Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-257/2023 19.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-1(120)-449/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum əri X2 order əsasında verilmiş ünvan 1 ünvanında yerləşən mənzilə dair hüquqlarının dövlət qeydiyyatına alınması, həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 05 aprel 2023-cü il tarixli, 2- 1(120)-449/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun əri X3 uzun müddət X10 zavodunda işləmişdir. Zavod işçilərinin yaşaması üçün barak tipli evlər inşa edilib onların istifadəsinə verilmişdir. Həmin barak tipli evlərdən ərinə də verilmiş və onlar ailəliklə uzun müddətdir ki, həmin evdə yaşayırlar. Əri xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Hal-hazırda uzun müddət yaşadıqları qeyd olunan barak tipli evi öz adına özəlləşdirmək istəyir. Zavodun işçiləri tərəfindən bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət edilmiş, ərizəyə X11 Resursların Artırılması və Mühafizəsi Departamentinin xx.xx.2015-ci il tarixli məktubu ilə cavab verilmiş və məktubda sakinlərin istifadəsində olan evin özəlləşdirmə haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada özəlləşdirilməsinə etiraz etmədikləri, bunun mənzillərini özəlləşdirməyən sakinlərə də şamil olunduğu bildirilmişdir. Zavodun bir neçə sakini tərəfindən eyni məzmunlu iddia tələbi ilə məhkəməyə müraciət olunmuş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli, 2-1(86)-181/2016 nömrəli qərarına əsasən iddia tələbləri təmin edilmiş və nərə balıq zavodu ərazisində yerləşən mənzilə dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin üzərinə qoyulmuşdur. Eyni məzmunlu iddia tələbi üzrə artıq qanuni qüvvəsini almış və icra olunmuş analoji məhkəmə qərarı vardır. O, mərhum əri X2 order əsasında verilmiş və uzun illərdir istifadəsində olan yaşadığı Şirvan şəhəri, Nizami küçəsi, 63 saylı evin özəlləşdirilərək evə dair texniki pasportun və çıxarışın verilməsi məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsi tərəfindən ona 26 iyul 2021-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Həmin məktubda onun məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsindəki dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində iddiaçı birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını bildirmiş və həmin qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İşdə olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, seriya 3-JQ 269378 nömrəli arayışdan görünür ki, X3 ilə X6 arasında xx.xx.1984-cü il tarixdə nikah bağlanılmışdır. İşdə olan xx.xx.1996-cı il tarixli, seriya İV-ЖГ 453748 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1996-cı ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, 1990-cı ildən istifadəsində olan yaşadığı Şirvan şəhəri, Nizami küçəsi, 63 saylı mənzilin onun öz adına özəlləşdirilərək evə dair texniki pasportun və çıxarışın verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İşdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsi tərəfindən İddiaçı ünvanlanmış daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə xx.xx.2021-ci il tarixli, **********91 nömrəli bildirişdən görünür ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ilkin olaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı mübahisəli mənzilin onun öz adına özəlləşdirilməsinə, texniki pasportun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə xx.xx.2021-ci il tarixdə müraciət etmiş və qeyd etdiyi tələb üzrə cavabdeh orqan tərəfindən müraciətindən imtina edilmişdir. Daha sonra iddiaçı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək özünün deyil, mərhum əri X2 order əsasında verilmiş ünvan 1-də yerləşən mənzilə dair hüquqlarının dövlət qeydiyyatına alınması, həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi isə həmin tələbə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Bundan başqa İddiaçı iddia tələbində mübahisələndirilən mənzilə dair hüquqların dövlət qeydiyyatına alınmasını bildirsə də, konkret hansı hüququn (mülkiyyət və ya istifadə) qeydiyyata alınmasını bildirməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin faktiki hallarını dolğun araşdırmamışdır. Belə ki, iddiaçının cavabdeh orqana ilkin müraciəti ilə iddia tələbi arasında mövcud olan uyğunsuzluğun aradan qaldırılması istiqamətində iddiaçıya hüquqi yardım göstərməmişdir. İlk növbədə iddiaçının hansı əsaslarla hansı hüququn qeydə aldırmaq istəyi aydınlaşdırılmalıdır. İddiaçının mərhum ərinin hüququnun qeydə alınmasını istədiyi təqdirdə iddiaçının cavabdeh inzibati orqana belə bir müraciətinin olub-olmaması aydınlaşdırılmalı və həmin istiqamətdə iddiaçıya hüquqi yardım göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxarkən birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddiaçının tələbini və tələbinin əsaslarını aydınlaşdırmalı, iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar iddiaçıya hüquqi yardım göstərməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da, ciddi prosessual pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə icraatının davam etdirilməsinə zərurət vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-1(120)-449/2023 nömrəli qərarı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-1(120)-449/2023 nömrəli qərarı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-257/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-257/2023
19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver