Məhkəmə qərarları › İş №2-1(106)-260/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-260/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-260/2025 09.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X1 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Atakişiyeva Nuranə Fadil qızının katibliyi, cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2-1(120)-4703/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 X4 Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və məktubun etibarsız hesab edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh orqanın hərəkətlərini qanunsuz hesab etməklə 19 avqust 2014-cü il tarixli məktubunun etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) 25 noyabr 2024-cü il tarixli, 2- 1(120)-4703/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 3-17-1/2-F- 197829/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubunu inzibati akt kimi qiymətləndirməklə onun hüquqlarını pozduğunu iddia etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İddiaçının mübahisələndirdiyi sənəd müşayiət məktubu olmaqla inzibati orqanın inzibati aktı (qərarı) kimi şərh edilə bilməz. Həmçinin, artıq ödənilmiş məbləğin geri qaytarılması üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul olunmuşdur. Yəni hazırki tələbin icrası cavabdehin səlahiyyətində deyil və iddia düzgün olmayan cavabdehə qarşı yönəlmişdir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın qəbul etdiyi 19 avqust 2024-cü il tarixli məktubu tamamilə qanunsuz və əsassızdır. Sözügedən məktub etibarsız hesab edilməlidir. İnzibati orqan onu dəvət etmədən onun ziyanına qərar qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi məhkəmə iclasında onun iştirakını təmin etməmiş, onun ziyanına qərar qəbul etmiş, ona qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərməmiş və iddia tələbi ilə bağlı müvafiq sorğular verməmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İstənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçının mübahisələndirdiyi sənəd müşayiət məktubu olduğundan inzibati aktın xüsusiyyətlərini daşımır. Bundan başqa, artıq ödənilmiş məbləğin geri qaytarılması üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul olunmuşdur. Həmçinin iddiaçı tərəfindən cavabdeh düzgün müəyyənləşdirilməmiş, iddia ona cavab verməli olan inzibati orqana qarşı yönəlməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, əlavə olaraq qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası barədə ona bildiriş göndərilməməsinə dair dəlilləri əsassızdır. Belə ki, iş materiallarından görünür ki, 15 oktyabr 2024-cü il tarixdə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilmiş, iddiaçı həmin bildirişi 23 oktyabr 2024-cü il tarixdə əldə etmişdir. Həmçinin 15 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə müvafiq olaraq birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya yardım edilərək, iddiaçının iddia ərizəsində yol verdiyi formal xətaları aradan qaldırması və iddia tələbinə cavab verməli inzibati orqanı dəqiqləşdirməli olduğu qeyd edilmişdir. Həmin sənəd 23 10.2024-cü il tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya müvafiq hüquqi yardım göstərilmiş və hazırki iş üzrə bütün zəruri tədbirlər görülmüşdür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığından birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2-1(120)-4703/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar