Məhkəmə qərarları › İş №2-1(106)-257/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-257/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-257/2025 29.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X5 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül düldül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2-1(120)-2160/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı ölüm haqqında akt qeydinə düzəliş edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, atası X1 adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 405 saylı ölüm haqqında sənədlərdə adının “Aləşrəf”dən “Əliəşrəf”ə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 06 dekabr 2024-cü il tarixli, 2- 1(120)-2160/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mərhum atası X1 adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 405 saylı ölüm haqqında sənədlərdə adının “Aləşrəf”dən “Əliəşrəf”ə dəyişdirilməsi ilə bağlı heç bir sübut, yəni adına düzəliş edilməsi üçün müvafiq tibb müəsisəsinin sənədini və ya məhkəmə qətnaməsini nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiyindən cavabdehin imtinası qanuni hesab edilməlidir. Vətəndaşın sağ olduğu dövrdə adına tərtib edilən AZE ******* nömrəli, 3R7ECR7 Fin nömrəli şəxsiyyət vəsiqəsinə nəzər yetirilən zaman şəxsin adının “Aləşrəf” olduğu, vəsiqənin isə xx.xx.2005-ci il tarixdə verildiyi müəyyən edilir. Qeyd edilən 2005-ci il tarixdən şəxsin ölümünə kimi qeyd edilən şəxsin adı ilə bağlı mübahisələrin olmadığı da müəyyən edilir. Qərardan iddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X2 xx.xx.2023-cü ildə Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində vəfat etmişdir. Onun ölümü Cavabdeh tərəfindən xx.xx.2023-ci ildə 405 nömrəli aktla dövlət qeydiyyatına alınmış və AZ-İİ 339219 nömrəli şəhadətnamə verilmişdir. Lakin həmin ölüm haqqında şəhadətnamədə mərhum atasının adı Əliəşrəf əvəzinə Aləşrəf olaraq qeyd edilmiş və bununla bağlı mərhum atasının ölüm sənədində adına düzəliş edilməsi ilə bağlı Cavabdehnə ünvanladığı ərizə aşağıda qeyd etdiyi səbəblər əsas göstərilərək təmin edilməmişdir. Belə ki, mərhum atasına sonuncu dəfə xx.xx.2005-ci ildə Şirvan ŞPŞ tərəfindən verilmiş AZE ******* nömrəli şəxsiyyət vəsiqəsində adı Aləşrəf yazılmış və atası dünyasını dəyişənədək həmin adda olan şəxsiyyət vəsiqəsi ilə yaşamışdır. Buna görə də onun adına verilmiş ölüm haqqında tibbi şəhadətnamə və digər sənədlərdə adı Aləşrəf yazılmışdır. Əslində isə atasının adı Əliəşrəf olmuş və onun Aləşrəf adında qardaşı olmamış, eləcə də yaşadığı Hacıqəhrəmanlı qəsəbə lƏN-nin ərazisində onun yaşlarında soyadı Qasımov ata adı Seyfulla olan atası Əliəşrəfdən başqa Aləşrəf və Əliəşrəf adında şəxs olmamışdır. X9 filalından verilmiş arayışda isə atasının doğumu haqqında akt qeydinin aşkar olunmadığı göstərilmişdir. Ərizəsinə əlavə etdiyi bir çox sənədlərinin surətindən isə göründüyü kimi atasının əsl adı Əliəşrəf olmuşdur. Cavabdehin imtina dəlilləri ondan ibarət olmuşdur ki, dəyişiklik olunmasını tələb edilən ölüm faktı ilə bağlı Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 405 saylı ölüm haqqında akt qeydi əsasında AZ-İİ 339219 nömrəli şəhadətnamə verilmişdir. Həmin akt qeydində və qeyd əsasında verilmiş müvafiq şəhadətnamədə ölmüş şəxsin adı “X3” qeyd edilmişdir. Eyni zamanda müvafiq ölüm haqqında akt qeydi Şirvan şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli **********82 nömrəli tibbi şəhadətnaməsi əsasında qeydə alınmış və həmin tibbi şəhadətnamədə ölən şəxsin adı X3, mərhumun şəxsiyyət vəsiqəsinin AZE ******* nömrəli olduğu qeyd edilmişdir. Elektron informasiya sistemindən əldə edilmiş məlumatdan da görünür ki, AZE ******* nömrəli şəxsiyyət vəsiqəsi xx.xx.2005-ci ildə Şirvan ŞPŞ-nin PvŞV bölməsi tərəfindən X1 adına verilmişdir. Beləliklə, Aləşrəf və Əliəşrəf adları məna etibarı ilə fərqli adlardır. Ona görə də inzibati icraat qaydasında bu şəxslərin eyniləşdirilməsi mümkünsüzdür. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlara obyektiv qiymət verilməmiş, işin halları tam araşdırılmamışdır. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apelyasiya şikayətini müdafiər etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında şikayətin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surəti iş materiallarına əlavə edilmiş: -xx.xx.2023-cü il tarixli, AZ-İİ 339219 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin oktyabr ayının 24 günündə 405 nömrə ilə qeyd edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının arxiviindən əldə edilmiş “Doğum qeydlərinin bərpa aktı”nın surətindən görünür ki, X2 12 noyabr 1938-ci il tarixdə anadan olmuş, atası X4, anası X6 qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndində “vətəndaşlıq vəziyyəti aktı qeydində qeyri-düzgün məlumatların göstərilməsi” vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişikliklər edilməsinə səbəb olan hallardan biri kimi müəyyən olunmuşdur. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktları qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktı qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Qeyd edilməlidir ki, şəxsin doğumu haqqında ilkin sənəd doğum haqqında akt qeydi hesab olunur və həmin sənəddə onun doğum tarixi, doğum yeri və valideynləri barədə məlumatlar öz əksini tapır. Bundan sonrakı dönəmdə həmin şəxsin əldə etdiyi bütün sənədlərdə məlumatlar və qeydlər məhz ilkin sənəddə olduğu kimi əks etdirilməlidir. Təqdim edilmiş sübutlardan da göründüyü kimi iddiaçının atasının adı ilkin sənəddə “Əliəşrəf” kimi qeyd edilməsinə, bundan sonra nikaha daxil olarkən müvafiq akt qeydində və partiya biletində adının “Əliəşrəf” kimi qeyd edilməsinə baxmayaraq, cavabdeh digər sənədlərdə şəxsin adının “Ələşrəf” kimi yazılmasını əsas gətirərək, ölüm haqqında akt qeydində səhvə yol vermiş, düzəlişin aparılması barədə iddiaçının müraciətinə də həmin əsaslardan çıxış edərək, imtina cavabı vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının atasının doğumu haqqında məlumatların əldə edilməsinə cəhd göstərilsə də, lazımi (sənədlərin saxlanıldığı) orqana müraciət edilmədiyindən sübutlar natamam toplanmışdır ki, bu hal məhkəmənin səhv nəticəyə gəlməsinə zəmin yaratmışdır. Həmçiinin işdə olan “Partiya bileti”nin və “nikah haqqında şəhadətnamə”nin surətində iddiaçının atasının adının Əliəşrəf kimi qeyd edilməsi halı və səbələri araşdırılmadan, ölmüş şəxsin sağ olduğu dövrdə əldə etdiyi şəxsiyyət vəsiqəsində olan ada nəzərən və bu adla bağlı uzun müddət mübahisənin olmaması əsası ilə səhv nəticəyə gəlinmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2-1(120)-2160/2024 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. xx.xx.1938-ci il təvəllüdlü X1 adına tərtib edilmiş ölüm haqqında akt qeydində düzəliş edilərək, adının “Aləşrəf”dən “Əliəşrəf”ə dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar