Məhkəmə qərarları › İş №2-1(106)-261/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-261/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-261/2025 09.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X3 və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Ələskərov Sənan Adil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2-1(120)-880/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Astara Rayon İcra Hakimiyyətinə qarşı Astara rayon Aqrar İslahat Komissiyasının qərarının hissəvi dəyişdirilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Astara Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarına ona aid hissədə dəyişiklik edilərək - 0.10 ha torpaq sahəsinin 0.25 ha torpaq sahəsi kimi göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 05 dekabr 2024-cü il tarixli, 2- 1(120)-880/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı və həmin qərar əsasında tərtib edilən JN-901A saylı, kod:80100018 nömrəli dövlət aktı barədə məlumatı olmuşdur. İddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. Buna görə də iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X1 razılığı ilə istifadəsində olan 0.50 hektar həyətyanı torpaq sahəsindən Astara rayonu, X2 25 iyun 1985-ci il tarixli 496 nömrəli əmrilə 0.25 hektar torpaq sahəsi ayrılaraq istifadəsinə vermişdir. 1985-ci ildə istifadəsinə verilmiş 0.25 hektar həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikib, halhazırda ailə üzvləri ilə birlikdə orada yaşayır. Qanuni istifadəsində 0.25 hektar həyətyanı torpaq sahəsi olmasına baxmayaraq Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cü il tarixli 18 saylı qərarına istinad edilərək, ailənin mülkiyyətinə 0.10 hektar həyətyanı torpaq sahəsi verilməsinə dair X4 Komitəsinin Astara rayon şöbəsi tərəfindən 21 iyun 2005-ci il tarixdə “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə” yazılmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində iddia ərizəsində göstərilən dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə buraxılmış müddətin üzrlü hesab edilib bərpa edilməsi barədə ərizə ilə müraciət etsə də, məhkəmə tərəfindən məhkəmə iclasında ərizəsinə baxılmamış, prosessual müddətin bərpa edilməsi və ya rədd edilməsi barədə qərar qəbul edilməmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, faktiki olaraq 0.25 ha torpaq sahəsindən istifadə edir, ərazidə islahat keçirilməsi barədə məlumatı olmamış, müvafiq şəhadətnamə onun atasına təqdim edilmişdir, ona görə də torpaq sahəsinin az verilməsindən məlumatı olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Astara rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş 12 fevral 2001-ci il tarixli “Astara rayonunun Ərçivan kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”dən görünür ki, İddiaçı qanuni istifadəsində olan həyətyanı sahə 0.10 ha kimi göstərilmişdir. İddiaçı Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarında 0.10 ha torpaq sahəsinin 0.25 ha torpaq sahəsi kimi göstərilməklə dəyişiklik edilməsini xahiş etmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (maddə 9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir (maddə 10). Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir (maddə 22). Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarının dəyişdirilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. İddiaçı birinci instansiya məhkəməsinə buraxılmış müddətin üzrlü hesab edilməsi üçün ərizə ilə müraciət etmiş, ərizəsində Astara rayonu X2 25 iyun 1985-ci il tarixli 496 nömrəli əmri ilə 0.25 ha həyətyanı torpaq sahəsinin ayrılaraq istifadəsinə verildiyini, 1985ci ildən həmin torpaq sahəsində inşa etdikləri fərdi yaşayış evində yaşadıqlarını, mübahisələndirdiyi 02 iyul 1999-cu il tarixli 18 nömrəli qərardan 2023-cü ilin mart ayında məlumatı olduğunu qeyd etmişdir. Lakin iddiaçı tərəfindən nə birinci instansiya məhkəməsindəki icraat zamanı, nə də apellyasiya instansiyasında prosessual müddətin ötürülməsinin səbəbləri barədə sübutlar təqdim edilməmişdir. Həmçinin iddiaçının uzun müddətdir yaşadığı evin yerləşdiyi torpaq sahəsi barədə qəbul edilmiş sözügedən qərardan (Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli qərarı) 24 il sonra məlumatının olması ağlabatan deyildir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Aqrar İslahat Komissiyasının sözügedən qərarından məlumatlı olmuşdur. Göründüyü kimi sözügedən qərarın mübahisələndirilmə imkanı aradan qalxmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2-1(120)-880/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar