa, iş üzrə halların tədqiqinin tamlığı tələbi pozulmuş olacaqdır. İş üzrə halların aydınlaşdırılmasının tamlığı tələbi həm də məhkəmənin təkcə tərəflərin göstərdiyi halları deyil, həm də iş üçün əhəmiyyət kəsb edən digər hallarını araşdırılmasında əhatə edir. Eyni zamanda hakim tərəflərin iş üçün əhəmiyyət kəsb edən hər-hansı hal barəsində təqdim etdiyi məlumatları yoxlamaqdan və ya araşdırmaqdan imtina edə bilməz. İş üzrə halların aydınlaşdırılmasının obyektivliyi məhkəmənin öz qərarında gəldiyi nəticələrin məhkəmə tərəfindən müəyyən edilən faktların uyğunluğunda ifadə olunur. Məhkəmə qərarın obyektivliyinə yalnız işə baxılma prosesində hər bir halın, sübuttun həm ayyrrılıqda, həm də ümumi halında tədqiqi nəticəsində nail olmaq mümkündür. İşin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunu, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İş üzrə halların aydınlaşdırılmasının tamlığı tələbi məhkəmənin təkcə tərəflərin göstərdiyi halları deyil, hhəm də iş üçün əhəmiyyət kəsb edən digər halları araşdırmasını da əhatə edir. Eyni zamanda hakim tərəflərin iş üçün əhəmiyyət kəsb edən hər hansı hal barəsində təqdim etdiyi məlumatları yoxlamaqdan və ya araşdırmaqdan imtina edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. MPM-in Komentariyası da 418.2-ci maddəsinin şərhində göstərilir ki, apellyyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qəərardadının kassasiya qaydasında ləğv edilməsi üçün əsas olan maddi hüquq normalarının pozulmasının və ya düzgün tətbiq edilməməsinin hüquqi meyyrları MPM-niin 386-cı maddəsində olduğu kimi müəyyən edilmişdir. Qeyd olunanların nəzərə alınaraq Şirvan İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2-1(120)-4869/2024 saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının Maddə 129. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fıziki şəxslər üçün məcburidir. Maddə 7. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Maddə 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Maddə 8.2. icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Maddə 12. İcra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfındən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Maddə. 87.1. İcra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun Maddə 7. İcra məmuru icra ilə əlaqədar icraata daxil olmuş icra sənədinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək və s. vəzifələrini yerinə yetirir. Maddə 11. Məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin düzgün və vaxtında icra edilməsinə nəzarət icra və probasiya qurumlarının rəhbərləri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun Maddə 2.0.1. inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Maddə 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 2.0.10. əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Maddə 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: Maddə 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşin faktiki hallarından görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı "Unibank” KB ASC-nin tələbləri üzrə qəbul olunmuş məhkəmə qərarlarından yuxarı instansiya məhkəməsinə şikayət verməsi ilə əlaqədar olaraq icra məmuru tərəfindən icra hərəkətlərinin dayandırılması ilə bağlı məhkəməyə təqdimatla müraciət edilməsi vəzifəsinin tələbini irəli sürərək iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının tələbi məhkəmə qətnaməsi əsasında verilən icra sənədinin icrası ilə bağlıdır. Ona görə də, icra sənədi üzrə icraatla bağlı icra qurumunun qərarının, həmçinin həmin hərəkət və ya hərəkətsizliyinin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, iddiaçı həmin qərarın, habelə hərəkətin (hərəkətsizliyin) qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməklə mübahisələndirə bilər. İddiaçılar isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməmiş, ayrıca inzibati iddia qaldırmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəllillərinin formal mülahizələrə əsaslanaraq heç bir hüquqi əsası olmadığından təmin edilməsi üçün heç bir əsas görmür və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağdakıları qeyd edir. Şirvan İnzibati Məhkəməsinin sorğusu əsasında Masallı rayon Məhkəməsindən əldə edilmiş Masallı rayon məhkəməsinin 2(050)-24/2020 saylı, 20 noyabr 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər İddiaçı1, X2 və Masallı "xxxx" ‘MMC-yə qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» barədə iddiası qismən təmin olunması, cavabdehlər İddiaçı1 və X1 müştərək qaydada xx.xx.2014-cü il tarixli UM-30/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 80/14 saylı əlavə kredit müqaviləsinə əsasən kredit borcu üzrə 631.375,37 ABŞ dolları əsas, 343.106,10 ABŞ dolları faiz, 3000 ABŞ dolları cərimə olmaqla, cəmi 977.481,47 ABŞ dolları (ödəmə günü azərbaycan manatı məzənnəsi ilə), xx.xx.2015-ci il tarixli 154UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən kredit borcu üzrə 168.396,98 manat əsas, 71.509,81 manat faiz, 1000 manat cərimə olmaqla, cəmi 240.906,79 manat məbləğində borc, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti "xxxx" KB ASC-nin xeyrinə tutulması, tələb ipoteka predmenti olan cavabdeh Masallı “İsti-Su Fatimeyi-Zəhra Şəfa sanatoriyası" MMC-nin mülkiyyətində olan Masallı rayonu, Qəriblər kəndində yerləşən Əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti ******* (bir milyon yeddi yüz min) manat müəyyən edilməsi, həmin əmlak açıq hərracda satılması və əmlakın hərracda satışından əldə olunan vəsait hesabına cavabdehlərin "xxxx" KB ASC-yə olan borcları ödənilməsi qət edilmişdir. Göründüyü kimi məhkəmə qərarının icra olunmasına dair icra sənədi kimi qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı və onun əsasında verilmiş icra vərəqəsi çıxış edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfındən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Hazırkı iş üzrə ərizədən aydın olur ki, iddiaçılar (icra sənədi üzrə cavabdehlər) "Unibank” KB ASC-nin tələbləri üzrə qəbul olunmuş məhkəmə qərarlarından yuxarı instansiya məhkəməsinə şikayət verməsi ilə əlaqədar olaraq icra məmuru tərəfindən icra hərəkətlərinin dayandırılması ilə bağlı məhkəməyə təqdimatla müraciət edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş olunur. “İcra haqqında” Azərbaycan Respublikasının qanununun tələblərinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmək icra məmurunun vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fıziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fıziki şəxslər üçün məcburidir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə icra məmuru icra ilə əlaqədar icraata daxil olmuş icra sənədinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək və s. vəzifələrini yerinə yetirir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.5-ci maddəsinə görə tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin düzgün və vaxtında icra edilməsinə nəzarət icra və probasiya qurumlarının rəhbərləri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə kollegiyası hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi ilə bağlı icra məmuru tərəfindən hərəkət və ya hərəkətsizliyə yol verildikdə, onun mübahisələndirilməsi məsələsi icra sənədini vermiş və icra icraatına nəzarət edən məhkəmə tərəfindən, o cümlədən icra sənədi digər orqan tərəfindən verildikdə isə icra məmurunun yerləşdiyi məhkəmə tərəfindən həll edilməli məsələdir. Ona görə də, iddiaçı (icra icraatında borclu) müvafiq əsasların mövcudluğunda icra məmurunun hərəkətinə qiymət verilməsi üçün icra icraatına nəzarət edən məhkəməyə müraciət etməlidir. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri, işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri heç bir hüquq əsası olmadan yalnız formal mülahizələrə əsaslandığından təmin edilməməlidir. Beləliklə, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2-1(120)-4869/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kasasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-253/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-253/2025
08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver