Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-263/2023 02.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X7 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-1(120)-542/2023 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı ondan pul vəsaitinin tutulması ilə bağlı inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və tutulmuş pul vəsaitinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X5 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ondan pul vəsaitinin tutulması ilə bağlı inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və tutulmuş pul vəsaitinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 05 aprel 2023-cü il tarixli, 2- 1(120)-542/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının İddiaçı pul vəsaitinin tutulması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və tutulmuş pul vəsaitinin geri qaytarılması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, 15 aprel 2011-ci il tarixdən ikinci dərəcəli əlilliyə görə 283 manat pensiya almış, 2020-ci ilin dekabr ayında aidiyyəti orqana etdiyi müraciəti əsasında 01 fevral 2021-ci il tarixdən əlilliyə görə əmək pensiyası yaşa görə əmək pensiyasına keçirilərək 286,85 manat məbləğində müəyyən edilmişdir. Müəyyən edilmiş pensiya məbləğinin düzgün hesablanmaması barədə 2021-ci ilin mart ayında Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi idarəsinə müraciət etmiş, lakin pensiyanın məbləğində heç bir dəyişiklik olmamışdır. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyasını yenidən hesablayaraq 01 fevral 2021-ci il tarixdən 326,45 manat müəyyən etmişdir. Lakin artırılmış ödənişlər pensiya kartına düşmədiyinə görə 19 dekabr 2021-ci il tarixdə yenə də cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqandan ona bildirilmişdir ki, 15 aprel 2011-ci il tarixdən 01 iyul 2017-ci il tarixədək ona artıq pensiya ödənişi edildiyinə görə 01 avqust 2021-ci il tarixdən başlayaraq pensiya məbləğindən hər ay 34,9 manat, ümumilikdə isə 7119,56 manat məbləğində tutulma qərarlaşdırılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı işləməsi barədə cavabdehə məlumat verməmiş, nəticədə əmək pensiyası artıq ödənilmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmçinin bildirdi ki, iddiaçının pensiya işinə dair sənədlərdə artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında qərar və ya iddiaçının razılıq ərizəsi aşkar edilməmişdir. Cavabdeh inzibati orqan X3 qarşı artıq ödənilmiş pulun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmamışdır. İddiaçıdan pul tutulsa da, hazırda qanunda dəyişikliklə əlaqədar pulun tutulması dayandırılmış, lakin tutulan pulun geri qaytarılması mümkün deyildir. Qeyd etdiklərini nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə mərkəzi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubda qeyd edilmişdir ki, X2 Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsində xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ikinci qrup əlilliyə görə pensiya almışdır. xx.xx.2021-ci il tarixdən pensiya növünü dəyişərək yaşa görə əmək pensiyası almışdır. Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən xx.xx.2011-xx.xx.2017-ci illər ərzində işlədiyi halda pensiyanın baza və sığorta hissəsi tam ödənildiyindən 7119,56 manat artıqalma yaranmışdır. Artıq aldığı məbləğ xx.xx.2021-ci il tarixdən başlayaraq 34,9 manat olmaqla pensiyadan tutulmuşdur. Pensiyanın yenidən haqq-hesabı nəticəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yaranmış 276,5 manat fərq məbləği artıq alınmış məbləğdən birdəfəlik tutulmuşdur. İşdə olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022ci il tarixli, **********0 nömrəli məktubda qeyd edilmişdir ki, ikinci dərəcə əlilliyə görə təyin edilmiş əmək pensiyasının növü müraciətə əsasən 01 fevral 2021-ci il tarixdən yaşa görə əmək pensiyası növünə dəyişdirilmişdir. Ona 14 fevral 2011-ci il tarixdə işləməyən şəxs kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İşləməyi barədə məlumat vermədiyi üçün əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.2-ci maddəsinin tələbi nəzərə alınmadan həyata keçirilmişdir. Nəticədə ona xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 7119,56 manat məbləğində artıq pensiya məbləği ödənilmişdir. 14 fevral 2011-ci il tarixdən 01 avqust 2021-ci il tarixinə ödənilməli olan ilə ödənilmiş pensiya məbləğinin fərqi 6843,06 manat təşkil edib. Artıq ödənilmiş pensiya məbləği 2021-ci ilin avqust ayından etibarən aylıq pensiya məbləğindən tutulmaqla bərpa edilir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə mərkəzi filialı tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialına ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********9 nömrəli xidməti məktubda qeyd edilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin PAS-da tutulma xanasında qeyd olunmuş xx.xx.2021-ci il tarixli sərəncamına əsasən İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 7119,56 manat artıqalma məbləği qeyd edilmişdir. Artıq alınmış məbləğ barədə vətəndaşın xx.xx.2022-ci il tarixli, **********43 nömrəli məktubuna əsasən xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubla məlumat verilmişdir. Nəticədə 7119,56 manat artıq verilmiş məbləğ xx.xx.2021-ci il tarixdən xx.xx.2037-ci il tarixədək tutulacaqdır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17- 1/2-11973/2023 nömrəli məktubda qeyd edilmişdir ki, X1 Sisteminin Pensiya altsisteminə əsasən Fondun Saatlı rayon şöbəsi tərəfindən İddiaçı əmək pensiyasının məbləğində xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək artıq ödəmə aşkar edilmişdir. İddiaçının pensiya işinə dair sənədlərdə artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında qərar və ya iddiaçının razılıq ərizəsi aşkar edilməmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17- 1/2-31723/2023 nömrəli məktubda qeyd edilmişdir ki, X1 Sisteminin Pensiya altsisteminə əsasən Fondun Saatlı rayon şöbəsi tərəfindən İddiaçı əmək pensiyasının məbləğində xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək artıq ödəmə aşkar edilmişdir. Eyni zamanda iddiaçının pensiya işinə dair sənədlərdə artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında qərar və ya iddiaçının razılıq ərizəsi aşkar edilməmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-15918/2023 nömrəli məktubda qeyd edilmişdir ki, X1 Sisteminin Pensiya altsisteminə əsasən Fondun Saatlı rayon şöbəsi tərəfindən İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək artıq ödəmənin həyata keçirildiyi qeyd edilmişdir. İddiaçı pensiya işinə dair sənədlərdə əlilliyə görə pensiyanın təyin edilməsinə dair xx.xx.2011-ci il tarixli, 118 nömrəli qərarı dəyişdirən və ya ləğv edən, eləcə də artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında qərar və ya razılıq ərizəsi aşkar edilməmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri Baş İdarəsinin Elektron X4 Təyinatı altsistemindən xx.xx.2023-cü il tarixli çıxarışda qeyd edilmişdir ki, xx.xx.2021-ci ildə aşkarlanmış əlilliyə görə əmək pensiyasının ödənişi zamanı xx.xx.2011ci il tarixdən xx.xx.2017-ci il tarixədək yaranmış artıqvermə Qanunun 39.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 3 ildən əvvəlki dövrü əhatə etdiyi üçün əmək pensiyasından tutulma dayandırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). 2023-cü il yanvarın 1-dək qüvvədə olmuş redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “Əmək pensiyaları haqqında” Qanunun (hazırda qüvvədə olan) 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən ikinci dərəcəli əlilliyə görə pensiya almış, xx.xx.2021-ci il tarixdən isə pensiya növü dəyişilərək yaşa görə əmək pensiyası almışdır. Dövlət Sosial Müdafiə Fondu xx.xx.2011-xx.xx.2017-ci illər ərzində işlədiyi halda pensiyanın baza və sığorta hissəsi tam ödənildiyindən iddiaçının 7119,56 manat artıq məbləğ aldığını müəyyən etmişdir. Artıq aldığı məbləğ xx.xx.2021-ci il tarixdən pensiyasından tutulmağa başlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulmasını bu barədə qərarın (inzibati aktın) qəbulu və bununla bağlı əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına dair nə qərarın (inzibati aktın) qəbulu, nə də hər hansı razılıq ərizəsi müəyyən edilmir. Belə ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə sorğularına cavab olaraq cavabdeh inzibati orqan tərəfindən bildirilmişdir ki, iddiaçının pensiya işinə dair sənədlərdə artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında qərar qəbul edilməmiş və ya iddiaçının razılıq ərizəsi aşkar edilməmişdir. Qanunvericiliyə əsasən əmək pensiyaçısının razılığı olmadığı təqdirdə qeyd edilən məbləğlər məhkəmə qaydasında tutula bilər. Lakin cavabdeh belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-1(120)-542/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-263/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-263/2023
02.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver