Məhkəmə qərarları › İş №2-1(106)-260/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-260/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-260/2022 14.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2-1(120)-1427/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 17 avqust 2022-ci il tarixli, 2-1(120)-1427/2022 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1974-cü il tarixdə İmişli rayonu, Qaralar kəndində doğulmuşdur. 1992-ci il tarixdən N nömrəli hərbi hissənin komandirinin əmri ilə döyüş tapşırığını yerinə yetirmək üçün Füzuli rayonuna, daha sonra Ağdərə rayonuna vətən uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmək üçün ezam olunmuş və tərxis olunmuşdur. Lakin bu günə qədər veteran vəsiqəsini ala bilməmişdir. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona müharibə veteran adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman oktyabr-dekabr 1992-ci il, yanvar, mart-aprel 1993-cü il tarixlərdə ezamiyyətdən qayıtması və qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığından ona müharibə veteranı adının verilməsindən imtina olunmuşdur. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə İmişli rayonu, Qaralar kəndində doğulmuş, İmişli rayonu, Qaralar kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.1992-ci il tarixli, HЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətində qeyd edilmişdir ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, N nömrəli hərbi hissənin tərkibində Ağdərə rayonunda olan hərbi əməliyyatlarda iştirak etmiş, xx.xx.1997-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri əsasında tərxis edilmişdir. İşdə olan iddiaçıya məxsus uçot kartasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə hərbi xidmətə çağırılmış və xx.xx.1997-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri əsasında tərxis edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 4/3-1812 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçının veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya daxil olmuş ərizəsinə xx.xx.2021-ci il tarixli iclasda baxılmış və 791 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4/2-2678 nömrəli məktubda qeyd edilmişdir ki, 1974-cü il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 7-B nömrəli əmrilə (əsas: səhifə 126, sıra 21) hərbi hissənin siyahısına salınmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 83 nömrəli əmrində (əsas: § 2, səhifə 32, sıra 37) xx.xx.1992-ci il tarixdən 7 gün müddətinə döyüş əməliyyatları bölgəsinə (Füzuli rayonuna) döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilən şəxsi heyətin siyahısında İddiaçı adı qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 122 nömrəli əmrində (əsas: § 3, səhifə 97, sıra 18, əmrdə atasının adı “Yusuf” kimi yazılmışdır) Ağdərə rayonuna göndərilən şəxsi heyətin siyahısında İddiaçı Yusuf oğlunun adı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 148 nömrəli əmrində (əsas: § 1, səhifə 124, sıra 22) xx.xx.1992-ci il tarixdən Füzuli rayonuna xüsusi tapşırığı yerinə yetirmək üçün ezamiyyətə göndərilən şəxsi heyətin siyahısında İddiaçı adı qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 27 nömrəli əmrində (əsas: § 1, səhifə 37, sıra 20, əmrdə atasının adı “Yusif” yazılmışdır) xx.xx.1993-cü il tarixdən döyüş tapşırığını yerinə yetirmək üçün Ağdərəyə ezamiyyətə göndərilən hərbi qulluqçulların siyahısında sıravi İddiaçı Yusif oğlunun adı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 36 nömrəli əmrində (əsas: § 3, səhifə 50, sıra 14, əmrdə atasının adı “Yusif” yazılmışdır) xx.xx.1993-cü il tarixdən Ağdərədən, ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına qoyulan hərbi qulluqçulların siyahısında sıravi İddiaçı Yusif oğlunun adı qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 51 nömrəli əmrində (əsas: § 3, səhifə 83, sıra 42) Ağdərəyə döyüş tapşırığını yerinə yetirmək üçün göndərilən hərbi qulluqçulların siyahısında sıravi İddiaçı adı qeyd edilmişdir. Ağdərədə ezamiyyətdə olan, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 177 nömrəli əmrilə (əsas: § 11, səhifə 230) müalicə olunmaq üçün hospitala göndərilərək hərbi hissənin qazan təminatından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 200 nömrəli əmrində (əsas: § 4, səhifə 287, sıra 13) müalicə üçün hospitalda olan və şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq, həqiqi hərbi xidmətlərini davam etdirmək üçün N nömrəli hərbi hissəyə keçirilən hərbi qulluqçuların siyahısında İmişli rayon hərbi komissarlığının çağırışçısı, 1974-cü il təvəllüdlü, sıravi İddiaçı adı qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin 1993-1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmadığından və məktubda 1996-cı il tarixli xidmət dövrü (ay) dəqiq göstərilmədiyindən barəsində əlavə araşdırma apara bilmirlər. N nömrəli hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli və N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirakı barədə müvafiq qeydiyyat aparılmamışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 11/1511 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2021-ci il tarixli imtina məktubu ilə iddiaçının ezamiyyətdən qayıtması və ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Müharibə veteranı adının verilməsi üçün şəxsin hərbi hissəyə daxıl edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövluyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmış şəxslərə müharibə veteranı adı verilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 90.1-ci maddəsinə əsasən inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. İşin faktiki hallarından görünür ki, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun döyüş əməliyyatları aparılan zaman oktyabr-dekabr 1992-ci il, yanvar, mart-aprel 1993-cü il tarixlərdə ezamiyyətdən qayıtması və qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumatın olmadığı əsas gətirilərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus hərbi biletdə onun xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək hərbi xidmət etdiyi, eləcə də N nömrəli hərbi hissənin tərkibində Ağdərə rayonunda olan hərbi əməliyyatlarda iştirak etdiyi qeyd olunmuş və həmin sənəddəki məlumatların həqiqiliyini təkzib edən hər hansı dəlil, sübut cavabdeh tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın təqdim etdiyi məlumatlarla iddiaçıya məxsus hərbi biletdə olan qeydlər arasında ziddiyyətlər vardır. İnzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə, digər şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa, iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, apellyasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd edir ki, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan, işin faktiki hallarını müəyyən etmədən, sübutları aydınlaşdırmadan, əlaqəli sübutları və məlumatları əldə etmədən iddiaçının müraciətinə formal cavab vermişdir. Belə ki, iddiaçıya məxsus hərbi biletdə iddiaçının N nömrəli hərbi hissəyə girişi-çıxışı, həmçinin onun N nömrəli hərbi hissənin tərkibində Ağdərə rayonunda olan hərbi əməliyyatlarda iştirakı barədə N nömrəli hərbi hissənin komandirinin imzası və möhürü ilə təsdiq edilmiş qeyd göstərilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış məktubda da iddiaçının döyüş bölgəsində xidməti barədə, o cümlədən iddiaçının xx.xx.1993-cü il tarixdə N nömrəli hərbi hissəyə keçirilməsi barədə məlumatlar göstərilmişdir. Lakin cavabdeh inzibati orqan heç bir araşdırma aparmadan, ziddiyyətli məqamları aydınlaşdırmadan, qeyd edilən dövlərdə müvafiq hərbi hissələrin səlahiyyətli vəzifəli şəxslərini inzibati icraata cəlb etmədən, iddiaçının döyüş əməliyyatları aparılan zaman oktyabr-dekabr 1992-ci il, yanvar, mart-aprel 1993-cü il tarixlərdə ezamiyyətdən qayıtması və qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumatın olmadığını əsas gətirərək iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Hazırkı halda iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək hərbi xidmətinin olub-olmamasını müəyyən etmək üçün xüsusi araşdırma aparılması tələb olunur. Cavabdeh inzibati orqan N və N nömrəli hərbi hissələri, xüsusi səlahiyyətli ixtisaslaşmış mütəxəssisləri, işin faktiki halları ilə bağlı dəqiq məlumatlar vermək imkanına malik şahidləri işə cəlb edərək digər əlaqəli mötəbər sübutlarla xüsusi araşdırma apararaq qərar qəbul etməli idi. Lakin cavabdeh inzibati orqan heç bir araşdırma aparmadan iddiaçıya imtina cavabı vermişdir. Belə olan halda da, iş üzrə lazımi faktiki hallar tam aydın müəyyən olunmadığından hazırkı mərhələdə iddiaçının iddia tələbinin təmin edilib-edilməməsi barədə məhkəmə qərarının qəbul edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan müraciəti yenidən qanunvericiliyin tələblərinə uyğun tam dolğun araşdırmalıdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2-1(120)-1427/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar