Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-260/2024 24.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nümayəndəsi Cavadov Xeyrulla Xosrov oğlunun, Cavabdeh və vəkili Abdulrəhmanov Kənan Səfər oğlunu, üçüncü şəxs Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi Məmmədova Sədaqət Səadət qızının iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2-1(120)-2871/2023 nömrəli qərarından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Cavabdeh qarşı tikilinin cavabdehin hesabına sökülməsi və məhkəmə xərclərinin ödənilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin qoyulması və iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin müəyyən edilərək dövlət nəfinə keçirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsi tərəfindən Neftçala Rayon İcra Hakimiyyəti və Neftçala bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 16 noyabr 2023-cü il tarixli, 2- 1(120)-2871/2023 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq Cavabdeh hesabına sökülməsi öhdəliyi qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh heç bir hüquqmüəyyənedici sənədi olmadan tikinti işləri apararaq ünvan 1 ünvanında yerləşən ölçüləri 10m x 20m x 4,5m metr olan, 1 mərtəbəli qeyri-yaşayış obyektində tikintisi başa çatmış bir mərtəbəli özbaşına inşa etdirmiş, bununla da şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmuşdur. Qərardan Cavabdeh apellyasiya şikayəti vermiş, şikayətini onunla əsaslandırmışdır ki, sökülməsi tələb olunan tikilinin yerləşdiyi torpaq sahəsi Neftçala bələdiyyəsi ilə aralarında bağlanmış müqavilə əsasında onun icarəsinə verilmiş və icarə hüquqları müvafiq orqanda qeydə alınmışdır. Qeyd olunan tikinti ilə bağlı ilkin olaraq FHN Dövlət Yanğın Nəzarəti Xidməti Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsindən 19 may 2021-ci il tarixdə 036 saylı müsbət rəy almış, həmçinin tikilinin layihəsi Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (bundan sonra - Agentlik) tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilən zaman ünvan 1 ünvanında Cavabdeh tərəfindən icazəverici sənəd təqdim etmədən iaşə obyektinin tikintisinin aparılması aşkarlanmışdır. Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə 04 aprel 2021-ci il tarixli 0186 nömrəli qərar verilərək, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsi tələblərinin pozulması bildirilmiş və həmin pozuntu aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. Bundan sonra cavabdeh tikinti işlərini müəyyən müddətə dayandırmış və şifahi olaraq bildirilmişdir ki, icazəverici orqana müraciət edib və icazənin alınması ərəfəsindədir. Sonradan, Neftçala Rayon İcra Hakimiyyəti 10 fevral 2023-cü il tarixli 5-67/2-51/2023 nömrəli məktubla müraciət edərək, Neftçala rayonu ərazisində Cavabdeh tərəfindən özbaşına tikinti işlərinin aparıldığı bildirmişdir. Həmin müraciət əsasında Agentliyin mütəxəssisləri tərəfindən 28 fevral 2023-cü il tarixində keçirilən texniki baxış nəticəsində həmin ünvanda yerləşən tikinti obyektində tikinti-quraşdırma işlərinin dayandırılması barədə Qərarın tələblərini yerinə yetirilmədən yan divarlarının və dam örtüyünün quraşdırılması ilə tikinti işlərinin başa çatdırılması müəyyən edilmişdir. Prosessual məsələlər Cavabdeh və vəkili məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Həmçinin cavabdeh məhkəmə iclasında bildirdi ki, tikilinin sökülməsi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən ona müraciət edilməmişdir. İddiaçının nümayəndəsi Cavadov Xeyrulla Xosrov oğlu apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirmiş, həmçinin məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, tikilinin sökülməsi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl təmsil etdiyi qurum tərəfindən cavabdehə rəsmi müraciət edilməmişdir. Üçüncü şəxs Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi Məmmədova Sədaqət Səadət qızı apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs Neftçala bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, surətləri iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 04 aprel 2021-ci il tarixli, 0186 nömrəli qərarından görünür ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus iaşə obyektinin tikintisi barədə tərtib olunmuş 172614 nömrəli texniki baxış aktına əsasən aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün cavabdehə 30 gün müddət təyin olunmuşdur. -Neftçala rayon İcra Hakimiyyətinin başçısı aparatının Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi (mühəndis) Əsgərov Elton Alış oğlunun, Neftçala rayon İcra Hakimiyyətinin başçısının inzibati dairəsi üzrə nümayəndəsi Əzizov Elşad Əşrəf oğlunun, Neftçala bələdiyyəsinin sədr müavini Cəfərov Ramil Namid oğlunun, Neftçala rayon İcra Hakimiyyətinin başçısının inzibati dairəsi üzrə nümayəndəsinin müavini Rzayev Fətulla Sədrəddin oğlunun və iş üzrə Cavabdeh iştirakı ilə tərtib edilmiş 17 avqust 2022-ci il tarixli aktdan görünür ki, Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ünvanında vətəndaş Cavabdeh tərəfindən inşa edilən obyektə baxış keçirilmiş, həmin zaman vətəndaş tərəfindən 10 x 20 x 4,5 metr ölçülü üstü bağlanmış iaşə obyektinin tikintisinn aparılması faktı aşkarlanmışdır. -xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus ölçüləri 20,0 x 8,0 metr olan, 1 mərtəbəli qeyriyaşayış obyektində pozuntularla müşayiət olunan tikinti işlərinin aparılması faktı aşkar edilmiş və bu barədə xx.xx.2023-cü il tarixli, 172614 nömrəli texniki baxış aktı tərtib olunmuşdur. -Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5- 67/2-51/2023 nömrəli məktubunda bildirilir ki, “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinin təmin edilməsi ilə əlaqədar Neftçala rayonu ərazisində icazəsi tələb edilən tikinti obyektlərinin qeyri-qanuni inşası ilə əlaqədar qanunvericiliyin tələblərinin pozulması hallarının müəyyən edilərək qarşısının alınması məqsədilə Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən reyd zamanı şəhərin M.Ə.Rəsulzadə küçəsi ev-562 ünvanda yaşayan Cavabdeh tərəfindən ünvan 2anındakı, xx.xx.2007-ci il tarixdən 15 il müddətinə yüklü edilmiş və yükliilük müddəti xx.xx.2022-ci ii tarixdə bitmiş 0,05 ha torpaq sahəsində tikintisi tam başa çatmış, dam örtüyü şiferlənmiş 10m x 20m x 4,5m ölçüdə qeyri yaşayış obyekti (iaşə obyekti) inşa edilməsi aşkar edilərək sənədləşdirilmişdir. -Neftçala bələdiyyəsi tərəfindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 22 nömrəli məktubunda bildirilir ki, vətəndaş Cavabdeh ünvan 1 ünvanında aparılmış olduğu qanunsuz tikili Neftçala bələdiyyəsinin ehtiyat fonduna aid torpaq sahəsində yerləşir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən Cavabdeh adına verimiş xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə dair icarə hüququ xx.xx.2007-xx.xx.2022-ci il tarixədək qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tikilinin sökülməsi və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə ilkin müraciət etməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin apellyasiya şikayətinin araşdırılması zamanı məhkəmə kollegiyasının sualına cavab olaraq iddiaçının nümayəndəsi və cavabdeh də bildirmişlər ki, iddiaçı tərəfindən hazırki tələblə bağlı cavabdehə ilkin müraciət edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddianın məhkəmə xərclərinin ödənilməsi hissəsi ilə bağlı da birinci instansiya məhkəməsi tərəfindən mümkünlük şərtləri baxımından düzgün hüquqi nəticəyə gəlinməmiş və məsələyə mahiyyəti üzrə qiymət verilmişdir. Belə ki, tələbin həmin hissəsi ortalıqda çəkilmiş (çəkiləcək) xərcin konkret səbəbi və dəqiq məbləği olmaması baxımından ehtimala və gələcəkdə mümkün ola biləcək hesablamalara söykəndiyindən, habelə bununla bağlı cavabdehə ilkin müraciət edilərək münasibət öyrənilmədən mahiyyəti üzrə araşdırılması inzibati məhkəmə icraatının prinsiplərinə ziddir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən, yəni Şirvan İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2-1(120)- 2871/2023 nömrəli qərarının iddianın təmin edilmiş hissəsinə münasibətdə təmin edilməli, iddia bütövlükdə mümkünsüz sayılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən, yəni Şirvan İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2-1(120)-2871/2023 nömrəli qərarının iddianın təmin edilmiş hissəsinə münasibətdə qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2-1(120)-2871/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Cavabdeh qarşı tikilinin cavabdehin hesabına sökülməsi və məhkəmə xərclərinin ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-260/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-260/2024
24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver