Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-255/2024 13.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********9190 nömrəli və **********9194 nömrəli qərarların ləğv edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2-1(120)-2203/2023 saylı qərardadından İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 manat cərimənin silinməsini məhkəmədən хаhiş еtmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəməsinin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2-1(120)2203/2023 nömrəli qərardadı ilə iddia ərizəsi dəqiqləşdirilərək, iddiaçı olduğu kimi qalmaqla əsl cavabdeh kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tanınmış və iddia tələbi dəqiqləşərək “xx.xx.2022-ci il tarixli, **********9190 nömrəli və **********9194 nömrəli qərarların ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1970-ci ildə Lerik rayonun Rvarud kəndində anadan olmuşdur. Əlavə iş yeri olmadığı üçün ünvan 1 ünvanda yerləşən binanın zirzəmisində yerləşən kafeni xx.xx.2022-ci il tarixdə icarəyə götürmüşdür. Cəmi işlədiyi 9 gün ərzində, yəni xx.xx.2022-ci il tarixdə Çingiz adlı şəxs içəri daxil olaraq bildirmişdir ki. “vergi işçisidir, yoxlama aparacaq”. Aldadaraq inamından sui-istifadə edərək, ona akta imza çəkdirərək bildirmişdir ki, “işçiləri qeydiyyata alır, heç bir problem yoxdur, cərimə olunmayacaq”. Hətta tərtib etdiyi aktın surətini ona təqdim etməkdən başqa aktla tanış olmağına da şərait yaratmamışdır. Sonradan xeyli müddət keçəndən sonra ona şifahi formada zəng vuraraq bildirmişlər ki, “o, 5000 manat cərimə olunmuşdur”. Cərimənin qanunsuz olması və silinməsi ilə bağlı müraciət etsə də, ona cavab verməkdən belə imtina etmişdirlər. Nəhayət xx.xx.2022-ci ildə (əl bə əl) olaraq imtina məktubu almışdır. Cavabdeh iddia tələbinə qarşı məhkəməyə etiraz ərizəsi ünvanlamış və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə qarşı “xx.xx.2022-ci il tarixli, **********9190 nömrəli və **********9194 nömrəli qərarların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Sözügedən inzibati mübahisə üzrə mübahisə predmeti olan xx.xx.2022-ci il tarixli, **********9190 nömrəli və **********9194 nömrəli qərarlar xx.xx.2022-ci il tarixli **********567700 nömrəli və **********569100 nömrəli məktublarla xx.xx.2022-ci il tarixdə iddiaçının vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, elektron qutuda isə xx.xx.2022-ci il tarixdə saat 6:53- də oxunmuşdur. Belə ki, Elektron Məhkəmə Portalından əldə olunmuş çıxarışdan görünür ki, qeyd olunan iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Nəticədə iddia ərizəsinin 7 aydan çox müddətdən sonra məhkəməyə göndərilməsi nəticə etibarı ilə iddia müddətinin ötürülməsini nəzərə alaraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı Qərarının 2.3.-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.Həmin Qərarın 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgüntətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005- ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. Qərarlar).Həmin qərarlarda iddia müddətinin əhəmiyyətinin aşağıdakılardan ibarət olması göstərilmişdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri- mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanıyaradır.”İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.Sözügedən Qərara əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.AR İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh 6saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı təqdim etdiyi iddia ərizəsi ilə əlaqədar iddia tələbi üzrə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2-1(120)-2203/2023 saylı qərardadı ilə (hakim Amilya Hüseynova) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizə verərək buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin və apellyasiya şikayətinin təmin edilərək iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2-1(120)-2203/2023 saylı qərardadının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəni və apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)- 2203/2023 saylı 23 noyabr 2023-cü il tarixli qərardadından apellyasiya şikayəti vermişdir. Həmin qərardadı poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə almışdır. Lakin bayram günləri olduğu üçün apellyasiya şikayətini vaxtında yazıb göndərə bilməmişdir. Əgər bayram günləri nəzərə alınsa, onda müddət buraxılmamış sayılır. Birinci instansiya məhkəməsi iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və nəticədə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda buraxılmış müddətin bərpası barədə ərizənin təmin edilərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2-1(120)-2151/2023 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsini rəhbər tutaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə aktlarının, ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 9-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 68.2-1. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qərarını yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş sübutlar və məhkəmə icraatında tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.5. bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Apellyasiya şikayətinin mümkünlüyünə dair məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apelyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqların pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən inzibati məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2- 1(120)-2203/2023 saylı məktubundan görünür ki, Şirvan İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2-1(120)-2203/2023 saylı qərardadı iddiaçıya rəsmi qaydada göndərilmişdir. (iş vərəqi 93). İş materiallarında olan poçt göndərişlərinin izlənilməsinə dair sənəddən görünür ki, Şirvan İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2-1(120)-2203/2023 saylı qərardadı xx.xx.2023-cü il tarixdə, saat 16:42-də İddiaçı təqdim olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən tərtib edilmiş apellyasiya şikayətindən görünür ki, iddiaçı apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə tərtib edərək imzalamışdır. (iş vərəqi 104). İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinə daxil olmuş zərfdən görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən qərardaddan verilmiş apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə Yasamal RPF-yə daxil olmuşdur (iş vərəqi 113). İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, iddiaçı tərəfindən tərtib edilmiş apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinin elektron kabinetinə yerləşdirilmişdir. Yuxarıda qeyd edilən sübutlardan müəyyən olunur ki, Şirvan İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2-1(120)-2203/2023 saylı qərardadı 23 noyabr 2023-cü il tarixli məktubla iddiaçıya rəsmi qaydada göndərilmiş və həmin qərardad iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İddiaçı tərəfindən həmin qərardaddan xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verilmiş və həmin şikayət xx.xx.2023-cü il tarixdə Yasamal RPF-yə daxil olmuşdur. Yəni, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti həmin qərardadın rəsmi qaydada alındığı gündən 14 gün sonra Yasamal RPF-yə daxil olmuşdur. Başqa sözlə, verilmiş apellyasiya şikayəti, qanunla şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətdən 4 gün gec verilmişdir. Bununla da, cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddəti ötürmüşdür. Məhkəmə kollegiyasının mövqeyinə görə təqdimetmə qanunla nəzərdə tutulmuş formada tərtib edilən və həyata keçirilən bir hərəkətdir ki, bunun vasitəsilə ünvanlanan şəxsə hər hansı bir sənədlə bağlı münasibət bildirmək imkanı yaradılır. Təqdimetmə müvafiq sənədin onun ünvanlandığı şəxs tərəfindən alınmasının təsdiq olunmasına və müddətlərin hesablanmasına xidmət edir. Tərəflərə aid olan müddətləri isə qanunla nəzərdə tutulmuş müddətlərə və hakim tərəfindən təyin olunan müddətlərə bölmək olar. Qanunla nəzərdə tutulmuş müddətlər müddətin başlanması və davamının qanunla müəyyən edilməsi ilə səciyyələnir. Buraya, xüsusilə, iddia qaldırma müddətləri və şikayət vermə müddətləri aiddir. Qanunla müəyyən edilmiş müddətin axımı müvafiq qanundakı göstərişlər əsas götürülməklə başlayır. Əlbəttə ki, proses iştirakçılarına məhkəmə qərarları müxtəlif günlərdə təqdim edilərsə, onlar üçün müddət axımının başlanma anı müxtəlif ola bilər. Nəzərə almaq lazımdır ki, İnzibati Prosessual Məcəllənin 20.3-cü və 22.1-ci maddələrinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir və müddətin axımı təqdim edilmə anından başlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası yuxarıda şərh olunan hüquq normalarının tələblərini hazırki işin müəyyən edilmiş faktiki halarına tətbiq edərək belə qənaətə gəlir ki, məhkəmənin yekun aktının iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə əldə edildiyindən (təqdim edildiyindən) və iddiaçı tərəfindən həmin qərardaddan verilmiş apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə Yasamal RPF-yə təqdim edildiyindən iddiaçı apellyasiya şikayətinin verilməsi üçün 10 günlük prosessual müddəti ötürmüşdür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı qaydada iddiaçıya hüquqi yardım məktubu ünvanlanmış, apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim edilməsi təklif edilmiş və bununla bağlı müddət təyin edilmişdir. Lakin iddiaçı tərəfindən təyin edilmiş müddət ərzində (məhkəmə iclasına kimi) apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir. İddiaçı apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin onun tərəfindən ötürüldüyünü müddətin bərpasına dair ərizəsində qeyd etmişdir. Beləliklə də, birinci instansiyası məhkəməsinin qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 (on) günlük prosessual müddətin ötürülməsi işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı iddiaçının vəsatətində göstərdikləri dəlillər (bayram günləri olduğu üçün vaxtında yazılıb göndərilməməsi) ilə bağlı onu qeyd edir ki, istinad edilən hal iddiaçı tərəfindən müvafiq qərardaddan qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayətinin verilməsinə maneə təşkil edə biləcək hal kimi qiymətləndirilə bilməsi mümkün deyildir. Nəzərə almaq lazımdır ki, müddətin ötürülməsi şəxsin təqsirli davranışına bağlı olmadığı, müddətin buraxılması səbəbinin aradan qaldırılması şəxsin iradəsi xaricində olduğu hallarda üzrlü sayıla bilər. Hazırkı iş üzrə iddiaçının qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. Bu baxımdan həmin səbəblər ötürülmüş prosessual müddətin bərpası üçün də üzürlü hesab edilə bilməz. Həmçinin, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 29.2ci maddələrindən çıxış edərək onu da qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün müddətin axımı mübahisələndirilən qərardadın təqdim edildiyi tarixdən hesablandığından və yalnız müddətin son günü qeyri-iş gününə düşdüyü halda, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunduğundan vəsatət də göstərildiyi kimi arada (qərardadın təqdim edilmə anı ilə müddətin son gününün arasında) bayram günlərinin olması həmin qərardaddan şikayətin vaxtında verilməməsi üçün üzürlü səbəb kimi qəbul edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. X2rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il 17 oktyabr tarixli Qərar). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş və hüquqi yardım olunmasına baxmayaraq iddiaçı müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2-1(120)-2203/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kasasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-255/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-255/2024
13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver