Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-26/2023 30.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işi üzrə (Açar sözlər: 11.000 manat məbləğində birdəfəlik ödəmənin verilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X10 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi X11 və cavabdehin nümayəndəsi X7 iştirakları ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinə qarşı “11.000 manat məbləğində sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2-1(120)-1632/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı oğlu Sehran Qəniyev birinci Qarabağ müharibəsi zamanı, yəni 16 iyun 1992-ci ildə Ağdərə rayonunu Şaylı kəndində gedən döyüşlər zamanı həlak olmuşdur və bu barədə Qeydiyyat Şöbəsinin 27 may 1997-ci il tarixli, N262577 saylı “Ölüm haqqında şəhadətnamə”si vardır, həmin şəhadətnamə 27 oktyabr 1997-ci il tarixdə 24 nömrə ilə qeydə alınmış və Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 29 fevral 2008-ci il tarixli 28 saylı sərəncamı ilə həlak olmuş oğlu X14 “Şəhid”, ailəsinə isə “Şəhid ailəsi” statusu” verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, lakin inzibati orqan tərəfindən 22 yanvar 2022-ci il tarixli, **********57 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən, birdəfəlik ödəmə 1997-ci il 2 avqust tarixinədək həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11.000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. X19 mülki vətəndaş kimi həlak olduğuna görə adıçəkilən Fərmanın əhatə dairəsinə daxil olmadığı üçün Nazirlik tərəfindən birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli fərmanı ilə xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikasınm ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid X5 “Şəhid ailəsi” statusu almış ailəsinə, yəni ona 11.000 manat məbləğində sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu 30 may 1977-ci il təvəllüdlü X3 Qarabağ müharibəsi zamanı, yəni 16 iyun 1992-ci ildə Ağdərə rayonunun Çaylı kəndində gedən döyüşlər zamanı həlak olmuş və bu barədə Qeydiyyat Şöbəsinin 27 may 1997-ci il tarixli, № 262577 saylı “Ölüm haqqında şəhadətnamə”si vardır və həmin şəhadətnamə 27 oktyabr 1997-ci il tarixdə 24 nömrə ilə qeydə alınmışdır. Bundan sonra, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının 29 fevral 2008-ci il tarixli, 28 saylı Sərəncamı ilə həlak olmuş oğlu X14 “Şəhid”, ailəsinə isə “Şəhid ailəsi” statusu verilmişdir. Həmçinin, o, Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində olan DSMF Publik hüquqi şəxsin 1 saylı X25 ərazi fılialında xx.xx.2007-ci il tarixdən müddətsiz olaraq Şəhid anası kimi qeydiyyatdadır və xx.xx.2021-ci il tarixdən hal-hazıradək aylıq 500 (beş yüz) manat məbləğində ailəsinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilmiş şəxslərin ailə üzvlərinin sosial müdafıəsinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanına uyğun olaraq, 11.000 manat məbləğində sığorta ödənişinin alınması məqsədilə sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinə təqdim etmişdir. Cavabdehdən xx.xx.2022ci il tarixli, **********7 nömrəli ödənişdən imtina olunması barədə ünvanına cavab məktubu daxil olmuşdur. Cavab məktubunda imtinanın səbəbi kimi X19 mülki vətəndaş kimi həlak olduğuna görə yuxarıda adı çəkilən Prezident Fərmanının əhatə dairəsinə daxil olmadığı göstərilmişdir. Bu məsələyə aydınlıq gətirilməsi və Şəhid oğlu barəsindəki mövcud hüquqi aktlara yenidən qiymət verilməsi barədə cavabdehə müraciətləri nəticəsiz qalmış və sonrakı cavablarında ona bildirilmişdir ki, məhkəməyə müraciət olunmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı nümayəndə vasitəsi ilə Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, ona 11000 manat məbləğində şığorta ödənişinin ödənilməsini xahiş etmişdir. Nazirlik tərəfindən ona X5 mülki vətəndaş kimi həlak olduğuna görə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanının əhatə dairəsinə daxil olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 4.1-ci bəndinə əsasən Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X4 Xidmətinin, X8 Dövlət Agentliyinin kadrlar idarəsinin, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmə şamil edilir. Birdəfəlik ödəmə 11.000 (on bir min) manat məbləğində müəyyənləşdirilmişdir. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11.000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. X19 mülki şəxs kimi şəhid olmuş, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının 29 fevral 2008-ci il tarixli, 28 saylı Sərəncamı ilə ona şəhid, ailəsinə isə şəhid ailəsi statusu verilmişdir. Belə ki, sözügedən birdəfəlik ödəmənin verilməsi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələri üçün nəzərdə tutulmuş, mülki şəhidlər üçün nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2-1(120)-1632/2022 saylı qərarı ilə (hakim F.N.Abbasov) iddia təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanı ilə xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid X5 “Şəhid ailəsi” statusu almış ailəsinə, yəni ona 11.000 manat məbləğində sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, oğlu 30 may 1977-ci il təvəllüdlü, X3 Qarabağ müharibəsi zamanı - 16 iyun 1992-ci ildə Ağdərə rayonunun Çaylı kəndində gedən döyüşlər zamanı həlak olmuş və bu barədə Qeydiyyat Şöbəsinin 27 may 1997- ci il tarixli, № 262577 saylı “Ölüm haqqında şəhadətnamə”si vardır və həmin şəhadətnamə 27 oktyabr 1997-ci il tarixdə 24 nömrə ilə qeydə alınmışdır. Bundan sonra, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının 29 fevral 2008-ci il tarixli, 28 saylı Sərəncamı ilə həlak olmuş oğlu X14 “Şəhid”, ailəsinə isə “Şəhid ailəsi” statusu verilmişdir. Həmçinin, o Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF Publik hüquqi şəxsin 1 saylı X25 ərazi filialında xx.xx.2007-ci il tarixdən müddətsiz olaraq Şəhid anası kimi qeydiyyatdadır və xx.xx.2021 -ci il tarixdən hal-hazıradək aylıq 500 (beş yüz) manat məbləğində ailəsinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilmiş şəxslərin ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanına uyğun olaraq, 11.000 manat məbləğində sığorta ödənişinin alınması məqsədilə sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmiş. Cavabdehdən xx.xx.2022-ci il tarixli, **********7 nömrəli ödənişdən imtina olunması barədə ünvanına cavab məktubu daxil olmuşdur. Cavab məktubunda imtinanın səbəbi kimi X19 mülki vətəndaş kimi həlak olduğuna görə yuxarıda adı çəkilən Prezident Fərmanının əhatə dairəsinə daxil olmadığı göstərilmişdir. Bu məsələyə aydınlıq gətirilməsi və Şəhid oğlu barəsindəki mövcud hüquqi aktlara yenidən qiymət verilməsi barədə cavabdehə müraciətləri nəticəsiz qalmış və sonrakı cavablarında ona bildirilmişdir ki, məhkəməyə müraciət olunmalıdır. Təəssüf ki, Şirvan inzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)-1632/2022 nömrəli qərarı ilə iddiası təmin edilməmişdir. Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, X19 mülki şəxs kimi şəhid olmuş və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018- ci il tarixli, 1 nömrəli Fərmanında 11.000 manat məbləğində sığorta ödənişi sığorta ödənişi almamış, hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir, həmin ödənişin mülki şəxs kimi şəhid olan vətəndaşların vərəsələrinə də verilməsi nəzərdə tutulmamışdır. X5 mülki şəxs kimi şəhid olması qənaətinə məhkəmə belə gəlmişdir ki, “X14 “şəhid”, ailəsinə isə “şəhid ailəsi” statusunun Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının 29 fevral 2008-ci il tarixli, 28 saylı sərəncamı ilə verilməsi X13 mülki şəxs kimi şəhid olmasını təsdiq edir”. Hesab edirik ki, yalnız qeyd edilən hala əsaslanaraq bu nəticəyə gəlinməsi tam əsassız və qanunsuzdur. Belə ki, iddia ərizəsində də məlumat verilmişdi ki, oğlu Könüllülər Batalyonunda vuruşmuşdur. Oğlu hərbi geyimdə hərbiçi şəxslərin sırasında olmuş, onlarla birlikdə döyüşmüş və üzərlərində müvafiq səlahiyyətli hərbiçilər olmuşdur. Onunla birlikdə döyüşüb həlak olan şəxslərin vərəsələri bu ödənişi almış, sağ qalmış hərbiçilərə isə veteran statusu verilmişdir. Onun döyüş yoldaşlarının bir çoxu hazırda sağdır, müharibə veteranı statusları vardır və məhkəmədə qeyd edilmiş halları təsdiq edə bilərlər. Mülki şəxs kimi şəhid o şəxslər sayıla bilər ki, onlar ordu sıralarında deyil, vətəndaş kimi təsadüfi düşmən gülləsinə tuş gəlmişdir. Ordu sıralarında olan, müvafiq olaraq sıralarında olduğu batalyon tərəfindən hərbiçi kimi təchiz edilən, hərbiçi kimi döyüş zonasında döyüşərək həlak olan şəxs mülki şəxs kimi şəhid olmuş sayıla bilməz. Yuxarıda qeyd edildiyi kimi oğlunun döyüş yoldaşlarının bir çoxu hazırda sağdır, müharibə veteranı statusları vardır və məhkəmədə qeyd edilmiş halları təsdiq edə bilərlər. Həmin şəxslərin adlarını burada qeyd etmiş və müvafiq olaraq səbəbləri də şikayətə əlavə edilmişdi. X20 - ünvan: Kürdəmir rayonu Topalhəsənli kəndi; X21 - ünvan: Bərdə rayonu Yeni Daşkənd kəndi; X17-ünvan Bərdə rayonu Yeni Daşkənd kəndi. Bundan başqa iş materiallarında olan Kürdəmir rayon X6 Qeydiyyatı şöbəsi tərəfindən verilmiş 27 may 1997-ci il tarixində verilmiş v-JQ 262577 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətlərindən, həmçinin Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Topalhəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26 aprel 2022-ci il tarixli, 227 nömrəli arayışından görünür ki, övladı X19 xx.xx.1977-ci ildə Kürdəmir şəhərində doğulmuş, xx.xx.1992-ci il tarixində Ağdərə rayonunun Çaylı kəndində Qarabağ döyüşlərində həlak olmuşdur. İş materiallarında olan Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının 29 fevral 2008-ci il tarixli, 28 nömrəli Sərəncamının surətindən görünür ki, X1 rayonunun Qaraqocalı kəndindən könüllü olaraq hərbi xidmətə getmiş, Ağdərə rayonunun Çaylı kəndində gedən döyüşlərdə həlak olmuşdur. Belə olan halda oğlu necə mülki şəxs kimi həlak olmuş kimi qiymətləndirilə bilər. Məhkəmənin bu yanaşması əsassız və qanunsuzdur. Məhkəmə inzibati məhkəmə icraatının əsas prinsiplərində olan işin hallarının araşdırılması prinsipini (İPM 12 maddə) pozaraq bir əlavə araşdırma təşəbüsündə belə olmamış, oğlunun döyüş yoldaşlarının şahid kimi cəlb edilməsini həyata keçirməmişdir. Oğlunun harada, nə vaxt və hansı şəraitdə ölməsi işin mübahisəsiz haldır. Məhkəmənin mövqeyindən belə çıxır ki, könüllülər batalyonunda döyüşərək həlak olmuş bütün şəxslər mülki şəxs kimi şəhid olmuş sayılmalıdır. Əgər onunla eyni yerdə həlak olmuş şəxslərə bu ödənişlər verilirsə onlara münasibətdə fərqli mövqenin olması sadəcə biabırçılıqdır. Bir arayışı dövlətin bu orqanı və ya digəri vermişdirsə, bunu düz və ya səhv vermişdirsə, bu vətəndaşın deyil müvafiq dövlət orqanlarının məsuliyyətidir. Hər hansı bir arayışın bu orqan və ya digər orqanın verməsi şəxsin statusunun müəyyən edilməsi üçün yeganə əsas ola bilməz. Məhkəmə iş üzrə bütün sübutları araşdırıb onlara ümümilikdə qiymət verərək yekun nəticəyə gəlməlidir. İşin hallarından da göründüyü kimi övladı X2 olaraq Silahlı Qüvvələrdə xidmətə daxil olmuş və həmin vaxtdan da hərbiçi statusu almışdır, lakin məhkəmə bu halı nə araşdırmamış, nə də qiymət verməmişdir. Oğlu könüllü qaydada hərbi xidmət keçdiyi üçün qanunun bu normasının mənasına görə hərbi vəzifəli şəxs olmuşdur. Məhkəmə bu normanın da tələblərinin oğluna şamil edilməli olmasını nəzərə almamışdır. Məhkəmə oğlunun mülki şəxs kimi şəhid olmasını qeyd edir, lakin iş materiallarında olan sənədlərlə də təsdiq edilir ki, oğlu könüllü olaraq hərbi xidmətə getmiş, Ağdərə rayonunun Çaylı kəndində gedən döyüşlərdə həlak olmuşdur. Sual oluna bilər ki, hərbi xidmətə gedən şəxs mülki şəxs sayılır? Mülki şəxs döyüş əməliyyatlarında olur? Göründüyü kimi məhkəmənin gəldiyi nəticələr işin hallarına uyğun deyil. Göstərilənlərə əsasən Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)- 1632/2022 nömrəli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanı ilə xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid X5 “Şəhid ailəsi” statusu almış ailəsinə, yəni ona 11.000 manat məbləğində sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə etiraz Cavabdehin apellyasiya şikayətinə etirazın dəlilləri iddia tələbinə olan yazılı münasibəti (etirazı) ilə eynilik təşkil edir. Əlavə olaraq cavabdeh apellyasiya şikayətinə etirazda göstərmişdir ki, X19 mülki şəhid olmuş, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 29 fevral 2008-ci il tarixli, 28 saylı sərəncamı ilə ona şəhid, ailəsinə isə şəhid statusu verilmişdir. Belə ki, sözügedən birdəfəlik ödəmənin verilməsi 1997-ci il avqustun 2dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələri üçün nəzərdə tutulmuşdur. İş materiallarından aydın olur ki, mərhum X14 müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən arayışla mülki şəhid statusu verilmiş və həmin müavinətin ödənilməsi qeyd olunan kateqoriyadan olan şəhidlərə aid edilməmişdir. Odur ki, İddiaçı apellyasiya şikayətinin təmin olunmaması və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)- 1632/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş olunur. Prosessual məsələlər Apellyasiya məhkəməsində İddiaçı nümayəndəsi X15 apellyasiya şikayətini müdafiə edib şikayətin dəlillərinə uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2-1(120)-1632/2022 nömrəli qərarının ləğv olunmasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını tələb edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermişdir. Tətbiq edilən hüquq “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanı: 1.1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra – birdəfəlik ödəmə) verilsin 2.Birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.
3. Birdəfəlik ödəmə bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsin müraciəti və notariat qaydasında təsdiq olunmuş aşağıdakı sənədlər əsasında verilir: 3.1. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının ölümü haqqında şəhadətnamə; 3.2. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının ölmüş elan edilməsi haqqında məhkəmə qərarı; 3.3. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd; 3.4. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış.
4. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın: 4.1-ci bəndinə əsasən “Şəhid ailəsi” statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X4 Xidmətinin, X8 Dövlət Agentliyinin kadrlar idarəsinin, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. İnzibati Prosessual Məcəllə Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından müəyyən edilir ki, iddiaçının hüquqi marağı 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmənin ödənilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərək qərarını onunla əsaslandırmışdır ki, X14 “şəhid”, ailəsinə isə “şəhid ailəsi” statusunun Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının 29 fevral 2008-ci il tarixli 28 saylı Sərəncamı ilə verilməsi X13 mülki şəxs kimi şəhid olmasını təsdiq edir və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanında 11000 manat məbləğində sığorta ödənişinin mülki şəxs kimi şəhid olan vətəndaşların vərəsələrinə də verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmaqla əlavə olaraq cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanının 1-ci bəndinə görə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir. İşin hallarında müəyyən edilir ki, X19 hərbi qulluqçu və daxili işlər orqanının əməkdaşı olmamışdır. Belə ki, işin apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə sorğu ünvanlanaraq X13 hərbi qulluqçu olub-olmamsına dair müvafiq məlumat və və sənədlərin təqdim olunması xahiş olunmuşdur. Məhkəmənin sorğusuna verilmiş 3- 43-33/2-88/2023 nömrəli cavab məktubda qeyd olunmuşdur ki, Kürdəmir rayonu, Qaraqocalı kənd sakini, 30 may 1976-cı il təvəllüdlü mərhum X19 16 iyun 1992-ci il tarixdə Ağdərə rayonunun Çaylı kəndində gedən döyüş əməliyyatlarında həlak olduğu üçün Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 29 fevral 2008-ci il tarixli 28 nömrəli sərəncamına əsasən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı əsas tutularaq şəhid statusu verilmişdir. X13 xx.xx.1992-ci il tarixdə 16 yaşı olduğuna və keçmiş Kürdəmir rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmağına görə hərbi qulluqçu hesab edilmir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən hərbi qulluqçuların və hərbi vəzifəlilərin tərkibihərbi qulluqçular və hərbi vəzifəlilər əsgər (matros), çavuş, gizir (miçman) və zabit heyətlərinə, zabit heyəti isə kiçik, baş və ali zabit heyətlərinə bölünür. Bundan başqa, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 4.1-ci bəndinin tələbləri nəzərə alınaraq X19 mülki vətəndaş hesab edildiyindən onun ailəsinə “Şəhid ailəsi” statusu məhz Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018ci il tarixli, 1 nömrəli Fərmanında 11.000 manat məbləğində birdəfəlik ödəmənin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş mülki şəxslərin vərəsələrinə verilməsi nəzərdə tutulmamışdır. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2- 1(120)-1632/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2-1(120)- 1632/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.