Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-257/2024 26.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X7 Filialına qarşı “cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli, **********23 nömrəli qərarının ləğv edilməsi və ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra fərdi şəxsi hesabında toplanmış pensiya kapitalına (2019-cu ilədək toplanmış pensiya kapitalına) əsasən pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılmamaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2-1(120)-1566/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xüsusi Şərtlərlə X7 filialına qarşı yaşa görə əmək pensiyasının yenidən hesablanması və hesablanmaya müvafiq ödəniş etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “ona təyin olunmuş əmək pensiyası təyin edildikdən sonrakı müddətdə fərdi sığorta hesabında toplanmış 39010.05 manat sığorta kapitalına uyğun və orta aylıq əmək haqqına tətbiq edilən faiz dərəcəsinin yenidən hesablanması, uyğunsuzluqlar nəticəsində yaranan pensiya məbləğinin ona məxsus əmək pensiyasına əlavə edilməsi və ödənilməli olan borcun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2012-ci ilin iyul ayının 6-dan Dövlət Qulluqçusu kimi yaşa görə əmək pensiyasına çıxmış, onun 843.03 manat əmək pensiyasının sığorta hissəsi 383,96 manat, qulluq stajına görə əmək pensiyasına əlavə 459.07 manat, 2008-ci ilin avqust ayının 1-dən 2019-cu ilin iyun ayının 20-nə kimi "xxxx" ASC-də işləmişdir. 2012-ci ilin iyul ayından 2019-cu ilin iyulun 1-dək (7 il ərzində) onun fərdi hesabının sığorta hissəsi 2012-2021-ci illər üzrə indeksləşdirmə aparılmaqla 39010.22 manat pensiya sığorta kapitalı toplanılmışdır. Fərdi hesabına toplanılmış sığorta kapitalının nəzərə alınaraq əmək pensiyanın yenidən hesablanması üçün Dövlət Sosial Müdafiə Fonduna 2 dəfə 2020-ci ilin may və iyun aylarında müraciət etmiş, lakin tamamilə onun müraciətinə aid olmayan cavablar almışdır. 2022-ci ilin iyun ayında onun əmək pensiyası 82.74 manat artırılmışdır. 03 avqust 2022-ci il tarixdə yenidən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X7 Filialına müraciət etmiş, ona ünvanlandığı 08 avqust 2022-ci il tarixli, **********3 nömrəli cavab məktubunda 39010.22 manat pensiya sığorta kapitalını “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-cimaddəsinin tələblərinə uyğun olaraq göstərilən pensiya ödəniş müddətinin aylarının sayma bölünərək (39010.22:72 ay=541.81 manat) əmək pensiyanın sığorta hissəsinin (383.96 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanın məbləği 925.77 manat (383.96+541,81) müəyyən edilmişdir. Eyni zamanda Qanunun 29.2-ci maddəsinə əsasən əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkan pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır və yenidən hesablanır. Onun əmək pensiyasının sığorta hissəsi (541.81-383.96)=157.85 manat artırılıb “Əmək Pensiyaları haqqında Qanunun 29.2-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasında olan 459.07 manat əlavədən sığorta hissəsindəki artım qədər 157.85 manat azalddaraq yenidən hesablanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növə keçirilməsi və ödənilməsi Qaydasf’nm 1.2-ci maddəsinə əsasən-2017-ci ilin iyul ayının 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələr Qanunun 29-cu maddəsinə uyğun olaraq indeksləşdirilməsi vəsonrakı artımlar nəzərə almaqla yenidən hesablanması Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na əsasən həyata keçirilir. Göründüyü kimi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X7 Filialının mütəxəsisləri Azərbaycan Respublikası Prezidentinin 2018-ci il25 iyun tarixli 142 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ciil 28 aprel tarixli 175 nömrəli Qərarının tələblərini kobud surətdə pozaraq öz bildikləri kimi hesabat aparmışlar. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinin tələbinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, möhtəbər hesab olunur.Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin vədəlillərin möhtəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinin tələbinə görə təqdim olunmuş sənədlərin və dəlillərin möhtəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların möhtəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, Xüsusi şərtlərlə X7 filialının üzərinə mənə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasından ötrü qərar qəbul edilməsi öhdəliyi qoya bilər. “Əmək pensiyaları haqqında Qanun”un 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Məcburetmə haqqında iddianın verilməsi mənə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün zəruridir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığortastajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuşkişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Məhkəmənin nəzərinə çatdırırıq ki, İddiaçı xx.xx.2012-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında" Qanunun32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Sözügedən Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həminbənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017ci il tarixədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar İddiaçı 8 il 5 ay 9 gün qulluq stajı nəzərə alınmaqla əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 28,06 faiz təşkil edir. İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərarqəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2-1(120)-1566/2023 saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddia ərizəsi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırmiş və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qanunsuz və əsassız qərar qəbul etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək, mübahisənin cavabdeh orqan tərəfindən məhkəmədən kənar qaydada həll edildiyini əsas gətirərək, iş üzrə icraata xitam verilməsinə dair ərizəni məhkəməyə təqdim edərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cavabdeh orqan tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə olmadığı üçün məhkəmə kollegiyasından inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdehin nümayəndəsinin söylədiyi dəlilləri təsdiq edərək ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 67.1. mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-231179/2024 nömrəli iş üzrə icraata xitam verilməsi barədə ərizədən (vəsatət) görünür ki, iddiaçının tələbi təmin olunduğundan məhkəmə kollegiyasından inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3- 17-1/3-3-14780/2024 nömrəli qərarından görünür ki, İddiaçı təyin edilmiş əmək pensiyası yenidən hesablanmış və yenidən hesablanmış əmək pensiyasının məbləği 1768 manat 43 qəpik təşkil etmişdir. İş üzrə təqdim edilmiş sübutlara əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunmuş və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmayaraq həllini tapmışdır. Məhkəmə kollegiyası iddiaçının tələbinin təmin olunması barədə cavabdehin məlumatını iş materialları ilə birgə tədqiq edərək yuxarıda sadalanan prosessual hüquq normalarını əsas tutaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X7 Filialına qarşı “cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli, **********23 nömrəli qərarının ləğv edilməsi və ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra fərdi şəxsi hesabında toplanmış pensiya kapitalına (2019-cu ilədək toplanmış pensiya kapitalına) əsasən pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılmamaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-257/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-257/2024
26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver