Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-263/2024 26.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X3 ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2-1(120)-3803/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə iclasında baxaraq, müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 21 oktyabr 2021-ci ildən 01 may 2022-ci il tarixədək müddət üçün əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11866/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək pensiyasının ödənilməsi» tələbinə dair 2-1(112)- 11866/2022 nömrəli iş üzrə icraata xitam verilmişdir. Qərardadla razı olmayan İddiaçı (X2 hüquqi varisi qismində) apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11866/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunmasını və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1272/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11866/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunması, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək pensiyasının ödənilməsi» tələbinə dair inzibati işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10289/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə 2-1(112)-10289/2023 saylı inzibati iş üzrə X2 inzibati iş üzrə iddiaçı qismində iştirakına xitam verilmiş və İddiaçı qismində (X2 hüquqi varisi qismində) hazırki işə cəlb olunması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Lənkəran rayonu olduğunu, Lənkəran rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2023-cü il tarixli, 2-1(112)-10289/2023 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iş üzrə iddia ərizəsinin geri qaytarılması və icraata xitam verilməsinə etiraz etmədiklərini bildirmişdir. Şirvan İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2-1(120)-3803/2023 saylı qərardadı ilə (hakim Fehruz Abbasov) iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2-1(120)-3803/2023 saylı qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya Məhkəməsində birinci icraat: Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, onun tərəfindən iddianın geri götürülməsi barədə Şirvan İnzibati Məhkəməsinə ərizə verilməmişdir. Birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozmuş və əsassız, qanunsuz qərar qəbul etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini əsas gətirərək apellyasiya şikayətinin təmin edilməsini, işin yenidən baxılmağa təyin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(106)-476/2023 nömrəli (hakimlər Samir Həsənov - sədrlik edən və məruzəçi, Müşfiq Həsənov və Samir Mayılov) qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin 26 sentyabr 2023cü il tarixli, 2-1(120)-3803/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmayaraq onun qəbulundan imtina edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının iddiası üzrə Şirvan İnzibati Məhkəməsinin icraatında 2-1(120)-3803/2023 nömrəli inzibati iş icraata qəbul edilmiş və iddiaçının ərizəsi əsasında həmin inzibati işin icraatına xitam verilmişdir. Bununla bağlı Şirvan İnzibati Məhkəməsi tərəfindən 2-1(120)-3803/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardad çıxarılmışdır. İddiaçı həmin qərardaddan narazı qalmış və apellyasiya şikayəti vermişdir. Lakin, apellyasiya şikayətində şikayət verilən qərarın tarixini, nömrəsini düzgün olmayaraq “2-1(112)-11866/2023 nömrəli, xx.xx.2022-ci il tarixli” kimi qeyd etmişdir. Eyni zamanda apellyasiya şikayətində xahiş hissəsinin yer aldığı və iddiaçının adının və soyadının yazıldığı hissə iddiaçı tərəfindən imzalanmamışdır. Yəni, apellasiya şikayəti imzalanmadan məhkəməyə təqdim olunmuşdur. İddiaçının yol verdiyi nöqsanalarla bağlı Şirvan İnzibati Məhkəməsi tərəfindən 2-1(120)-3803/2023 nömrəli xx.xx.2023-cü il tarixli rəsmi məktubla iddiaçıya məlumat verilmişdir. Eyni zamanda Şirvan Apellyasiya Məhkəməsi tərəfindən 2-1(106)-476/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli və 2-1(106)-476/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli məktublarla iddiaçıya “hüquqi yardım” göstərilərək, hüquqları izah olunmuş, apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün qeyd edilən qanuni tələblərə əməl olunmasına nəzər yetirməsi və məhkəmənin göstərdiyi iradları düzəltməsi təklif olunmuş və bununla bağlı müddət təyin edilmişdir. Lakin, iddiaçı bu müddət ərzində (məhkəmə iclasına kimi) məhkəmənin hüquqi yardım məktubları üzrə qeyd etdiyi iradlarına məhəl qoymamış və yol verdiyi pozuntuları aradan qaldırmamışdır. Belə olan halda apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qeyri-mümkün hesab edərək onun icraata qəbulundan imtina etmişdir. İddiaçı tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)-476/2023 nömrəli qərardadı ona rəsmi qaydada təqdim edildiyi gündən qanunla müəyyən olunmuş müddətdə (10 gün müddətində) kassasiya şikayəti verilmədiyi üçün apellyasiya instansiya məhkəməsinin qərardadı qanuni qüvvəyə minmiş və inzibati iş müvafiq prosessual hərəkətlərin icrası üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Apellyasiya Məhkəməsində ikinci icraat: Apellyasiya şikayətinin dəlliləri: İddiaçı yenidən apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2-1(120)-3803/2023 saylı qərardadının ləğv edilməsini və inzibati işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, onun tərəfindən iddianın geri götürülməsi barədə Şirvan İnzibati Məhkəməsinə ərizə verilməmişdir. Birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozmuş və əsassız, qanunsuz qərar qəbul etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini əsas gətirərək apellyasiya şikayətinin təmin edilməsini, işin yenidən baxılmağa təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə iclasının tərəflərin iştirakı olmadan davam etdirilməsini mümkün sayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.5. bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən inzibati məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilmiş apellyasiya şikayətinin məzmunundan görünür ki, Şirvan İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2- 1(120)-3803/2023 saylı qərardadı iddiaçıya 14 oktyabr 2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, 2-1(120)-3803/2023 saylı iş Şirvan Apellyasiya Məhkəməsinin icraatına daxil olduqdan sonra hakim tərəfindən iddiaçıya xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə hüquqi yardım məktubu (bildiriş) ünvanlanmış və məhkəmənin göstərdiyi iradları (apellyasiya şikayətinin imzalanmaması, barəsində şikayət verilən məhkəmə qərarı və qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməməsi, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddətin ötürməsi) düzəltməsi təklif olunmuşdur. İddiaçı apellyasiya şikayətinin mümkünlüyünə dair keçirilmiş məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etməmiş və hüquqi yardımda qeyd olunan məsələlərə dair sənədlər məhkəməyə təqdim olunmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2-1 (106)-476/2023 nömrəli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2-1(120)-3803/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilməmişdir. Daha sonra İddiaçı tərəfindən Şirvan İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2-1(120)-3803/2023 saylı qərardadından yenidən apellyasiya şikayəti verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən yenidən verilmiş apellyasiya şikayətindən görünür ki, iddiaçı apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə tərtib edərək imzalamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya 14 oktyabr 2023-cü il tarixdə təqdim edildiyindən İPM-in 22.1-ci maddəsinə əsasən müddətin axımı həmin gündən başlamalı və apellyasiya şikayətinin verilməsi üçün son gün 24 oktyabr 2023-cü il hesab edilməlidir. Göründüyü kimi, apellyasiya şikayəti prosessual qanunvercilikdə nəzərdə tutulmuş müddətdən (10 gündən) 3 (üç) aya yaxın müddət keçdikdən sonra verilmişdir. Bununla da, iddiaçı apellyasiya şikayətinin verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddəti ötürmüşdür. Məhkəmə kollegiyasının mövqeyinə görə təqdimetmə qanunla nəzərdə tutulmuş formada tərtib edilən və həyata keçirilən bir hərəkətdir ki, bunun vasitəsilə ünvanlanan şəxsə hər hansı bir sənədlə bağlı münasibət bildirmək imkanı yaradılır. Təqdimetmə müvafiq sənədin onun ünvanlandığı şəxs tərəfindən alınmasının təsdiq olunmasına və müddətlərin hesablanmasına xidmət edir. Tərəflərə aid olan müddətləri isə qanunla nəzərdə tutulmuş müddətlərə və hakim tərəfindən təyin olunan müddətlərə bölmək olar. Qanunla nəzərdə tutulmuş müddətlər müddətin başlanması və davamının qanunla müəyyən edilməsi ilə səciyyələnir. Buraya, xüsusilə, iddia qaldırma müddətləri və şikayət vermə müddətləri aiddir. Qanunla müəyyən edilmiş müddətin axımı müvafiq qanundakı göstərişlər əsas götürülməklə başlayır. Əlbəttə ki, proses iştirakçılarına məhkəmə qərarları müxtəlif günlərdə təqdim edilərsə, onlar üçün müddət axımının başlanma anı müxtəlif ola bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 20.3-cü və 22.1-ci maddələri tələb edir ki, məhkəmə aktları bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilməli və müddətin axımı təqdim edilmə anından başlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan başqa işdən görünür ki, həm Apellyasiya məhkəməsində birinci icraat zamanı, həm də hazırki icraat çərçivəsində məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş və prosessual müddətin üzürlü səbəbdən ötürülməsinə dair sübutların təqdim olunması xahiş olunmuşdur. Lakin, iddiaçı apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin üzrlü səbəblərdən buraxıldığına dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən inzibati məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, proses iştirakçıları tərəfindən qanunverciliyin tələblərinin pozulması ilə tərtib edilmiş apellyasiya şikayəti mümkün sayılmır və onun qəbulundan imtina edilir. Müvafiq məhkəmə qərardadından sonra proses iştirakçısının yenidən apellyasiya şikayəti verərsə, bu zaman apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin axımı yenidən hesablanmır. Əks mövqe, hüquqi müəyyənlik prinsipi ilə bir araya sığmır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Qeyd olunmalıdır ki, İddiaçı məktubla hüquqi yardım göstərilməsinə baxmayaraq o, məhkəməyə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. İşin faktiki hallarından görünür ki, apellyasiya şikayətinin mümkün sayılmaması və qəbulundan imtina olunması barədə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)-476/2023 nömrəli qərardad qəbul etmiş, iddiaçı həmin qərardaddan qanunla müəyyən olunmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək hüququ olmuş, lakin iddiaçı bu hüququndan istifadə etməmiş və həmin qərardad qanuni qüvəsini almışdır. Göründüyü kimi apellyasiya şikayətinin qəbulundun imtina ilə bağlı Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)- 476/2023 nömrəli qərardadı qanuni qüvvədə ola-ola iddiaçı tərəfindən yenidən apellyasiya şikayəti verilmişdir. Bu isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələbinə əsasən iddiaçı tərəfindən yenidən apellyasiya şikayəti verilməsini və onun mümkün sayılmasını istisna edir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 131.1-ci maddəsinə əsasən iş üzrə icraat dayandırıldıqda qurtarmayan bütün prosessual müddətlərin axımı dayandırılır. Hazrıki işdə isə prosessual müddətlərin axımı dayandırılması ilə bağlı hər hansı hal olmamışdır. Beləliklə də, Şirvan İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2-1(120)- 3803/2023 saylı qərardadından verilmiş apellyasiya şikayəti qanunvericiliklə müəyyən olunmuş prosessual müddəti ötürülməklə verilmişdir. Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, iddiaçı məhkəmə qərardadının ona həm poçt vasitəsi ilə təqdim edildiyi tarixdən, 10 günlük prosessual müddət ötdükdən sonra apellyasiya şikayəti vermiş, buraxılmış prosessual müddətin bərpa edilməsinə dair məhkəməyə ərizə verməmiş, həmçinin müddətin üzrlü səbəblərdən dolayı buraxılması ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd edilən normalar onu deməyə imkan verir ki, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə baxılması üçün müddəti ötürmüş şəxs tərəfindən vəsatət verilməli və müddətin bərpası xahiş olunmalıdır. Əks halda ötürülmüş prosessual müddət məhkəmə tərəfindən bərpa edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. X5rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il 17 oktyabr tarixli Qərar). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş, eyni zamanda iddiaçı müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2-1(120)-3803/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-263/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-263/2024
26.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver