Məhkəmə qərarları › İş №2-1(106)-257/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-257/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-257/2022 14.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı, cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2-1(120)-783/2022 nömrəli qərarından cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən əvvəlki 3 il müddətinə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 25 iyul 2022-ci il tarixli, 2- 1(120)-783/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən əvvəlki 3 il müddətinə ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixdə doğulmuşdur və 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, o, xx.xx.1976-cı il tarixdən etibarən xx.xx.2007-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin iş stajının xx.xx.1983-cü il tarixdən xx.xx.2007-ci il tarixədək olan hissəsini "xxxx" QSC-nin İmişli istismar vaqon deposunda vaqon baxıcısı təmirçisi vəzifəsində işləmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndində nəzərdə tutulmuşdur. Bu, "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 107394 nömrəli arayışda da öz əksini tapmışdır. Onun güzəştli iş stajı 24 il 16 gün təşkil edir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etdiyindən məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh öz imtinasında stajla bağlı hər hansı mübahisə olmadığını etiraf etmiş və sadəcə hazırkı qüvvədə olan qanunvericiliyi tətbiq edərək fərdi hesabın sığorta hissəsində hesablanmış kapitala əsaslanmışdır. Bu isə, kapitalın nəzərə alınmadığı xx.xx.2017-ci il tarixədək artıq hüququ yaranmış olan iddiaçının hüquqlarını kobud şəkildə pozmaqdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərdən biri pensiya kapitalının tamamlanmasıdır. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 35200 manat hesablandığı halda fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23360,86 manat təşkil edir. Məhz buna görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmçinin bildirdi ki, İddiaçı əmək kitabçası və hərbi biletinə əsasən 25 ildən artıq ümumi stajı, o cümlədən xx.xx.1983-cü il tarixdən xx.xx.2007-ci il tarixinədək vaqon baxıcısı işlədiyi 24 il 16 gün güzəştli stajı tərəflərindən mübahisələndirilmir. Mübahisələndirdikləri yalnız iddiaçının pensiya kapitalıdır. Belə ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək həmçinin bildirdi ki, o, əmək kitabçasına əsasən Azərbaycan Dəmir Yolu Naxçıvan hissəsinin 4 saylı İmişli stansiyasında xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək vaqonlara texniki xidmət məntəqəsində çilingər, vaqonların təmiri üzrə çilingər, hərəkət hissələri üzrə çilingər, xx.xx.1983-cü il tarixdən xx.xx.1997-ci il tarixədək vaqon baxıcısı, baş vaqon baxıcısı, "xxxx" QSC-nin İmişli istismar vaqon deposunda xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək baş vaqon baxıcısı işləmişdir. Həmçinin "xxxx" QSC tərəfindən onun adına verilmiş xx.xx.2021-ci il tarixli, 107394 nömrəli güzəştli arayışda onun xx.xx.1983-cü il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi peşə vaqon baxıcısı təmirçisi olaraq göstərilmişdir. Onun əmək kitabçasında xx.xx.1983-cü il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi peşə vaqon baxıcısı, baş vaqon baxıcısı göstərilsə də, o, həm vaqon baxıcısının, həm də vaqon baxıcısı təmirçisinin funksiyalarını yerinə yetirmişdir. Ayrıca, həm vaqon baxıcısı peşəsi, həm də vaqon baxıcısı təmirçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə İmişli şəhərində doğulub, İmişli şəhəri, Xiyabani küçəsi, ev 60-da yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1976-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Dəmir Yolu Naxçıvan hissəsinin 4 saylı İmişli stansiyasında xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək vaqonlara texniki xidmət məntəqəsində çilingər, vaqonların təmiri üzrə çilingər, hərəkət hissələri üzrə çilingər, xx.xx.1983-cü il tarixdən xx.xx.1997-ci il tarixədək vaqon baxıcısı, baş vaqon baxıcısı, "xxxx" QSC-nin İmişli istismar vaqon deposunda xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək baş vaqon baxıcısı işləmişdir. İşdə olan iddiaçıya məxsus xx.xx.1989-cu il tarixli, H3 ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 107394 nömrəli arayışın surətində qeyd edilmişdir ki, İddiaçı ******* nömrəli əmək kitabçasına əsasən "xxxx" QSC-nin İmişli istismar vaqon deposunda xx.xx.1983-cü il tarixdən xx.xx.2007-ci il tarixinədək vaqon baxıcısı təmirçisi peşəsində çalışmışdır. Bu peşə üzrə İddiaçı iş stajı 24 il 17 gün təşkil edir. Qeyd olunan peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur (21.4-cü bənd). İşdə olan İddiaçı tərəfindən Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına ünvanlanmış ərizənin surətindən görünür ki, İddiaçı Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İşdə olan Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılmışdır. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 35200 manat hesablandığı halda onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23360,86 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli etirazda qeyd edilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin oluna bilməsi üçün mövcud qanunvericilikdə üç şərt müəyyən edilmişdir: ümumi staj, güzəştli staj və sığorta kapitalı. İddiaçı isə üçüncü şərtə cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 35200 manat hesablandığı halda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23360,86 manat təşkil edir. İşdə olan Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 41280 manat hesablandığı halda fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24925,98 manat təşkil edir. Həmçinin İddiaçı təqdim etdiyi əmək kitabçasında qeyd olunan məlumatlardan onun ümumi iş stajının 29 il 1 ay 14 gün, güzəştli iş stajının isə 24 il 16 gün olduğu müəyyən edilib. İşdə olan sığortaolunan İddiaçı fərdi hesabından çıxarışın surətindən görünür ki, onun 2006 yanvar – 2007 dekabr dövrü üzrə pensiya kapitalı 1246,53 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikası Qanunu qüvvəyə minənə qədər, yəni xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il, 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmçinin hazırda qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.1997-ci il tarixli, N 33-9 nömrəli qərarı ilə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin təqdim etdiyi Dəmir Yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası (hissə 56-1) təsdiq edilmişdir. X7-İxtisas Sorğu kitabçasına əsasən vaqon baxıcısı işinin xüsusiyyəti: Qatarların təhlükəsizlik hərəkətinə və ya yüklərin toxunulmazlıq təhlükəsizliyinə zərər yetirən nasazlıqların aşkara çıxarılması üçün vaqonların hər tərəfini yoxlamaqla texniki müayinəsi. Ölçü alətlərinin köməyilə vaqonların hərəkət hissələrində, kuzovunda, qovşaq və detallarında və xarici görünüşündə defektlərin təyin edilməsi. Konteynerlərin texniyi müayinəsi və yüklərin toxunulmazlığını təmin edən germetikliyin təyini. Qatardan açılmaqla təmir olunası vaqonların şərti işarələnməsi və onların nasazlıqları haqqında bildiriş yazılması. Nasazlıqların qatarlardan açmadan aradan qaldırılması nasazlıqlar haqqında təbaşirlə qeydlər edilməsi. Vaqon və konteynerlərdə aparılacaq təmir işlərinin həcminin təyini. Vaqonların sənaye müəssisələri tərəfindən edilmiş təmirinin keyfiyyətinə nəzarət. Vaqonların müayinədən və təmirdən sonra təhvili. Qüvvədə olan yükləmə və qatar manevr işlərində hərəkət heyətinin toxunulmazlığını təmin edən hissədə yüklərin bərkidilməsi qaydalarının yerinə yetirilməsinə nəzarət, Təmir zamanı qatarın ətrafının çəpərlənməsi. Qatarların quyruğunun olduğunu göstərən siqnalların açılması və çıxarılması. X7-İxtisas Sorğu kitabçasına əsasən vaqon baxıcısı təmirçisi işinin xüsusiyyəti: Qatarın təhlükəsiz hərəkətinə zərər gətirən nasazlıqların aşkara çıxarılması üçün texniki müayinə və kuzovların çərçivəsinin vacib qovşaqlarının hərəkət hissələrinin avtoqoşqu qurğularının, tormozların, avtotənzimləyici ling ötürücülərinin, yellənmə və sürüşmə diyircəkli buksa qovşaqlarının, kardan-reaktor soyuducu və moto-ventilyasiya qurğularının, elektron və radio avadanlığının, vaqonların, döşəmələrin, bağlı və izometrik vaqonların qızdırıcı cihazların texniki müayinəsi. Bütün tiplərdən olan yük vaqonlarının təmiri üçün nəzərdə tutulan özüyeriyən maşınlara və ya mürəkkəb universal qurğulara xidmət. Həmin maşın və qurğuların elektrik, hidravlik, pnevmatik və qaldırıcı avadanlığın elektrik mühərriklərinin saz vəziyyətdə saxlanılması. Yük vaqonlarının düzgün yerləşdirilməsi, yüklərin, daşınan yüklərin toxunulmazlığına xələl gətirə bilən daşıma şərtləri pozuntularının aşkara çıxarılması üçün kommersiya müayinəsi. Aidiyyatı olan işçilərin qatarın və ya ayrı-ayrı vaqonların texniki və ya kommersiya hazırlığı haqqında məlumatı. Konteynerlərin texniki müayinəsi, təmiri və onların yüklərinin toxunulmazlığını təmin edən germetikliyinin təyini. Konteynerlər üçün naryadların, formaların, cədvəllərin tərtib edilməsi. Nasaz vaqon və konteynerlərin uçotunun aparılması. Vaqon və konteynerlərdə təmir işlərinin həcminin təyin edilməsi və yerinə yetirilməsi. Briqadaların işinin təşkil edilməsi və bu işlərə rəhbərlik. Zədələnmiş və inventardan çıxarılmalı olan vaqon və konteynerlərə texniki aktların tərtib edilməsi. Təmir zamanı qatarın olduğu yerin çəpərlənməsi. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada “Əmək pensiyaları haqqında” Аzərbaycan Respublikası Qanunu ilə tələb olunan güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını (25 il ümumi, o cümlədən 12 il, 6 ay güzəştli iş stajını) xx.xx.2016-cı il tarixədək toplamış və onun xx.xx.2016-cı il tarixdə, yəni 57 yaşda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu, iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Belə ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək (2 il 1 ay 8 gün) hərbi xidmətdə olmuş, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək (1 il 7 ay 5 gün), xx.xx.1980-ci il tarixdən xx.xx.1997-ci il tarixədək (16 il 10 ay 4 gün) Azərbaycan Dəmir Yolu Naxçıvan hissəsinin 4 saylı İmişli stansiyasında, xx.xx.1997-ci il tarixdən xx.xx.2006cı il tarixədək və məcburi dövlət sosial sığorta haqqı ödənilməklə xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək (10 il 6 ay 6 gün) "xxxx" QSC-nin İmişli istismar vaqon deposunda işləmişdir. Həmçinin İddiaçı əmək kitabçasına əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.2007-ci il tarixədək (24 il 16 gün) sözügedən müəssisələrdə vaqon baxıcısı, baş vaqon baxıcısı işləmişdir. Həmçinin "xxxx" QSC tərəfindən iddiaçının adına verilmiş xx.xx.2021-ci il tarixli, 107394 nömrəli güzəştli arayışda onun həmin tarixlərdə vaqon baxıcısı təmirçisi işlədiyi göstərilmişdir. İddiaçı isə həmin tarixlərdə həm vaqon baxıcısının, həm də vaqon baxıcısı təmirçisinin funksiyalarını yerinə yetirdiyini qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, həm vaqon baxıcısı peşəsi, həm də vaqon baxıcısı təmirçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (21-ci bölmə (Nəqliyyat), 21.4-cü fəsil (Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər), “vaqonların baxıcıları”, “vaqonların baxıcı-təmirçiləri”) öz əksini tapmışdır. Cavabdehin imtinasının və apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun qanunvericiliklə tələb olunan ümumi və güzşətli stajı olsa da, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir və bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2016-cı il tarixdə qüvvədə olmuş redaksiyada “Əmək pensiyaları haqqında” Аzərbaycan Respublikası Qanununda şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələbi müəyyən edilməmişdir. Həmçinin hazırda qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Аzərbaycan Respublikası Qanununda da 25 il sosial sığorta stajı olan şəxsə münasibətdə belə bir tələb nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iş üzrə iddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2016-cı il tarixdə yaransa da, onun yaşa görə əmək pensiyasının təyin olunması barədə müraciəti xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana daxil olmuşdur. Belə olan halda, qanunvericiliyə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bu barədə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün ödənilməklə təyin edilməlidir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2-1(120)-783/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar