Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-258/2025 02.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X3 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2-1(120)-490/2024 nömrəli qərarından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 03 dekabr 2024-cü il tarixli, 2- 1(120)-490/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən (64 yaş 6 aydan) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1976-cı il tarixindən xx.xx.1992-ci il illəri əhatə edən dövr üzrə işlədiyi Füzuli rayon Şıxlı kəndi “Yeni Həyat” kolxozunun 1976-1985-ci illərə aid sənədləri 23 oktyabr 1993-cü il tarixində erməni işğalı zamanı Horadiz qəsəbəsində tamamilə yandırılaraq məhv edildiyindən və 1986-1992-ci illərin sənədləri isə X4 filialına təhvil verilmədiyindən qeyd edilən sənədlərin məhv olması və ya arxivə təhvil verilməməsi iddiaçının səhvi nəticəsində baş verməmiş və həmin halı iddiaçının ziyanına şərh etmək düzgün deyil. Belə olan halda iddiaçının xx.xx.1976-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək illər üzrə stajı – cəmi: 16 il 04 ay 13 gün kimi müəyyən edilir və məhkəmə həmin dövrlərə iddiaçının sığorta stajına əlavə edir. İddiaçının işlədiyi xx.xx.1992-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək Bakı Hava Nəqliyyatında (Aviakompaniya Füzuli rayonu üzrə) dövrlə bağlı isə aparılan araşdırma nəticəsində İddiaçı 1996, 1997, 1998, 1999, 2000-ci illəri üçün gəlirinin 9.051.640 manat, 2001, 2002, 2003-cü illəri üçün gəliri 13.265.000 təşkil etdiyi müəyyən edilmiş və həmin dövrlərdə işləməsini təsdiq edən cədvəl məhkəməyə təqdim edilmişdir. 31 iyul 2023-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən İddiaçı işə qəbul və işdən çıxma əmrləri aşkar olunmuş və əmək haqqı hesablama cədvəlləri saxlanılmadığı müəyyən edilmişdir. Eləcə də, Azərbaycan Respublikasının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məlumatına əsasən 2003-cü ildən 2009-cu ilədək dövr ərzində iş stajı ilə bağlı məlumatlarının sənədlərin işğal altına olması səbəbindən itirilməsi nəticəsində verilməsinin mümkün olmadığı müəyyən edilir. Qeyd edilən hal da iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin məhkəmə iclasında iddiaçı xx.xx.1992-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək iş stajı ilə bağlı məlumat verərkən həmin dövrdə sonuncu əmək haqqını 2003-cü il tarixdə aldığını daha sonra işləmədiyini bildirdiyindən qeyd edilən dövrlə bağlı yalnız xx.xx.1992-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövr iddiaçının sığorta stajına daxil edilməlidir. Həmin dövr 11 il 25 gün kimi müəyyən edilir. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olmuş, 1976-cı il tarixdən 2009-cu il tarixədək işləmiş, əmək haqqı almış və işlədiyi illər əmək kitabçasında öz əksini tapır. Bundan başqa X5 texnikomunda təhsil almış, işlədiyi iş stajı, hərbi xidməti və təhsili onun qanunvericilikdə tələb olunan 25 il iş stajı və yaşı ona yaşa görə əmək pensiyasının təmin olunmasına tam hüquq verir. Qeyd edilənləri nəzərə alaraq hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976cı il tarixədək hərbi xidmətdə olduğu müddət daxil olmaqla onun xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən sığorta stajı 1 il 11 ay 27 gün təşkil edir. Onun xx.xx.2006-cı il tarixədək 1 il 11 ay 27 gün sığorta stajına uyğun olaraq 1.420,84 manat pensiya kapitalı pensiya yasına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır. Əlavə olaraq, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qevdə alınmamışdır. Həmçinin, Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2022-ci il tarixli 66/M nömrəli məktubuna əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunan Füzuli rayonu “Yeni-Həyat” kolxozunun arxiv sənədləri işğal zamanı tamamilə yandırılaraq məhv edildiyindən xx.xx.1976-cı il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövrlər sığorta staiına əlavə edilməmişdir. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli yoxlama aktına əsasən iddiaçının əmək kitabçasının surətində qevd olunan Bakı Hava Nəqliyyatının əməkhaqqı hesablama cədvəlləri saxlanılmadığı ücün xx.xx.1992-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövrləri araşdırmaq mümkün olmamışdır. Bundan başqa iddiaçının təqdim etdiyi diplomun surətinə əsasən onun əyani yoxsa qiyabi təhsil formasında təhsil almasının müəvvən edilməsi məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə verilmiş sorğuya cavabda S. Mehdiyevin təhsil aldığı X5 Texikumuna məxsus 23 iyul 1993-cü il tarixdən əvvəlki bütün sənədlərin işğal nəticəsində Ağdam rayonunda qalması səbəbindən onun təhsil forması barədə məlumatların təqdim edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazla eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilini müdafiə etdiyini bildirərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Surətləri iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus НЗ ******* nömrəli hərbi biletdən görünür ki, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. -iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, xx.xx.1980-cı il tarixdən xx.xx.2009-cu il tarixədək əmək fəaliyyətində olmuşdur. -iddiaçıya məxsus xx.xx.1983-cü il tarixli, 784948 nömrəli Diplomun surətindən görünür ki, 1980-cı ildə X5 Texnikumuna daxil olmuş və 1983-cü ildə həmin texnikumu “Aqronomiya” ixtisası üzrə bitirmişdir. -12.2022-ci il tarixli, 11/5634 nömrəli arayışın surətindən görünür ki, İddiaçı 1996, 1997, 1998, 1999, 2000-ci illəri üçün gəliri 9.051.640 (doqquz milyon əlli bir min altı yüz qırx manat) təşkil etmişdir. -Azərbaycan Respublikasının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 11/5634 nömrəli arayışından görünür ki, İddiaçı 2001, 2002, 2003-cü illəri üçün gəliri 13.265.000 (on üç milyon iki yüz altmış beş min manat) təşkil etmişdir. -Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2023-cü il tarixli, 3-48-DA-3F/2-37-2023 nömrəli məktubunda bildirilir ki, İddiaçı işlədiyi Füzuli rayon Şıxlı kəndi “Yeni Həyat” kolxozunun 1976-1985-ci illərə aid sənədləri 23 oktyabr 1993-cü il tarixində erməni işğalı zamanı Horadiz qəsəbəsində tamamilə yandırılaraq məhv edilmişdir. 1986-1992-ci illərin sənədləri isə X4 filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Formalaşmış mövcud məhkəmə təcrübəsinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının əmək fəaliyyəti rəsmi sənəddə (əmək kitabçası) öz əksini tapdığından işlədiyi müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsi halı iddiaçının həmin müəssisələrdə işləməməsi və əmək haqqı almaması qənaətinə gəlmək üçün kifayət etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2-1(120)-490/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-258/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-258/2025
02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver