Məhkəmə qərarları › İş №2-1(106)-263/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-263/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-263/2022 08.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2-1(120)-1078/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx xxxxxx 1962-cı ildə anadan olmuş, xx.xx.1986-xx.xx.1999-cu illərdə Azərbaycan Meliorasiya və X7 Səmdar Cəmiyyəti Meliorasiya-Mexaniki Təmir Zavodunda 2-ci dərəcəli nəqledici, quraşdırıcı çilingər, o cümlədən xx.xx.1989-xx.xx.1999-cu illərdə metal əridici və polad əridici vəzifələrində 10 ildən artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşədə işləmişdir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Lakin inzibati orqan tərəfindən 28 oktyabr 2021-ci il tarixli, **********8 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödnilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”) tələblərinə uyğun qaydada tərəfinizdən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir. 1) şəxsiyyət vəsiqəsinin surəti; 2) ümumi iş stajınızı təsdiq edən sənədlərin əsilləri (əmək kitabçanızın, həqiqi hərbi xidmətdə olduğunuz dövrü təsdiq edən sənəd və s.); 3) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağınıza dair iş yerinin arayışının əsli; 4) pensiya təyin edilməsi ilə bağlı ərizə. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə əmək kitabçanın əsli və yuxarıda 3cü bənddə qeyd edilən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışı bu məktuba əlavə olunmuş və arayışa uyğun qaydada tərtib edilməklə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən onun xx.xx.1980- xx.xx.1982-ci illərdə hərbi xidmətdə olduğu müddətin, xx.xx.1983-xx.xx.1984, xx.xx.1984- xx.xx.1985, xx.xx.1984xx.xx.1985-ci illərdə Sabirabad rayonu 41 nömrəli X1, xx.xx.1985-xx.xx.1986-cı illərdə 20 nömrəli X1, xx.xx.1986-xx.xx.1999-cu illərdə Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti Meliorasiya-Mexaniki Təmir Zavodunda işlədiyi illərin, 1977-1980-ci illərdə Sabirabad rayonu “Telman” adına kolxozda işlədiyi illərin minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı 51 yaşdan, yəni 17 fevral 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması və ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, xx xxxxxx 1962-ci il tarixdə anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur. 1977-1980-ci illərdə Sabirabad rayonu “Telman” adına kolxozda, xx.xx.1983-xx.xx.1984, xx.xx.1984-xx.xx.1985, xx.xx.1984-xx.xx.1985-ci illərdə Sabirabad rayonu 41 nömrəli X1, xx.xx.1985-xx.xx.1986-cı illərdə 20 nömrəli X1, xx.xx.1986xx.xx.1999-cu illərdə Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti Meliorasiya- Mexaniki Təmir Zavodunda işləmişdir. xx.xx.1986-xx.xx.1999-cu illərdə Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti Meliorasiya-Mexaniki Təmir Zavodunda 2-ci dərəcəli nəqledici, quraşdırıcı çilingər, o cümlədən xx.xx.1989-xx.xx.1999-cu illərdə metal əridici və polad əridici vəzifələrində (10 il) zərərli peşələrdə işləmişdir. Belə ki, onun 20 ildən artıq ümumi iş stajı, 10 ildən artıq zərərli iş stajı vardır. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarında Xİ bölmə, Metal Emalı bölməsinin, ərinti və metal əridiciləri peşəsi 1110100a-16626 saylı kod ilə, vakkum sobalarında poladəridənlər və onların köməkçiləri peşəsi 1110100z-18768 saylı kod ilə göstərilmişdir. Güzəştli iş stajı xx.xx.2019-cu il tarixli, 10 saylı arayışda da qeyd olunmuşdur. Tələb olunan sənədlərin notarial qaydada təsdiq olunmuş surətini (Şəxsiyyət vəsiqəsinin surətini, Əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətini, hərbi biletin notarial qaydada təsdiq olunmuş surətini, Sabirabad rayon dövlət arxivinin 23 aprel 2019-cu il tarixli, 103 nömrəli arxiv arayışlarının notarial qaydada təsdiq olunmuş surətini, xx.xx.2019-cu il tarixli, 10 nömrəli güzəştli arayışın notarial qaydada təsdiq olunmuş surətini, vredni işlərin 1-nömrəli siyahısından çıxarışı) ərizəsinə əlavə edərək, cavabdeh inzibati orqana Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmi müraciət etmişdir. Lakin onlar həmin sənədləri qəbul etmədən bəhanələr gətirərək müraciətinə əlavə olunmuş sənədləri xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktuba əlavə edərək geri qaytarmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısında yalnız sənədlərin əslinin, yəni əmək kitabçasının əslinin təqdim edilməsi və yaxud da həmin sənədlərin notarial qaydada təsdiq olunmuş surətinin götürülməməsi ilə bağlı hər hansı göstəriş nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən onun cavabdehə rəsmi qaydada müraciətini, ona əlavə olunmuş sənədlərin notarial qaydada təsdiq olunmuş surətini, həmçinin müraciətinin qəbul olunması barədə xəbərnaməni iddia ərizəsinə əlavə edir. Vətəndaşların pensiya təminatı haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD saylı Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən Əmək şəraitinə görə güzəştli pensiyaları haqqında qanunda göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalısan neftcilər- istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 vasına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. Hal-hazırda qüvvədə olan Əmək pensiyaları haqqında 07 fevral 2006-cı il tarixli, № 54-İİİQ saylı Azərbaycan Respublikasının Qanunun 9.8-ci maddəsində göstərilmişdir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «a» bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəratinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər 50 yaşına çatdıqda və azı 20 il stajı olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa həmin şəxslərin 50 yaşdan əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 17 iyul 1997-ci il tarixli 321 İQD nömrəli Qanununun 1-ci maddəsinə əsasən, həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Belə ki, xx.xx.1999-cu il tarixdə 20 il ümumi iş stajı 10 il isə zərərli (vredni) iş stajı toplanmışdır. Yəni xx.xx.1999-cu il tarixdə hüququ yaranıb. 17 fevral 2013-cü ildə isə 51 yaşı tamam olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Əmək pensiyaları haqqında 07 fevral 2006-cı il tarixli, Nq 54-İİİQ saylı Azərbaycan Respublikasının Qanunun 9.8-ci maddəsində göstərilmişdir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə olan halda da onun konstitusion hüquqları pozulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ məhdudlaşdırılır. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi tərəfindən məhkəməyə iddianın mümkünsüzlüyünə dair ərizə təqdim edilmişdir. Ərizədə qeyd olunmuşdur ki, aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1) iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; 3) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyi; qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması; 5) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsi; 6) prosessual həmiştirakçılığın yol verilənliyi; 7) tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci hissəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduqu hallarda cavabdehin imtinasının olub-olmamasını. İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Yəni inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasmda iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İnzibati-Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İş üzrə əlavə edilmiş materiallardan göründüyü kimi İddiaçı hazırki tələblə (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması) bağlı inzibati orqana, yəni cavabdeh Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, onun müraciətinə imtina verilmədən müvafiq əlavə sənədlərin təqdim olunması tələb edilmişdir. İddiaçı isə həmin sənədləri təqdim etmək əvəzinə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının müraciəti ilə bağlı imtina cavabı mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-cı il tarixli, 2-1(120)-1078/2022 saylı qərardadı ilə (hakim F.N.Abbasov) iddia mümkünsüz sayılmışdır İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, cavabdeh orqan klassik şablon imtina məktubu ilə nəinki yaşa görə əmək pensiyasına çıxmağı, həmçinin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmış, konstitusion hüquqları pozulmuşdur. Belə ki, məhkəmə iclasında bu xüsusatlara toxunulmamış, sənədlərin əslini təqdim etməsi araşdırılmadan cavabdeh inzibati orqanın qeyri-mötəbər etirazına əsaslanaraq, onu dinləmədən, yalnız cavabdehin izahatı alınaraq, rəsmi müraciət etməsini bildirməsinə baxmayaraq, müraciətindən imtina olunmamasını əsas gətirələrək, iddia ərizəsi mümkünsüz sayılmışdır, hansı ki onun rəsmi müraciət etməsi, sənədlərin əsillərini və digər halları sübut etmək yükü cavabdeh inzibati orqanın üstünə düşür. Lakin cavabdeh təkcə ona məhkəmə iclasında məlum olan iki vərəqlik etiraz ilə bütün qeyd edilən xüsusatları sübuta yetirmişdir. İclas gününədək etiraz ona təqdim edilməli, iclasda məlum olubsa belə iclas təxirə salınıb etiraza münasibət bildirməsi üçün ona vaxt verilməli idi. X5 Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2-1(120)1078/2022 saylı qərardadında qeyd olunmuş etirazın mətnindən məlum olur ki, güya ondan əlavə sənədlər təqdim edilməsi tələb olunmuşdur, o bütün sənədləri təqdim etmiş, təkcə güzəştli arayışı cavabdeh inzibati orqanın göndərdiyi formaya uyğun tərtib edilmiş formada təqdim edə bilməmiş, konkret olaraq cavabdeh inzibati orqanın istəyinə uyğun arayış tərtib etməsinə hansısa idarəni məcbur edə bilməz. Bundan başqa “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununda şəxsən inzibati binaya gedərək tələb olunan sənədlərin notarial qaydada təsdiq olunmuş sürətinin deyil, yalnız əsillərini təqdim etmək barədə heç bir göstəriş və qayda nəzərdə tutulmamışdır. Bundan başqa, əgər müraciət ərizəsinə əlavə olunmuş sənədlərdə ərizəyə əlavə olunmuş sənədlərin surəti olsaydı dərhal bu barədə akt tərtib olunardı və etiraza əlavə olunardı. Bundan başqa, iddia ərizəsi icraata qəbul edilərkən müraciəti üzrə açılmış inzibati icraat materialları (pensiya işi) sorğu verilərək alınsaydı, ərizəyə əlavə olunmuş sənədlərin ərizəyə əlavə olunmaması barədə aktın tərtib olunmaması sübuta yetirilərdi. Hansı ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatları araşdırmadan tələsik mümkünsüzlük qərardadını qəbul etmişdir. Həmin qərardadı xx.xx.2022-ci il tarixdə qəbul etmiş, xx.xx.2022-ci il tarixdə apellyasiya şikayətini poçta qoymuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi və Şirvan İnzibati Məhkəməsinin 14 sentyabr 2022-cı il tarixli, 2- 1(120)-1078/2022 nömrəli qərardadının ləğv edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinə etiraz Cavabdehin apellyasiya şikayətin etiazın dəlilləri iddia tələbinə olan yazılı münasibəti (etirazı) ilə eynilik təşkil edir. Əlavə olaraq cavabdeh apellyasiya şikayətinə etirazında göstərmişdir ki, iddiaçı Q.M. Abdullayevin apellyasiya şikayəti əsassızdır və qeyd edilən əsaslara görə məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1078/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********8 saylı məktubla bildirmişdir ki, zəruri sənədlərin təqdim edilməsi məsələsinə qeyd olunan sənədlər təqdim edildikdən sonra baxıla bilər. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)- 1078/2022 nömrəli qərardadı qanunauyğun və əsaslıdır. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində İddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(120)-1078/2022 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə – iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, arxiv arayışı, əmək kitabçasının surəti, cavabdehin məktubu və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarı: Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin halların müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli və işə yenidən baxılması üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. Şirvan İnzibati Məhkəməsinin 14 sentyabr 2022-cı il tarixli, 2-1(120)-1078/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və iddiaçının hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Eyni zamanda qərardadda qeyd olunmuşdur ki, cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubla müəyyən olunur ki, həmin məktub imtina xarakterli deyil. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının hazırkı tələbi öhdəliyin icrası haqqında iddia olmaqla, inzibati mübahisədir. Qeyd edilməlidir ki, öhdəliyin icrası haqqında iddiaların qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsinə dair şərtin qoyulmasının məqsədi inzibati icraatın məhkəməyədək inzibati orqanın özü tərəfindən həyata keçirilməli olması ilə əlaqədardır. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, başqa sözlə, məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparan orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarının təmin edilməsindən ibarətdir.Bu baxımdan öhdəliyin icrasına dair iddialarda ilkin müraciətlə əlaqədar mümkünlük şərtlərinin yoxlanılması zamanı qiymətləndirilməli olan məsələ iddiaçının məhkəməyə müraciət edənədək pozulduğunu hesab etdiyi hüququnun bərpası ilə bağlı hər hansı bir hərəkət edib-etməməsi, başqa sözlə, inzibati orqanı pozulmuş hüququ ilə bağlı məlumatlandırıb-məlumatlandırmaması, eləcə də pozuntunu aradan qaldırmasını tələb edib-etməməsidir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubda aşağıdakılar qeyd olunmuşdur: “Sizə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”) tələblərinə uyğun qaydada tərəfinizdən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir. 1) şəxsiyyət vəsiqəsinin surəti; 2) ümumi iş stajınızı təsdiq edən sənədlərin əsilləri (əmək kitabçanızın, həqiqi hərbi xidmətdə olduğunuz dövrü təsdiq edən sənəd və s.); 3) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağınıza dair iş yerinin arayışının əsli; 4) pensiya təyin edilməsi ilə bağlı ərizə. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə əmək kitabçanızın əsli və yuxarıda 3-cü bənddə qeyd edilən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağınıza dair iş yerinin arayışı bu məktuba əlavə olunmuş arayışa uyğun qaydada tərtib edilməklə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər”. İşin apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına sorğu ünvanlanaraq iddiaçının cavabdeh orqana ilkin müraciət ərizəsinin və ona əlavə edilmiş sənədlərin təsdiq olunmuş surətlərinin təqdim olunması xahiş olunmuşdur. Məhkəmənin sorğusuna verilmiş cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı cavabdeh orqana ilkin müraciəti zamanı pensiya təyin edilməsinə dair ərizəsini, şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasının, güzəştli arayışının, hərbi biletinin və arxiv arayışının notarial qaydada təsdiq edilmiş surətlərini təqdim etmişdir. Göründüyü kimi, cavabdeh orqan imtina məktubda İddiaçı şəxsiyyət vəsiqəsinin surətinin və pensiya təyin edilməsi ilə bağlı ərizənin təqdim edilməsinin zəruriliyini qeyd etsə də, işin apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçı zəruri olan bütün sənədlərini cavabdeh orqana təqdim etmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh orqan iddiaçının müraciəti əsasında zəruri inzibati icraat aparmamışdır. Halbuki, cavabdeh orqan iddiaçının müraciəti əsasında inzibati icraatı başlamalı, bu zaman “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan inzibati icraatın prinsiplərinə riayət etməklə inzibati icraat aparmalı, təqdim edilmiş sənədlərin mötəbərliyinə əsaslı şübhələr varsa zəruri sorğular verməli, son nəticədə inzibati icraatın nəticəsində əsaslandırılmış qərar qəbul etməlidir. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçının müraciəti əsasında cavabdeh orqan tərəfindən zəruri inzibati icraat aparılıbaparılmamasını araşdırmadan normaların tətbiqində ifrat formallığa yol verərək iddia tələbinin mümkünsüz olması nəticəsinə gəlmiş, bununla da iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır. Başqa sözlə, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmadan iddianı mümkünsüz saymış, bununla da prosessual pozuntuya yol vermişdir. Qeyd olunmalıdır ki, obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(120)-1078/2022 nömrəli qərardadı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(120)-1078/2022 nömrəli qərardadı ləğv edilsin, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar